AZƏR: – Fikir eləmə ay Ənvər, fikir eləmə. vaxt olar yenə də varın-dövlətin, malın-heyvanın başından aşar. Təki sağlıq olsun. Bir də mən yad adam deyiləm ki, belə sıxılırsan.
ƏNVƏR: – Elə dərd də sənin yad olmamağındı daa!
AZƏR: – Darıxma. Axırı yaxşı olar. “Su gələn arxa bir də gələr” deyib babalarımız!
ƏNVƏR: – Nicat, bala, heç olmasa get o toyuqlardan bir-ikisini kəs anan təmizləsin, Azərlə gedək onu baxçada kabab çəkib ağzımızın dadını dəyişdirək. (Nicat heç nə deməyib ayağa qalxıb gedir. Azərə) Deməli bu gün axşam gedəcəksən?
AZƏR: – Hə Ənvər. Bayaq dedim ey, vallah məcburam. Neyləyim? İşdən qala bilmərəm. Elə gəldim sizi ki, sağ-salamat gördüm bəsimdi. Elə bil dünyanı mənə bağışladılar.
ƏNVƏR: – Sağ ol Azər. Allahtala heç vaxt kölgəsini üstündən əskik etməsin. Elə mən də səni gördüm vallah nə qədər sevindim onu burada mən, göydə Allah bilir. Siz tərəfdə kəndçilərimizdən çoxdumu?
AZƏR: – Hə xeylək var.
ƏNVƏR:–İndi yəqin bu yurd itgisi onların da qəddini əyib?!
AZƏR: – Cavanların bir o qədər yox, ancaq yaşlıların demək olar ki, hamısı elə sən-mən gündədilər.
ƏNVƏR: – Səni inandırım ki, bu neçə ayda elə günüm yoxdu ki, gecə yuxumda kəndimizi görməyim. Yuxudan ayılandan sonra da bir neçə saat özümə gələ bilmirəm! Mənə elə gəlir ki, sanki qəlibə salınıb sıxılırar. Nə yaxşı da o bir qab torpağı gətirmişəm. Hər gün onu qoxlayıb bir az rahatlanıram!
AZƏR: – Nə torpaq:
ƏNVƏR: – O ağır köçhaköç vaxtı özümlə bir qab həyətimizin torpağını gətirmişəm.
AZƏR (həyəcanla): – Doğrudan deyirsən?!
ƏNVƏR: – Hə, Azər.
AZƏR: – Sən Allah o, hanı?! Gətir bir mən də onun qoxusunu ciyərlərimə çəkim!
NAZİLƏ: – Qoy gətirim. (Nazilə gedir)
ƏNVƏR: – Vəsiyyət etmişəm ki, ölsəm o torpaqdan qəbrimin üstünə səpsinlər! Bəlkə onda ruhum bir az rahat ola! (Nazilə torpaq dolu qabı gətirib Azərə tərəf uzadır.)
NAZİLƏ: – Al Azər qardaş, budur. (Azər torpaq dolu qabı acgözlüklə Nazilədən alıb torpağın qoxusunu var gücü ilə ciyərlərinə çəkir və kövrəlir.)
AZƏR: – Necə gözəl qoxur! Vallah heç güldə-çiçəkdə bu qoxu olmaz! Ənvər nə yaxşı ağıllı iş görüb bu torpağı özünlə gətiribsən! Kaş ki, mənim də ağlım olaydı. Sən Allah, gedəndə bundan bir az da ver mən aparım!
ƏNVƏR: – Gedəndə apararsan. (Azər bir daha torpağın qoxusunu ciyərlərinə çəkib qabı Naziləyə uzadır.)
AZƏR: – Al Nazilə bacı. Vallah elə bil ki, mənə bu gün cənnəti bağışladınız! Elə bil ki, bir an cavanlaşdım. (Nazilə qabı Azərdən alır)
NAZİLƏ: – Mən gedim toyuğu təmizləyim, istəyirsiniz siz də durub gedin bir bağ-baxçanı gəzib dolanın, qoy bir az kefiniz açılsın.
AZƏR: – Hə düz deyirsən, pis olmaz. Ənvər dur gedək bir bağ-baxçanızı gəzim.Görüm həyət bacanız,bağ-baxçanız necədir.
ƏNVƏR: – Gedək deyirsən gedək. Vallah Azər səni inandırım bu neçə ay ərzində heç desəm baxçamızdan özümün də xəbəri yoxdu, bəlkə də inanmayacaqsan. Elə bil ki, əlim-ayağım işdən-gücdən soyuyub ey! Heç belə bağa-baxçaya getmək istəmirəm! Vallah elə bil ki, heç torpağa bağlı olan, torpaqdan bir an belə ayrılmaq istəməyən Ənvər mən deyiləm!
AZƏR: – Yaxşı-yaxşı boşla getsin. Dur paltarını geyin gedək görək baxçada nə var, nə yox. Axşam da yola çıxım. (Nazilə Ənvərin paltarını ona verir. Ənvər durur paltarlarını geyinir və hər üçü gedirlər)
VI şəkil
Ənvər gilin evi. Bəylə gəlin üçün bəzənmiş otaq. Nicat bəy libasında, Günay isə gəlinlik donunda “Vağzalı”nın sədası altında Nazilə ilə birlikdə otağa girirlər. Həyətdən gah çal-çağır səsi, gah da masabəyi ilə qonaqların çıxışları eşidilir.
NAZİLƏ (Nicatla Günayı qucaqlayıb öpərək): – Allah sizi xoşbəxt eləsin mənim balalarım. Günay, qızım, sən də bu ocağa xoş gəlib, səfa gətiribsən. Allahtaladan arzum budur ki, Nicatı bir dağ kimi sənin arxandan, sənin məhəbbətini isə Nicatın ürəyindən heç vaxt əskik eləməsin. Oğullu-qızlı olasınız balalarım. Necə deyərlər: –
Anam-bacım qız gəlin,
Əl-ayağı düz gəlin.
Yeddi oğul istərəm,
Bircə dənə qız, gəlin!
(Bir daha Nicatla Günayı öpür) Xoşbəxt olub, qoşa qarıyın mənim balalarım! Yaxşı, siz söhbətinizi edin, mən də gedim həyətə. (Nazilə gedir)
NİCAT: – Günay, mənim əzizim, buralar bizim üçün qəribçilik olsa da, ancaq necə deyərlər məskunlaşmışıqsa bu ocaq öz ocağımız sayılır. Sən bu ocağa xoş gəlmisən.
GÜNAY: – Çox sağ ol mənim əzizim, çox sağ ol. Nicat, ancaq sözün açığını desəm, bizim bir-birimizə qovuşmağımıza bu neçə ayda heç inanmırdım. Qəlbimdə olan ümid işığı elə bil ki, tamamı ilə sönmüşdü. Fikirləşirdim ki, yəqin ki, nə sən bizim ünvanımızı, nə də mən sizin ünvanınızı tapa bilməyəcəm. Düşünürdüm ki, qəlbimizdə kök salan bir-birimizə qarşı olan sonsuz məhəbbətimiz həsrət torpağına çevriləcək! O torpaq da tezliklə külümüzü çıxaracaq. Ancaq yaradanın bu məsləhətinə min şükür!
NİCAT: – Əlbəttə min şükür əzizim, əlbəttə. Günay, bu müddət ərzində həm dədəmlə anamın, həm də mənim nələr çəkdiyimiz vallah nə ölçüyə sığır, nə də çəkiyə! Bunu yerdə mən, göydə isə tək Allah bilir. Sizin harada məskunlaşdığınızı bilmək üçün vallah hər gün yetənlə, ötənlə soraqlaşırdım. Elə ki, kəndçimiz Şamil kişinin oğlu Qasım mənə zəng vurub avtovağzalda Azər əmi ilə görüşdüyünü bildirdi, elə bildim ki, bütün dünyanı mənə bağışlayıblar! Bir anlıq elə hesab elədim ki, bütün bu dünyanın ən xoşbəxti, ən bəxtəvər insanı elə mən özüməm!
GÜNAY: – Niyə bəs bir anlıq? Təkcə sən yox, elə mən də bir anlıq, müvəqqəti deyil, bu dünyanın əbədi xoşbəxt və bəxtəvər insanlarıyıq, əbədi! Ancaq onu da bildirim ki, sən yaşadığın o həsrət donlu, qəm yüklü həyatı eyni ilə mən də yaşamışam Nicat! Qəribçilik qəlbimizə qara xal salsa da, ancaq bu məhəbbət aləmində biz həqiqətən xoşbəxtik Nicat, həqiqətən də xoşbəxtik! Gəl bizim bu vüsal günümüzü bütün sevənlərə arzulayaq! Allahtaladan arzu edək ki, bütün sevənlərin qəlbindəki həsrət, hicran tonqalı əbədi sönsün! Amin!
NİCAT: – Amin! (Həyətin səs-küyü çoxalır)
GÜNAY: – Bu nə səs-küydü?!
NİCAT: – Yəqin cavanlardı. Yeyib içiblər kefləri kök, damaqları çağ. Öz aləmlərindədilər.
GÜNAY: – Ola bilər. (Bu vaxt həyətdən kimsə tələsik – Nicat! Nicat – deyə Nicatı çağırır.)
NİCAT: – Sən gözlə mən bu dəqiqə gəlirəm mənim əzizim. (Nicat gedir)
GÜNAY: – Allah eləməsin, deyəsən nəsə olub! Yoxsa o çağıran niyə elə həyacan, təlaş içində çağırır?! Bəlkə o çağıran sərxoşuydu ona görə! (Əllərini göyə qaldırır) Ey dünyanı yoxdan var edən İlahi! Sən həqiqətən də səndən imdad istəyənlərin imdadına yetənsan! Çox şükür sənin bu məsləhətinə Allahım! Çox şükür ki, sonsuz və dərin məhəbbətlə sevdiyim Nicatıma məni qovuşdurdun! Yurd-yuvasız, soysuz-köksüz olan bu ermənilərə min kərə lənət olsun Allahım, min kərə! O, şərəfsizlər bu neçə ayda bizlərə nələr çəkdirmədilər?! Həqiqətən də daha mən xoşbəxtəm! (Bir az gözləyir. Nicat kefsiz halda girir. Nicatın bu görkəmindən Günay da narahat olur.) Nə olub Nicat? Niyə belə kefsizləşibsən? Allah eləməsin yoxsa bir hadisə baş verib?!
NİCAT: – Narahat olma Günay, narahat olma! Bir az dədəmin vəziyyəti qarışmışdı.
GÜNAY (həyəcanla): –Niyə?!
NİCAT: – Nə bilim! Hamımız onun yaşayacağından əlimizi üzmüşdük! Elə bil kişi təzədən həyata qayıtdı! Yəqin ki, Allahın bizlərə yazığı gəldi! Yazıq kişi bu qəribçiliyin ağrı-acısına da heç dözə bilmir! Yazıq dədəmin elə ilk sözü də, son sözü də Vətəndi Vətən!
GÜNAY: – Hə Nicat. Elə onun ürəyini xəstə eləyib yatağa salan da bu yurd itgisinin ağrı-acısıdı! Allah özü köməyi olsun! Özü şəfasını versin! Çox özünü üzmə Nicat! İnşallah yaxşı olar! Narahat olma.
NİCAT: – İndi gələcəkdi anam kimi o da bizə xeyir-dua versin. Mənə dedilər ki, sən get indi biz də gələrik.
GÜNAY: – Kaş ki, Xalisada keçən gümlərimiz olaydı Nicat. Onda Ənvər əmi gecə də, gündüz də çalışsa da ağrı nədi bilməzdi. Elə bil ki, Ənvər əmi yox, o yaşda olan bütün kəndçilərimizin hamısı Vətənimizi tərk eləyib gələndən sonra Vətənlə bərabər öz sağlamlıqlarını da itiriblər.
NİCAT: – Hə, düz deyirsən Günay, düz deyirsən. (Ayaq səsləri eşidilir. Qapı döyülür və açılır. Ənvərlə Nazilə gəlirlər. Nicatla Günay ayağa qalxırlar.)
NAZİLƏ: – Gəl kişi gəl. Bax bu da sənin gözəl gəlinin. Daha rahat ola bilərsən.
ƏNVƏR (ağrılı halda): – Salam mənim balalarım. (Günay başını aşağı salır. Ənvər oğlunun və gəlininin yanına gəlir və hər ikisini qucaqlayır öpür.) Allah sizi xoşbəxt eləsin mənim balalarım. Allahtaladan arzun budur ki, xoşbəxtliyin kölgəsini sizin başınızın üstündən heç vaxt əskik etməsin. Gün o gün olsun ki, oğul-qız sahibi olasınız. Bir məsəl var mənim balalarım. Bəlkə də onu eşitmisiniz. Belə deyirlər ki, “hansısa bir mahalda yaşayan bir kişinin iki dəvəsi varıymış. Günlərin bir günü kişi dəvələrindən birini itirir. Az axtarır, çox axtarır dəvəni tapmır ki, tapmır. Aradan bir xeyli müddət keçir. Günlərin bir günü kişi yolda bir dəvə karvanı ilə rastlaşır. Karvana qoşulmuş dəvələrin içində öz dəvəsini görən kimi o dəqiqə onu tanıyır və karvanbaşıya dəvənin onun olduğunu bildirir. Karvanbaşı kişi ilə razılaşmır. Çox söz-söhbət, mübahisədən sonra kişi karvanbaşı ilə belə bir şərt kəsir.
– Mənim dəvəmin ürəyində qara xal var. Gəl bu dəvəni kəsib onun ürəyini çıxardıb baxaq. Əgər ürəyində qara xal olarsa, demək dəvə mənimdi. Yox əgər olmasa, onda bir dəvənin əvəzinə iki dəvə verəcəm.
Karvanbaşı kişi ilə razılaşır. Dəvəni kəsib ürəyini çıxardanda həqiqətən də ürəyində qara xal olduğunu görürlər. Karvanbaşı kişidən dəvənin ürəyində qara xal olduğunu nədən bildiyini soruşanda kişi onun sualına belə cavab verir.
– O, dəvə ki, öz karvanından, yurdundan-yuvasından ayrı düşübsə, onun ürəyində mümkün deyil ki, qara xal olmasın!” – Mənim əziz balalarım. Bizim və yurdundan-yuvasından, elindən-obasından ayrı düşən biz dərddə olan bütün insanların ürəyində indi o qara xaldan var. Yəqin ki, ürəyimizdə kök salan o qara xalın getməsi üçün də dərman bizim yurdumuza-yuvamıza, elimizə-obamıza qayıtmağımızdı! Sizin qəlbinizdə isə bir yox, iki qara xal özünə kök salmışdı. O, ikinci qara xalın da səbəbi siz iki aşiqin bir-birinizə həsrət qalmağınız idi. İndi ulu Tanrının bu məsləhətinə min şükür edirəm ki, siz bir-birinizə qovuşdunuz. O, qəlbinizdəki ikinci qara xal isə elə günü bu gün təmizləndi. Allahtaladan arzum budur ki, yaxın müddətdə bizim və biz dərddə olan bütün insanların qəlbində qalan o, bir qara xal ki, var o da tezliklə itsin! Hamımız öz yurdumuza-yuvamıza qayıda bilək! Mənim balalarım, bir daha Allahtaladan sizlərə xoşbəxtlik arzulayıram (Təkrar hər ikisini öpür. Geri qayıtmaq istəyəndə qəflətən dizləri qatlanır və yerə düşür. Hamısı narahat olub bir-birinə qarışdılar. Nazilə tez Ənvərin başını dizlərinin üstünə qoyub Ənvər Ənvər deyə onu səslədi. Ənvər dünyasını dəyişir. Hamısı ağlaşırlar.)
Son
12.10.1998 – 17.07.2005
4 pərdəli, 7 şəkilli pyes
İŞTİRAK EDİRLƏR
1. Ramiz – kapitan – 30 yaşında
2. Yeganə – Ramizin arvadı – 28 yaşında
3. Mehriban – Ramizin anası – 50 yaşında
4. Könül – Ramizin bacısı – 25 yaşında
5. Kamil əmi – poçtalyon – 45 yaşında
6. Coşqun həkim – Yeganənin iş yoldaşı – 30 yaşında
7. Günel – tibb bacısı – 25 yaşında
8. Polad – sıravi əsgər – 19 yaşında
9. Ceyhun – sıravi əsgər – 19 yaşında
10. Muşex – əsir düşmüş erməni kəşfiyyatçısı – 40 yaşında
I pərdə, I şəkil
Səhərdi. Quşlağın səsləri eşidilir. Yeganə nahar üçün süfrə açır. Ramiz əl-üzünü qurulaya-qurulaya gəlir.
RAMİZ: – Sabahın xeyir Yeganə.
YEGANƏ: – Sabahın xeyir.
RAMİZ: – Niyə belə tez durmusan əzizim? Axı səni oyatmağa mən özüm qıymadım.
YEGANƏ: – Mən hələ sən oyanmamışdan qabaq oyanmışam Ramiz. Bilirdim ki, bu gün cəbhəyə qayıdacaqsan. Məni oyatmağa qıymamağını sən otaqdan sakitcə çıxanda bildim.
RAMİZ (gülümsəyərək): – Anam sənə hədər yerə xoruz banından tez oyanan pəhləvan gəlinim demir ki,! Anamın bu sözlərində doğrudan da həqiqət varıymış. (Gülümsəyirlər. Ramiz qollarını Yeganənin boynuna sarıyır)
YEGANƏ: – Bir də nə vaxt cəbhədən qayıdacaqsan?!
RAMİZ: – Dəqiq deyə bilmərəm. Nə vaxt imkan olsa onda gələcəm. Narahat olma. Gələ bilməsəm də tez-tez zəng vuracam. Niyə soruşursan ki, Yeganə?
YEGANƏ: – Heç Ramiz, elə-belə. Axı...Axı...
RAMİZ: – Başa düşmədim əzizim. Nə axı? Bəlkə demək istəyirsən ki, mənsiz darıxacaqsan?
YEGANƏ: – Hə elədi. Sənsiz mənim üçün çox çətin olcaq. İstəyirəm səninlə mən də cəbhəyə gedim! Axı mən həkiməm. Özü də mən bu saat buradan çox cəbhəyə lazımam. Əgər cəbhədə hər beş yaralıdan dördünü həyata qaytarsam böyük iş görmüş olaram.
RAMİZ: – Sən buradakı insanlara da lazımsan Yeganə. İnşallah anamla bacım da səni darıxmağa qoymazlar. Xəstəxanada da başın işə qarışacaq heç bilməyəcəksən gün haradan gəldi, hara getdi.
YEGANƏ: – Elə mənim üçün də çətin olan sənsiz onlara isinişməyim məsələsidi. Axı sən lap yaxşı bilirsən ki, mən lap körpəlikdən ata-ana nəvazişindən məhrum olmuşam! Kimsəsiz uşaqlarla birlikdə dövlət himayəsində olan “Uşaq evi”ndə böyümüşəm! Ata-ana qayğısını, bacı-qardaş məhəbbətini görməmişəm! Onların ölü və ya sağ olduqlarını, hətda kim olduqlarını belə bilmirəm! Elə buna görə də bilirəm ki, sənsiz çox darıxacam, çox!
RAMİZ – Yaxşı-yaxşı unut ötənləri. İndi o günlər çox arxada qalıb. Daha sən keçmişi yox, gələcəyi fikirləş əzizim gələcəyi! Mən onu da söz verirəm ki, anamla bacın səninlə elə rəftarda olcaqlar ki, istər-istəməz qəlbində onlara qarşı dərin məhəbbət baş qaldıracaq. Mən buna əminəm. (Yeganəni qəlbinə basıb öpür və saçlarını tumarlayır. Yeganə başını Ramizin çiyninə qoyur. Sonra Ramiz nahar üçün süfrə başına gedir. Könül gəlir)
KÖNÜL: – Sabahınız xeyir.
RAMİZ: – Sabahın xeyir.
KÖNÜL: – Niyə belə tez durubsunuz? Qaqaş, yoxsa harasa gedəcəksən?
RAMİZ: – Hə bacı, gedirəm cəbhəyə.
KÖNÜL (narahat halda): – yenə döyüşə?! Nə tez gedirsən qaqaş? Mümkünsə bir neçə gün də qalardın.
RAMİZ: – Mümkünü yoxdu bacı. Cəbhə bölgələrində yenə vəziyyət qarışıqdı! Kimlər tərəfindənsə qısqılanmış erməni köpək uşaqları yenə də qudurubdular. Dünən axşam zəng vurmuşdular! Bildirdim ki, səhər mütləq gələcəm! İndi heç cürə qala bilmərəm bacı. (Mehriban gəlir)
MEHRİBAN: – Sabahınız xeyir balalarım.
YEGANƏ: – Sabahın xeyir.
MEHRİBAN: – Oğlum, deməli bu gün gedirsən?
RAMİZ: – Hə ana. Cəbhədə vəziyyət ağırdı. Dünən cəbhədən zəng vurmuşdular.
MEHRİBAN (qanı qaralmış halda): –Bu qanlarına bülənmışlər niyə çörəyimizi yeyib özləri də bizə düşmən kəsiliblər? (Əllərini göyə qaldırır) Bu qədər də nahaqq qanlarmı tökülər ey İlahi?! Bu qədər də hələ əlləri toy xınası görməyən gülü burnunda cavanlarmı ölər ey İlahi? Bu qədər də dul qalmış başıkəsik gəlinlərmi olar ey İlahi? Niyə sən bizləri bu qədər zülmə düçar edirsən? Səni and verirəm öz böyüklüyünə, bu odun-alavun üstünə su səp ey ulu Tanrı! Rəhmini əsirgəmə! Bizi bu bəlalardan qurtar!
RAMİZ (ayağa qalxır): – Yaxşı, daha vaxtdı mən gedim. (Öpüşüb-görüşürlər. Anasını bağrına basaraq) Məndən də heç nigaran qalmayın. Allahın köməyilə bu yaxınlarda müharibə də bizim qələbəmizlə qurtarar, o zaman mən də sağ-salamat qayıdaram öz evimizə! Anacan, üzüqaralıq edirəm Yeganədən muğayət olun. Onun burada sizdən başqa heç kimi yoxdu. Yeganəni sizə, sizi də Allaha tapşırıb gedirəm.
YEGANƏ: – Ay Ramiz, sən məni anama yox ey, anamı mənə tapşır. Çünki mənim borcumdu ondan müğayət olum. Narahat getmə.
RAMİZ:–Nə deyirəm ki? Allah amanında. Di salamat qalın.
KÖNÜL: – Yaxşı yol qardaş.
MEHRİBAN: – Yaxşı yol ay bala! Allah özü sənə və sənin kimi bütün əsgərlərə kömək olsun! Allah özü sizləri xətadan-bəladan uzaq eləsin. (Ramiz bir daha evdəkilərlə görüşüb gedir. Yeganə gözləri dolmuş halda onun arxasınca su səpir)
II şəkil
Həmin ev. Yeganə dərin xəyaldadı. Mehriban ona yaxınlaşıb divanda əyləşiz.
MEHRİBAN: – Nə fikir edirsən mənim balam? Yenə niyə belə gözlərinə qəm qonub?
YEGANƏ (xəyaldan ayılaraq): – Heç, elə-belə! (Köksünü ötürür)
MEHRİBAN: – Köksün dağa-daşa ay bala. Bilirəm, ürəyindəkiləri məndən gizlədirsən. Ancaq düz etmirsən ay qızım, vallah düz etmirsən! Ürəyindən keçənləri sən məndən gizlətsən də, gizlətməsən də gözümün işığı, vallah mən hər şeyi lap sən bildiyin qədər bilirəm! Bilirəm ki, sən Ramizin xilfətini çəkirsən! Çox özünü üzmə gəlin balam. Allahın köməkliyi ilə bu yaxınlarda müharibə qurtarar. Ramiz də sağ-salamat qayıdar evimizə! O, zaman siz xoşbəxt ömür sürüb oğul-uşaq böyüdərsiniz. Mən də sizə baxıb fərəhlənərəm! Darıxma qızım, darıxma. O, gün lap yaxındadı! Hə qızım, indi dərdini mənimlə bölüşdür. Axı mən də sənə demişəm. Mən sənin təkcə qaynanan yox, həm də ananam qızım, anan.
YEGANƏ: –Narahatam ay ana! Axı dörd aydı ki, ondan bir xəbər-ətər yoxdu! Ana qurbanın olum, dilim qurusun bəlkə…!
MEHRİBAN: – Qəlbinə girənləri yellər aparsın ay qızım! Allahın köməkliyi ilə heç nə olmaz. (Gülümsəyərək) Gəlin balam, yeri-göyü yoxdan var edən o qadir Allahdan arzum budur ki, siz ömrünüzün sonuna qədər bir-birinizə qarşı bax elə beləcə vəfalı, sədaqətli ömür-gün yoldaşı olasınız. Mən də sizə baxıb fərəhdən qartal kimi qol-qanad açam. Özünü çox üzmə ay qızım. Allahın köməkliyi ilə Ramiz kimi igidlərimizin fədakarlığı sayəsində işğal olunmuş bütün torpaqlarımız erməni qaniçənlərinin murdar ayaqları altında tapdanmaqdan xilas olar! Bütün qaçqınlarımız, köçkünlərimiz öz doğma ata-baba yurdlarına qayıdarlar! O, zaman hamı kimi biz də xoşbəxt ömür-gün sürərik!
YEGANƏ: – Ana, yəni o gün doğrudan bizlərə təzədən qismət olacaq? Sən buna inanırsan?!
MEHRİBAN (ayağa durur): – Əlbətdə inanıram qızım, əlbətdə. Ümüd, inam insanda çox gözəl şeydi gəlin balam. Çalış ki, heç zaman həyatda onları itirmə. Özü də o gün lap yaxındadı. (Yeganəni qucaqlayıb öpür) Sən yaxın müddətdə Ramizin gələcəyinə qəlbində ümid bəslə mütləq bəhrəsini görəcəksən qızım, mütləq! (Mehriban doluxsanmış halda otaqdan çıxır)
YEGANƏ: – Toyumuzdan düz bir həftə sonra Ramiz təzədən döyüş bölgəsinə qayıtdı! O vaxtdan indiyə qədər düz dörd ay vaxt keçib! Bu qədər vaxt ərzindi niyə bir dəfə də olsun evlə əlaqə saxlamasın?! (Dərindən nəfəs alır) Bəlkə…?! Yox. O, məni bir an belə unuda bilməz! Mən buna əminəm! Çünki mən də onu bir an belə unutmuram! Buna mənim haqqım da yoxdu! Bəs onda niyə evlə əlaqə saxlamasın?! (Telefonun zəngi eşidilir. Yeganə xəyaldan ayrılır və gedib dəstəyi qaldırır) Alo… Bəli mənəm… (Mehriban gəlir) Nəyə görə…? Oldu. (Dəstəyi yerindən asır)
MEHRİBAN: – Zəng edən kim idi ay qızım?
YEGANƏ: – Könüldü. Deyir bir az evə gec gələcəm.
MEHRİBAN: – Elə bildim Ramizdi! Gəlin balam, mən gedirəm bir az bağ-baxçaya baş çəkəm. (Gedir. Yeganə təkrar divanda oturur)
YEGANƏ: – Anam da çox nigarandı! Ancaq üzə vurmur ki, mən fikir etməyim! Deyirəm necə də təmiz qəlbli insanıymış anam! (Xəyala dalır. Bir azdan qapı döyülür. Yeganə xəyaldan ayrılır və ayağa qalxır)
YEGANƏ: – Qapı açıqdı buyurun. (Gedib qapını açır. Poçtalyon Kamil kişinin səsi eşidilir)
KAMİL KİŞİ: – Salam qızım.
YEGANƏ: – Salam.
KAMİL KİŞİ: – Qaynanan evdədirmi?
YEGANƏ:–Bəli evdədi.Nə olubdu ki, Kamil əmi?! Yoxsa...?!
KAMİL KİŞİ: – Qorxma qızım, qorxma. Heç nə olmayıb. Get qaynananı çağır gəlsin.
YEGANƏ: – Axı nə olub?!
KAMİL KİŞİ: – Dedim ki, qorxma. Get qaynananı çağır qızım. Bir oturub get-gəldən söhbət edək. (Yeganə gedir. Fikirli halda təsbehini çevirir) Deyəsən bunların heç nədən xəbərləri yoxdu! Yəqin Ramizin əsir düşməsini eşitməyibdilər. Yoxsa gəlin elə tox-tox danışmazdı! Demək yanılmışam! İndi mən bu bəd xəbəri bunlara necə deyim?! Deməməyə də ixtiyarım yoxdu! Vallah qaldım odla su arasında! (Təsbehini çevirə-çevirə düşünür. Qapı açılır. Mehriban gəlir)
MEHRİBAN: – Xoş gəlmisən ay Kamil qardaş. Xeyir ola?! Yoxsa Ramizdən bir xəbər var?!
KAMİL KİŞİ: – Xeyirdi inşallah.
MEHRİBAN: – Təki elə olsun Kamil qardaş. Vallah lap ürəyim üzülmüşdü! Ürəyimə gələnlər dağlara-daşlara getsin!
KAMİL KİŞİ: – Narahatçılığa dəyməz. Ay Mehriban bacı niyə mənim sizin hal-əhvalınızı soruşmağa haqqım yoxdu? Neçə vaxtdı sizlərdən xəbərsiz idim. Gəldim görüm nə var, nə yox? Gəlinlə necə yola gedirsən? Maşallah yaxşı gəlinə oxşayır. Bilirəm ki, sən də ona qaynana yox, əsil anasan!
MEHRİBAN: – Neçə aydı Ramizdən bir xəbərimiz yoxdu Kamil qardaş! Nə məktub yazır, nə zəng edir, nə də ki, özü gəlib çıxır! Bu neçə vaxtdır ki, nə gecəmiz bilinir, nə də gündüzümüz! Elə gözümüz yolda, qulağımız səsdədi! Nələr çəkdiyimizi mən gəlindən gizlədirəm, gəlin də məndən! Yazıq gəlinin də elə hey əlləri qoynundadı! Kamil qardaş, gəlinin də yetim qız olmağına baxma, çox gör-götürümlü, mərifətli, səliqəli, böyüyün-kiçiyin yerini bilən pəhləvan kimi bir gəlindi. Mən ondan razıyam.
KAMİL KİŞİ: – Çox sağ ol Mehriban bacı. Təki sən deyən olsun. (Yeganə çay dolu stəkanları sinidə gətirib stola düzür) Çox sağ ol qızım. Allah səni xoşbəxt eləsin. (Yeganə gedir) Hə Mehriban bacı, Allahın köməkliyi ilə bu qanlı müharibə də tezliklə qurtatar! Ramiz də sağ-salamat qayıdar doğma ocağına! O, zaman sən də oğluna-qızına, gəlininə və nəvələrinə baxıb güvənərsən! Təki sağlıq olsun. (Telefonun zənfi eşidilir. Mehriban gedib dəstəyi qaldırır)
MEHRİBAN: – Eşidirəm. (Həyəcanla) Bəli oradandı! Ola bilməz! (Dəstək əlindən düşür. Ağlayıb dizinə döyür və yerə çökür) Vay evim yıxıldı! Bu nə sözdü mən eşidirəm ay Allah?! Bəlkə mən yuxu görürəm?! Axı belə bir şey olsaydı evə xəbər verərdilər?! Ey İlahi bu necə oduydu sən bizi ona tuş etdin?!
KAMİL KİŞİ:–Nə olub Mehriban bacı? Kim idi zəng edən?
MEHRİBAN: – Nə bilim ay Kamil qardaş! Kimdirsə deyir Ramiz döyüşdə əsir düşüb! Ay Allah qulaqlarımı kar elə mən bir də belə sözlər eşitməyim! Ey müharibə çıxardan, evin yıxılsın! Balan ölsün! Ağlar günə qalasan necə ki, mən qaldım! Yox, Ramizim əsir düşə bilməz! Bu eşitdiklərim yalandı, yalan! (Kamil kişiyə) Kamil qardaş sən niyə danışmırsan?! Bu eşitdiklərim doğrudurmu?!
KAMİL KİŞİ (Doluxsanır): – Doğrusunu desəm elə bayaqdan qalmışdım odla su arasında! Fikirləşirdim ki, bu xəbəri sizə necə çatdırım! (Cibindən bir kağız parçası çıxarıb stolun üstünə qoyur) Alın, hərbi hissədən göndəribdilər!
Dostları ilə paylaş: |