Zaur vediLİ



Yüklə 1,39 Mb.
səhifə18/19
tarix21.10.2017
ölçüsü1,39 Mb.
#7777
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   19

NƏBİ: – Gedək, arvad, gedək, bilirəm ancaq,

(sinəsini döyür)

Bu Nəbi fikirdən dəli olacaq!



(çobanı səsləyir)

Çoban, qoyunları çək bir qırağa,

Özün də bura gəl.

(Çoban tütək çalıb qoyun-quzunu Şiş dağının ətəyinə yığıb gəlir)

ÇOBAN: – Buyurun, ağa.

NƏBİ: – Çoban, ehtiyacın yoxdur bir şeyə?

Çəkinmədən söylə.



ÇOBAN: – Nəyə?

NƏBİ: – Hər nəyə.

ÇOBAN: – Təkcə ehtiyacım öz ağlıma var,

Odur mənim üçün böyük xilaskar.

Bir də yaradana var ehtiyacım.

Çünkü odur hər vaxt başımda tacım.



NƏBİ: – Olsun, olsun, çoban. Nə deyirəm ki!?

Sənin istədiyin qoy olsun təki.

Daha biz gedirik, sən salamat qal,

Təki sən burada ol rahat, xoşhal.



ÇOBAN: – Çox sağ olun, ağa, yaxşı yol sizə.
(Nəbi ilə arvadı gedir)
Deyəsən bu dünya fırlanır tərsə,

Ağamdan belə söz?! Nə bilim, düzü,

Mən heç gözləmirdim ondan bu sözü!

Onda da səxavət olarmış demək?!

Görən bu yuxudur, yoxsa ki, gerçək?!

İndidə həmişə olduğu kimi,

Yenə duyulurdu hüsnünün qəmi.

Yenə övladsızlıq üzürdü onu,

Görən nə olacaq bu dərdin sonu?

Mən ona nə edə bilərəm ki, nə?!

Yenə şükür Tanrı məsləhətinə!

(Qoyun-quzuları haylayıb Şiş dağın ətəyinə yığır, özü isə oturub tütəyini çalır. Birdən hər tərəfi duman, çiskin bürüyür. Hava gecə kimi qaralır. Qopan tufan çobanı üzü üstə yerə yıxır. Qoyun-quzuların mələşməsi eşidilir. Bir azdan tufan kəsilir, hava işıqlanır. Uşaq ağlaşması eşidilir... Çoban ayağa qalxır... Qoyun-quzunun arasında təpəsində bircə gözü olan təzə anadan olmuş körpə bir uşaq çobanın gözünə sataşır. Həyəcanla)

Uşaq?! Təpəsində bircə gözü var?!

Bu nə möcüzədir ey pərvərdiyar?!

Heç nə anlamadım! Bu nə uşaqdı?!

Bu göydənmi düşdü, yerdənmi çıxdı?!

Vallah mat qalmışam, bəs bu nədir nə?!

Bəlkə, Yaradandan töhfədir mənə?!

Yox-yox ola bilməz! Hədiyyə nədir?!

Bu bir açılmayan sirdir, vallah sirr!

Qoy gedim uşağı götürüm barı,

Vallah ağlamaqdan çatlayar bağrı.

(Uşağı götürüb əzizləyə-əzizləyə keçəyə bükür. Uşaq ağla­yır)

Bilmirəm insansan, yoxsa ki, mələk,

Ağlama, ağlama, ağlama görək.

(Təpəgöz yenə ağlayır)

Qulaq asan deyil deyəsən sözə,

Bəs onda neyləyim bu təpəgözə?

(sevincək)

Tapdım, tapdım, tapdım! Yəqin ki, acdır,

Bunun susmasına yemək əlacdır!

(Təpəgözü ehmalca yerə qoyur. Tez qoyunlardan birini sa­ğıb ona süd verir. Təpəgöz susub südü yeyir. Çoban fikrə gedir)

Yaxşı, bəs indi mən bunu neyləyim?



(bir az da fikirləşir)

Tapdım! Yaxşı olar gedim söyləyim

Ağam Təpəgözdən xəbərdar olsun,

Razı olsa uşaq onlarda qalsın.

Onsuz da ağamgil bir uşaq üçün,

Tanrıya əl açıb yalvarır hər gün.

Nə bilmək olar ki, bu ağamgilə,

Bəlkə də Tanrıdan töhvədir elə?

Təvəkkül Allaha, Təpəgöz bala,

Ya bala olacaq, ya bizə bəla!

Vaxtdır, qoyunları mən gedim yenə

Yığım bu Şiş dağın qoy ətəyinə.

Həm gedim günorta yeməyi yeyim,

Həm də uşaq haqda ağama deyim.



(Təpəgözü qucağına alıb qoyun-quzuları haylaya-haylaya ge­dir)

(pərdə)
II pərdə, II şəkil
Nəbigilin evi. Nəbi ilə arvadı evdədirlər. Arvad xəmir yo­ğurmaq üçün süfrə açıb hər nə lazımdırsa süfrəyə yığır. Nəbi ye­nə kefsiz halda tütün eşib doldurur və yandırıb çəkir.

ARVAD: – Ay kişi, deyil ki, dünyanın sonu,

Nə olar bir azca az çəksən onu!

Elə sorursan ki, çiyərlərinə,

Bilmirəm o, tüstü nə verir sənə.



(Nəbi arvadına cavab vermir)

Səninləyəm kişi, cavab ver görüm!



NƏBİ: – Danışma ay arvad, çatlayır bağrım!

ARVAD: – Niyə? Nə olub ki?

NƏBİ: – Niyəsi də var?!

Bilmirəm nə üçün o, Pərvərdiyar,

Bizə qismət etmir bir övlad payı?!

Kimə verəcəm bu mülkü, sarayı?!



ARVAD: – Neyləyək?! Tanrıdan çox bilmirik ki,!

Sağlıq olsun söylə ay kişi təki!

Məsləhət onundu, bilsə məsləhət,

Bizə də bir övlad eyləyər qismət!



(Təpəgözün ağlaması eşidilir)

NƏBİ (həyəcanla): – Bu gələn deyəsən uşaq səsidi?!

Yuxudu, ya Tanrı möcüzəsidir?!



ARVAD: – Yox, yuxu-zad deyil! Qulaq as səsə,

Bəlkə hədiyyədir Tanrıdan bizə?!



(qapı döyülür və acılır. Çoban Təpəgöz qucağında gəlir)

ÇOBAN: – Hər vaxtınız xeyir.

NƏBİ: – Hər vaxtın xeyir.

Baş acmadım Çoban! Uşaqdır, nədir?!



ÇOBAN: – Bəli ağa, bəli uşaqdır.

NƏBİ: – Çoban,

De görüm bəs onu aldın hardan?



(Çoban Təpəgözü ehmalca yerə qoyur. Arvad dərindən içini çəkib dizlərinə döyür)

ARVAD: – Bu Təpəgözdür ki, ay Çoban qardaş!

Bürüdü qəlbimi həyəcan, təlaş!

De görüm sən hardan alıbsan bunu?

ÇOBAN: – İndi deyim hardan almışam bunu.

Yayıb sürümüzü göy otlaqlara,

Sonra çəkilmişdim mən bir kənara.

Baxıb bulaqlara, çiçəyə, gülə,

Mən öz tütəyimi gətirdim dilə.

Bu vaxt birdən-birə qopdu bərk tufan,

Qaranlıq zindana çevrildi hər yan.

Özüm də bilmədən tez birdən-birə,

Tufan sərdi məni üz üstə yerə.

Bir azca keçməmiş tufan dayandı,

Yenə hər bir tərəf nura boyandı.

Özümü toplayıb ayağa qalxdım,

Açıb gözlərimi ətrafa baxdım.

Qoyun-quzuların içində birdən,

Qəflətən gördüm bu Təpəgözü mən.

Əvvəl qorxdum, sonra düşündüm yəqin,

Tanrı harayını eşidib sənin.

Göydən mələklərlə o, endiribdi,

Elə sizin üçün pay göndəribdi.

De görüm indi nə deyirsən ağa,

Sahib çıxırsınız siz bu uşağa?

(araya azacıq sakitçilik çökür. Nəbi ilə arvadı fikirləşirlər.)

ARVAD: – Nə fikirləşirsən?

NƏBİ: – Ay arvad yenə,

Şükür deyim Tanrı məsləhətinə,

Biz bu Təpəgözə gəl sahib çıxaq,

Doğma balamız tək biz ona baxaq.

Razısanmı arvad?

ARVAD: – Razıyam Nəbi,

Əsas odur ki, sən razı ol təki.



NƏBİ: – Şükür yaradana! Çox sağ ol Çoban,

Bizə bağışladın elə bil cahan.

Sənə minnətdarıq.

ÇOBAN: – Ağa, çox sağ ol,

Daha mən gedirəm.



NƏBİ: – Sənə yaxşı yol. (Çoban gedir)

Hə arvad, ürəkdən atıb dərd-qəmi,

Baxaq Təpəgözə balamız kimi.

(Təpəgöz ağlayır)

Yəqin ki, acıyıb balamız arvad,

Yedirt Təpəgözü qoy olsun rahat.

Mən də gedim bir az gəzim-dolanım,



(arvad Təpəgöz üçün yemək hazırlayır. Nəbi Təpəgözü oyna­dır)

Ağlama, ağlama, ürəyim-canım.

İndi sənə yemək hazırlar anan,

Ağlama Təpəgöz, olma nigaran.



(arvad gəlir. Nəbi Təpəgözü arvadına verib gedir. Arvad Tə­pə­gözü yedirdib yüyürünə qoyur və bir tabaq xəmir yoğurur. Xə­mir tabağının üstünü basdırıb otaqdan çıxır. Təpəgöz o dəqiqə yü­yürükdən sıçrayıb tabaqdakı xəmirin hamısını yeyir və təkrar yü­yürükdə uzanır. Arvad gəlir. Tabağı boş, evdə də Təpəgözdən baş­qa heç kimin olmadığını görüb təəccüblənir)

Bıy! Başıma xeyir! Bəs xəmir hanı?!

Bəs onu kim yedi?! Təpəgöz?! Yəni,

Bir günlük uşaqda belə iş görər?

Vallah görməmişəm indiyə qədər!

Yəqin bunu yeyib Cinlərlə hallar,

Mütləq mən deyəndi, başqa kim olar?

Qoy durum təzədən yoğurum xəmir,

Görüm başımıza sonra nə gəlir?

(təkrar xəmir yoğurub üstünü basdırır və Təpəgöz təkrar yüyü­rük­dən düşüb acı-acı gülür)

TƏPƏGÖZ: – Mən bu xəmiri də indi yeyəcəm,

Hələ bu nədir ki, guya doyacam?

Bütün evinizi yesəm də, yenə,

Yox-yox doymayacam, azdır az mənə!



(tabaqdakı xəmirin hamısını yeyib təkrar yüyürükdə uzanır. Arvad danışa-danışa gəlir)

ARVAD: – Hə, ocaq qaladım sac qızanacan,

Mən kündəni tutum iş olsun asan.



(tabağı yenə boş görüb daha da həyəcanlanır)

Bıyy, başıma xeyir! Bu nə işdi bəs?

Axı evimizdə yoxdur özgə kəs!

Ürəyim daha da həyəcanlanır,

İçimdə yaman bərk qorxu yaranır!

Bu nə möcüzədir ey Pərvərdiyar?!

Sən bizi bu işdən eylə xəbərdar?!

Bu nə ola bilər?



(mat-məətdəl halda durduğu yerdə donub dərin fikirə gedir. Nəbi arvadını səsləyə-səsləyə gəlir. Qoyun mələşməsi eşidilir.)

NƏBİ: – Arvad, ay arvad.

(arvadın narahatçılığını onun görkəmindən başa düşür)

Kefsizsən, elə bil deyilsən rahat?

Yoxsa bir hadisə baş verib?

ARVAD: – Kişi,

Deməyə qorxuram sənə bu işi!

Bilirsən nə olub?

NƏBİ: – Nə olub söylə?

Mənə hadisəni sən agah eyə!



ARVAD:Dəli deyəcəksən bəlkə də mənə,

Ancaq həqiqəti deyirəm sənə!

Xəmiri yoğurub mən çölə çıxdım,

Evə qayıdanda tabağa baxdım,

Tabaq bomboş idi düşündüm yəqin,

Ya şeytan yeyibdi xəmiri, ya çin!

Bu vəziyyət mənə etsə də təsir,

Mən ikinci dəfə yoğurdum xəmir.

Mən yenə üzləşdim eyni hal ilə,

Nə olar ay kişi, bir kömək elə!

Vallah olanmıram bayaqdan rahat!

(Nəbi qəhqəhə çəkib gülür)

NƏBİ: – Sən dəli olubsan deyəsən arvad?

Yəqin sənə nəsə eləyib təsir.

Ağlın-huşun olsun, Cin-Şeytan nədir?

Daha bəsdir bizə təklik, qəm üzdü,

Arvad, bu gün bizim şad günümüzdü!

Sabah bu şad günü qeyd etmək üçün,

Seçib, evə bir cüt gətirdim qoyun.

(əli ilə toğluları göstərir)

Qoy bu toğluları bağlayım bura

Düşünək görək sonra nə edirik sonra.

(toğluları kəndir ilə qapının ağzına bağlayır.)

Bax, bu oldu əla. Arvad, dur gedək,

Biz bağı-baxçanı bir az seyr edək.



ARVAD: – Yox, ay kişi, sən get, mən hələ gərək,

Xəmiri yoğurub bişirəm çörək.



NƏBİ: – Sonra yoğurarsan ay nazlı qoçaq.

(arvadın qolundan yapışıb dartır)

Təpəgöz durunca gəzib qayıdaq.



(gedirlər,Təpəgöz təkrar yüyürəkdən atılıb, acı-acı gülür)

TƏPƏGÖZ: – Bu lap yaxşı oldu, xəmir yeməkdən,

Ağzımın dadını itirmişdim mən!

Lap əla oldu bu toğlular elə,

( toğluların yanına gəlir)

Yeyəcəm mən sizi çox ləzzət ilə!

Elə yeyəcəyəm ki, ağa özü də,

Başa düşməyəcək bunu heç vədə!



(toğluların hər ikisini parçalayıb yeyir Və hər ikisinin quruca barataları qalır. Ağa ilə arvadının gülüş səsləri eşidilir. Təpəgöz tez yüyürəyə çıxıb uzanır. Ağa ilə arvadı gəlir toğlunun baratalarını görəndə daha da həyəcanlanır)

ARVAD: – Ay kişi fikir ver, yoxdur toğlullar!

Onların quruca baratası var!

Xəmir haqda söhbət edəndə sənə,

Qəti istəmirdin inanmaq mənə.

İndi inandınmı?

NƏBİ: – İnandım arvad,

Vallah səndən betər oldum narahat!

Bu işi olanmaz bəni insanın,

Ya Cinin işidir, ya da Şeytanın!

Ziyan gətirəcək bizə bu ocaq,

Yox, daha bu evdə olmaz yaşamaq!

Tanrıya yalvarıb güc almalıyıq,

Başqa bir məkanda yurd salmalıyıq.

Arvad, Təpəgözü al qucağına,

Dönək qonşumuzun biz qonağına.

Edək məsələdən qonşunu agah,

Köçək bu ocaqdan bu gün, ya sabah.

Gen olar deyiblər məsləhətli don

Birlikdə düşünüb çıxardaq qanun.



(arvad Təpəgözə tərəf gedib onu qucağına almaq istəyir, Təpə­göz özünü yuxuluğa vurur)

ARVAD: – Ay kişi, Təpəgöz yatıbdır yaman,

Mən neçə oyadım onu yuxudan?

Bəlkə sən gedəsən mən qalam?

NƏBİ: – Arvad,

Birlikdə düşünsək iş olar abad,

Oyatma, görürsən yatıbdır uşaq,

Durar biz gələnəycən balamız ancaq.



ARVAD: – Nə deyirəm, gedək deyirsən gedək,

Ancaq tez qayıdaq biz evə gərək.!



(Nəbi ilə arvadı gedirlər)

TƏPƏGÖZ: – Siz məsləhətləşin, ay tapdınız ha,

Sizə oturacaq bu gediş baha.



(aradan bir az keçməmiş qonşunun uşağı “Nəbi əmi, Nəbi əmi” deyə-deyə onlara gəlir. Təpəgöz tez yüyürükdən qalxıb ona baxır. Uşağın tək gəldiyini görüb sevinir)

Bax bu oldu əla, uşaq gəlir tək,

Adam ətini də mən dadam gərək!

(qapıdan çölə atılıb uşağı da parçalayıb yeyir. Uşağın qışqırığı eşidilir.Təpəgöz gəlir)

Adam ətinin lap başqa dadı var,

Bu əti yeməkdən heç doymaq olar?!

Artıq günəş batır, ta düşür axşam,

Bəs indi nə yeyim, axı acımışam?!

(evi axdarıb əlinə keçəni yeyir. Nəbi ilə arvadı gəlib Tə­pə­gö­zün ayaq üstə gəzdiynii və əlinə keçəni yediyini görürlər. Nəbi Təpəgözə hirslənir)

NƏBİ: – Təpəgöz, Təpəgöz nə edirsən sən?!

Xəmiri, toğlunu de, sən yemisən?!



(Təpəgöz acı-acı gülür)

TƏPƏGÖZ: – Bəli, mən yemişəm onları atam!

Mən yenə acmışam, yemək ver anam!

Dur mənə yemək ver yeyim doyum,

Sonra da başımı yastığa qoyum!



(arvad həyəcanla yan otağa keçir və Təpəgözə çörək uzadır)

ARVAD: – Al Təpəgöz balam, al bu çörəyi

Dadlıdır, al bunu yeyib doy.



TƏPƏGÖZ: – Nəyi?

Bir loxma çörəyi?!



ARVAD: – Bu azdı niyə?

TƏPƏGÖZ: – Mənim qarnım doymaz o bir tikəyə!

Ana, nə qədər ki, evdə çörək var,

Gətir hamısını mən yeyim, olar?

ARVAD: – Olar oğlum olar, gözlə bu saat,

Mən gətirim sən ye, olma narahat.



(tez gedib çörəklərin hamısını Təpəgözün qaba­ğı­na qoyur. Təpə­göz çörəyi yeyir, doymur. Bu vaxt həyətdən camış böyür­tüsü eşi­dilir. Təpəgöz ca­mış­la­ra tərəf baxır.)

TƏPƏGÖZ: – Gör nə kök camışdı! Görən kimindir?!

Ana camışıda yeyəcəm indi!

(Təpəgöz həyətə atılıb camışı parçalayır. Camışın böyürtüsü ət­ra­fı bürüyür. Təpəgöz camışı yeyib təzədən evə qayıdır)

ARVAD: – Ay Təpəgöz bala, doydunmu indi?!

TƏPƏGÖZ (gülə-gülə): –Bu iş mənim üçün vallah çətindi!

Yaxşı bilirsiz ay ana, ay ata,

Təpəgöz deyirlər hələ cahanda.

Vallah azınızı, həm çoxunuzu,

Bütün evinizi, var-yoxunuzu,

Yesəm də doymaram mən heç bir zaman,

Qalsam da olacaq sizünçün ziyan!

(Təpəgöz Nəbinin və arvadının əllərindən öpür)

İndi mənim sizdən var bir xahişim,

Yaxşı keçsin deyə mənim hər işim,

Siz mənə “yaxşı yol, uğur” söyləyin

Hər zəhmətinizi halal eyləyin,

Gedim başı qarlı uca dağlara,

Tapım özüm üçün mən bir mağara.

Bütün kənd-kəsəyi çapım-talayım,

Mən öz mağaramda ocaq qalayım.

Hə, nə deyirsiniz? Ana razı ol.

ARVAD(qorxa-qorxa):–

Get Təpəgöz bala,sənə yaxşı yol!

(Təpəgöz təkrar Nəbinin və arvadının əllərindən öpüb ge­dir)
III şəkil
Təpəgözün əlindən öz yurd-yuvalarını tərk edib başqa öl­kə­lərə köçən kənd əhlinin çığır-bağır səsləri, qoyun-quzuların mə­­ləşməsi, inəklərin böyürtüsü, Təpəgözün acı-acı gülüşü və nə­rə­si eşidilir, çığır-bağır səsləri get-gedə azalır. Qəmər xanım me­şənin ortasındadır. Onun meşədə dünyaya gətirdiyi körpə oğ­lu da əskiyə bükülmüş halda qucağındadır.

QƏMƏR: – Bir gör nə gətirdi başıma fələk,

Oldu cavan ömrüm lap ələk-fələk!

Puç oldu həyatda arzu qismətim,

Azacıq gülmədi üzümə-bəxtim!

Yaman çox halsızam dizlərim əsir,

Ağrılar qılınc tək canımı kəsir!

Yox gedə bilmərəm, hərəkətsizəm,

Xəstə adam kimi çox taqətsizəm!

Qoy bir az oturum gəlim özümə,

Bəlkə, Tanrım taqət verdi dizimə!



(oğlunu bağrına basıb onu gültək qoxluya-qoxluya ağla­yır)

Ay mənim taleyi düyünlü oğlum,

Gözümün işığı, qanadım-qolum!

Nə üçün taleyin tərs gəldi belə!

Fələk qoymadı bəxt üzünə gülə!

İşığlı gündüzüm dönüb gecəyə!

Ana olanmıram sən tək göyçəyə!

Olsan da sən mənim ağzımda tamım,

Səni yaşatmağa yoxdur inamım!

Elə çevrilib ki, yazımız qışa,

Qorxuram yem olaq biz qurda-quşa!

(hirslə)

Görüm lənətə gəl səni Təpəgöz!

(azacıq susur)

Ümid yaxşı şeydir döz ürəyim, döz!

Bəlkə bəxtimizdən sovuşdu bəla,

Bəlkə çıxa bildik işıqlı yola!

Doğrudan, bəs atan harada qaldı?!

Yoxsa Təpəgözə o da yem oldu?!

Allah eləməsin! (göyə baxır)

Tanrım imdad et

Atam hardadırsa imdadına yet!

Düşsək də biz yurdan-yuvadan ayrı,

Bizləri atama qovuşdur barı!

Yoxdur çıxış yolu daha nə edim,

Qoy durum bir təhər yolumu gedim,

Təhlükə olsa da hər yol, hər döngə,

Atamla hardasa görüşdük bəlkə!

(ayağa qalxır. Getmək istəyəndə, ona elə gəlir ki, dünya başına fır­lanır. Təkrar yerə oturur)

Yox, gedə bilmirəm halsızam yaman,

Oğlumu apara bilmərəm aman!
(daha da hönkürüb ağlayır)
Bəs indi neyləyim?!

(təkrar birtəhər ayağa qalxıb çıxış yolu axtaran adamlar kimi ət­­rafa baxır. Birdən gözləri yaxındakı kahaya sataşır)

Kahadır ora,

Min şükür eləyir Pərvərdiyara,

Qoy-qoyum oğlumu kahada qalsın,

Tanrı kölgəsini üstünə salsın!

O, Şir kahasıdır deyəsən axı?!

İlahi, bəxdimdə yandır çırağı!

Qoy oğlum böyüsün Şir südü ilə,

Bəlkə üzümüzə bəxtimiz gülə,

Tanrım, əsirgəmə sən imdadını,

İsgəndər qoyuram bunun adını!

Bağlayım qoluna qoy bir bazubənd,

Nə bilim, yaşamaq olarsa qismət,

Nə vaxtsa yenidən görüşəriksə,

Biz bir-birimizə qovuşarıqsa,

Bir vaxt sökülərsə bu qəm çəpəri,

O zaman tanıyım mən İsgəndəri!

(Qəmər xanım oğlunun qoluna bir bazubənd bağlayıb onu k­ahaya atır. İsgəndərin alnı qayaya dəyib çapılır və qanayır. Qəmər xanım ağlaya-ağlaya yaylığını çıxarıb İsgəndərin alnını sarıyır və təkrar onuun gözlərindən öpüb yoluna davam etmək üç­ün ayağa qalxır. İsgəndər ağlayır, bu vaxt Qəmər xanımın ata­­sı İmranın səsini eşidir)

İMRAN: – Bu səs hardan gəlir? Axı deyəsən,

Uşaq ağlaması eşidirəm mən!



QƏMƏR (sevincək halda): – Atacan sən gəldin?!

İMRAN: – Hə nurlu gözüm,

Şükür yaradana, çox şükür qızım,

O, ağlayan uşaq yoxsa sənindi?

(Qəmər xanım başı ilə hə deyir həyəcanla)

Demək nəvəmdir o?!

Neyləyək indi?!

(kahadakı uşağı qucağına götürüb, Qəmərin ya­nı­na gəlir)

Oğlan uşağıdı, gözəl uşaqdı,

Ancaq gülənmədi üzünə bəxti!

Qızım bəs neyləyək, sən bu halınla,

Necə çıxacaqsan işıqlı yola?

İkiniz bir yerdə olsanız, ancaq,

Ay qızım mənimçün çətin olacaq!

QƏMƏR: – Bilirəm, carəmiz qalmayıb daha,

Adını İsgəndər qoymuşam ata.



(əli ilə göstərir)

Atıram burada kahada qalsın,

Tanrı kölgəsini üstünə salsın.

İMRAN (hirslə): –İşin tərsliyinə hələ fikir ver,

Hələ başımıza nə gələcək gör?!

Görüm lənət olsun, lənət şeytana,

İmkan vermədi ki, çıxaq bir yana!



(tütününü eşib yandırır)

Deyəsən bir azca azalıbdır səs,

Daha gedək qızım gecikmə tələs.

Görək bu yolla biz gedirik hara,

Harda başımıza tapırıq çarə?!

Qızım tut qolumdan biz asta-asta,

Gedək gəlib bizi tapmamış xəta!

(Qəmər xanım atasının qolundan yapışıb getmək istəyir və təkrar yerə oturur)

QƏMƏR: – Ata qurban olum məni bağışla,

Yox, çıxa bilmərəm səninlə yola!

Gözləmə atacan, gözləmə məni,

Necə ki, Təpəgöz tapmayıb səni,

Sən burdan uzaqlaş!

İMRAN: – Yox, mənim ömrüm,

İstəmərəm səni mən bada verim!

Xəbərdaram sənin vəziyyətindən,

Bu yolda çəkdiyin əziyyətindən,

Bir azca taqət yığ ayaqlarına,

Sinə gər həyatın sınaqlarına.

(Qəmər təkrar İsgəndərin gözlərindən öpüb ata­­sı­nın qolun­dan yapışır və İsgəndərə baxa-baxa yollarına da­vam ed­ir­lər. İsgəndər ağlayır. Bir azdan şir nərəsi eşidilir və kahaya gəlir)

ŞİR: – İnsan iyi gəlir mənim burnuma,

Bu iy çox yayıldı mənim çanıma,



(İsgəndəri görür)

İnsandır, bu saat mən bunu yeyim,

Sonra Allahıma min şükür deyim!

(İsgəndərin üstünə atılır onu yemək istəyir. Ancaq yazığı gəlir)

Nə üçün ağlayır bu körpə fidan?

Yəqin Təpəgözün əlindən qaçan,

Hansısa ananın uşağıdır bu?

Mənim də kahamın qonağıdır bu.

Həmişə qonağa lazımdır hörmət,

Yaraşmaz pisliyə mən eyləyəm cəhd.

Yəqin ki, acıbsan? Ağlama uşaq,

Yapış döşlərimdən sor görüm qoçaq.

(musiqi çalınır. Şir oxuyur)

Ay körpə igid oğlan,

Bu dünya belə qalmaz.

Şir südüylə böyüsən,

Sənə batan tapılmaz.

Böyüdəcəm mən səni,

Öz doğma balam kimi.

Olacaqsan sən özün,

Təpəgözün qənimi!

(Şir döşlərini İsgəndərin ağzına salır. İsgəndər əmib kiriyir. İsgəndər on yaşa çatır. Onun bütün hərəkətləri şirə oxşayır. İsgəndər kahanın ağzında meşəyə nəzər yetirir. Meşəni səs-küy götürür. Bir azdan şir gəlir)

Salam mənim balam.



İSGƏNDƏR: Salam Şir anam,

Bayaqdan mən sənsiz çox nigaranam,

Bəs harda qalmışdın?

ŞİR: – Çıxmışdım ova,

Dedim bir az yemək gətirim evə,

Meşədə elə bir vurha-vur gördüm,

Az qala özümü tamam itirdim.

Özümü çatdırdım evə bir təhər,

Görək başımıza gələcək nələr!



İSGƏNDƏR: – Nə vurha-vurdur ki, ay ana mənə,

Hər nə olubdursa agah edəsən?

Düzü bayaqdan səs düşüb dağ-daşa,

Ancaq nə haraydır düşmürəm başa.



ŞİR: – Ay İsgəndər oğlum, qulaq as mənə,

Hər nə baş veribsə danışım sənə.

Necə il olar ki, bizim mahalda,

Oğlum, bir Təpəgöz olubdur peyda.

Ay İsgəndər oğlum, inan ki qəti,

Heç məndə də yoxdur onun qüvvəti!

Onun dərisində var bir möcüzə,

Batmır ona süngü, nə ox, nə nizə!

Deyir bir dəfədə neçə heyvanı,

Gündə neçə-neçə bəni insanı,

O, bütün kəndləri eyləyib talan,

Hər bir ev-eşiyi qoyubdur viran!

İndi sürülərlə, yığıb mal-qoyun,

Heç kim baş açmır ki, nədir bu oyun,

Doymayıb insanı çəkir dişinə,

Heç kim son qoyanmır onun işinə.

Bütün mahal əhli indi bununçün,

Öz yurd-yuvasından olublar sürgün

Təpəgözdən qorxur, həm göy həm də yer,

İndi qan ağlayır!



İSGƏNDƏR: – Ana, izin ver,

Elə günü bu gün gəzim hər yanı.

Tapım o, Təpəgöz olan məkanı.

Mən görüm axı o, nə cür adamdı?



ŞİR: – Adam yox, o, sehir, həm də tilsimdi!

Oğul, sən düşərsən onun sehrinə,

Vallah turp əkərlər sənin dərinə!

Sən gəl bu fikrindən daşın İsgəndər,

Vallah səni görsə o, tutub yeyər!

İSGƏNDƏR: – Arxayın ol ana, arxayın ol ki,

Mən o, mağaraya getmərəm gəti.

Vallah atmayacam o səmtə addım,

Təpəgözü gendən görüm qayıdım.



ŞİR: – Görürəm dönmürsən öz inadından

Nə deyirəm ki, get. Ancaq heç zaman,

Gəzmə mağaraya yaxın tərəfdə.

Görsə, olacaqsan mütləq hədəfdə.



(öz tükündən birini qopardıb İsgəndərə verir)

Al İsgəndər oğlum, al bu tükü sən,

Görsən ki, azacıq dara düşübsən,

Bunu yandırmağa çalış tap məqam,

Sənin imdadına gəlib çatacam

(öpüşüb-görüşürlər)


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin