ƏQİDƏ ÜSULLARININ TƏ’LİMİ
AYƏTULLAH MİSBAH YƏZDİ
BİRİNCİ DƏRS DİN NƏDİR
–Din məhfumu
–Üsuliddin və füruiddin
–Dünyagörüş və materialist
–İlahi və maddi dünyagörüş
–Asimani dinlər və onların prinsipləri
DİN MƏFHUMU
Bu kitabın əsas məqsədi dini terminalogiyada “üsuliddin” adlandırılan islami əqidə prinsiplərini bəyan etməkdən ibarətdir. Buna görə də hər şeydən əvvəl “din” kəlməsi və onunla əlaqədar olan digər kəlmələr barədə bir qədər izahat verməyi lazım görürük. Çünki məntiq elmində deyildiyi kimi, təssəvür yönünə malik olan müqəddimələr (tə’riflər) hər şeydən öncə bəyan olunmalıdır.
Din – itaət, cəza, mükafat və sair kimi mə’naları ifadə edir. Dini termin kimi isə insan və dünyanın yaradanına e’tiqad bəsləməyə və bu əqidələrə mütənasib olan əməli göstərişlərə deyilir. Deməli, ümumiyyətlə Yaradana inanmayanlar, aləmdə mövcud olan hadisə və varlıqların təsadüfi olaraq yarandığını iddia edənlər, yaxud bunu maddi və təbii proseslərin nəticəsi hesab edənlər dinsiz adlandırılır. Amma kainatın bir yaradanı olduğuna inananlar, hətta əgər onların dini mərasimləri və əqidələri inhiraf və xurafatla yanaşı olsa belə dindar hesab olunurlar. Buna əsasən insanların arasında mövcud olan dinlər haqq və batil olaraq iki yerə bölünür. Haqq din real gerçəkliklə müvafiq və düzgün əqidəyə malik olan bir dindir. O, səhihlik və e’tibarlılıq üçün kifayət qədər zəmanət verən müəyyən davranış, rəftar və əməlləri tövsiyə və tə’kid edir.
ÜSULİDDİN VƏ FÜRUİDDİN
Din sözünün terminoloji məhfumu barəsində verilən izahdan aydın olur ki, hər bir din ən azı iki hissədən təşkil olunur:
1. Onun əsasını və kökünü təşkil edən əqidə, yaxud əqidələr.
2. Bu əqidəvi əsaslara uyğun olan əməli göstərişlər.
Deməli, hər bir dində əqidə bölməsinin üsuliddin (dinin kökləri), onun əməli hökmlərinin isə füruiddin (dinin budaqları) adlandırılması tamamilə düzgündür. İslam alimləri də islam əqidəsi və əhkamı barədə məhz bu iki termini işlətmişlər.
DÜNYAGÖRÜŞ VƏ İDEOLOGİYA
Dünyagörüş və ideologiya kəlmələri bir-birinə yaxın olan mə’naları daşıyır. Dünyagörüşü “insan və aləm, ümumiyyətlə varlıq aləmi barəsində bir-biri ilə uyğun olan ümumi nəzərlər və e’tiqadlar silsiləsi”dən ibarətdir. İdeologiya barəsində isə bunu demək olar ki, o, “insanın rəftarları ilə mütənasib olan ümumi rə’ylər silsiləsidir.”
Bu iki mə’nanı nəzərə alaraq hər dinin üsuli və əqidəvi sistemini həmin dinin dünyagörüşü, onun əməli hökmlərinin ümumi sistemini isə onun ideologiyası hesab etmək və onları dinin üsul və fürusuna tətbiq etmək olar. Amma nəzərə almaq lazımdır ki, dünyagörüş istilahı cüzi e’tiqadlara şamil olmadığı kimi, ideologiya istilahı da cüzi hökmlərə şamil edilmir.
Bunu da qeyd edək ki, bə’zən ideologiya kəlməsi daha ümumi mə’nada işlənərək dünyagörüşə də aid edilir.1
İLAHİ VƏ MADDİ (MATERİALİST) DÜNYAGÖRÜŞ
Qədim zamanlardan insanlar arasında indiyə qədər müxtəlif növ dünyagörüşlər mövcud olmuşdur. Bunların hamısını təbiətin fövqündə olan varlıqların qəbul edilib edilməməsindən asılı olaraq iki ümumi qismə ayırmaq olar: İlahi dünyagörüş və materialist dünyagörüş.
Maddi (materialist) dünyagörüş ardıcılları qədimdə təbiilər, dəhrilər, bə’zən də zındıqlar və mülhidlər adlandırılırdı. Bizim dövrümüzdə isə maddilər və ya materialistlər adlandırılır.
Materializmin müxtəlif qismləri vardır. Onların ən məşhuru bizim əsrimizdə olan marksizm ideologiyasının fəlsəfə bölməsini təşkil edən dialektik materializmdir.
Bütün bunlardan aydın olur ki, “dünyagörüş” kəlməsi dini əqidələrdən daha geniş və ümumi bir mə’na kəsb edir. Çünki o həm ilahi, həm də materialist əqidələrə aid olur. “İdeologiya” kəlməsi də təkcə dini hökmlər məcmuəsinə məxsus deyildir.
DİN, ASİMANİ DİNLƏR VƏ ONLARIN PRİNSİPLƏRİ
Din tarixçiləri və sosioloqlar arasında müxtəlif dinlərin necə yaranması haqqında müxtəlif nəzəriyyələr mövcuddur. Amma islami mənbələrdən əldə olunanlara əsasən deməliyik ki, dinin yaranması insanın yaranması ilə eyni vaxtda təsadüf edir. İlk insan (Həzrət Adəm (ə)) Allahın peyğəmbəri, tövhid carçısı olmuş və yeganə Allaha pərəstiş etmişdir. Şirklə qarışmış dinlərin hamısı da şəxsi, yaxud ictimai qərəz və məqsədlərin onlara daxil edilməsi və təhriflər nəticəsində yaranmışdır.2 Həqiqi və asimani din hesab olunan tövhid dinində isə üç müştərək və ümumi prinsip vardır:
1. Yeganə Allahın varlığına e’tiqad bəsləmək.
2. Hər bir insan üçün axirət aləmində əbədi həyatın varlığına bu dünyada yerinə yetirilən əməllərə görə o dünyada cəza və ya mükafat veriləcəyinə inanmaq.
3. Bəşəriyyəti son kamala, yə’ni dünya və axirət səadətinə hidayət etmək üçün Allah tərəfindən peyğəmbərlər göndərilməsinə inanmaq.
Bu üç prinsip həqiqətdə hər bir agah insan üçün aşağıda yaranan sualların cavabıdır: “Varlığın mənşəyi nədir?”, “Həyatın sonu nədən ibarətdir?”, “Ən yaxşı yaşayış proqramını necə əldə etmək olar?”.
Vəhy vasitəsilə zəmanət verilən yoldan ibarət proqramlar məcmusu, elə ilahi dünyagörüşdən irəli gələn dini ideologiyadan ibarətdir.
Əqaidin əsaslarını müxtəlif tə’sir, nəticə və təfsilləri vardır ki, bunlar məcmu halında dinin əqidə sistemini təşkil edir. Bu kimi e’tiqadlarda olan ixtilaflar müxtəlif dinlərin, firqələrin və məzhəblərin yaranmasına səbəb olmuşdur. Eləcə də ilahi peyğəmbərlərin bə’zilərinin nübüvvətində, mö’təbər asimani kitabların tə’yin olunmasındakı fərqlər də yəhudi, məsihi və İslam dinləri arasında əsaslı ixtilafların nəticəsidir. Bunun da ardınca bə’zi hallarda əqidə və əməllərdə e’tiqadın əsasları ilə uyğun olmayan digər ixtilaflar meydana gəlir. Məsələn, məsihiyyətdə üçlüyə (Müqəddəs Ata, Oğul və Ruhul-qüds) olan e’tiqad tövhid prinsipi ilə uyğun gəlmir. Halbuki, məsihilər bu barədə özlərinə bəraət qazandırmaq istəyirlər. Eləcə də Peyğəmbərin canişinin Allah tərəfindənmi, yoxsa camaat tərəfindən tə’yin olunması ilə əlaqədar yaranan ixtilaf İslam dinində sünnü və şiələrin arasında əsaslı ixtilafa səbəb olmuşdur.
Belə nəticə alınır ki, tövhid, nübüvvət və məad bütün asimani dinlərdə əsas e’tiqadlardır, lakin onların təhlil olunmasından, yaxud təfərrüatından yaranan başqa e’tiqadları xüsusi terminlərə uyğun olaraq əsl əqaidin bir hissəsi hesab etmək olar. Məsələn, Allahın varlığına e’tiqadı İslam əqaidinin bir əsli, Onun vahid olmasına olan e’tiqadı isə bu əqaidin ikinci bir əsli, yaxud həzrət Peyğəmbəri-Əkrəmin (s) nübüvvətinə olan e’tiqadı bunun digər bir əsli saymaq olar.
Şiə alimlərindən bə’ziləri tövhidin e’tiqadının şö’bələrindən biri olan ədaləti müstəqil bir prinsip, nübüvvətin davamı olan imaməti isə digər bir prinsip hesab etmişlər. Həqiqətdə “əsil” kəlməsinin termin kimi bu kimi e’tiqadlarda işlənməsi əsas şərtlərdən hesab olunmuşdur və bu barədə münaqişəyə yer yoxdur.
Deməli, üsuliddin kəlməsini ümumi və xüsusi olaraq iki mə’nada işlətmək olar. Ümumi mə’nada bu füruidinin və İslam hökmlərinin müqabilində dayanır və bütün mö’təbər e’tiqadlara da şamildir. Xüsusi mə’nada isə ən əsaslı e’tiqadlara məxsusdur. Bütün asimani dinlər arasında müştərək olan tövhid, nübüvvət və məad kimi bə’zi e’tiqadları mütləq şəkildə üsuliddin, onlara bir və ya bir neçə digər prinsipi əlavə etməklə bu e’tiqadları xüsusi üsuliddin, yaxud ayrıca şəkildə xüsusi bir firqə ya məzhəbə aid olan bir neçə e’tiqadı da bu e’tiqadlara artırmaqla onları din və məzhəb prinsipləri, yaxud da bir məzhəbin e’tiqad üsulları hesab etmək olar.
Dostları ilə paylaş: |