1. Sahibkarlıq haqqında nəzəriyyələrin yaranması Sahibkarlıq fəaliyyətinin mahiyyəti və məzmunu



Yüklə 220,06 Kb.
səhifə1/59
tarix30.03.2023
ölçüsü220,06 Kb.
#124544
  1   2   3   4   5   6   7   8   9   ...   59
Sahibkarlıq fəaliyyətinin məzmunu


Mövzu 1. Sahibkarlıq fəaliyyəti kursunun məzmunu, predmeti və əsas vəzifələri


1. Sahibkarlıq haqqında nəzəriyyələrin yaranması
2. Sahibkarlıq fəaliyyətinin mahiyyəti və məzmunu
3. Sahibkarlıq fəaliyyətinin subyektləri və onların funksiyaları
1. Sahibkarlıq haqqında təlimlər iqtisad elminin klassiklərindən başlayaraq müasir dövrün bir çox tanınmış iqtisadçı alimlərinin tədqiqatlarında xüsusi yer tutmaqdadır. Sahibkarlıq fəaliyyəti iqtisadi fəallığın digər növlərindən özünəməxsus iqtisadi, hüquqi, sosial və psixoloji kökləri ilə fərqlənir. XVIII-XIX əsrlərdə yaşamış iqtisadçı alimlərin əsərlərində sahibkarlığın iqtisadi, təşkilati və psixoloji cəhətləri daha geniş tətbiq edilmişdir. Fransız iqtisadçısı Riçard Kantilyon sahibkarı riskli şəraitdə fəaliyyət göstərən təsərrüfat subyekti hesab edərək onu itkilərə hazır olan, uzaqgörən, risk etməyi bacaran və gələcəyə istiqamətlənən fərd kimi qəbul edirdi. O, riski iqtisadi fəaliyyətin başlanğıcında nəticələrin qeyri-müəyyənliyi ilə xarakterizə etmiş və onu sahibkarın əsas funksiyası adlandırmışdır. İqtisad elminin dahi klassikləri Adam Smit və David Rikardo bazar iqtisadiyyatının işləmə mexanizmini geniş tədqiq edərək onu öz-özünü tənzimləyən sistem kimi göstərmişlər. Sahibkarı kapitalist kimi qəbul edən A.Smit onun fəaliyyətinin cəmiyyət üçün faydalılığını bazar iqtisadiyyatının iki əsas elementi ilə-iqtisadi fəliyyətdə seçmə azadlığı və rəqabətlə şərtləndirirdi. Sahibkarlıq haqqında nəzəriyyələrin inkişafında fransız iqtisadçısı Jan Batist Sey Adam Smit ideyalarını daha dərindən tədqiq edərək xalqın sərvət mənbəyi olan üç istehsal amili nəzəriyyəsini işləyib hazırlamışdır. O, göstərirdi ki, üç istehsal amili-insan, kapital və torpaq-bazara məhsuldar xidmətlər şəklində çıxarılır və əmək haqqı, faiz stavkası və renta vasitəsilə mübadilə edilir. Sənayeçi sahibkarlar bu məhsuldar xidmətlərin tələbatçıları rolunda çıxış edirlər və onları konkret tələbatı ödəyən və mənfəət gətirən məhsulların istehsalına yönəldərək daha yüksək dəyəri (xalqın sərvətini) yaratmış olurlar. Avstriya mənşəli Amerika iqtisadçısı Yozef Şumpeter sahibkarı iqtisadi inkişafın katalizatoru-təşəbbüskarı rolunda təqdim etmişdir. O, iqtisadiyyatın keyfiyyətcə inkişafının aparıcı qüvvəsinə-sahibkarlara hər hansı kapitalist və firma sahibi deyil, yalnız onlardan yenilikçi olanları aid edirdi. Sahibkar məhsuldar qüvvələri mənfəət gətirən sabit istehsaldan ayıraraq gələcək nəticəsi müəmmalı və yalnız ona aydın olan yeni bir layihənin həyata keçirilməsinə istiqamətləndirir. Sahibkar istehsal amillərini ənənəvi istehsaldan ayıraraq yeni qaydada istehsala cəlb edir. Y.Şumpeter bu fəaliyyəti istehsal amillərinin yeni kombinasiyası adlandıraraq onların beş mümkün növünü göstərmişdir:
- yeni əmtəənin və ya xidmətin yaradılması;
- yeni istehsal metodunun yaradılması;
- yeni satış bazarının tapılması;
- yeni xammal mənbəyinin və ya növünün istifadə edilməsi;
- firmanın fəaliyyətinin yeni təşkil prinsiplərinin tətbiqi.
Bundan sonra sahibkarın fəaliyyəti bazarın sınaqları ilə üzləşir. Sahibkarın yeniliyi bazar tərəfindən qəbul edildiyi andan onun fəaliyyəti yenidən bazar qüvvələrinə-“gözəgörünməz ələ” tabe olur. Yeniliyin müvəffəqiyyəti tələbatın həcmindən, qiymət səviyyəsindən, məsrəflərdən və başqa amillərdən asılı olur, yəni bazar qüvvələrinin təsiri ilə müəyyənləşir. Sahibkarlıq fəaliyyətinin psixoloji cəhətlərini tədqiq edərkən klassiklər sahibkarın əsas motivini mənfəət əldə etmək üçün məhsul istehsal etməkdə görürdülərsə, Şumpeter sahibkarı belə təhlükəli fəaliyyətə sövq edən motivlərini daha geniş çərçivədə təsəvvür edərək onları üç qrupa bölürdü:
1. Hakimiyyətə, ətrafdakılar arasında nüfuza ehtiyac;
2. Qələbə əzmi, özü-özü ilə və rəqiblərlə mübarizədə uğura ehtiyac;
3. Sərbəst yaradıcılıqdan duyulan sevincə ehtiyac.
Y.Şumpeter hesab edirdi ki, sahibkarlığın inkişafı üçün əsas iki amil vacibdir:
- təşkilati və təsərrüfat yenilikçiliyi;
- iqtisadi müstəqillik.
P.Druker J.B.Seyin və Şumpeterin ideyalarını daha da genişləndirmişdir. O, sahibkara belə tərif vermişdir. Sahibkar yeni bazar, yeni alıcılar qrupunu formalaşdıran kiçik biznesin sahibidir. Druker sahibkarlığı yalnız kiçik bizneslə bağlamayaraq onun prinsiplərinin iri müəssisələrdə də tətbiq mexanizmlərini göstərmişdir. Druker sahibkarlıq fəaliyyətini nə elmi, nə də yaradıcılq sahəsi hesab etməsə də, elmi bilikləri sahibkarın məqsədinə çatmasının ən vacib vasitəsi kimi qəbul edirdi. Bir çox tədqiqatçılar sahibkarlığa sirli proses, istedad və ya ilham kimi baxdıqları halda Druker sahibkarlığa öyrətməyin tərəfdarı kimi çıxış edirdi.
Şumpeter ideyalarının ardıcıllarından olan L.Mizes və F.Xayekin fikrincə, sahibkarın əsas funksiyası hər hansı tələbatın ödənilməsinin daha ucuz və səmərəli üsullarını üzə çıxararaq onlardan ən yaxşısını seçmək və həyata keçirməkdir.
Müasir Amerika iqtisadçısı Robert Xizriç sahibkarlıq fəaliyyətini dəyərə malik olan yeniliyin yaranması prosesi, sahibkarı isə pul qazanmaq və uğurdan razılıq duymaq üçün bu işə bütün vaxtını və enerjisini sərf edən, bütün maliyyə, psixoloji və sosial məsuliyyəti öz üzərinə götürən insan adlandırmışdır.
Sahibkarlıq haqqında nəzəriyyələrin təkmilləşdirilməsində K.Vesper, Q.Pinşot, M.Piçers, A.Xoskinq və başqa görkəmli alimlərin də böyük rolu olmuşdur.

Yüklə 220,06 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin