Zaman budaq cüMLƏSİNİn funksional-qrammatik xüsusiYYƏTLƏRİ



Yüklə 0,86 Mb.
səhifə9/49
tarix02.02.2022
ölçüsü0,86 Mb.
#114087
1   ...   5   6   7   8   9   10   11   12   ...   49
a) zaman budaq cümləsi (adverbial clauses of time);

b) səbəb budaq cümləsi (adverbial clauses of cause);

c) yer budaq cümləsi (adverbial clauses of place);

d) tərzi-hərəkət budaq cümləsi (adverbial clauses of manner);

e) şərt budaq cümləsi (adverbial clauses of condition);

f) güzəşt budaq cümləsi (adverbial clauses of concession);

g) dərəcə budaq cümləsi (adverbial clauses of degree);

h) nəticə budaq cümləsi (adverbial clauses of effect) [168, s. 103-104].

Diqqət yetirdikdə məlum olur ki, yuxarıda verilmiş bölgü müasir dövrdə də ciddi dəyişikliklər olmadan ənənəvi ingilis qrammatikalarında əksini tapır. Ənənəvi ingilis qrammatikalarında mürəkkəb cümlənin təsnifində istifadə olunan bu yanaşmada budaq cümlələrin bölgüsünün əsasında morfoloji prinsipin, yəni onların əvəz etdiyi nitq hissələri ilə analogiya üzrə təsnifatın dayandığını müşahidə edirik.

H.Suit də öz tədqiqatında mürəkkəb cümlənin təsnifində və budaq cümlələrə münasibətdə ənənəvi bölgüdən çıxış edir. O, complex adlandırılan cümlələri baş cümlə (principal clause) adı ilə müstəqil hissəyə və asılı hissəyə ayırır. Tədqiqatçı asılı hissəni də tabesiz (coordinate) və tabeli (subordinate) hissələrə ayırır. H.Suit tabesiz cümlə üçün “co-clause“, tabeli cümlə üçün isə “sub-clause” terminlərindən istifadə edir [173, s. 161]. H.Suitin ingilis dilinin sintaksisi üçün xidməti bir də onunla əlamətdardır ki, o, ingilis dilçiliyində mürəkkəb cümlə sintaksisində tabeli mürəkkəb cümlələrin hamısı üçün bir termin - complex sentence terminindən istifadə edir və ingilis qrammatikalarında ondan əvvəl həmin cümlələrin complex sentence (kompleks cümlələr) və compound sentence (mürəkkəb cümlələr) bölgüsünü aradan qaldırdı.

H.Suit budaq cümlələrin təsnifatını da morfoloji prinsip əsasında qurur. O, budaq cümlələri noun-clause (ismi), adjective-clause (sifəti) və adverb-clause (zərfi) budaq cümlələri kimi fərqləndirir. Lakin özünəqədərki tədqiqatçılardan fərqli olaraq onların sintaktik funksiyasını nəzərə alır. H.Suitin fikrincə, “ismi budaq cümlələr baş cümləyə münasibətdə mübtəda, xəbər, tamamlıq və əlavə (apposition) funksiyasında çıxış edə bilər” [173, s. 171].

İngilis qrammatika ənənəsində R.Kvirk və həmmüəlliflərin yazdığı qrammatika mühüm rola malikdir. Bu qrammatikada mürəkkəb cümlələrdə iki tip əlaqə vasitəsi fərqləndirilir:

1. tabesizlik əlaqəsi. Həmmüəlliflər tabesizlik əlaqəsi altında eyni ststuslu iki və daha artıq element və funksiyaların birləşməsini nəzərdə tuturlar və bunu ekvivalent status (equivalent status) adlandırırlar.

2. tabelilik əlaqəsi. Həmmüəlliflər tabelilik əlaqəsi altında birinin digərinin tərkib hissəsi hissələr arasındakı asimmetrik münasibətləri nəzərdə tuturlar [165, s. 720].

Birdən artıq predikativ vahiddən ibarət kompleks (mürəkkəb) cümlələrin hissələri isə müstəqil (yəni sadə cümlə əmələ gətirməyə qabil olan) və digər hissəyə münasibətdə asılı hissələrə ayrılır [171, s. 587]. Bunlar da öz növbəsində, struktur nöqteyi-nəzərdən, yəni strukturunda bu və ya başqa elementlərin olub-olmaması baxımından aşağıdakı hissələrə bölünür:

a) Finit (finite), yəni tərkibində şəxsli feil olan,



b) qeyri-finit (non-finite), yəni tərkibində şəxsli feil olmayan,

c) feilsiz (verbless), tərkibində feil olmayan [171, s. 721].

Həmmüəlliflər sintaktik, daha konkret desək, funksional nöqteyi-nəzərdən mübtəda, tamamlıq, təyin, xəbər, zərflik budaq cümlələrini, morfoloji-sintaktik baxımdan isə ismi (nominal), zərfi (adverbial), nisbi (relative), müqayisə (comparative), tamamlayıcı (complementary), aydınlaşdırıcı (comment) budaq cümlələri fərqləndirirlər [171, s. 732-734].

İngilis dilində tabesiz mürəkkəb cümləyə nisbətən tabeli mürəkkəb cümlənin daha mübahisəli məsələ olduğunu qeyd edən B.A.İlyiş bunun bir-biri ilə əlaqəli bir neçə səbəbini göstərir. O, birinci səbəb kimi, tabelilik əlaqəsi (subordination) ilə ifadə edilə bilən semantik münasibətlərin tabesizlik əlaqəsindən (co-ordination) daha çox müxtəlifliyə malik olduğunu və ondan daha çox fərqləndiyini göstərir: “zaman, yer, məkan, güzəşt, səbəb-məqsəd və s. kimi əlaqələr açıq şəkildə yalnız tabeli mürəkkəb cümlədə ifadə olunur” [96, s. 269]. Başqa bir səbəb, B.A.İlyişə görə, tabelilik əlaqəsinin ifadə vasitələrinin rəngarəngliyidir: “buraya böyük miqdarda bağlayıcılar, məsələn, when, after, before, while, till, until, though, although, albeit, that, as, because, since, eyni funksiya daşıyan xeyli ifadələr (phrases), məsələn, as soon as, as long as, so long as, notwithstanding that, in order that, according as və s. daxildir. Bundan əlavə, müəyyən miqdar bağlayıcı sözlər; who, which, that, whoever, whatever, whichever kimi nisbi əvəzliklər və where, how, when-ever, wherever, however, why və s. kimi nisbi zərflər vardır.” [96, s. 269].

Tədqiqatçının göstərdiyi kimi, ingilis dilində tabelilik əlaqəsinin ifadə vasitələri say etibarilə müxtəlifdir. Bu məsələdə onunla mübahisə etmək olmur. Lakin as soon as, as long as, so long as, notwithstanding that, in order that, according as kimi bağlayıcıların ifadə (phrases) adlandırılması ilə razılaşmaq çətindir, çünki onlar da müasir ingilis dilində bağlayıcı kimi, daha dəqiq desək, mürəkkəb və ya mürəkkəb- tərkibi bağlayıcılar kimi təsnif olunur. Bağlayıcı və nisbi zərflər arasında heç də tam aydın olan sərhədin olmadığını qeyd edən alim bunu bağlayıcıların tarixən zərflərdən inkişaf etdiyini söyləməklə izah etməyə çalışır [96, s. 269].

Zərflik budaq cümlələrinin (adverbial clauses) ingilis dilində terminoloji ifadəsinə dair B.A.İlyişin mülahizəsi də diqqəti cəlb edir. “Adverbial termini "adverb” termininindən əmələ gəlmiş düzəltmə sifət kimi deyildir (belə yanaşılarsa, morfoloji səviyyəyə aid termin olardı), daha çox sintaktik səviyyəyə aid termin olaraq “adverbial modifier” ifadəsində istifadə edildiyi kimi, cümlənin ikinci dərəcəli üzvü kimi başa düşülməlidir” [96, s. 286].

Zərflik budaq cümlələrinin baş cümlənin bir hissəsinin, yoxsa baş cümlənin hamısına aid olması barədə suala cavab axtaran B.A.İlyiş göstərir ki, müxtəlif zərflik budaq cümlələri üçün bu cavab müxtəlif ola bilər.

İngilis dilində budaq cümlələrin bölgüsü məsələsində müxtəliflik özünü göstərir. Geniş yayılmış bölgülərdən biri C.O.Körmə məxsusdur. O, budaq cümlələri ümumi nominativ əlamətlərinə əsasən təsnif edir. Həmin təsnifatda 3 məna qrupu fərqləndirilir:

1) hadisələri müəyyən fakt kimi göstərən budaq cümlələr (substantiv-nominal budaq cümlələr). Bu xüsusiyyət cümlələrin bir-birilə əvəzlənməsinə şərait yaradır.

2) hadisə-faktı göstərən budaq cümlələr (qualification-nominal budaq cümlələr). Bu əlamət də cümlələrin bir-birilə əvəzlənməsinə şərait yaradır.

3) Hadisə və yaxud faktla adverbial cəhətdən bağlı olan budaq cümlələr. Adverbial (zərflik) budaq cümlələr əvəzetmə üsulu ilə yox, çevrilmə yolu ilə xarakterizə olunur. Zaman budaq cümləsi də hadisə və ya faktla adverbial baxımdan əlaqədar olur [163, s. 68].

Müasir alman dilində tabeli mürəkkəb cümlənin nəzəri məsələləri E.V.Qulıqa tərəfindən araşdırılmışdır. Bu tədqiqat müasir alman dilində tabeli mürəkkəb cümlə nəzəriyyəsinə dair sanballı bir mənbə kimi dəyərini yarandığı dövrdən indiyə qədər saxlamışdır. Tədqiqatda o dövr üçün faydalı və bir çox yeni məsələlər irəli sürülmüşdür. Tədqiqatçının həmin ideya və fikirləri sonradan onun məktəbinin davamçıları tərəfindən inkişaf etdirilmişdir. E.V.Qulıqanın hipotaksis sisteminin açıq xarakterdə olması və leksik və morfoloji hadisələrə nüfuz etməsi barədə əsaslandıraraq irəli sürdüyü fikir və mülahizələr aktuallığını itirməmişdir [85]. Tədqiqatçının irəli sürdüyü tabeli mürəkkəb cümlənin struktur-semantik təsnifatı sonradan ardıcılları tərəfindən müasir təmayüllərə uyğun olaraq bir qədər də təkmilləşdirilmişdir. Müasir alman dilində tabeli mürəkkəb cümlənin kompleks şəkildə araşdırılmasına həsr etdiyi tədqiqatında E.V.Qulıqa tabeli mürəkkəb cümləni bir sistem şəklində təqdim edir, bu sintaktik vahidin digər bir vahidlə, yəni tabesiz mürəkkəb cümlə və sintaktik səviyyənin mərkəzi vahidi olan sadə cümlə ilə əlaqəsini aydınlaşdırır, sintaktik sistemdə tabeli mürəkkəb cümlənin yerini müəyyənləşdirməyə cəhd edir. Alim tabeli mürəkkəb cümlənin struktur və semantik əlamətlərini üzə çıxarır, həmin cümlələrin funksionallığını nəzərə almaqla onların struktur-semantik təsnifatı əsasında ən çox yayılan tipik modellərini və model variantlarını müəyyənləşdirir. Əsərdə diqqəti cəkən mühüm məqam ondan ibarətdir ki, alman dilinin materialları əsasında tabeli mürəkkəb cümlənin modelləşdirilməsinin və struktur-semantik təsnifatının prinsipləri müəyyənləşdirilmiş, əsas modellərin və struktur-semantik tiplərin ümumi səciyyəsi verilmişdir [85].

E.V.Qulıqanın tabeli mürəkkəb cümlə sistemində zaman budaq cümləsinə ayırdığı yer və mövqe də diqqətə alınmalıdır. Onun fikrincə, zaman budaq cümləsi tabeli mürəkkəb cümlə sistemində mərkəzi yer tutur. E.V.Qulıqa budaq cümlələrin digər sintaktik vahidlərlə sinonimliyi məsələsinə də diqqət yetirir. Zaman budaq cümləli tabeli mürəkkəb cümlələrin funksional sinonimi olaraq feili sifət 1 və 2 tərkibləri, zaman önlükləri ilə işlənən konstruksiya qrupları nəzərdən keçirilir [85, s. 141-143].

Hind-Avropa dillərində işlənən tabeli mürəkkəb cümlələr əvəzinə türk dillərində feili baglama, feili sifət və feili isim tərkibləri işlədilir.

J.Nemet yazır ki, alman dilinin budaq cümlələri türk dilində adətən feili sifət konstruksiyaları ilə ifadə olunur. Bu feili konstruksiyalarla və həmçinin gerundium və infinitiv qrupları türk ədəbi dilinin çətin öyrənilən bir sahəsini təşkil edir ki, bunların köməyi ilə uzun cümlələr düzəldilir [177, s. 118].

İngilis dilində budaq cümlələrin yerinə bir çox hallarda mütləq tərkiblərin işləndiyini A.İ.Smirnitski qeyd edir [138]. Onun fikrinə görə, “nomınatıve absolute” adlandırılan bu tərkiblər feili sifət konstruksiyalarıdır ki, onlarda işlənən feili sifət cümlənin əsas hissəsinə aid heç bir sözlə hər hansı qrammatik əlaqədə olmur. Weather permitting, we start to-morrow cümləsini nümunə göstərən A.İ.Smirnitski qeyd edir ki, həmin nümunədə “weather permitting “if-clause” (şərt budaq cümləsi) modelini təmsil edir, amma həmin modeldən onunla fərqlənir ki, onda əsas xəbər yoxdur.” [138, s. 279]. Tədqiqatçı həmin konstruksiyaların mənşəyi barədə də fikir söyləyərək, onların latın dilindəki Ablativus absolutus kimi vasitəli hallardan inkişaf etdiyini qeyd edir: “İlkin olaraq bu, zərflik idi və isim də, feili sifət də müvafiq halda işlənirdi. Tədricən bu tərkib cümlənin tərkibindən ayrılır, çünki hal artıq mənasını itirir və cümlə ilə əlaqə tamamilə semantikaya əsaslanır. Göstərilən nümunədə şərt əlaqəsi aşkar şəkildə özünü göstərir” [138, s. 279].

İngilis dili sistemində mütləq tərkibləri feilsiz yarımçıq cümlələrin hər hansı situasiyanın təsviri ilə bağlı işləndiyi məqamlarla əlaqələndirmək olar, məsələn. a large house, dark windows:Belə cümlələr mütləq konstruksiyalar üçün dayaq nöqtəsi kimi çıxış edir, onlar predmeti adlandırmaq, nəyisə təsdiq və ya qeyd etmək üçün işlədilir. Bu da qrammatik baxımdan mütləq konstruksiyaların baş cümlənin tərkibinə daxil olan yarımçıq cümlə kimi səciyyələndirməyə imkan verir ” [138, s. 279]

V.A.Superanskaya mütləq tərkiblərin ingilis dilində zaman zərfliyi funksi­yasında da işləndiyini göstərir [142, s. 166-178]. Mütləq tərkiblərin dildə funsionallığı məsələsini bu sahəyə aid olub, həmin dövr üçün yeni hesab edilən tədqiqatlarda (Y.İ.Resker, A.D.Şveyser, V.S.Vardaşeva və s.) geniş şəkildə nəzərdən keçirən V.A.Superanskaya qeyd edir ki, tədqiqatçıların əksəriyyəti mütləq (müstəqil) tərkiblərin zərflik funksiyasında işləndiyini qəbul etsə də, digər funksiyalarda işlənməsini ya qəbul edir, ya da bu barədə susurlar.

V.A. Superanskaya Y.İ.Reskerə istinad edərək qeyd edir ki, mütləq tərkibləri sintaktik funksiyaları etibarilə təyin rolunda çıxış edən mütləq tərkiblər, zərflik rolunda çıxış edən mütləq tərkiblər və əlavə (приложения) rolunda çıxış edən mütləq tərkiblər kimi qruplaşdırmaq olar. Bundan başqa, onların (yəni mütləq tərkiblərin) aralıq kateqoriyası kimi mövcud olan konstruksiyalardan da danışmaq mümkündür ki, bunlar da təyin-zərflik rolunda çıxış edir və ingilis dilində geniş yayılmışdır [142, s. 167]. Tədqiqatçının gəldiyi nəticə də diqqəti cəlb edir. O göstərir ki, “mütləq tərkibin sintaktik funksiyası onun tərkibi ilə deyil, bütövlükdə mütləq konstruksiyanın semantik strukturu ilə müəyyən olunur.” [142, s. 167]. Tədqiqata cəlb etdiyi dil faktlarının təhlili nəticəsində V.A.Superanskayanın gəldiyi son qənaət bundan ibarətdir ki, ingilis dilində mütləq tərkiblərin zaman zərfliyi funksi­yasında işlənməsi çox da geniş yayılmamışdır, bu tərkibin zaman mənası kifayət qədər yayğındır, [142, s. 178].

Mənbələr göstərir ki, Azərbaycan dili ilə qarşılaşdırılan ingilis dilində “The letter being written, I went to post it (Məktub yazılmış olanda, mən onu poçt qutusuna atmağa getdim)” tipli cümlələr məzmunca zaman budaq cümləsinin vəzifəsini icra edir [164, s. 239].

Tərcümə zamanı bu tip cümlələrin hər iki dildə sadə və mürəkkəb cümlə variantları meydana çıxır. Müqayisə et:

Mürəkkəb cümlə: When the letter was written I went to post it. (O zaman ki, məktub yazılmış oldu, mən onu poçtla göndərməyə getdim)

Sadə cümlə: Weather permitting, we start to-morrow. (Hava əlverişli olduqda (olanda), biz sabah yola düşərik).




Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin