Türkoloji dilçilikdə sintaksis sahəsində araşdırmalar, o cümlədən mürəkkəb cümlənin öyrənilməsi M.Kazımbəy [100], O.N.Bötling [72] və P.M.Melioranski [116] kimi türkoloq tədqiqatçıların adı ilə bağlıdır. Bu türkoloqlar qeyd edilən məsələ ilə dolayısı ilə məşğul olmuş, məsələnin ayrı-ayrı fraqmentləri üzərində dayanmışlar. Belə ki, onlar tərkibində mübtədanın olmadığı sintaktik konstruksiyaların hansı hallarda bitkin fikir ifadə edə biləcəyi, o cümlədən cümlənin həmcins üzvlərinin formalaşmasının tipik modelləri necə meydana çıxması və s. məsələlərə münasibətlərini bildirmişlər.
M.Kazımbəy feili sifət, feili bağlama və feili isimlərin funksiyalarını nəzərdən keçirərək, sonuncuları “qısaldılmış budaq cümlələr” adlandırmışdır [100, s. 439-441].
P.M.Melioranski öz tədqiqatında feili sifət və feili bağlamaların funksiyalarından bəhs edərkən qeyd edir ki, onlar, əgər müstəqil mübtədaya malikdirlərsə, budaq cümlələrin yaranmasında fəal iştirak edir [116, s. 35]. O hesab edirdi ki, feili sifət təyin budaq cümləsinin xəbəri ola bilir [116, s. 45].
Göstərilən əsərlərdə toxunulan məsələlərin problematikasından çıxış edən tədqiqatçılar sintaksislə bağlı iki istiqamətin meydana gəldiyini qeyd edirlər. Birincisi belə bir müddəadan ibarətdir ki, bəzi cümlələr mübtədanın iştirakı olmadan bitkin fikir ifadə edə bilir. İkinci fikir belə bir nəzəri müddəadan ibarətdir ki, tərkibində mübtədaların olmadığı sintaktik konstruksiyalar standart cümlələrdən formalaşmışdır. Bu müddəa genişləndirilmiş cümlələrin implisit təbiətini dərk etməyə imkan verir. Buna baxmayaraq bir çox türkoloqlar bəzi sintaktik konstruksiyaları budaq cümlələr kimi təyin etməyə başladılar. Bunun əsasında da o dövrdə Hind-Avropa və rus dilçiliyində hökm sürən nəzəri müddəalar dururdu ki, onların da kökləri 18-19-cu yüzilliklərə gedib çıxırdı. Məşhur türkoloqlar V.A.Qordlevski və A.K.Borovkov və digərləri feili tərkib və konstruksiyaları budaq cümlə hesab edirdilər [Bax: 70; 80]. Amma türk dillərinin sintaktik təbiətindən çıxış edilsəydi, həmin feili tərkib və konstruksiyaların budaq cümlələrdən ayrıca nəzərdən keçirməyə obyektiv səbəblər var idi. Onu da qeyd edək ki, həmin obyektiv səbəbləri görkəmli Azərbaycan dilçisi akad. M.Ş.Şirəliyev təfərrüatlı şəkildə təhlil etmişdi [158, s. 79-90].
Akad. M.Ş.Şirəliyev sintaktik konstruksiyaların və budaq cümlələrin qarışdırılmasının əsas səbəblərindən biri olaraq onu göstərirdi ki, türk dillərinin sintaksisinə dair bir çox mühüm məsələlər elmi-nəzəri cəhətdən işlənməmişdi. Bundan əlavə, sintaksisə aid elmi araşdırmalar türk dillərində yazılmış materiallarla, bədii ədəbiyyat nümunələri ilə, ya da ümumxalq dilinə aid olan dil faktları ilə illüstrasiya edilmirdi, bir sözlə, türk dillərinin xüsusiyyətləri nəzərə alınmırdı. Amma bunun əvəzində həmin araşdırmalarda hind-Avropa dilləri üçün xarakterik olan sxem və xüsusiyyətlər yer alırdı.
Tatar dilçisi M.Zəkiyev struktur prinsipə əsasında tabeli mürəkkəb cümləni təsnif etmiş, baş və budaq cümlə arasındakı qrammatik əlaqələri sintetik, analitik və analitik-sintetik növlərə ayırmışdır [92]. Analitik-sintetik tipli budaq cümlələr, M.Zəkiyevin fikrincə, əsas yox, aralıq cümlələr kimi xarakterizə olunur və sonradan genişləndirilmiş cümlə kimi müəyyən edir.
Türkoloji dilçilik sahəsində “genişləndirilmiş cümlə” anlayışının meydana çıxması ilə bəzi tədqiqat işlərində cümlə qrammatik quruluşuna görə təsnif edilməyə başlandı. Başqa sözlə desək, əvvəllər cümlələri sadə və mürəkkəb cümlələrə bölürdülərsə, indi yeni bir tipdən – genişləndirilmiş cümlələrdən danışılmağa başlanır. Belə bir təsnifatı ilk təklif edənlərdən biri Q.A.Əbdürrəhmanov olmuşdur [62, s.138-148]. O, cümlələrin təsnifatını, yuxarıda qeyd edildiyi kimi, sadə, genişləndirirlmiş və mürəkkəb növləri fərqləndirməklə vermişdir. Tədqiqatçının fikrinə görə, “genişləndirilmiş cümlələr sadə cümlələrə aid deyil, sadə və mürəkkəb cümlələr arasında aralıq mövqe tutan bir tipdir” [62, s. 138].
Sonradan Ə.R.Tenişev, S.E.Malov, N.İ.Aşmarin, N.K.Dmitriyev, B.A.Batmanov, M.Ş.Şirəliyev, A.N.Kononov, Y.A.Baskakov, A.A.Yuldaşev, B.A.Serebrennikov, N.Hacıyeva və başqaları araşdırmalarında bu məsələni daha təfərrüatlı şəkildə vermişlər. Həmin tədqiqatçıların araşdırmalarında tabeli mürəkkəb cümlənin türk dilləri üçün xarakterik cəhətlərinin üzə çıxarılmasında yol verilən qüsur və nöqsanlar türkoloqlar, xüsusilə Azərbaycan türkoloqları tərəfindən geniş və təfərrüatlı şəkildə şərh olunmuşdur [Bax: 5, s. 8-84; 58].
Qeyd etmək lazımdır ki, ümumən türkoloji dilçilik tədqiqatlarında cümlənin qrammatik təsnifatı məsələsində qüsurlar daha çox rus dilinin və dilçiliyinin təsiri altında yol verilmişdir. Bütün bunlar onu göstərir ki, genişləndirilmiş cümlələrin semantik-struktur cəhətdən təyin edilməsi heç də həmişə təcrübədə özünü doğrultmur.
Türkoloji dilçilikdə sintaksis üzrə bütün tədqiqatlar üçün ümumi cəhət ondan ibarətdir ki, tabeli mürəkkəb cümlələr elə cümlələr hesab olunur ki, budaq cümlənin xəbəri feilin şəxsli forması ilə ifadə olunmuş olsun. Əsas müzakirə feili sifət, feili bağlama, məsdər tərkibləri ətrafında gedir. Budaq cümlənin müəyyənləşdirilməsində tətbiq edilən məntiqi yanaşma türk dillərinin materialları əsasında aparılan tədqiqatlarda daha müşahidə olunmur. Yəni türk dillərində budaq cümlənin müəyyənləşdirilməsində belə yanaşmanın doğru olmadığı artıq sübut olunmuşdur.
Qeyd etmək lazımdır ki, türk dillərində mürəkkəb cümlə nəzəriyyəsinin işlənib hazırlanmasında Azərbaycan dilçilərinin çox böyük töhvəsi olmuşdur. Azərbaycan dilçilərindən M.Ş.Şirəliyev, Ə.Z.Abdullayev və onların ardıcıllarının faktik dil materialına əsaslanan tədqiqatlarında feili sifət, feili bağlama və məsdər tərkibləri cümlənin genişlənmiş üzvləri kimi təqdim edildi [157, s. 13-14; 158, s. 79-90; 51]. Bu hal əksər türkoloji dilçilik tədqiqatlarında qəbul və müdafiə olundu Kumık, qaraçay-balkar, noqay dillərinin materialları əsasında yazılan tədqiqatlarda bu prinsip əsas götürüldü [57; 67; 73]
Az tədqiq olunmuş noqay dilində tabeli mürəkkəb cümlənin bir çox məsələləri M.A.Birabasovanın tədqiqatında müasir türkoloji sintaksis nəzəriyyəsi işığında araşdırılmışdır. Bu tədqiqatda ilk dəfə olaraq tabeli mürəkkəb cümlənin struktur-semantik təsnifatı aparılır, budaq cümlələr sistemində onların elmi təsviri verilir, budaq cümlələrin, o cümlədən zaman budaq cümlələrinin bütün tipləri üzə çıxarılır və araşdırılır, tabeli mürəkkəb cümlələrin strukturunda tabelilik münasibətlərinin təzahür formalarına və xarakterinə yeni yanaşma sərgilənir [73].
XX əsrin 60-cı illərindən başlayaraq türkologiyada (türk dili üzrə V. Hatiboğlu, M. Mollova, A.N. Baskakov, qaqauz dili üzrə D. Tanasoğlu, Q. A. Qaydarji, qaraçay-balkar dili üzrə I.X.Axmatov, kumık dili üzrə A.Z.Abdullayeva, başqırd dili üzrə Ç. Y.Latıpov və b.) zaman budaq cümləsi zərflik budaq cümləsinin bir tərkib hissəsi kimi öyrənilmişdir.
Zaman budaq cümləsi monoqrafik şəkildə rus və ayrı-ayrı türk dillərindən birinin müqayisəsi əsasında da öyrənilmişdir. A.Umarovun tədqiqat işi rus dilinin zaman budaq cümlələrinin qaraqalpaq dilində tərcümə üsullarına həsr etmişdir. Müəllif zəngin material əsasında rus dilində zaman konstruksiyalarının qaraqalpaq dilində adekvat, sadə cümlə, mürəkkəb cümlə, feili tərkiblər şəklində tərcümə variantlarını müəyyənləşdirmişdir [148].
Müasir qaraqalpaq dilində zaman budaq cümləli tabeli mürəkkəb cümlələrin strukturunun öyrənilməsinə həsr edilmiş digər bir tədqiqat işi M.Əvəzova məxsusdur. Tədqiqatçı əsərdə zaman budaq cümləsinin strukturunu və reallaşma modellərini, onların baş cümləyə bağlanma vasitələrini geniş şəkildə tədqiq edir [63].
Özbək dilində zaman budaq cümləsinin əlaqə vasitələrini qismən nəzərdən keçirən M.Askarova zaman budaq cümlələrinin funksiyalarını, onların digər konstruksiyalarla sintaktik sinonimliyi məsələlərini araşdırmışdır [66].
Q.Abdurəhmanov özbək dilində mürəkkəb cümlənin, eləcə də zaman budaq cümləli tabeli mürəkkəb cümlələri tarixi planda nəzərdən keçirmişdir. O, mürəkkəb bütövün tərkib hissələrinin əlaqə üsullarının öyrənilməsi, budaq cümlələrin baş cümlə ilə əlaqə üsuluna və mənaya görə təsnifatı, zaman budaq cümlələrinin semantik funksiyaları məsələlərinə diqqət yetirir [61].
N.Nartıyevin tədqiqatında türkmən dilinin materialları əsasında tabeli mürəkkəb cümlə detallı şəkildə öyrənilmişdir. Onun tədqiqatının mühüm cəhətlərindən biri ondan ibarətdir ki, türkoloji dilçiliyin o dövrkü nailiyiyyətləri nəzər alınaraq türkmən dilinin faktik dil materiallı əsasında tabeli mürəkkəb cümlə elmi prinsiplərə söykənilərək dəqiq şəkildə feili sifət, feili bağlama, məsdər tərkibləri ilə genişləndirilmiş sadə cümlələrdən fərqləndirilmişdir. N.Nartıyev türkmən dilində tabeli mürəkkəb cümlənin elmi təsnifatını vermiş, budaq cümlələrin yeni növlərini aşkar edərək üzə çıxarmışdır. Onun tədqiqatında zaman budaq cümlələrinə geniş yer verilmiş, zaman budaq cümləli tabeli mürəkkəb cümlələrin struktur-semantik tipləri müəyyənləşdirilmiş, belə mürəkkəb cümlələrdə zaman budaq cümləsini baş cümləyə bağlayan vasitələr əhatəli şəkildə aydınlaşdırılmışdır [125].
Türk dilləri üzrə yazılmış tədqiqat işlərində mürəkkəb cümlənin, o cümlədən ayrı-ayrı budaq cümlələrin sintaktik məsələləri qohum və qohum olmayan dillərin materialları əsasında da müqayisəli şəkildə araşdırılmışdır.
R.Nazarovanın tədqiqatı ingilis dilində tamamlayıcı hissəyə malik cümlələrin müasir türkmən dilində ifadəsinə edilməsinə həsr olunmuşdur. Tədqiqatın əsas məqsədi flektiv-analitik quruluşlu ingilis dilində tamamlayıcı hissəyə malik cümlələrin aqlütinativ quruluşlu türkmən dilində ifadə yollarını üzə çıxarmaq olsa da, müəllif söz birləşmələrində, sadə genişləndirilmiş cümlələrdə və tamamlıq budaq cümləsində obyekt münasibətlərinin ifadə yollarını nəzərdən keçirmiş, tədqiq etdiyi sintaktik vahidlərin əsas struktur-semantik modellərini də müəyyən etməyə cəhd göstərmiş, qarşılaşdırdığı dillərdə onların oxşar və fərqli xüsusiyyətlərini üzə çıxarmış, həmin sintaktik vahidləri sintaktik sinonimlik planında araşdırmışdır [124].
K.Çonbaşev rus və qırğız dillərində tabeli mürəkkəb cümlə məsələsinə həsr etdiyi tədqiqat işində tamamlıq, zaman və səbəb budaq cümləli tabeli mürəkkəb cümlələri geniş dil materialları əsasında müqayisəli planda araşdırmışdır [155].
Beləliklə, elmi-nəzəri mənbələrin təhlili göstərir ki, türk dillərində tabeli mürəkkəb cümləyə və ayrı-ayrı budaq cümlələrə münasibət heç də həmişə eyni cür olmamışdır. Müasir türkoloji dilçilikdə mürəkkəb cümlə və budaq cümlə ilə bağlı sintaktik yanaşma uzun müddət qeyri-müəyyən və qüsurlu olmuşdur. Belə vəziyyətin aradan qaldırılması türkoloji dilçilikdə indiki vəziyyətin meydana çıxmasına qədər bir çox mübahisələrə səbəb olmuşdur.
Dostları ilə paylaş: |