Zaur vediLİ


SAHİLƏ: – Niyə olmur ki. Məsləhət onlarındı. (Sahilənin yadına nəsə düşür. Gülür) MURAD



Yüklə 1,39 Mb.
səhifə10/19
tarix21.10.2017
ölçüsü1,39 Mb.
#7777
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   ...   19

SAHİLƏ: – Niyə olmur ki. Məsləhət onlarındı. (Sahilənin yadına nəsə düşür. Gülür)

MURAD: – Nəyə gülürsən?

SAHİLƏ:Bilirsən Murad, o gün mən sizə zəng vuranda telefonun dəstəyini atan götürmüşdü. Mən də Yusif müəllimə de­dim ki, – Yusif müəllim danışan gəlininizdi. Muradı olar bir də­qiqə? Sən demə mənim bu danışığımı anam da eşidir. Səninlə da­nışıb dəstəyi yerindən asandan sonra anam məni o qədər danladı ki, daha olmayan kimi. Anam mənə deyir ki, – o, sənin qaynatandı. Onunla gəlinlik eləməlisən. Axırda mən də gülüb dedim ay ana, sən gördüklərin keçmişdə qaldı ey. İndi artıq XX əsirdi.

MURAD: – Eh Sahilə! Deyəsən elə bizim ikimiz də eyni gündə, eyni dərddəyik! Sizinkilər səni danlasın, mənimkilər də məni! Görən bu danlanmaqdan nə vaxt canımız qurtaracaq? Eh, nə bilim ey! Şənbə günü gəlsəydi, toyumuz olsaydı bir az ra­hat­la­nardıq. Bu danlanmaqdan da hər ikimizin canı qurtarardı. İstər si­zinkilər olsun, istər bizimkilər, elə bil Nuh əyyamından qa­lıb­dı­lar. Düz demirəm gözəlim?

SAHİLƏ: – Düz deyirsən. Murad bəs sizinkilər nə yaxşı sə­nin belə tez evlənməyinə razılıq verdilər? Axı səndən böyük Samir var.

MURAD: – Nə bilim ey, nə bilim.

SAHİLƏ: – Bəs niyə bilmirsən?

MURAD: –Bircə onu bilirəm ki, bircə toyumuz tez ol­say­dı, sonra da bir balamız olsaydı hər şey düzələrdi. Bütün prob­lem ol­an məsələlərim həll olardı!!

SAHİLƏ (gülə-gülə): –Yəni ata olmaq üçün elə tələ­sir­sən? Sənin o problem olan məsələn nədir?

MURAD: – Allahdan gizlin deyil, sənin kimi gözəl sev­gi­limdən nə gizlədim. Sahilə, bilirsən nəyə görə tələsirəm, atamgil də məni niyə tez evləndirirlər? (Sahilə başını bulayır) İndi mən sənə deyim. Ancaq söz ver ki, bunu ikimizdən başqa heç kim bilməyəcəkdi.

SAHİLƏ: – Yaxşı, söz verirəm.

MURAD: – Bilirsən? Atam gil istəyir ki, mənim tezliklə bir uşağım olsun. Sonra da arvadım və uşağım olduğuna görə mə­ni əsgərliyə aparmayalar. Yenə deyirəm, bax bunu ikimizdən baş­qa heç kim bilməməlidi. (Bir az aralıda dava-dalaş səsi eşi­di­lir. Hər ikisi ayağa durub həmin səmtə baxırlar)

SAHİLƏ (içini çəkərək): – Yenə Samirdi!!!

MURAD: – Hanı?

SAHİLƏ: – Odur ey. Atan da yanındadı. (Murad onlara tərəf getmək istəyəndə Sahilə Muradın qolundan yapışıb dartır) Dayan! Odur, maşına minib gedirlər. (Hər ikisi bir xeyli həmin səmtə baxırlar)

MURAD: – Görən bu Samir nə vaxt ağıllanacaqdı?!

SAHİLƏ: – Daha gecdi. Bəlkə yavaş-yavaş gedək? İndi bizimkilər mənim üçün nigarandılar.

MURAD: – Hə gedək. Artıq hava da qaralır. (Gedirlər)

V şəkil
Yusif gilin evi. Yusif eynəyini gözünə taxıb kresloda oturur və qəzet oxuyur. Kəmalə telefonla danışır.

KƏMALƏ: – Alo. Salam-əleykum Xuraman. Hə mənəm Kə­malə. Çox sağ olun hamısı yaxşıdılar. Əlinizdən öpürlər. Mən? Mən də belə də, yavaş-yavaş günümü keçirirəm. Sizdə və­ziyyət necədi? Çox şükür. Qoy həmişə yaxşı olsun. Qoy həmişə xoş sədanızı eşidək. Kim? Gəlin deyil ey, huri mələkdir. Sən öl, özüm ölüm. Allahtala məni istəyən bütün dostlara, tanışlara bax belə bir gəlin qismət eləsin. (Gülə-gülə) Yox, hələ nənə ol­ma­mı­şam. Vaxta az qalıb. İnşallah, inşallah. Uşaqların başı üçün biz ona gəlin kimi yox, öz doğma qızım kimi baxıram. Xuraman, val­lah o da bizi öz doğmaları hesab edir. Vallah. Şükür içində ola­san. Mənə? Yox əşi, siftə gah “ana”, gah da “xala” deyirdi. Son­­ra mən özüm gəlin balama tapşırdım ki, mənə “Kəmalə xa­nım” desin. Hə (Qəşş edib gülür) Niyə xanımlar bizdən artıqdı bə­yəm? Əlbətdə. Xanımlardan hələ artığıq ki, əskik deyilik. Yu­si­fə “əmi” deyir, mənə də “Kəmalə xanım”. Bilirsən Xuraman ye­nə deyirəm. Qoy Allahtala sənə də mənim gəlinim kimi bir gə­lin qismət eləsin. Vallah, ana-bala kimi elə mehriban dolanırıq ki, istəyənlər şad olur, istəmə­yən­lə­rin də gözləri pırt­dı­yıb ov­uc­la­rına tökülür. Nə? Allah eləməsin – Allah eləməsin! Yox-yox-yox! Allah uzaq eləsin! Amin-amin-amin! Mən nə de­yirəm? Gah “qızım” deyirəm, gah da adını. Nə? Bəs necə. Val­lah gəlin də doğma bala kimi şirin olur. İndi Allah qoysa nə­və­miz ol­an­dan sonra yəqin ki, şirinliyi daha da artacaq. İnşallah! İnşallah! Hə, çağırıbdılar! Gələn həftə gedir əsgərliyə. Hə Murad! Görüm bu ermənilərin Allah evini yıxsın Xuraman! Amin-amin! Xu­ra­man, vallah bizi Allahın qarğışı tutub! Ona görə düşmüşük bu oda, bu bəlaya! Bəs nə-bəs nə. Bəyəm az günahların sahibi ol­mu­şuq? Hə-hə vallah düz deyirsən. Bilirik! Yəqin ki, qismət de­yil­miş! Elə ona görə də Allahtala uşağı da gecikdirdi! Amin-amin! Bilirsən nə qədər qurbanım, nəzir-niyazım var? Amin! Al­lah bütün hamının nəzirini, qurbanını qəbul eləsin, içində də bi­zimkiləri. Deyəsən qapınız döyülür axı Xuraman? Hə zəngin sə­si eşidilir. Görək daa, qismət. Kim? Yaxşı sağ ol. Sonra söhbət edə­rik. Həmişə qonaqlı-qaralı ola­sı­nız. (Telefonun dəstəyini ye­rindən asır)

YUSİF: – Çox şükür arvad. Allah o gələn qonaqların öm­rü­nü uzun eləsin. Yoxsa nə sən telefondan əl çəkməyəcəkdin, nə də ki, Xuraman.

KƏMALƏ: – Niyə telefonla danışmaq da puluynandı ay kişi? Mən danışıram sən niyə narahat olursan? (Keçib Yusifin böyründəki kresloda oturur)

YUSİF: – Sahilə, qızım. (Sahilə gəlir)

SAHİLƏ: – Eşidirəm Yusif əmi.

YUSİF: – Bir stəkan çay olsa pis olmaz qızım.

SAHİLƏ: –Bu dəqiqə gətirim. (Kəmaləyə) Siz də içir­si­niz?

KƏMALƏ: – Hə qızım, bir stəkan da mənə gətir. (Sahilə ge­dir)

YUSİF:Arvad səni bilmirəm, vallah hər gəlin gətirib mə­nim qarşıma bir stəkan çay, ya xörək qoyanda elə bil ki, dün­ya­nı mənə bağışlayırlar. Özü də maşallah elə bil ki, gəlinin bar­maq­ları baldı. Bişirdiyi xörəklər elə dadlı, elə ətirli olur ki, adam doy­dum demək istəmir.

KƏMALƏ: – Hə elədi kişi, elədi. Bəs mən o vaxtlar sənə deyəndə ki, gəl Muradı evləndirək özündən çıxırdın. İndi görür­sən ki, evdə gəlin necə gözəl şeydi. (Sahilə çay dolu stəkanları gətirib onların qarşısına qoyur)

YUSİF:–Ay sağ ol qızım, sağ ol. Allah səni xoşbəxt elə­sin!

KƏMALƏ: – Qızım bir stəkan da özün üçün gətirərdin daa.

SAHİLƏ: – Çox sağ olun, mən hələ içmək istəmirəm. (Sa­hi­lə gedir)

KƏMALƏ: – Görəsən bu uşaqlar harda qaldılar? Artıq saat səkkizi keçib.

YUSİF: – Murad harda olsa indi gəlib çıxar. Samir də Allah bilir hansı cəhənnəmdədi. Yenə hansı avaralara qoşulub!

KƏMALƏ: – Elə demə ay kişi. Özün hiss eləmirsən ki, Sa­­mirdə çox dəyişiklik var?

YUSİF: – Nə dəyişiklik var? Elə həmin zibildi ki, həmin zibil!

KƏMALƏ: – Yox ay kişi. Yəqin sən qəşəng fikir ver­mir­sən. Əvvəlkiylə indikində dağ kimi fərq var.

YUSİF: – Sən o fərqi nədə görürsən axı ay arvad? Həmin ava­ralıq, həmin sərxoşluq, həmin küçələrdə veyil-veyil fırlan­maq yenə də davam edir! Bu fərqdi?

KƏMALƏ (tutula-tutula): – Yox! Yox ay kişi. Özün hiss et­mirsən ki, əvvəl evə gələndə səsini başına salırdı! Artıq indi bir az gəlindən utanır, bir az Muraddan çəkinir, ona görə də gələndə sakitcə keçib otaqda uzanıb yatır.

YUSİF: – Bu oldu fərq?!

KƏMALƏ: – Bəs nə ay kişi, bəs nə.

YUSİF: – Sən Allah bu boş-boş söhbətləri boşla getsin! Sən elə hər söhbəti düşünüb-daşınmadan ortalığa tökürsən! Bir fi­kirləşsən nə olar ay arvad? Sənə min dəfə demişəm ki, nə da­nı­şır­san əvvəl ölçüb-biç, sonra danış!

KƏMALƏ: – Mənim hansı sözüm, hansı söhbətim yersiz olub ki, ay kişi?

YUSİF: – Elə biri Muradı evləndirməyiniz!

KƏMALƏ: – Bu yersiz oldu?

YUSİF: – Bəs nə oldu? Elə deyirdin ki, evləndirsək Murad əs­gərliyə getməyəcək! Get daa, get hərbi komissarlığa de ki, – Mə­nim oğlum evlənib, arvad alıb o, əsgərliyə getməməlidi!

KƏMALƏ: – Eey ay kişi, sən elə nəyi itirib nəyi ax­ta­rır­san! Guya mən istəyirdim ki, belə olsun?! Guya mən istə­yirdim ki, oğlumuz gedib soyuqda, qar-boranda səngərlərdə can çü­rüt­sün?! Bu da Allahın bir qismətidi! Bu da alnımızın bir yazısıdı! Əgər onun tezliklə uşağı olsaydı o, əsgərliyə getməzdi, sən də be­lə hirsini mənim üstümə tökməzdin. Qismət budur, neyləyək?!

YUSİF: – Özün səhv hərəkətləri elə, sonra da günahlarının hamısını tök qismətin üstünə!

KƏMALƏ: – Bəli kişi, qismət bu imiş! Ancaq yenə də Tan­rının yazdığı bu qismətə də min şükür! Allah qoysa bu ya­xın­larda nəvəmiz olar yenə də biz uğur qazanarıq! Muradı or­du­dan yarımçıq çıxartdırarıq! (Yusifi dümsükləyir) Allahın kö­mək­liyilə vaxta nə qalıb ki, ay kişi?! Allah qoysa iki aya kimi baba olursan ey baba! Mən də nənə oluram. Çox şükür Allahın bu qis­mətinə, çox şükür!

YUSİF: – Yarımışıq daa! Allah qoysa nəvəmiz olandan son­­­ra bir də düşməyəcik o qapıya, bu qapıya! İdarə qapılarını döy­­məkdən həm idarə işçilərini bezdiririk, həm özümüzü! (Əli­ni-əlinə çırpır) Daha mən qurtardım! İndən belə nə olsa, nə iş üçün hara gedib-gəlmək lazım olsa hamısı sənlikdi! Mən daha bu iş üçün heç kimə ağız açmayacam!

KƏMALƏ: – Sən heç nə eləmə. Qoy Allah o günü qismət eləsin, nəvəmiz olsun ölməmişəm, hamısını özüm düzüb-qo­şa­ram. Təki Allah o günü tezliklə bizə qismət etsin. Gözəl-göyçək bir nəvəmiz olsun.

YUSİF: – İnşallah. Allah arzuna çatdırsın. Neyləyirsən, nə iş görürsən özün bilərsən. Yenə deyirəm daha mənlik deyil.

KƏMALƏ: –Yavaş ay kişi yavaş! Nə olar bir az yavaş da­nışsan?! Axı gəlin eşidir!

YUSİF: – Eşitsin daa. Niyə yalan deyirəm ay arvad? Yalan deyirəmsə barmağını qatlayıb denən bax bu yalandı.

KƏMALƏ: – Sən Allah əsəbləşmə ay kişi, əsəbləşmə. Ça­yın soyudu götür çayını iç. (Hər ikisi çaylarını götürüb içirlər. Qapının zəngi çalınır) Yəqin uşaqlardı. (Ucadan) Qızım Sahilə, or­­dan qapını aç.(Muradla Sahilənin səsləri eşidilir. Murad g­ə­lir)

MURAD: – Axşamınız xeyir.

KƏMALƏ: – Hər vaxtın xeyir bala. Bəs indiyəcən hara­day­­­dın?

MURAD: – Sinif yoldaşımgildəydim.

YUSİF: – Samiri görməyibsən?

MURAD: – Yox ata, görməmişəm.

YUSİF: – Allah bilir indi hansı cəhənnəmdədi! İndi bir azdan nə halda gələcək onu da göydəki Allah bilir!

KƏMALƏ: – Əsəbləşmə ay kişi, əsəbləşmə. İnşallah axırı yaxşı olar.

YUSİF: – Hə, yaxşı olacaq! Ümidli ol! (Sahilə gəlir)

SAHİLƏ: – Çay gətirimmi?

YUSİF: – Hə, qızım gətir.

MURAD: – Bir stəkan da mənə gətir. (Sahilə stəkanları götürüb gedir)

KƏMALƏ: – Sinif yoldaşıngilə nə yaxşı getmişdin Murad? Tədbiriniz varıydı?

MURAD: – Yox ana. Camalı əsgərliyə yola salırdıq.

YUSİF: – Camal kim? Kamal müəllimin oğlu?

MURAD: – Hə ata. Yola saldıq getdi.

KƏMALƏ: – Allah üstündə getsin! Necə ki, sağ-salamat gedib, eləcə də qayıtsın gəlsin evlərinə. Ata-anası da yazıqdı, özü də! Allah heç vaxt öz kölgəsini əsgərlərin üstündən əskik et­mə­sin. O cümlədən də mənim balamın! Allah qoysa sən də sağ sa­lamat gedib, sağ-salamat da dönərsən evimizə!

MURAD: – Çox sağ ol ana! Bircə Sahilə də tezliklə mə­sə­ləni həll etsəydi ana, vallah hər işimiz düzələrdi. (Qapının zəngi çalınır. Sahilə qapını açır)

KƏMALƏ: – Darıxma oğlum, darıxma! O vaxta çox az qa­lıb! İnşallah hər şey yaxşı olacaq! (Sahilə gəlir)

SAHİLƏ:–Qonşu Simadı.Deyir:–Kəmalə gəlsin bizə get­sin.

KƏMALƏ: – Nə yaxşı? Xeyir ola?

SAHİLƏ: – Bilmirəm. Heç nə demədi.

KƏMALƏ:–Yaxşı, siz oturun mən gedim onlara görüm nə deyir.

YUSİF: – Mən də çıxım eşiyə bir havaya dəyim. (Hər ikisi du­rub gedirlər. Sahilə qapını bağlayıb gəlir və Muradın yanında oturur)

SAHİLƏ: – Murad, heç bilirsən bu gün toyumuzdan nə qədər vaxt keçir?

MURAD: – Əlbətdə bilirəm Sahilə. Bu gün toyumuzun düz bir ili tamam olur.(Cibindən bir ətir çıxardıb Sahiləyə ve­rir) Al, bu da toyumuzun bir illiyi münasibəti ilə məndən sənə hə­diyyət. (Sahilə gülümsəyərək sevinclə hədiyyəni Muraddan al­ır)

SAHİLƏ: – Sağ ol Murad. Bu hədiyyəylə elə bil ki, sən dünyanı mənə bağışladın. Murad, de görüm sən məni nə qədər sevirsən?

MURAD: – Çox sevirəm Sahilə, lap çox.

SAHİLƏ: – Çox yəni nə qədər? (Murad cibindən bir kibrit qutusu çıxardıb göstərir)

MURAD (gülümsəyərək): – Bax, bu qutunun içi boyda. Bəlkə də bir az çox. (Sahilə gülür)

SAHİLƏ: – Yaxşı zarafatı qurtar.

MURAD: – Niyə gülürsən? Mən ki, gülməli söz danış­ma­dım. Özü də sözüm zarafat yox, həqiqətdi.

SAHİLƏ (pərt halda): – Onda sən məni heç sevmirsən ki,!

MURAD: – Kim deyir ki, sevmirəm? Sevirəm. Bir də ki, guya sən məni səni sevdiyimdən çox sevirsən?

SAHİLƏ: – Əlbətdə.

MURAD: – Onda sən de görüm çox yəni nə qədər?

SAHİLƏ: – Mənim sənə qarşı olan sevgim, məhəbbətim son­­suzdu! Qədərsizdi! Heç bu dünyaya sığmaz. Lap Leyli Məc­nu­­nu sevdiyi qədər sevirəm!

MURAD: – Yox əzizim, mən heç vaxt razı olmaram ki, sən məni Leyli Məcnunu sevdiyi qədər sevəsən.

SAHİLƏ (təəccüblə): – Nəyə görə?!

MURAD: – Ona görə ki, mən heç vaxt razı olmaram sən öm­rünü tez başa vurasan. Axı “Leyli və Məcnun” əsərində sev­gi­­lilər eşq odunda yana-yana tez külə dönürlər. Bir də ki, mən in­anmıram sən məni çox sevirsən.

SAHİLƏ: – Nəyə görə Murad? Mən ki, evləndiyimiz ilk gündən indiyəcən sənin bir sözünü iki etməmişəm. Mən ki, hə­mi­şə ürəyimdə sənə qarşı saf və sonsuz məhəbbət bəslə­mi­şəm! Sə­nin dərdini dərdim, sevincini sevincim bilmişəm! Daha mən bilmirəm sən nəyə inanmırsan əzizim!

MURAD: – Deyim niyə inanmıram!

SAHİLƏ: – De! (Musiqi çalınır. Murad oxuyur)

MURAD: – Sən sevsəydin məni əgər,

Qıymazdın ki, gedim əsgər.

Həqiqətdi sözüm dilbər,

Sevginə mən inanmıram!


Olsaydı bir oğlum, qızım,

Çin olardı hər bir arzum.

Ay sevgilim, iki gözüm,

Sevginə mən inanmıram!


Evlənənlər bizim vaxtda,

Artıq olub ana, ata.

Ümidlərim getdi bada,

Sevginə mən ananmıram!


Sən yansaydın əgər mənə,

Düşməzdim bu ağır günə.

Özgə sözüm yoxdu sənə,

Sevginə mən inanmıram!



SAHİLƏ (gülə-gülə): – Elə bu? Eh Murad, Murad! Mən də deyirəm sevgimə inanmamaq nədəndi. Allah qoysa iki aya kimi bizim də körpəmiz olacaq. O zaman da biz ata-ana olacağıq.

MURAD: – Eh, sən bilmirsən ey Sahilə! Sən bilmirsən ki, bu iki ay mənim üçün iki ilə bərabərdi.

SAHİLƏ: – Darıxma Murad, hər şey yaxşı olacaq. Bir də ki, nədən qorxursan axı? Heç kişi də qorxar?

MURAD (özünü yığışdıraraq): – Yox əşi, yox! Nədən qor­xacam axı? (Qapının zəngi çalınır) Yəqin anam gəldi. (Gedib qa­pını açır. Ata-anası və Samir gəlir. Samir yenə sərxoşdu)

KƏMALƏ:–Biz gəlincə darıxmadın ki, mənim gəlin ba­lam?

SAHİLƏ: – Yox, darıxmadım.

KƏMALƏ: – Lap yaxşı elədin mənim qızım. Bir stəkan çay gə­tirsən lap yaxşı olar.

SAHİLƏ: – Hamınız içirsiniz?

KƏMALƏ: – Hə qızım. Özün üçün də gətir.

SAMİR (sərxoş halda başını bulayaraq): – Yox Sahilə, mən iç­mirəm. Mənə gətirmə. Elə indicə restoranda içib gəl­mi­şəm. Və­ziyyətim də lap əladı. (Sahilə gedir. Murad tele­vi­zo­ru işə salıb divanda oturur. Yusif qəzetlərə baxır. Sahilə çay dolu stə­kanları gətirib stola düzür)

KƏMALƏ: – Çox sağ ol qızım. (Sahilə də stulda oturur) Ürə­yim yaman çırpındı. Elə bil bu dəqiqə nəsə üzücü bir xəbər eşidəcəm!

YUSİF: – Bu da yeni ixtiradı?

KƏMALƏ: – Lağ etməyi boşla. Vallah mən də nə vaxt be­lə oluram şad xəbər eşitmirəm. (Qapının zəngi çalınır. Kəmalə tez ayağa durub qapıya tərəf gedir. Əlində bir parça kağız hə­yə­can­lı halda gəlir)

YUSİF: – Kim idi? (Kəmaləyə baxır) Qanın niyə qaraldı ay arvad? Yoxsa bir hadisə üz verib?

KƏMALƏ: – Görüm bu çağırış göndərənin əzizi ilin-gü­nün bu qan-qadalı vaxtında əsgərliyə çağırılsın! Onun anası da mənim kimi ürəyini oya-oya qalsın!

YUSİF: – Bir açıq danış görüm nə olub? (Kəmalə əlindəki kağızı ona uzadır. Yusif kağızı alıb oxuyur) Hələ sənin görəcəkli günlərin qabaqdadı ay Kəmalə! (Musiqi çalınır. Kəmalə ağlaya-ağlaya oxuyur)

Pis olmadım bir fəqirə, şaha mən,

Neyləmişdim tuş gəlmişəm aha mən?!

Sona kimi süzənmərəm daha mən,

Aparırlar əsgərliyə Muradı!

Hər baxanda gəlinimin üzünə,



(Əlini ürəyinin üstünə qoyur)

Gələ bilməz bu ürəyim özümə.

Əlim qaldı döyə-döyə dizimə.

Aparırlar əsgərliyə Muradı!


Güllü yazım payız oldu, qış oldu,

Demək daha gözüm-könlüm tez doldu.

Ürəyimə alov doldu, od doldu,

Aparırlar əsgərliyə Muradı!



YUSİF (hirslə): – Ay arvad səni and verirəm atan Məşədi Hü­seynin goruna sən qoy qırağa bu hər şey üçün gözlərinin ya­şını axıtmağa!

KƏMALƏ: – Sənin nə vecinə ey ay Yusif. Sən nə bilirsən ki, bu yazıq Kəmalənin ürəyi bu saat nə çəkir?!

YUSİF: –Yox əşi mən heç nə bilmirəm! Heç nə də fikir­ləş­­mirəm! Bircə sənsən bu ailənin qeydinə qalıb, qayğısını çə­kən!

KƏMALƏ: – Yox kişi, sən, sən olsan qoymazsan gözü­mü­zün işığı olan balamız gedib o soyuq səngərlərdə iki aydan artıq qa­la!

YUSİF: – Bilmirəm mən, mən olub neyləməliyəm axı?! Ge­dib hökumətlə hökumətlik edəcəm? Bir vaxt məni o qədər dəng etdin ki, axırda Muradı uşaq-uşaq evləndirib yazıq ba­la­mı­zı ağır ailə yükünün altına saldıq! Nə var-nə var bizim balamız əs­gərliyə getməməlidi. İndi də Allahın məsləhətinə qurban olum, iki aydan sonra nəvəmiz olar biz də onda bir iş görərik. Sən sağ, mən də salamat.

KƏMALƏ: – Sənə qurban olum ay kişi, sən Allah düz de­yirsən?

YUSİF:–Ay arvad niyə biz uşağıq ki, bir-birimizi alda­daq? Yaxşı arvad daha gecdi gedin yatağı açın yataq.

KƏMALƏ: – Baş üstə ay kişi, mənim gözlərim üstə. (Ha­mı­­sı gedirlər. Yusif nəsə fikirləşir. Kəmalə Yusifi çağırır) Yerin ha­zırdı ay kişi gəl yat. (Yusif gedir. Səhər açılır. Muradla Sahilə gəlib divanda otururlar)

MURAD: – Sahilə, yəqin ki, əsgərliyim iki üç ay olacaq. Allah qoysa uşağımız olandan sonra bir aya kimi qayıdaram.

SAHİLƏ: – Mənim darıxmağıma baxma. Əsas sən özün öz­ündən müğayət ol.

MURAD: – Görəsən oğlumuz olacaq, yoxsa qızımız?

SAHİLƏ (çiyinlərini çəkərək gülümsəyir): – İlk uşa­ğı­mız­dı Murad. Hansı olsa çox şükür. (Yusiflə Kəmalə gəlirlər)

KƏMALƏ: – Deyəsən fikirdən yatmayıbsınız axı? Darıx­ma­­yın mənim balalarım, darıxmayın. Hər şey yaxşı olacaq.

YUSİF: – Bilmirsiniz Samir hara gedib?

SAHİLƏ: – Harasa getdi. Dedi bir saata qayıdıram.

YUSİF (hirslə): – İndi yenə də zəhərlənib sərxoş halda gə­ləcək.

KƏMALƏ: – Yusif, Murad indi saat neçədə gedəcək?

YUSİF (qolundakı saata baxır): – Düz iki saatdan sonra aparıb yola salacağam. (Qapının zəngi çalınır) Get qapını aç yə­qin Samirdi. (Kəmalə gedib qapını açır. Samirlə Qələm Beytulla gəlir. Samir yenə sərxoşdu)

QƏLƏM BEYTULLA:–Salam Yusif müəllim.Gəlmək ol­­ar?

YUSİF (ayağa qalxır): – Ay əleykə salam Qələm Beytulla xoş gəlibsən. Gəlin əyləşin. (Görüşürlər və gedib stulda otu­rur­lar. Qələm Beytulla qoltuğundakı qovluğu stolun üstünə qoyur. Samir keçib divanda oturur. Yusif hirslə Samirə baxır) Xeyir ola səhər-səhər ay Qələm Beytulla?

QƏLƏM BEYTULLA: – Yusif müəllim özüm ölüm sən­dən inciyərəm, özüdə qəlbən.

YUSİF: – Niyə?

QƏLƏM BEYTULLA: – Axı mən həmişə sizə demişəm ki, mən Qələm Beytulla yox, Beytulla Eloğluyam!

YUSİF: – Mənim üçün fərqi yoxdu Qələm Beytulla. İstə­yir­sən sən Eloğlu yox ha, Xalqoğlu ol. Və yaxud yurdoğlu ol. Mən səni Qələm Beytulla kimi tanımışam, tanıyıram, tanıyacam da. De görüm bizi nə yaxşı yada saldın?

QƏLƏM BEYTULLA: – Yusif müəllim siz və sizin ailə üzv­ləriniz həmişə mənim xatirimdəsiniz. Sizə gec-gec gəlmə­yi­mə baxmayın. Axı siz tərəfin poçtalyonu Mazol Xudayar bizim qapıağzı qonşumuzdu.

YUSİF (gülə-gülə): – Nə Xudayar?

QƏLƏM BEYTULLA: – Mazol Xudayar. Yusif müəllim sö­­zün düzü vallah mənim ondan heç xoşum gəlmir. Zalım oğlu za­lım adamı söhbətə ki, tutdu qurtardı. Özü də özünə o qədər boy verib tərif qoşar ki, dünyaya sığmaz. Ancaq bir vəzifəlini, bir pullu adamı ki, gördü o dəqiqə pişik kimi miyoldayır. Adamı dəng etdiyi üçün də ona “mazol Xudayar” deyirlər. Yusif mü­əl­lim siz özünüz yaxşı bilirsiniz ki, mənim də elə şeydən lap zəh­ləm gedir. Nə isə. Dünən o, dedi ki, bu gün Murad əsgərliyə ge­də­cək. Elə mən də ona görə gəldim ki, həm sizə baş çəkim, həm də Muradı yola salım.

YUSİF: – Çox sağ ol Qələm Beytulla. Mazol düz deyib. İn­di bir azdan Murad gedəcək.

KƏMALƏ: – Bilirsən ay Beytulla qardaş, Murad əsgərliyə ge­dib gəlincə mənimki mənə dəyəcək!

QƏLƏM BEYTULLA (başını bulayaraq): – Çox hədər Kə­­malə bacı, çox hədər. Siz sevinin ki, “Əsgər anası” kimi şə­rəf­li bir ad daşıyacaqsınız! Bir də ki, Muradın əsgərlikdə qal­ma­sı ata oluncadı. Mənim əzizlərim, bilirsiniz ki, bu dəqiqə Və­tə­ni­mizin başı üstünü qara buludlar alıb. Lazımdı ki, tezliklə o qara bu­ludları Vətənimizin göylərindən uzaqlaşdıraq. Bunun üçün də tək­cə Murad yox, bütün xalq əsgər getməlidi. Şairlər qələmlərini sün­güyə çevirib qələmləriylə, fəhlə əməyiylə, elm adamları ix­ti­ra­larıyla və nəhayət əsgər silahıyla vuruşmalıdı.

SAMİR (sərxoş halda):–Şair, olar səndən bir söz soru­şum?

QƏLƏM BEYTULLA: – Samir bala, sən çalış o zəhər­mar­­dan əl çək.

SAMİR: – O, zəhərmar deyil şair! Quş südüdü, quş südü. Bir də elə sözü dilinə almağı sənə qəti qadağan edirəm bildin?!

KƏMALƏ (hirslə): – Samir!

QƏLƏM BEYTULLA: – Kəmalə bacı siz Allah əsəbləş­mə­­yin! Bu saat o özündə deyil.

SAMİR: – Şair, ağılsız sən özünsən! Mən dedim: – Olar sən­dən bir söz soruşum? – Hə ya yox!

QƏLƏM BEYTULLA: – Niyə olmur ki, əlbətdə olar.

SAMİR: –Bax, indi əsil kişi kimi danışırsan. (Əlini uza­dır) Mən ölüm vur gəlsin. (Qələm Beytulla əlini Samirin əlinə çırpır) Şair, bayaq sən dedin ki, şair qələmiylə döyüşməlidi düz­dü?

QƏLƏM BEYTULLA: – Bəli-bəli dedim.

SAMİR (hirslə): – Dedim ki, mumla!

KƏMALƏ: – Samir! Beytulla qardaş siz Allah bağışlayın.

QƏLƏM BEYTULLA: – Siz narahat olmayın. (Samirə) Sən sözünü de eşidirəm.

SAMİR: – Deməyə macal verirsən ki? Hə şair, indi de gö­rüm sən öz qələminlə bu müharibə başlayandan indiyəcən dö­yü­şə-döyüşə nələr yaratmısan?

QƏLƏM BEYTULLA: – Afərin Samir, afərin. Çox gözəl sualdı. Mən müharibə başlayandan indiyəcən, 3 böyük dramatik poema, 33 poema, 300 qəzəl, 3300 şeir, bir o qədər bayatı və baş­­qa-başqa yazılar yazmışam.

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin