Zaman budaq cüMLƏSİNİn funksional-qrammatik xüsusiYYƏTLƏRİ



Yüklə 0,86 Mb.
səhifə13/49
tarix02.02.2022
ölçüsü0,86 Mb.
#114087
1   ...   9   10   11   12   13   14   15   16   ...   49
Yeməyini təzəcə bitirmişdi ki, qapıda maşın səsləndi = Yeməyini bitirmişdi ki, qapıda maşın səsləndi.

Meyvələr yenicə dəyirdi ki, güclü payız küləyi onları yerə tökdü (Ə. Vəliyev). = Meyvələr dəyirdi ki, güclü payız küləyi onları yerə tökdü.

Hürü nənə yenicə dəstamaz alıb namaz qılmaq istəyirdi ki, bayırdan güllə səslərini eşitdi (N. Vəzirov) = Hürü nənə dəstamaz alıb namaz qılmaq istəyirdi ki, bayırdan güllə səslərini eşitdi.

Elə hörmət qazanırdı ki, xəbislərin güdazına getdi (S. Rəhimov)= Hörmət qazanırdı ki, xəbislərin güdazına getdi.

Bədir yenicə stansiyaya çatmışdı ki, birdən qardaşını gördü (S. Vəliyev)= Bədir stansiyaya çatmışdı ki, birdən qardaşını gördü.

O, yenicə aralanmışdı ki, nimdaş çadraya bürünmüş, əli uşaqlı bir qadın dinməzcə əl açdı (M.İbrahimov). = O aralanmışdı ki, nimdaş çadraya bürünmüş, əli uşaqlı bir qadın dinməzcə əl açdı.

Səhər yenicə açılırdı ki, carçı elçilərin gəlməsi xəbərini verdi (Ə. Cəfərzadə)= Səhər açılırdı ki, carçı elçilərin gəlməsi xəbərini verdi.

Mühazirənin axırıncı cümləsi yeni qurtarmışdı ki, dekanın səsi eşidildi (danışıq dilində).= Mühazirənin axırıncı cümləsi qurtarmışdı ki, dekanın səsi eşidildi.

Göründüyü kimi, nümunələrdən temporal sözlərin götürülməsi tabeli mü­rək­kəb cümlənin özündə, onun məna növündə və komponentlərinin bağ­lan­masında fərq yaratmır. Bu səbəbdən onlara zaman budaq cümləsini formalaşdıran leksik vahidlər kimi yanaşılması düzgün deyildir.

Azərbaycan dilində tabeli mürəkkəb cümlələrdə baş və budaq cümlələr arasında zaman münasibətlərinin ifadə edilməsi barədə geniş tədqiqatlardan biri Ə.Əliyevin doktorluq dissertasiyasıdır. Həmin tədqiqat işinin əsas məqsədi tabeli mürəkkəb cümlələrdə baş və budaq cümlələrin xəbərləri ilə ifadə olunan hərəkətlər arasında zaman münasibətlərinin dinamikasını üzə çıxarmaqdan ibarətdir. Müəllif tabeli mürəkkəb cümlələrdə baş və budaq cümlələrin növlərinin işlənmə tezliyini müəyyənləşdirmiş, baş və budaq cümlələr arasında zamanların uyuşması hadisəsini hərtərəfli əhatə etmişdir [15].

Azərbaycan dilçiliyində zaman münasibətlərinin sintaktik səviyyədə ifadə vasitələrinin öyrənilməsinə başqa tədqiqat işləri də həsr olünmuşdur.

Zaman münasibətləri təkcə morfoloji səviyyədə ifadə olunmur, bu münasibətlər dilin digər, yəni həm leksik, həm də sintaktik səviyyələrində də əks olunur. Azərbaycan dilçiliyində dilin leksik və sintaktik səviyyələrində zaman münasibətlərinin öyrənilməsinə həsr olunmuş tədqiqatlar da mövcuddur. Məsələn, A.Ş.Məmmədova mürəkkəb cümləni monoqrafik tədqiqat obyekti kimi götürmüş, həmin tədqiqatında zaman anlayışının sintaktik vahidlərini araşdırmışdır. Tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında zaman münasibətlərini araşdıran müəllif göstərir ki, zaman münasibətləri həmin sintaktik strukturun komponentləri arasında özünü iki formada təzahür edir. Başqa sözlə, tabesiz mürəkkəb cümlənin komponentləri eynizamanlılığa və müxtəlifzamanlılığa əsaslanan zaman münasibətləri ilə biri-biri ilə əlaqələnir. Mürəkkəb cümlənin digər növü olan tabeli mürəkkəb cümlələr də tədqiqata cəlb olunmuşdur. Zaman anlayışının reallaşdıran əsas sintaktik strukturun zaman budaq cümləsi olması müəllifin diqqətindən yayınmamışdır. Bu məqsədlə, zaman münasibətlərinin araşdırıldığı tabeli mürəkkəb cümlələr arasında zaman büdaq cümləsinə xüsusi diqqət yetirilmiş, onun araşdırılmasına ayrıca yarımfəsil ayrılmışdır. Qeyd etmək lazımdır ki, bu tədqiqatda digər budaq cümlələr də araşdırmaya cəlb olunmuşdur [36].

Azərbaycan dilçiliyində zamanın sintaktik vasitələrinə dair aparılmış işlər müqayisəli planda da yerinə yetirilmişdir. Bu məsələnin öyrənilməsinə xeyli tədqiqatlar həsr olunmuşdur. Lakin həmin tədqiqatlar təkcə Azərbaycan dilinin materialları əsasında yerinə yetirilməmişdir. Bu tədqiqatların mühüm cəhətlərindən biri ondan ibarətdir ki, onlar qohum və ya qohum olmayan dillərin materialları əsasında aparılmışdır. Məsələn, G.L.Rəfibəyli ingilis və Azərbaycan dillərində zaman münasibətlərinin ifadəsində mühüm rol oynayan feili sifət və feili bağlama tərkiblərini öyrənməklə bu iki müxtəlifsistemli dildə feilin təsriflənməyən formalarının nomenklaturasını, həmin formaların uyğunluq dərəcələrini, fərqli və oxşar cəhətlərini müəyyənləşdirmişdir [44].

M.Musayev doktorluq dissertasiyasının bir fəslini zaman budaq cümlələrinə həsr etmişdir. Müəllif ənənəvi termin əvəzinə “zaman konstruksiyaları” termin-anlayışından istifadə etmiş, onları üç qrupda (subordinativ-zaman konstruksiyaları, koordinativ-zaman konstruksiyaları və korrelyativ-zaman konstruksiyaları”) şərh etmişdir [40].

Subordinativ-zaman konstruksiyalarında asılı hissə həm öndə, həm də sonda gəlir. Əsas komponentdə asılı hissənin göstəricisi kimi “o”, “bu” işarə əvəzlikləri ilə “zaman”, “vaxt”, “gün” və s. zaman bildirən isimləri birgə işlənir. Bundan başqa, əsas komponentdə zaman zərfi olaraq onda sözü, haçan sual əvəzliyi də asılı hissənin indikator qəlib-əvəzliyi yerində özünü büruzə verir.

Koordinativ-zaman konstruksiyalarında asılı hissə öndə, əsas komponent isə sonda gəlir. Bu tip xüsusi- mürəkkəb PV asılı hissə əsas komponentə bütövlükdə aid olur; onun subyekt-predikat üzvlənməsində qrammatik zamanı ifadə edir. Asılı hissə əsas komponentə “ki, haçan” bağlayıcıları ilə bağlanır. Bundan başqa, asılı komponentdə yenicə, təzəcə, xeyli, təzə və s. genişləndirici zaman zərfləri də komponentlər arasındakı qrammatik zaman münasibətinin dəqiqləşməsində müəyyən rol oynayır. Asılı hissədə işlənən elə ki, o gün ki, haçan ki, onda ki və s. bağlayıcı birləşmələri haqqında danışılan koordinativ-zaman konstruksiyalarının komponentlərini əlaqələndirir.

Koorelyativ-zaman konstruksiyalarının komponentləri analitik-sintaktik üsulla əlaqələnir, yəni həmin konstruksiyaların təyinedici bağlayıcı vasitələri olaraq həm bağlayıcılar, bağlayıcı və qarşılıq sözlər, həm də sintaktik elementlər özünü göstərir. Bütün bu bağlayıcı vasitələr fakultətiv olur. Korrelyativ-zaman konstruksiyalarında asılı hissə öndə, əsas komponent isə sonda gəlir. Birincidə havaxt, nə vaxt, haçan və s. sual əvəzlikləri ilə ifadə edilmiş bağlayıcı sözlər, ikincidə isə o gün, həmişə, o vaxt, o zaman və s. zaman isimləri və işarə əvəzlikləri ilə işlənən qarşılıq sözlər özünü büruzə verir [40, s. 40-42].

M.Musayevin zaman budaq cümləsi üzrə təsnifatı haqqında ümumilikdə onu demək olar ki, bu bölgü Azərbaycan dilçiliyində terminoloji təqdimetmə baxımından özündən əvvəlki tədqiqatlardan fərqlənir. Qeyd edək ki, belə bir bölgü ilə biz M. Martinenin, N.Pospelovun, K.Orlovun, N.Kolesnikovun, D.Salkovanın, M. Çeremisinanın və başqalarının tədqiqatlarında da rastlaşırıq [Bax: 114, s. 246; 129, s. 19-27; 126, s. 52-63; 106; 141, s. 307-324; 154, s. 80-96].

Q.Kazımov yeni istiqamətdə yazmış olduğu dərsliyində zaman budaq cümləsinə də aktuallaşma nöqteyi-nəzərindən, yəni tema-rema prizmasından yanaşır. Müəllif baş və budaq cümlənin yerinə, bağlayıcı vasitələrə görə zaman budaq cümləsinin iki tipini fərqləndirir; budaq cümləni baş cümləyə bağlayan vasitələrin mövqeyini açıqlayır; həmçinin baş və budaq cümlənin zaman münasibətləri qruplaşdırılır [33, s. 362- 367; 34].

Azərbaycan dilçiliyində zaman budaq cümləsinin elliptik və yarımçıq növləri haqqında da yeni tədqiqatlarda müəyyən fikirlər söylənmişdir. T. Müzəffəroğlu yazır ki, tabeli mürəkkəb cümlənin elliptik forması o konstruksiyalara deyilir ki, onlar əsasən mürəkkəb quruluşlu olsalar da, daha mürəkkəb informativ yükə malik olsalar da, sonradan onlardakı ellipsis, yəni baş və budaq cümlələrin hər hansı birinin işlədilməməsi ilə onlarda istər struktur, istərsə də semantik baxımdan natamamlıq ilk baxışda hiss olunur. Sadə cümlədə olduğu kimi, burada da, ellipsisə uğramış komponentin bərpasına ehtiyac duyulmur [43, s. 125].

Məsələn: Çatdıq ki, iş-işdən keçib (danışıq dilində).

Nümunədə “o zaman” sözü buraxıldığı üçün bu cümlə elliptik formada olan zaman budaq cümləsidir. Əslində cümlə belə olmalıdır: O zaman çatdıq ki, iş-işdən keçmişdi. Birinci komponent ikinci komponentin zamanını ifadə edir.

T. Müzəffəroğlunun qənaətinə görə, elliptik formalar yalnız bir neçə budaq cümlə növündə özünü göstərsə də, yarımçıq formanı, demək olar ki, bütün cümlə növlərində müşahidə etmək olar. Söz yox ki, burada, əsasən, nisbi əvəzlikli tabeli mürəkkəb cümlələr nəzərdə tutulur. Ona görə ki, həmin tip konstruksiyalarda relyat-korrelyat münasibəti komponentləri müvazi şəkildə qarşılaşdırır və bunun nəticəsində qarşılaşdırılan komponentlərdən əsas informasiyaya malik komponent işlənmiş olur. T. Müzəffəroğlu zaman budaq cümləsinin yarımçıq formasına haqlı olaraq- Qocanı nə vaxt görəcəksən?- Nə vaxt özü bizə gəlsə (M. Qocayev) - dialoji nitqində reallaşan konstruksiyanı misal gətirir [43, s. 157].

İngilis dilində də zaman budaq cümləsinin həm elliptik, həm də yarımçıq formaları işləkdir. A.Karnauxova bu formaların ingilis dilində əmələ gəlmə yollarını, struktur-semantik inkişafını tədqiq etmişdir [101].

T. Müzəffəroglunun tədqiqatı ilə baglı bir məsələni göstərmək olar ki, zaman budaq cümləsinin elliptik və yarımçıq formaları xüsusi tədqiqat tələb edən maraqlı sintaktik hadisələrdəndir.

İ.Tahirovun temporallığın, yəni zaman münasibətlərinin araşdırılmasına həsr olunmuş tədqiqat işi Azərbaycan dilçiliyində yeni istiqamət təşkil edir. Zamana funksional-semantik sahə kimi yanaşan tədqiqatçı dilin leksik, morfoloji və sintaktik səviyyələrində zaman münasibətlərini üzə çıxarmış, onun ifadə vasitələrini sahə şəklində təqdim etmişdir. Bu tədqiqatda sintaktik temporallığın araşdırılmasına ayrıca fəsil həsr edilmişdir. Həmin fəsildə temporallığın ifadəsini reallaşdıran sintaktik strukturlar, yəni zaman münasibətlərini ifadə edən söz birləşmələri, feili tərkiblər (feili sifət və feili bağlama tərkibləri), təktərkibli cümlələr (adlıq və şəxssiz cümlələr), mürəkkəb cümlələr araşdırılmışdır [54; 55]. Tədqiqatda temporallığın zaman budaq cümləsi ilə ifadəsinə ayrıca yarımbölmə həsr edilmişdir. İ.Tahirov göstərir ki, “zaman budaq cümləsi baş cümlədə baş verən hərəkət və hadisənin zamanını bildirir. O, baş cümləyə Azərbaycan dilində ki bağlayıcısı, o zaman ki, elə ki, nə qədər ki və s. bağlayıcı sözlərin, ingilis dilində isə when, before, after, as kimi bağlayıcıların köməyi ilə daxil edilir. Qarşılaşdırdığımız dillərdə zaman budaq cümləsinin baş cümləyə görə mövqeyi iki cür təzahür edir: prepozitiv və postpozitiv” [54, s. 272].

Tədqiqatın diqqəti cəlb edən məqamlarından biri ondan ibarətdir ki, zaman münasibətlərinin yuxarıda qeyd olunan ifadə vasitələrindən əlavə, burada zamanın təsviri yolla və emfatik vasitə ilə ifadəsi kimi məsələlərə də diqqət yetirilmişdir [54, s. 279-280].

İ.Tahirovun tədqiqatında Azərbaycan və ingilis dillərində zaman münasibətlərinin ifadəsi müqayisəli planda araşdırılmışdır. Bu tədqiqatın dilin leksik sistemində zaman münasibətlərinin ifadəsinə həsr olunmuş hissəsi ayrıca monoqrafiya şəklində də işıq üzü görmüşdür [56].

Qeyd edək ki, Azərbaycan dilçiliyində son dövrlərdə ingilis dilində feilin zaman formalarına həsr olunmuş bir neçə araşdırma də aparılmışdır [9; 46; 86 və s.]. Həmin tədqiqatlar bilavasitə tərz-zaman sisteminə aid olduğuna, birinci ikisinin isə tərzi və ya zamanı bildirməsi mübahisə doğuran perfektlə və davamedici zamanlarla bağlı olduğuna görə, onlarda yeri gəldikcə zaman budaq cümləsində feilin tərz-zaman formalarının işlənmə xüsusiyyətləri nəzərdən keçirilmişdir.


II FƏSİL

ZAMAN BUDAQ CÜMLƏSİNİN STRUKTUR-SEMANTİK XÜSUSİYYƏTLƏRİ VƏ FUNKSİОNAL EKVİVALENTLƏRİ





Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin