I FƏSİL ZAMAN BUDAQ CÜMLƏLİ TABELİ MÜRƏKKƏB CÜMLƏLƏRİN ÖYRƏNİLMƏSİNİN ÜMUMİ NƏZƏRİ MƏSƏLƏLƏRİ
Müxtəlifsistemli dillərin ayrı-ayrı dil səviyyələrində müqayisəli tədqiqi məsələlərinin öyrənilməsinə Azərbaycan dilçiliyində maraq xeyli artmışdır. Bu sahədə araşdırmalar aparan dilçi tədqiqatçılar dillərin müqayisəli-tipoloji istiqamətdə öyrənilməsinin nəticələrini müqayisəli nəzəri qrammatika problemlərinin həllinə istiqamətləndirməyə çalışırlar [8; 9; 11; 45 və s.]. Məlumdur ki, müxtəlifsistemli dillərin müqayisəli-tipoloji tədqiqindən əldə edilən nəticələrdən birbaşa tipoloji tədqiqatlar üçün baza kimi istifadə edilməklə yanaşı, eyni zamanda hər bir qarşılaşdırılan dilin milli spesifik cəhətlərini dərindən öyrənməyə yardım edir.
Türk dillərindən biri kimi Azərbaycan dilinin ingilis dili ilə müxtəlif dil səviyyələrində qarşılaşdırılaraq öyrənilməsi sahəsində xeyli tədqiqatlar aparılmışdır. Buna baxmayaraq tabeli mürəkkəb cümlələrin növlərindən biri olaraq zaman budaq cümləsi indiyə qədər iki dilin materialları əsasında monoqrafik tədqiqat obyekti kimi öyrənilməmişdir.
Dilçilik ədəbiyyatında bu cür fikirlərə tez-tez rast gəlmək olur ki, baş cümlə əsas mənanı, budaq cümlə isə ikinci dərəcəli mənanı ifadə edir. Halbuki baş və budaq cümlə birlikdə bütöv bir fikrin ifadəsinə xidmət etdiyindən, mənanın ağırlıq mərkəzi ya baş cümlə, ya budaq cümlə tərəfdə ola bilər, yaxud da baş və budaq cümlənin arasında nisbətən bərabər bölünmüş olar [4, s. 350].
İngilis dilində tabeli mürəkkəb cümlə sintaksisində budaq cümlərin növü konkret prinsiplərə əsaslanaraq müəyyənləşdirilir. Bu məsələdə əsasən iki prinsip nəzərə alınır, iki prinsip aparıcıdır: funksional prinsip və kateqorial prinsip.
Funksional prinsipə əsasən budaq cümlədə iştirak edən üzvlərin analogiyası növün müəyyənləşdirilməsində əsas götürülür, yəni budaq cümlə də sadə cümlə üzvlərinin cavab verdiyi suallara görə müəyyənləşir.
Kateqorial prinsipə əsasən budaq cümlələr onlar üçün səciyyəvi sayılan nominativ əlamətlərə əsasən bölünür. Bu vəziyyətdə budaq cümlənin tərkibdə tutduğu mövqe əsas sayılmır. Əsas semantik yük sözlərin nominativ əlamətləri onların nitq hissəsi kimi qruplaşmasında özünü göstərir. Bununla yanaşı, ingilis dilində budaq cümlə növünün müəyyənləşdirilməsində kateqorial prinsipə əsaslanmaq özünü çox zaman doğrultmur. Çünki budaq cümlə müəyyən bir hadisə ilə əlaqədar predikativlik bildirən vahiddir, söz isə xəbərliyi göstərmək üçün istifadə olunan leksik vahiddir. Bu baxımdan nitq hissələri ilə budaq cümlələrin təsnifatında oxşarlıq mümkün ola bilmir [77, s. 35].
Azərbaycan dilçiliyində uzun müddət tabeli mürəkkəb cümlədə zaman münasibətlərinin ifadəsindən, bir qədər də konkretləşdirsək, zaman əlaqəsindən bəhs edərkən təkcə zərflik budaq cümləsinin bir növü olan zaman budaq cümlələrindən danışmışlar. Açıq desək, tabeli mürəkkəb cümlənin hər bir növündə onun komponentləri arasında zaman əlaqəsi və ya zaman münasibətinin varlığı aydın görünür. Bir sıra tədqiqatçıların gəldiyi nəticələr göstərir ki, mürəkkəb cümlənin bütün funksional və struktur sistemində zaman konstruksiyaları önəmli yer tutur, bəzilərində isə özək təşkil edir. Hadisələr arasında zaman münasibəti bu və ya digər şəkildə səbəb, şərt və s. kimi polipredikativ konstruksiyalarda fon, zaman konstruksiyalarında isə əsas məna əlaqəsi olur .
Mürəkkəb cümlənin, xüsusilə də tabeli mürəkkəb cümlənin komponentləri arasında bir məna əlaqəsindən başqa digərinin olması haqqında da danışılır. Bu halda zaman əlaqəli müəyyənləşdirici-təsviri, aydınlaşdırıcı, şərt və zaman, təyin və zaman və s. məna əlaqələrindən bəhs etmək mümkündür. Ona görə də tabeli mürəkkəb cümlədə zamanın ifadəsindən danışarkən əslində bütün növlərdən olan budaq cümlələr tədqiqata cəlb olunmalıdır.
Zaman budaq cümləli tabeli mürəkkəb cümlələrin komponentləri arasında zaman əlaqəsi aparıcı əlaqədir. Burada budaq cümlənin əsas funksiyası baş cümlədəki hər hansı işin, prosesin zamanını bildirməkdir. Həmin cümlələrdə zaman əlaqəsi qabarıq və aydın şəkildə təzahür edir, komponentlər arasında semantik bağlılıq məhz zamana görə aydınlaşır. Digər budaq cümlə növlərində zaman ikinci dərəcəli olsa da, açıq şəkildə özünü göstərir. Məsələn, mübtəda, təyin, şərt, səbəb, nəticə budaq cümlələrində və onların müxtəlif tiplərində bu cəhət güclüdür. Məhz bu səbəbdən, həmin konstruksiyaların hansı budaq cümlə növünə aid edilməsində qarışıqlıq vardır. Bəzən komponentləri arasında zaman əlaqəsi olan başqa növ budaq cümlələr zaman budaq cümlələri adı altında öyrənilir. Ə.Abdullayev müvafiq budaq cümlə növlərinin fərqləndirilməsi üçün bəzi meyarlar müəyyənləşdirir [4, s. 358-361]. Zaman budaq cümlələrin də başqa növ budaq cümləli tabeli mürəkkəb cümlələr içərisində öyrənildiyi hallar da vardır.
Qeyd etmək lazımdır ki, istər keçmiş sovet və indiki rus dilçiliyində, istərsə də Azərbaycan dilçiliyində və germanşünaslıqda ayrı-ayrı dillərin materialları əsasında, o cümlədən müqayisəli planda zaman budaq cümlələrinin öyrənilməsinə həsr olunmuş xüsusi tədqiqat işləri aparılmışdır. Bu işlərdə zaman budaq cümləsinin tədqiqinin ümumi nəzəri məsələlərinin müxtəlif istiqamətləri araşdırılmışdır. Onları nəzərdən keçirmək zaman budaq cümləli tabeli mürəkkəb cümlələrin tədqiqi tarixini izləmək, zaman münasibətlərinin ifadəsində sintaktik vasitələrin rolunu və yerini müəyyənləşdirmək baxımından faydalı olardı.
Dostları ilə paylaş: |