17. YAZILI İŞGÜZAR KOMMUNİKASİYANIN NÖVLƏRİ
(RƏSMİ VƏ İŞGÜZAR SƏNƏDLƏR)
İnsanların cəmiyyətdə ən kütləvi ünsiyyət forması işgüzar kommunikasiyadır. İşgüzar kommunikasiya peşəkar fəaliyyətdə tətbiq olunan xüsusi bir ünsiyyət növüdür. İşgüzar kommunikasiya ortaq fəaliyyətdə iştirak edən və ya etmək istəyən iş ortağı, rəhbər, tabelikdə olan işçi, həmkar və s. kimi müəyyən statusa malik insanlar arasında həyata keçirilir. İnsanların iqtisadi, hüquqi, diplomatik, inzibati və s. sahələrdəki fəaliyyətlərini işgüzar kommunikasiya olmadan təsəvvür etmək mümkün deyil.
Kommunikasiyanın digər növləri kimi işgüzar kommunikasiyanın da şifahi və yazılı forması var.
Yazılı işgüzar kommunikasiya zamanı ədəbi dilin rəsmi-işgüzar üslubundan istifadə olunur.
Rəsmi-işgüzar üslubun bir sıra xüsusiyyətləri var:
1) Rəsmi-işgüzar üslubda ədəbi dil normaları gözlənilməlidir.
2) Bu üslubda artıq sözlərə, obrazlı ifadələrə yol verilmir.
3) Rəsmi-işgüzar üslubun lüğət tərkibi yığcamdır, burada geniş şərhə, izahata ehtiyac yoxdur.
4) Bu üslubda seçmə, standart formalardan istifadə olunur.
5) Bu üslubda bəzən arxaik leksika özünü göstərir.
Yalnız yazılı formada işlənən rəsmi-işgüzar üslub 2 yerə ayrılır: rəsmi sənədlərin dili, işgüzar sənədlərin dili.
Rəsmi və işgüzar sənədlərin bəzi fərqli xüsusiyyətləri var. Məsələn:
1) Rəsmi sənədlər xüsusi dövlət əhəmiyyətli sənədlər olub, mükəmməl tərtib olunur. İşgüzar sənədlər xüsusi dövlət əhəmiyyəti daşımır, konkret bir məsələ ilə əlaqədar tərtib olunur.
2) Rəsmi sənədlər dövlət, hökumət təşkilatları tərəfindən xüsusi mütəxəssislər vasitəsilə tərtib olunaraq rəsmi şəkildə, yəni rəsmi şəxsin imzası və möhürü ilə təsdiq olunur. İşgüzar sənədləri isə hər bir vətəndaşın özü hazırlaya bilər.
3) Rəsmi sənədlər çox vaxt işgüzar sənədlərdən həcmcə böyük olur, bölmələrə və maddələrə ayrılmasına baxmayaraq, dil yığcamlığı ilə seçilir.
4) Rəsmi sənədlərdən fərqli olaraq işgüzar sənədlərdə artıq sözlərin, imla səhvlərinin, cümlə qüsurlarının olmaması üçün hazır standart formalardan, şablonlardan istifadə olunur.
Rəsmi sənədlərə- qanunlar, fərman və sərəncamlar, nota, bəyanat və s. daxildir.
Rəsmi sənədlərin bəzilərini nəzərdən keçirək:
Qanun – hüquq normalarının sistemli toplusu olub, cəmiyyətdə yaranan ictimai münasibətləri tənzimləyir, insanları hüquq pozuntusundan qoruyur, həmçinin qoyulan qadağalara əməl etməyən şəxslərin cəzalandırılmasını müəyyən edir. Qanun yalnız qanunverici orqan – Milli məclis tərəfindən qəbul olunur. Rəsmi sənədlərin biri və ya birincisi hər bir dövlətin əsas qanunu sayılan Konstitusiyadır.
Fərman – ali hakimiyyət orqanlarının qanun qüvvəsində olan qərarına deyilir. Keçmişdə, köhnə quruluşda hökmdarın yazılı əmri fərman hesab olunurdu. Hazırda fərman rəsmi sənədlərin ən ciddi növü hesab olunur və əsasən dövlət başçısı, bəzən də Milli Məclisin sədri tərəfindən imzalanır və imzalandığı andan qüvvəyə minir. Məs; 2001-ci il iyunun 18-də H.Əliyev tərəfindən verilmiş “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman.
Dostları ilə paylaş: |