YUSİF (təəccüblə): – Cin (Gülür) Bəyəm o cin o qədər qorxuludu?
KƏMALƏ: – Qorxulu deyil bəs nədi? Adam cini görsə heç bilirsən nə olar?! (Divanda otururlar) O dəqiqə ürəyi partlayıb ölər! Ya da başına hava gələr!
YUSİF: – Doğrudan?!
KƏMALƏ: – Əlbətdə doğrudan! (Yusif qəhqəhə çəkib gülür) Nəyə gülürsən?
YUSİF: – Onda mən dağıymışam ki,! İndiyə qədər nə ölmüşəm, nə də başıma hava gəlib!
KƏMALƏ (həyəcanla): – Bəyəm sən cini görmüsən?!
YUSİF: – Görübsən nədi?! Hələ üz-üzə oturub söhbət də etmişəm.
KƏMALƏ: – Ola bilməz! Sən cini nə vaxt, harada görmüsən?!
YUSİF: – Hər gün, hər saat. Elə bu dəqiqənin özündə də görürəm.
KƏMALƏ (qorxulu halda otağın dörd bir tərəfinə baxır): – Hanı?! Evdə ki, biz ikimizdən başqa heç kim yoxdu!
YUSİF:–Var əzizim, var. Bəs sən nəsən? Bəyəm oxşamırsan?
KƏMALƏ (hirslə ayağa qalxır): –Sən mənə cin deyirsən?!
YUSİF (əlini havada yellədır): – Yox əşi, elə belə. (Musiqi çalınır. Kəmalə ağlaya-ağlaya oxuyur.)
KƏMALƏ: – Gör nə günə mən qalmışam,
Ürəyimə dərd salmışam.
Kəmoşuydum, cin olmuşam,
Gəl bu dərdə döz Kəmalə!
Gəzdim ərin mən mərdini,
Tapdım ancaq namərdini.
Çəkib oğul, ər dərdini,
Vur qəlbinə köz Kəmalə!
Ürəyimə batan oxdu,
Dağlar kimi dərdim çoxdu.
Mən yazığa deyən yoxdu,
Az özünü üz Kəmalə!
YUSİF (Kəmalənin yanına gəlir): – Ay arvad boşla getsin sən Allah. Az gözlərinin yaşını axıt. Səninlə də heç zarafat etmək olmur ki! Nə deyirəm o dəqiqə xətrinə dəyir. (Kəmalənin başına sığal çəkə-çəkə) Ay arvad, sənin kimi gözəl, yaraşıqlı qadın nəinki buralarda, heç dünyada yoxdu eey.
KƏMALƏ: – Doğrudan zarafat edirdin?!
YUSİF: – Əlbətdə ay mənim əzizim. Yaxşı arvad, indi de görüm bayaq mən evə gələndə sən əsəbləşib öz-özünə nə danışırdın?
KƏMALƏ: – Hə, yaxşı yadıma saldın. Heç Muraddan xəbərin var?
YUSİF (qorxaraq): – Murada nə olub?! Yoxsa bir hadisə üz verib?!
KƏMALƏ: – Hadisə üz verməyib bəs nə olub?! Görüm bu əsgərlik çıxardanın başı batmasın, yazıqdı! Bu erməni köpək uşaqlarının balaları ölsün! Evləri yıxılsın! Çıraları sönsün!
YUSİF: – De görüm Murada nə olub?!
KƏMALƏ: – Bir danışmağa macal ver daa. Görürsən ki, deyə-deyə gəlirəm. Görüm bu erməni dğalarının balaları qaynar qazanda bişsin!
YUSİF (hirslə əlini-əlinə çırpır): – Lənət şeytana haa! Ay arvad, dedim ki, de görüm Murada nə olub?!
KƏMALƏ: – Bıy, başıma xeyir. Ay kişi, macal verməyəssən ki, ağzımızı açıb bir kəlmə söz danışaq? Muradı əsgərliyə çağırıbdılar eey, əsgərliyə!
YUSİF: – Kimi? Muradı?! Axı hələ onun yaşı...
KƏMALƏ: – Bilirəm ay kişi, bilirəm. Əsgərliyə yox ey, çağırıbdılar tibbi müayinədən keçsin!
YUSİF: – Elə de də ay arvad. Deyirəm axı elə şey olmaz. Axı Murad hələ uşaqdı.
KƏMALƏ: – Bilirsən kişi, nağdı çağırıbdılar! Ancaq nəyin bahasına olursa olsun, qızıllarımı, evimi satmalı da olsam Muradı əsgərlikdən saxlatmalıyam! Mən razı olmaram ki, balam gedib buz kimi səngərlərdə gecələyə. Ya da Allah eləməsin erməni gülləsinə tuş gələ!
YUSİF (hirslə): – Deyirəm onda bu qədər səngərlərdə yatanların, bu qədər erməni gülləsinə tuş gəlib şəhid olanların nə balaları baladı, nə də ki, anaları ana?! Elə tək bizimki bizə əzizdi?! Özgələrinə vətənpərvərlikdən dəm vura-vura, Vətən, torpaq sevgisindən danışa-danışa nə varım-dövlətim varıydısa kimlərinsə cibinə töküb öz oğlum Samiri 2-cı qurup əlil adıyla əsgərlikdən saxlatdım! İndi də (Qolunu uzadıb) odur ey, gedib nəşəxorlara qoşulub avara, nəşəxor olub! İndi də Muradı saxlatdıraq ki, o da gedib qumarbazlara qoşulub ən məşhur qumarbaz olsun hə?! Sonra da gəlib pulumuzu, malımızı, ev-eşiyimizi, əlacsız qalanda da səni və məni qumara qoysun hə?! Yox, mən bu işə qol çəkə bilmərəm! (Bir az susurlar)
KƏMALƏ: – Ay kişi nə olar, qurban olum tök bu daşı ətəyindən! Muradın nə canı var ki, gedib qışın ortasında buz kimi səngərlərdə qalsın?! Nə olar ay kişi fikirləşib bir yol tapaq!
YUSİF (hirslə yumruğunu stola çırpır): – Dedim ki, mən bu işə qol qoymuram vəssəlam!
KƏMALƏ (hirslə): – Yox kişi, mən səninlə razılaşmıram! Nəyin bahasına olursa olsun biz Muradı əsgərlikdən saxlatmalıyıq! Əgər Murad əsgərliyə getsə qoy onda atam Məşədi Heydərə lənət olsun!
YUSİF: – Amin!
KƏMALƏ (hirslə): – Necə? Mən atama lənət dedim, sən də ona amin dedin?!
YUSİF: – Yox əşi ay arvad. Sən atanın adını çəkdin, mən də ürəyimdə ona fatihə bağışlayıb ona amin dedim. Atanın qəbri haqqı!
KƏMALƏ (şirin dillə): – Hə? Deyirəm axı mənim kişim elə kişi deyil! (Qollarını Yusifin boynuna dolayır) Nə olar ay kişi, gəl bu daşı ətəyindən tök. Vallah sənin əziz canın üçün sonra özün peşman olacaqsan. Sən Muradı Samirə tay tutursan? Nə olsun oğlumuzdu, onların arasında at-eşşək fərqi var ey, at-eşşək fərqi! (Yusifin üzündən öpür) Sənə qurban olum ay kişi, əgər Murad əsgərliyə getsə heç bu sənin üçün də yaxşı çıxmaz!
YUSİF: – Niyə yaxşı çıxmır ki? Məgər mənim oğlum öz Vətənini qorumağa getsə, mən də başqa atalar kimi fərəhlə “Əsgər atası” adı daşısam bu mənim üçün yaxşı olmaz?!
KƏMALƏ: – Yaxşı olar ey ay kişi, yaxşı olar. Amma...
YUSİF: – Nə amma?!
KƏMALƏ: – Bilirsən ay kişi, əgər Murad əsgərliyə getsə onda sən də, mən də el arasında nüfuzdan, hörmətdən düşərik. Denə niyə?
YUSİF: – Yaxşı, niyə?
KƏMALƏ: – Bax ay kişi, əgər bizim uşağımız əsgərliyə getsə biz ona görə hörmətdən düşəcəyik ki, bizi tanıyan dost-tanış, qohum-qardaş deyəcəkdi Yusif müəllim o böyüklükdə məktəbin direktoru olsa da, qonşuların və ya başqalarının yanında acizdi! Ona görə ki, otur-dur etdiyin dost-tanışların, qohumların çoxu balasını odun-alovun ağzından qurtarıb, lakin o böyüklükdə məktəbin direktoru, həm də biznesmen Yusif müəllim qurtara bilmədi! Deyəcəklər yəqin onun özündən başqa heç kimin yanında hörməti yoxdu! Bilirsən ay kişi, əgər SSRİ-nin vaxtı olsaydı olardı, hamı kimi bizim də balamız gedərdi! Ancaq indi hamı getmir ey ay sağolmuşun balası! Necə deyərlər “palaza bürün, ellə sürün!” Hə kişi, indi özün fikirləşib bir qərara gəl!
YUSİF (Yusif əlini alnına dayayıb xeyli fikirə gedir): – Bilirsən ay arvad, sözlərin həqiqətdi. Ancaq yaxşı-yaxşı fikirləşib bir işıqlı çıxış yolu tapmaq lazımdı!
KƏMALƏ (sevincək ayağa qalxır): – Hə sənə qurban olum. Sən fikirləş, mən də gedim bir ətirli çay dəmləyim! (Gedir)
YUSİF (öz-özünə): – Arvadın sözlərində həqiqət var. Ancaq fikirləşib elə bir yol tapmaq lazımdır ki, quracağımız kələk, görəcəyimiz iş baş tutsun! (Dərindən nəfəsini dərib yenə fikirə gedir. Bir azdan Kəmalə sevincək halda sinidə çay dolu stəkan gəlir)
KƏMALƏ: – Tapdım-tapdım! Ay kişi, mən çıxış yolu tapdım!
YUSİF: – Yaxşı, de görüm o tapdığın çıxış yolu ağıla batandı ya yox!
KƏMALƏ: – Əlbətdə ağıla batandı. İndi qoy mən deyim, sən də eşit. (Musiqi çalınır. Kəmalə oxuyur və stolun ətrafına dövrə vura-vura Yusiflə oynayır)
Var bu işə tək bircə yol,
Gör tapmışam mən neçə yol.
Əgər qoysan bu işə qol,
Qazanarıq uğur kişi!
Az qəlbini fikirlə öy,
Toy eləyək, Murada toy.
İstəyimiz tez atar boy,
Qazanarıq uğur kişi!
Bağda açar tər qönçəmiz,
İşıqlanar hər gecəmiz.
Olar nəvə-nəticəmiz,
Qazanarıq uğur kişi!
Uşaqlardı noğulumuz,
Qanadımız, həm qolumuz.
Əsgər getməz bal oğlumuz,
Qazanarıq uğur kişi!
YUSİF (Oxuyaraq): –
Nə ördəksən, nə də qazsan,
Nə kamasan, nə də sazsan.
Sən nə yaman kələkbazsan,
Qol çəkdim bu işə arvad!
BİRLİKDƏ: – Əsgər getməz Muradımız,
O, arzumuz, muradımız.
İşıqlanar həyatımız.
KƏMALƏ: – Qazanarıq uğur kişi!
YUSİF: – Qol çəkdim bu işə arvad!
KƏMALƏ: – Hə kişi, indi de görüm necə fikirdi?
YUSİF: –Arvad mən ölüm professorun, akademikin, alimin başı sənin başının yanında heçdi! Sənin ayağın biləni heç onların bəzilərinin başı bilmir.
KƏMALƏ (Yusifi dümsükləyərək): – Bəs sən nə bilmişdin ay kişi?
YUSİF: – Bir problem də var ay arvad. Bəs Murad özü buna razı olacaqmı?
KƏMALƏ: – Əşi, ay kişi sən də nə itirib, nə axtarırsan? Necə deyərlər “Babalı Sərvərin boynuna!” Bir də sənin oğlundur da niyə razı olmur ki? Artırsa atasına oxşayacaq! Yadından çıxıb ki, səni evləndirmirdilər üç gün, üç gecə ac-suz qalmışdın?! (Gülürlər)
YUSİF: – Hə arvad, orası düzdü. (Əl-qol ölçərək) Ancaq sən heç demirsən qohum-qonşular, dost-tanışlar soruşsalar ki, ay Kəmalə, ay Yusif müəllim Sabir dura-dura Muradı niyə evləndirirsiniz? Elimizin adəti var axı, gərək əvvəl böyük oğul evlənə sonra da kiçik. Bəs onda nə deyəcəyik?
KƏMALƏ: – Ay kişi, babalı (Sinəsinə deyərək) mən Sərvərin boynuna dedim. Soruşsalar onda deyərik bunu özümüz belə edirik ki, bəlkə Samir bir şey anlayıb o, piyaniskalıqdan, o nəşəxorluqdan əl çəkə.
YUSİF: – Hə arvad, ağıllı fikirdi. Yaxşı, bəs gəlinimiz kim olcaq?
KƏMALƏ: – Əsas məsələ də elə budur ay kişi. Gərək əvvəl biz Muradı danışdıraq görək onun öz sevdiyi var yoxsa yox. Əgər olsa lap əla! Yox əgər olmasa axtarıb tapmalıyıq.
YUSİF: – Niyə bəyəm itirmişik ki, axtarıb tapaq? Bir də ki, Murad hələ asqırdığıyla öskürdüyünü qanır ki, üstəlik qız da seçə? O, nə qanır ki, məhəbbət nədir, sevgi nədir, eşq nədir!
KƏMALƏ (gülə-gülə): – Oyunun olsun ay kişi! Gör hələ mənə nə sual verir?! Ay kişi, bu zəmanə sən gördüyün zəmanə deyil ey! İndi üç günlük südəmər körpə də bələkdə ağlayanda daha “İnqə” demir ey. “İnqə” əvəzinə oğlandırsa “mən arvad almaq istəyirəm”, qızdırsa “mən ərə getmək istəyirəm” deyir!
YUSİF (zarafatla): – Doğrudan deyirsən ay arvad?
KƏMALƏ: – Əlbətdə ay kişi, əlbətdə.
YUSİF (əlini-əlinə çırparaq): – Bay atonan! Gör bu arvad olan şey nədir ey! Rəhmətlik anam sağ olsaydı soruşardım görüm mən ağlayanda nə demişəm?! Bəlkə elə bir yolluq “mən Kəmaləni istəyirəm” demişəm! (Kəmalə ürəkdən qəhqəhə çəkib gülür. Qapının zəngi çalınır. Kəmalə qapıya səmt gedir)
KƏMALƏ (gedə-gedə): – Yəqin Muraddı. (Qapını açır. Murad gəlir. Kəmalə Muraddan qabaq gəlib Yusifin qulağına nəsə pıçıldayır. Murad gəlir)
MURAD: – Salam əleyküm.
KƏMALƏ: – Ay əleyküm salam gözümün işığı!
MURAD: – Gözləriniz gülür! Ana, deyəsən nə isə olub?
KƏMALƏ (sevinclə): – Bəli olubdu oğul.
MURAD: – O, nə hadisədi ki, onu mən bilmirəm?
YUSİF: – Nə hadisə olduğunu qoy anan başa salsın. (Murad anasının üzünə baxır. Kəmalə oxuyur və Yusiflə Muradın başına dolana-dolana oxuyur)
KƏMALƏ: – Çox düşünüb daşındıq biz, axır gəldik qərara,
İstəyirik qışımızı biz döndərək bahara.
İstəyirik oğlumuzu biz çatdıraq tez yara,
Gərək sən də “hə” deyəsən bu arzuya ay oğul!
İnan vallah bu dünyada yoxdu sənə tay oğul!
İstəyirik gəlinizim olsun bizim ay bala,
Bu arzudu, bu istəkdi bizi salan bu hala.
Aşıq olsa mənim oğlum xumar gözlü marala,
Çaldıraram gecə-gündüz qapımızda toy oğul!
İnan vallah bu dünyada yoxdur sənə tay.
Hə, oğlum, indi de görüm razısanmı?
MURAD: – Əlbətdə razıyam. Bəs Samir özü nə deyir bu işə? Bəs qardaşımın sevdiyi qız kimdi?
KƏMALƏ: – Aa, başıma xeyir ay oğul Samir kimdi?!
MURAD: – Necə yəni Samir kimdi? Qardaşım. Bəs siz toyu kimin üçün etmək istəyirsiniz?
KƏMALƏ: – Anan qurban gözlərinə, əlbətdə sənin üçün!
MURAD: – Necə? Mənim üçün? Məndən böyük qardaşım dura-dura mən qabağa düşüm evlənim? Bu hansı qanunda yazılıb? Yox ana, mən evlənmirəm! Bir də ki, axı mənim nə yaşım var ki, evlənim? Mən oxuyub ali təhsil almaq istəyirəm ana, evlənmək yox!
KƏMALƏ: – Sənə qurban olum ay bala, səni ali təhsil almağa kim qoymur ki,? Bir də ki, ay anan qurban boyuna, bu yaşda evlənən niyə bircə sənsən?
MURAD (hirslə): – Dedim ki, Samir dura-dura mən evlənməyəcəm! Vəssalam!
KƏMALƏ (hirslə): – Evlənmirsən heç də evlənmə! Biz səndən ötrü əziyyət çəkirik, bizə nə?! (Stolun örtüyünü qaldırıb altından çağırış vərəqini çıxardıb Murada uzadır) Al oxu! (Murad vərəqi alıb oxuyur)
MURAD (sevinclə): – Məni əsgərliyə aparacaqlar?! Ura! Demək əsgər olacam, əsgər! Bax bu lap əla oldu, ana! Mən erməni köpək uşaqlarının analarını elə ağlar qoyum ki, özləri də mənə “əhsən” desin. Elə nümunəvi əsgər olacam ki, hərbi hissədən sizə təşəkkür məktubu da göndərəcəkdilər! Özünüz görəcəksiniz ata! (Kəmalə başı ilə Yusifə işarə edir. Yusif otaqdan çıxır)
KƏMALƏ (hirslə): – Murad, məni eşidirsən?!
MURAD: – Bəli, eşidirəm.
KƏMALƏ: – Eləsə gəl otur böyrümə! (Murad gedib anasının yanında oturur) Eşit sözlərimi oğul! Əgər sən məni həqiqətən də özünə ana bilirsənsə, onda sözlərimə bir qulaq as və bir nəticəyə gəl. Əgər məni eşitsən heç, yox əgər sözümdən çıxsan, onda and olsun dədəm Məşədi Heydərin goruna ya zəhər, ya da sirkə içib özümü öldürəcəm! (Murad qorxmuş halda anasına baxır) Oğlum, özün də yaxşı bilirsən ki, mən dediyimə əməl edənəm! Hə Murad, indi de görüm yaşamağımı istəyirsən, ölməyimi? (Murad anasını qucaqlayıb kövrəlir) Sən qərarını de.
MURAD: – Sözündən çıxmaram.
KƏMALƏ (Muradı öpür və başına sığal çəkir): – Bax, bu başqa məsələ. Gözümün işığı, əgər sən evlənməyə razı olsan onda həm özün xətadan qurtararsan, həm də Samiri xətadan qurtarmış olarsan. Sənin xətadan qurtarmağın o olar ki, əsgərlikdən qalacaqsan. İndiki zamanda əsgərlik xətadı ay bala. Birdən sərhəd bölgəsinə düşüb Allah eləməsin, dilimə qara daşlar gedən döyüşlərdə erməni gülləsinə tuş gəlsən onda neyləyərik ay bala? (Doluxsanır) Samir də ona görə xatadan qurtarar ki, sənə, sənin ailənə baxıb utanar! Bəlkə onda o zəhərmara qalmış nəşədi nə zibildi ondan əl çəkə!
MURAD (təəccüblə): – Yəni deyirsən onda Samir nəşəxorluq etməz?
KƏMALƏ: – Əlbətdə ay oğul, əlbətdə.
MURAD: – Anacan bəs onda Vətən, torpaq? Bəs onda...
KƏMALƏ: – Ay oğul, sən Allah qurtar bu boş-boş sözləri. Nə torpaqbazlıq, Vətənbazlıqdı? Sənin yerin harada xoş keçsə, elə ora da sənin üçün Vətəndi! Hə ay gözümün işığı, keçək əsas mətləbə. İndi de görüm evlənməyə razısanmı?
MURAD: – Nə deyirəm ki,? Mənim borcum ata-ana sözünə qulaq asmaqdı.
KƏMALƏ (sevincək): – Ay anan sənin gözlərinə qurban kəsilər. (Muradı bağrına basıb öpür) Mən belə də bilirdim. Mən bilirdim ki, oğlum ömrü boyu anasının sözünü yerə salmaz! Murad ömrüm mənim, yaxşı, de görüm sevdiyin qız varmı?
MURAD (utancaq və gülümsəyərək): – Sevdiyim qız? Var ana, var!
KƏMALƏ (sevincək): – Ay anan sənin gözlərinə qurban olsun! (Muradı bir də bağrına basır)Yaxşı bəs ay bala de görüm qız kimdi? Kimlərdəndi? Hansı sənətin sahibidi? Adı nədi? (Murad pencəyinin qoltuq cibindən bir qız şəkili çıxardıb anasına göstərir)
MURAD: – Sevdiyim qız bax budur ana. Görürsən necə kukla kimi qızdı? Bilirsən ana qız deyil ey...
KƏMALƏ (pərt halda): – Necə?! Qız deyil?! Deyirsən yəni duldu?!
MURAD: – Pa, dul sənin özünsən! Dul nədir ay ana? Demək istəyirdim ki, qız deyil ey, maraldı, maral! Maral nədir hələ maraldan da gözəldi! Elə səndən də! Onun qadasını alaram!
KƏMALƏ (sarsılmış halda): – Necə?! Deyirsən məndən də gözəldi?! Sən məni indidən yad qızının ayağına verirsən?! Sağ ol! Heç gözləməzdim!
MURAD: – Nəyi? Kimi? Gəlinini gözləməzdin?
KƏMALƏ: – Yox, məni yad qızının ayağına verəcəyini gözləməzdim! Demək o, anandan gözəldi? Məni onun ayağına verirsən demək?!
MURAD: –Yox, yox ey ay ana, bir balaca. (Ciddi) Bilirsən nə var ana? Sən ki, indidən belə başlayırsan, onda evlənmirəm!
KƏMALƏ (yalandan gülümsəyir): – Yox ay anan boyuna qurban, mən özüm zarafat üçün belə etdim. Sən Allah hirslənmə! (Şəkilə baxa-baxa) Bəh-bəh-bəh. Qıza bax ey qıza. Zalım qızı elə bil huri mələkdi! (Murada) Yaxşı bəs ay bala heç demədin qız kimdi? Nəçidi? Kimin qızıdı?
MURAD: – Qızın adı Sahilədi. Özü də telefonçudu.
KƏMALƏ: – Telefonçu gəlinimiz oldusa daha denən günümüz doğdu ki.
MURAD (təəccüblə): – Niyə ki, ay ana?
KƏMALƏ: – Bəs nədir ay oğul? Bir telefonlar düz işləyir ki, o da qala onun telefonçusu? Bir nömrəni yığıb həmin nömrəyə düşüncə azı bir 10-15 dəqiqə vaxt lazımdı. Hələ 07-ni demirəm. Onda gərək ən azı bir həftə ləlik olasan. 5 dəqiqə danışdınsa da səndən 15 dəqiqənin pulunu alacaqdılar.
MURAD (hirslə): – Dedim ki, bir də belə danışsan evlənməyəcəm!
KƏMALƏ (gülümsəyərək): –Hirslənmə ay bala, hirslənmə. Mən elə şəxsən Sahiləni demirəm ki. Hə, sözünü unutma de gəlsin.
MURAD: – Deməyə qoyursan ki? Hə qızın atası da müəllimdi, anası da. Sərxan müəllimlə, Günay müəllimə. Hər ikisi də atamla işləyir. Ünvanları da şəkilin arxasında yazılıb.
KƏMALƏ (sevincək): – Atanla işləyirlərsə demək işimiz düzəldi. Yaxşı, sən keç o biri otağa atanı çağırım məsləhətləşək. Elə günü bu gün elçiliyə gedib, gələn həftə də gəlinimizi gətirək! (Murad o biri otağa keçir. Kəmalə Yusifi çağırır) Yusif gəl. İşımiz düzəldi! (Yusif gəlir)
YUSİF: – Hə arvad neylədin? Bir iş görə bildinmi?
KƏMALƏ: – Əlbətdə gördüm ay kişi, əlbətdə! (Əlindəki şəkili ona göstərir) Gör necə qiyamət qızdı! Məncə tanımamış olmazsan? (Yusif şəkili Kəmalədən alıb baxır)
YUSİF – Dayan-dayan, bu qız mənə tanış gəlir. (Şəkilə baxır) Hə tanıdım, bu qız Sahilədi. Sərxanın qızı Sahilə. Özü də bu qız mənim şagirdim olub.
KƏMALƏ: – Hə, düz tanımısan ay kişi. Sən bilirsən qız necə qızdı? Elçi getsək atası bizi əliboş qaytarmaz?
YUSİF: – Qıza söz yoxdu, qiyamət qızdı. Murad doğrudan da mənim oğlumdu. Ona görə də quşu gözündən vurub. O ki, qaldı Sərxana, o, heç vaxt mənim sözümü yerə salmaz.
KƏMALƏ: – Bəs onda nə durmuşuq ay kişi? Atalar demişkən: “Əldən qalan əlli il qalar!” Dur hazırlaş elə günü bu gün gedək elçiliyə! Qızın ünvanı da şəkilin arxasında yazılıb. Elçilik üçün də hər şey hazırdı. Qır-qızıl, pal-paltar hamısını almışam.
YUSİF: – Yaxşı nə deyirəm ki, get hazırlaş gedək. Qızın “həyə”sini alaq. (Kəmalə otağa girir və tez də qayıdır. Musiqi çalınır. Hər ikisi oynaya-oynaya oxuyurlar)
Murada qız almaq üçün,
Balamız bəy olmaq üçün.
Əsgərlikdən qalmaq üçün,
Biz gedirik elçiliyə!
Üzük taxaq gəlinə biz,
Çiçək verək əlinə biz.
Kəmər taxaq belinə biz,
Biz gedirik elçiliyə!
Murad alar Sahiləni,
Qurar xoşbəxt ailəni.
Təbrik edin Kəmaləni,
Biz gedirik elçiliyə!
Qoy açılsın ürəyimiz,
Allah olsun köməyimiz.
Baş tutacaq kələyimiz,
Biz gedirik elçiliyə!
Gedirlər. Murad gəlir. Telefonu götürüb divanda oturur və Sahiləyə zəng edir.
MURAD (telefonla): – Alo. Sahilə sənsən? Mənəm Murad. Necəsən canik? Sağ ol kefim lap əladı! Eşit Sahilə, nə boyun olursan sənə bir şad xəbər verim? Yox, lap ürəyincə olan xəbərdi. Hə, nə boyun olursan, deyib səni sevindirim? Onda deyim. Atam gil sizə gəldilər! Necə yəni nəyə? Elçiliyə. Yaxşı əzizim hələlik. Evdəkilərə bildir hazır olsunlar. Sahilə, əgər utanmasaydım vallah atam gillə mən də sizə gələrdim. Canik, əgər qoysalar toyumuzda tamadalığı da özüm edəcəm. Eh, niyə olmur ki, indi demokratiyadı. Gələcəyə gedirik ey, keçmişə yox. Yaxşı, hələlik. Görüşənəcən. Öpürəm. (Dəstəyi yetrindən asıb divanda oturur və stolun üstündəki kitabı götürüb oxuyur. Bir azdan qapının zəngi çalınır. Murad qapını açır. Qələm Beytulla qovluğu qoltuğunda içəri girir) Keçin, gəlin Beytulla əmi xoş gəlibsiniz.
QƏLƏM BEYTULLA (lovğalıqla): – Mərhəba.
MURAD (duruxaraq): – Nə dediniz?
QƏLƏM BEYTULLA (dodaqları arasından siqaretini götürür): – Nə var nə deyəm? Deyirəm mərhəba. (Murad tez gedib hamamdan asılmış can mərhəbasını gətirib ona uzadır)
MURAD: – Alın Beytulla əmi.
QƏLƏM BEYTULLA (gülə-gülə): – Ədə, mən onu neyləyirəm? (Murad çiyinlərini çəkir)
MURAD: – Bəs siz məndən nə istədiniz?
QƏLƏM BEYTULLA:–Ədə mən səndən nə istəməliyəm ki? Bəyəm sən mənim tayım-tuşumsan ki, səndən nəsə istəyəm? Mən sənə sadəcə olaraq dedim ki, mərhəba.Yəni salam. Qandın?
MURAD: – Qanmağına qandım ey, ancaq Məşədi İbad deməli sən elə qəliz sözlər deyirsən ki, başa düşmək olmur. Yaxşı qapıda durmayaq, gedək otağa. (Otağa keçib divanda otururlar)
QƏLƏM BEYTULLA: – Başa düşmək üçün gərək adamda baş ola bala. Şükür Allaha ki, o da nə səndə var, nə də qardaşında. Nə isə, keçək mətləbə. Yaxşı, bəs bu evin adamları haradadırlar?
MURAD: – Evdə yoxdular Beytulla əmi. Bir azdan gələcəkdilər.
QƏLƏM BEYTULLA: – İndi mənimlə bu evdə oturub söhbət etməyə bir adam yoxdu? Mənə əvvəldən niyə xəbər vermədin?
MURAD: – Mən ki, evdəyəm.
QƏLƏM BEYTULLA (gözlərini süzərək): – Kim, sən? (Acı-acı gülür) Bəyəm mən sənin tayınam? Murad oğlum, əgər mən səninlə oturub-dursam onda el-aləm mənə gülər. Axı mənə yaraşmaz səninlə oturub-duram. Sən bilirsən ki, el arasında mənə Qələm Beytulla deyirlər. Ona görə də yaraşanı odur ki, mən şairlərlə, yazıçılarla, müəllimlərlə, alimlərlə və başqa tanınmış adamlarla oturub-duram. Sən hələ uşaqsan bala, elə şeyləri qanmazsan. Durum gedim bir azdan gələrəm. (Durub getmək istəyir. Telefonun zəngi çalınır. Murad dəstəyi qaldırır)
MURAD: – Alo. Bəli Muraddı. Dediniz Samirə nə olub? Haradadı? Oldu, bu saat gəlirəm. Çox sağ olun. (Dəstəyi yerindən asıb qanıqaralmış halda dərindən nəfəsini dərir)
QƏLƏM BEYTULLA: – Kim idi zəng edən? Niyə rəngin qaçdı, yoxsa bir hadisə üz verib?
MURAD: – Qonşudu zəng edən. Deyir Samir içib bu yaxınlıqdakı restoranın böyründə yerdə uzanıb, yoldan ötənə söyür. Gedim onu gətirim evə.
QƏLƏM BEYTULLA: – O zırrama da bu piyaniskalıqdan, nəşəxorluqdan əl çəkmir ki, çəkmir! Murad, bala sən onun dalınca tək gedib onu gətirə bilməzsən. Bu dəqiqə onun ağlı özünü yaxşı idarə eləmir. Gəl birlikdə gedək. Biz gəlib Samiri rahatlayana qədər yəqin ki, atan gil də gələr. Gəl gedək. (Gedirlər)
Dostları ilə paylaş: |