Zaman budaq cüMLƏSİNİn funksional-qrammatik xüsusiYYƏTLƏRİ


Germanşünaslıqda mürəkkəb cümlə və zaman budaq cümləsinin tədqiqi



Yüklə 0,86 Mb.
səhifə8/49
tarix02.02.2022
ölçüsü0,86 Mb.
#114087
1   ...   4   5   6   7   8   9   10   11   ...   49

1.2. Germanşünaslıqda mürəkkəb cümlə və zaman budaq cümləsinin tədqiqi

İstər germanşünaslığa, istərsə də german dilləri ilə digər dillərin müqayisəsinə dair dilçilik ədəbiyyatını nəzərdən keçirdikdə, məlum olur ki, belə tədqiqatlar dilin bu və ya digər ümumi və xüsusi kateqoriyaları səviyyəsində aparılır, müxtəlif dillərin uyğun səviyyələri müqayisə edilir [81, s. 33]. Bir çox tədqiqatlarda qeyd olunur ki, dilin bütün səviyyələri müqayisəyə cəlb olunmur [159, s. 11]. Məsələn, tabeli mürəkkəb cümlələrin ayrı-ayrı struktur semantik tipləri araşdırılmış olsa da, onların sistemli müqayisəsinə həsr olunmuş araşdırmalar azdır. Belə cümlələrin bir çox növlərinin, o cümlədən zaman budaq cümləsinin türk dilləri, o cümlədən Azərbaycan dili ilə müqayisəli öyrənilməsi müasir tədqiqatlar sferasından kənarda qalmışdır.

Analitik quruluşlu ingilis dilinin başlıca xüsusiyyəti sözlər arasındakı qrammatik münasibətlərin söz sırası, köməkçi sözlər, intonasiya və s. ilə ifadə edilməsidir. Ən xarakterik cəhət ingilis dilinin sintaktik quruluşunda özünü göstərir. Bu sintaktik quruluş Azərbaycan dilinin sintaksisindən ona görə fərqlənir ki, həmin dildə sintaktik komplekslər geniş şəkildə yayılmışdır, bu da cümlənin tərkibində ikili predikasiyanı formalaşdırır. Predikativ komplekslər, sintaktik substitusiyalar ingilis dilinin sintaktik strukturunu xarakterizə edir. İngilis dili üçün səciyyəvi əlamətlərdən biri də cümlə quruluşunda intonasiya-sintaktik ritmin olmasıdır. Ona görə də bu xüsusi mənalar reprezentasiya və substitisiya hadisələrini törədir.

Hər iki dilin mürəkkəb cümlə sintaksisində tabeli mürəkkəb cümlələr əsas sintaktik kateqoriyalardan biridir. Tabeli mürəkkəb cümlə həm ingilis, həm də Azərbaycan dilçiliyində mühüm dil vahidi sayılır. Həmin tip cümlələr insan təfəkkürünün müəyyən inkişaf dövründə, ünsiyyət prosesində zəruri tələbatın nəticəsi kimi meydana çıxmışdır.

Tabeli mürəkkəb cümlələrdə dilin ifadə vasitələrini aşkar edən, üzə çıxaran aparıcı əlaqələrdən biri olan zaman münasibətləri dilin struktur və funksional sistemlərində fəaliyyət göstərən müxtəlif variantların mövcudluğunu fəallaşdırır.

İngilis dilinin sintaktik quruluşunda tabeli mürəkkəb cümlə məsələsi barədə M. Bloxun nöqteyi-nəzəri maraq doğurmaya bilmir. O yazır ki, tabelilik prinsipi əsasında yaranmış polipredikativ konstruksiyalardan biri ingilis dilində tabeli mürəkkəb cümlədir. Tabeli mürəkkəb cümlə iki və daha artıq əsas cümlənin birləşməsindən qurulur ki, həmin komponentlərdən biri digərinə nisbətən aparıcı xüsusiyyət kəsb edir. Bir tabeli mürəkkəb cümlə daxilində fikrin əsasını təşkil edən baş cümlə (principle clause), əlavə edilənlər isə budaq cümlələr (subordinate çlause) hesab edilir [162, s. 303].

Zərflik mövqeli budaq cümlələr hər bir dilin sintaktik quruluşunda geniş bir sahəni əhatə edir, bir çox qrup və yarımqruplara bölünür ki, bunlar da təhlil nöqteyi-nəzərindən kifayət qədər mürəkkəbliklərə və çətinliklərə gətirib çıxarır. Ayrı-ayrı budaq cümlə modellərini səciyyələndirən struktur və spesifik xüsusiyyətlərdən müxtəlif praktik məqsədlərə görə yazılmış qrammatika dərsliklərində uzun-uzadı bəhs edilir. Belə hallara diqqəti cəlb edən M.Blox ayrı-ayrı budaq cümlə modellərinin funksional semantikası və təsnifatı geniş təhlil edir. Həmin budaq cümlələrin semantikasından danışarkən, tədqiqatçı yazır: “Budaq cümlələrin ümumiləşmiş mənaları səviyyəsində sözügedən semantikanın mütləq sintaktik relevantlıq (uyğunluq) olduğu vurğulanmalıdır; buna görə, “semantik mülahizələr”ə söykənən zərflik budaq cümlələrinin əsas modellərinin ənənəvi olaraq müəyyənləşdirilməsi linqvistik baxımdan rasional, praktik cəhətdən faydalıdır və “son dövrlərdə irəli sürülmüş, obyektiv, ardıcıl elmi" meyarlar işığında bunu təkzib etmək üçün edilmiş çoxsaylı cəhdlər mətn materiallarına tətbiq olunmasında ənənəvi meyar ilə rəqabət edə biləcək hərtərəfli bir sistemin yaradılması ilə nəticələnməyib” [162, s. 321].

M.Blox son dövrlərdə aparılmış tədqiqatların əldə edilmiş nəticələrinin faydalılığını şübhə altına almağın da səhv olduğunu nəzərə çatdırır. “Həqiqətən də, onların ilkin mənfi hədəfləri uğur qazanmamış olsa belə, sözügedən tədqiqatçı səylərinin nəzəri dilçiliyə verdiyi müsbət töhfələri də nəzərdən qaçırmaq olmaz” [162, s. 321]. M.Bloxun qənaətinə görə, həmin töhfələr mürəkkəb budaq cümlə sisteminin real, gerçək xüsusiyyətlərinin, hər şeydən öncə, hər bir budaq cümlənin mahiyyətinin sistemli statusunun formalaşmasında struktur formalar və funksional mənalar arasında çoxtərəfli korelyasiyaların öyrənilməsindən ibarətdir.

Həmin nəzəri fikirləri ümumiləşdirərək M.Blox bütün zərflik budaq cümlələri sisteminin dörd qrupa bölünməli olduğu qənaətinə gəlməklə zaman budaq cümləsini yer budaq cümləsi ilə birgə birinci qrupa daxil edir: “Birinci qrupa zaman və yer budaq cümlələri daxil olur. Onlar üçün ümumi semantik əsas olaraq "lokallaşdırma" müəyyən edilməlidir – müvafiq olaraq temporal (zaman) və məkan. Hər iki növ budaq cümlələr biri lokal identifikasiyanı, digəri isə funksiyaların əhatə dairəsini bildirən iki əsas yarımqrupa bölünməlidir” [162, s. 322]

İngilis dilində baş cümlənin quruluş əlaməti budaq cümlənin növündən asılı olaraq dəyişə bilir. Məsələn, bu dildə zaman budaq cümləsi baş cümləyə semantik tamlıq baxımından öz ciddi təsirini göstərir. “İngilis dilində, mövqe baxımdan, budaq cümlə baş cümləyə nisbətən daha aparıcıdır, lakin bu, o demək deyildir ki, sintaktik cəhətdən o heç də ünsiyyət prosesində informasiya mərkəzi funksiyasını özündə daşımır. Göstərmək lazımdır ki, istər sadə olsun, istərsə də mürəkkəb, cümlədə ifadə olunan əsas və ikinci dərəcəli informasiya mərkəzi, adətən onun sonuna yaxın təzahür edir” [162, s. 304].

İngilis dilçiliyində mürəkkəb cümlənin tədqiqində ənənəvi qrammatik və sistemli qrammatik təsnifat dövrlərini fərqləndirmək olar. İngilis dilində mürəkkəb cümlənin ənənəvi qrammatik və ya trixotomik adlandırılan təsnifatı 19-cu yüzilliyin ortalarında meydana çıxmışdır. Bu təsnifatı A.Beyn, H.Suit, Ç.Onionz, R.Kuirk, C.Qrinbaum, C.Liiç, Y.Svartvik və başqalarının tədqiqatlarında görə bilərik [161; 171; 169; 173]. Həmin təsnifata əsasən mürəkkəb cümlə iki tipə ayrılırdı: kompleks (complex), yaxud tabeli mürəkkəb cümlə və mürəkkəb (compound), yaxud tabesiz mürəkkəb cümlə. Eyni zamanda iki cür əlaqə üsulu ayırd edilirdi (tabesizlik // tabelilik). Bu təsnifat sistemi tədqiqatlarda mürəkkəb cümlənin struktur nöqteyi-nəzərdən fərqləndirilməsinin nəticəsi olaraq dəyərləndirilir [152].

İngilis dilində mürəkkəb cümlənin trixotomik təsnifatını təkmilləşdirən Uilyam Lenni olmuşdur. O, kompleks (complex) adlandırılan tabeli mürəkkəb cümləni iki və ya daha artıq şəxsli feildən (yəni (clauses) adlandırdığı iki və ya daha artıq predikativ vahiddən) ibarət olduğunu müəyyənləşdirməklə onlar arasında üç tip budaq cümləni fərqləndirdi:

1. İsmi budaq cümlələr (noun clauses). Belə budaq cümlələr əşyanı adlandırır və ismin yerində işlənir və that bağlayıcısının köməyilə baş cümləyə bağlanır.

2. Sifəti budaq cümlələr (adjective clauses). Belə budaq cümlələr ismi və ya təsvir olunan əşyanı təyin edir. Bu zaman əlavə olunan hissəni aydınlaşdıran söz mübtəda, təyin tamamlıq və zərflik funksiyasını yerinə yetirə bilir.

3. Zərfi budaq cümlələr (adverbial clauses). Belə budaq cümlələr feili, sifəti və ya zərfi və zərf yerində işlənən sözü təyin edir.

Zərfi budaq cümlələr onların tərkibinə daxil olan bağlayıcıların semantikasından asılı olaraq aşağıdakılara bölünür:




Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin