Aleksandr Tarasov İnqilab və cihad və ya sollar islam radikalları ilə birləşməlidirlərmi?



Yüklə 264,25 Kb.
səhifə1/4
tarix03.06.2018
ölçüsü264,25 Kb.
  1   2   3   4

Aleksandr Tarasov

İnqilab və cihad və ya sollar islam radikalları ilə birləşməlidirlərmi?

2001-ci ildəki məşhur 11 sentyabr hadisələrindən sonra postsovet ölkələrinin (və bütövlükdə 3-cü dünyanın) solları arasında islam radikallarına rəğbət yayılmağa başladı. Əslində bunda təəccüblü heç nə yoxdur. Nəhayət, uzun müddətdən sonra kimsə amerikan imperializminə - özü də Amerikanın ərazisində! - təsirli zərbə endirdi. Amerikan imperializmi özünü həmişə bu cür qisas aktlarından “müdafiə olunmuş” sayırdı - üstəlik 20-ci əsrin əvvəlindən Amerikan ərazisinə birbaşa müdaxilə olmamışdı (Perl Harbora hücumu və yaponların Aleuta desant çıxarmasını amerikan ərazisinə birbaşa müdaxilə hesab etmək olmaz, belə ki, Havay və Alyaska yalnız 1959-cu ildə ştat statusu aldılar). Maraqlıdır ki, 1916-cı ildə Meksika inqilabının qəhrəmanı əfsanəvi general Panço Vilya tərəfindən Kolumbus şəhərinə (Nyu-Mexiko ştatına) edilən hücum 11 sentyabra qədər bu tipli aktların sonuncusu, həm də yeganəsi olmuşdu. Bundan sonra amerikanlar sonralar 1-ci dünya müharibəsi zamanı amerikan hərbi hissələrinə rəhbərlik etməsi ilə məşhurlaşacaq general Perşinqin rəhbərliyi altında ekspedision korpus göndərdilər. Avropadan fərqli olaraq, o, burada istəyinə nail ola bilmədi. O, Vilyanı çox təqib etsə də tuta bilmədi (hal-hazırda Bin Ladenlə olan vəziyyət kimi!). Amerikan müdaxiləsi bu dəfə Perşinqin “dorados”lar1 tərəfindən darmadağın edilmiş korpusunun Meksikanı biabırçılıqla tərk etməsilə nəticələndi. Maraqlıdır ki, amerikan hakimiyyəti Vilyanın Kolumbusa hücumu haqqında əvvəldən məlumatlı idi, amma inqilabi Meksikanın2 daxili işlərinə qarışmağa əsas tapmaq məqsədilə heç bir xəbərdarlıq etmədilər (Bu, 11 sentyabr hadisələri haqqında əvvəldən məlumatlı olan və ABŞ administrasiyası və xüsusi xidmət orqanlarının fəaliyyətsizliyindən bəhs edən faktların ətrafında yaranan skandalla eyniyyət təşkil edir).

Şərqi Avropa, eyni zamanda “3-cü dünya” ölkələrini başa düşmək asandır. Hansı siyasi baxımdan savadlı (həm də sadəcə vicdanlı) adam Cenubi Vyetnamdan (“Feniks” əməliyyatı) tutmuş Peru, Qvatemala, Kolumbiya və Şərqi Timora qədər “terrorla mübarizə” adı altında yüz minlərlə dinc sakinin ölümünə səbəb olan – buraya südəmər körpələr də daxildir – Pentaqon Antiterror Mərkəzinin zabitlərinə rəğbət bəsləyə bilər? Əgər bu insanların – MKİ-dən (Mərkəzi Kəşfiyyat İdarəsi – tərc.qeydi) olan həmkarları ilə birlikdə – Braziliya, Salvador, Uruqvay və digər ölkələrdəki diktatorların cəlladlarına qəddarlıqda misilsiz olan işgəncələri öyrətdikləri məlum olsa, onlara qarşı hansı mərhəmətdən söhbət gedə bilər?3

TMK və Amerika bank kapitalı ilə birlikdə 3-cü dünya ölkələrinin ümumdünya qarət maşınının tərkib hissəsi olan ümumdünya ticarət mərkəzi əməkdaşları insanda hansi rəğbət doğura bilər? Söhbət artıq 1990-cu ilin əvvəllərində hər il aclıq vasitəsilə 40 milyondan çox adam öldürmüş maşınlardan gedir (Bu barədə təbii bir hal kimi BMT ekspertləri 1994-cü il4 Mançesterdəki qlobal forumda danışmışdılar5). Bu gün bu maşın daha çox öldürür: Portu Alleqridəki birinci Beynəlxalq sosial forumunda “üçüncü dünya” ölkələrindəki uşaqlara yardımla məşğul olan qeyri-hökumət təşkilatlarının nümayəndələrinin qeyd etdiyi kimi, 2000-ci ildə uşaq ölümü sayında dəhşətli artım baş vərib – aclıq, yoxsulluq və başqa səbəblərdən ölənlərin sayı 80 milyona çatıb və “birqütblü” dünyada ABŞ-ın maliyyə asılılığına düşən Ümumdünya Səhiyyə təşkilatının bu faktları gizlətməsi xüsusi qeyd olunmalıdır. 6

Bu islamyönümlü əhval-ruhiyyə yalnız mötədil dairələrdə əks olunmayıb. Məsələn, sovet dövründə üçüncü dünya ölkələri üzrə məşhur mütəxəssis B.Q.İordanski Bin Ladeni, günümüzün Çe Gevarası kimi təqdim edən “Bin Laden fenomeni” adlı yazı yazıb!7İordanskinin yazısında “xilasedici çar 2-ci Aleksandrın möcüzəli ölümü” ifadəsi kimi gözəl passajlara rast gəlinir. 8

Hətta kapitalizmlə mübarizə aparmaq üçün kifayət qədər qorxaq olan, “birinci dünyanın” rahatlıq və rifahını həddindən artıq sevən, amma eyni zamanda bədnam “qloballaşma” qarşısında gücsüzlüyü hissindən daim əzab çəkən qərb solları arasında da islam radikallarına – imperializmlə mübarizədə “müttəfiq”, “real antikapitalist güc” kimi rəğbət bəsləməyə risk edən insanlar peyda oldu. 9

Bu qərb solları qəfildən S. Hantinqtonun islam haqqında görüşlərini tərs anlamda yenidən söyləməyə və sosial inqilabla cihad arasında ortaq cəhətlər axtarmağa başladılar. 11 sentyabra qədər qərb solları arasında, deyəsən, islam və cihadı təbliğ edən yalnız 1 nəfər var idi10 - “Hakim bəy” təxəllüsü ilə yazan amerikan anarxisti Piter L.Uilson11. Amma Hakim bəy məsuliyyətsiz insandır – həşiş çəkir və nə gəldi yazır, Hindistana gedir – tantrist adlandırılır, İrana gedir – sufi adlandırılır, heç bir təşkilata rəhbərlik etmir, heç bir silahlı davamçısı yoxdur.

Bu gün islam radikalları ilə inqilabi ekstazda qaynayıb-qarışma ümidləri yoluxucu xəstəlik kimi yayılır. Hansısa əyalət qızları sol mətbuata antiburjua şeirləri göndərirlər – təxəllüsləri “Svetlana bin Laden”dən “Oksana bin Laden”ə kimi. Nasional-bolşeviklər küçələrdə marşa çıxırlar, intonasiyayla ”Stalin-Beriya-Bin Laden” oxuyurlar. Moskvanın anarxist təmayüllü radikal rəssamları:

“Murdar olan kəs

Bin Ladeni anlaya bilməz”

tipli çastuşkalar olan açıqcalar buraxıblar və hər yerə yayırlar.

Avstriya və İsraildə bir neçə il yaşadıqdan sonra Rusiyaya qayıdan və özünü “marksist” elan edən skandallı məşhur rəssam Aleksandr Brener yenicə buraxdığı, içində marksist klassiklərdən sitatlar, məşhur sol partizanlar – subkomandante Markos, Xaled və Qudrun Enslinə mədhiyyə olan şeir və manifestlər kitabında şəhid islamçılara simpatiyasını bu şəkildə ifadə edir:

Fransada Tənqid və Maarif layihəsi başa çatanda

Qəzzada dinamit qurşaq geyinib Allaha səmimi salam göndərmək qalır!12

Doğrudan da, niyə axı sollar kapitalizmə – ümumi düşmənə qarşı mübarizədə islam radikalları ilə birləşməsinlər?

Cavab sadədir. İslam radikalları ilə ekstazda qovuşmaq ona görə mənasızdır ki, onlar islam fundamentalizminin hərbi qanadından başqa bir şey deyillər. İslam fundamentalizmi isə, istənilən dini fundamentalizm kimi – mürtəce, əgər belə demək mümkündüsə, ifrat sağ qüvvədir. Ayrı-ayrı solların (radikal solların) radikal sağlarla əməkdaşlıq cəhdləri dünya tarixinə yaxşı məlumdur – məsələn, Almaniyada (Alman kompartiyasının bədnam “Şlaqater qolu”). 30-cu illərin klassik faşist hərəkatlarında – həm alman nasional-sosializmində, həm italyan faşizmində, həm də ispan frankizmində – mahiyyətcə inqilabi və antiburjua olan sol, hətta ultrasol mövcud idi (Almaniyadaki ştrasserçilər, strapaezi və İtaliyada “birinci saat faşistləri”, İspaniyada “boz köynəklər”). Amma bu həmişə eyni cür bitirdi. Faşistlər hakimiyyətə gələndə öz sol tərəfdarlarını fiziki məhv edirdilər. ”Milli inqilab” və “sosial inqilab” eyni oyuğu doldururlar, onlar rəqibdirlər və birgə fəaliyyət göstərə bilməzlər. Ya sosial inqilab, ya da “milli”.

İslam fundamentalizmi bu mənada faşizmdən heç nə ilə fərqlənmir. “İslam inqilabı”, “mili inqilab” qədər sosial inqilabın düşmənidir. 13 Əlbəttə, solların islam radikalları ilə əməkdaşlığının nə ilə qurtardığına dair bariz nümunə var. Bu qalib gəlmiş “islam inqilabı”, yəni İran nümunəsidir. Şah rejiminin devrilməsində iran solları – ilk növbədə “Möcahədin-ə Xalq“ və “Fədain-ə Xalq”dan olan sol radikallar islamçılardan az rol oynamadılar.14

Amma bu onlar üçün pis qurtardı. Oxşar sosial demaqogiyaya baxmayaraq (“kasıbların varlılardan müdafiəsi”), nə faşizm, nə də islam radikalizmi heç bir halda aşağıların, muzdlu işçilərin maraqlarının ifadəçisi olmayıb. Həm o, həm də digərləri – burjuaziyanın, özü də ideoloji mənada onun daha mürtəce hissəsinin maraqlarının ifadəçisi olublar (İrandakı “islam inqilabına” baxsaq görərik ki, bu dini qiyafəyə bürünmüş tipik burjua antimonarx inqilabıdır, bu cür hal – normadır, Avropada bu erkən antifeodal inqilabi hərəkatları və erkən burjua inqilablari üçün norma olmuşdur).15

Sosializm tərəfdarları, islam radikalları və faşistlər arasındakı fərqlər yalnız fundamental sinfi ziddiyyətlərlə məhdudlaşmır, eyni zamanda dünya baxışı ilə bağlı əsaslı fərqlər var: bir tərəfdən materialist və humanistlər arasındakı ziddiyətlər, bir tərəfdən də idealist, mistiklər və buna görə də antihumanistlər arasında fərqlər mövcuddur.16 Bu ziddiyətlər antaqonist xarakterlidir və avropa faşizminin və İran islam fundamentalizminin solyönümlü tərəfdaşlarının bu fərqləri nəzərə almaması onların həlledici səhvi olardı.

Alman faşizminin sol tərəfdarlarının Hitlerin ideologiyasının mürtəce, mistik, qeyri-elmi və sərt desək, paranoidal xarakterinə göz yumduqları kimi, İran solları da Xomeyninin tərəfdarlarına yeritdiyi fundamental ideologiyanın mürtəce, mistik, qeyri-elmi və paranoidal xüsusiyyətlərinə göz yumurdular.

Hitler “ümumdünya cuhud-mason sazişinə” inandığı kimi (hətta Hitlerin fikrincə, onun nifrət etdiyi bolşevizm də bu sazişin bir hissəsiydi), Xomeyni də “ümumdünya yəhudi-bəhai” sazişinə inanırdı.

Ümumdünya yəhudi-bəhai sazişi cuhud-mason sazişindən daha qorxulu səslənir. Ümumiyyətlə, bəhailər haqqında az adama məlumdur. Bəhaizm nədir? Bu Bəhaulla (“Tanrının nuru”) adını götürmüş Mirzə Hüseyn Əli Nuti tərəfdarları tərəfindən 19-cu əsrin ortalarında yaranmış “kiçik dünyəvi dindir“. Nuri Quranı və şəriəti köhnəlmiş elan edib, əvəzinə “Bəyan” kitabını yazan şiə tərəfdarı və dini islahatçı Babın müridi olub. Babanın davamçıları özlərini babilər adlandırırdılar, onlar üsyan qaldırıb İranda kişi və qadın bərabərliyinə, əmlak ümumiliyinə və vergilərdən imtinaya əsaslanan dövlət qurmaq istəyirdilər. Üsyan yatırıldı, Bab güllələndi, babilərin bir hissəsi isə özünü məsih elan edən Bəhaullaya qoşuldular. Bəhailər hesab edir ki, onların təlimləri bütün dinləri əvəz etməyə qadirdir və o zaman dövlətsiz, sərhədsiz, milliyətsiz və dil çoxluğu (bəhailər vahid dil tapmışdılar) olmayan ümumdünya qardaşlığı yaranacaq. Bəhailərin dininin ABŞ, Almaniya, Panama və İsraildə (Hayfa) olmaqla, 4 mərkəzi var. Amma çətin ki, bircə Hayfada mərkəzin yerləşməsi faktı “ümumdünya yəhudi-bəhai sazişinin“ olmasına inanmağa kifayət etsin (Bəhailər Hayfada 3 dünyəvi dinin müqəddəs şəhəri olan Yeruselimdə yerləşə bilmədiklərinə görə məskunlaşmışdılar).

Xomeyni isə inanırdı. O, ümumiyyətlə nəyə görəsə belə hesab edirdi ki, şah İranı İsrailin nəzarəti altındadır, şah Məhəmməd Rza – sionizmin agentidir və bəhailər – İsrailin İrandakı “beşinci sütunudur”. Xomeyni əmin idi ki, şah tərəfindən başladılmış “ağ inqilab” (İranın modernizasiyası) İranın yəhudilər tərəfindən fəthi və elə onlar tərəfindən islamın məhvinə yönəldilib. “Bizim bütün bəlalarımız İsrail tərəfindən doğulub“ – Xomeyni bunu 20 oktyabr 1964-cü ildə Qumda, “ağ inqilabın” başlamasından 2 ildən də az müddət keçəndən sonra çoxminlik kütlənin qarşısındakı çıxışında deyəcəkdi.17

Söhbət hansı bəlalardan gedirdi? “Ağ inqilab” qarşısına aşağıdakı hədəfləri qoymuşdu: feodal sistemin ləğvi, torpaq islahatı, meşələrin və məzarlıqların milliləşdirilməsi, aksiyaların alınması yolu ilə dövlət müəssisələrinin özəlləşdirilməsi, hamı üçün seçki hüququ və savadsızlığın ləğvi. Əlbəttə, hər şey vəd edilən kimi alınmadı: kəndlilər torpaq aldılar, amma tezliklə kütləvi şəkildə var-yoxdan çıxıb şəhərlərə köçdülər və sonra baş verəcək “islam inqilabının” sosial bazası rolunu oynadılar. Hər kəsə səs hüququnun verilməsi müxalif fəalliyətin qadağan edilməsi ilə əhəmiyyətsiz şeyə çevrildi. İşçilərin səhmləri məmurlar, sahibkarlar və tacirlər tərəfindən alındı (yaxın keçmişdə bizdə olan kimi). Amma 1964-cü ildə bunların hamısını tam əminliklə əvvəldən söyləmək olmazdı. Əksinə, ölkə sürətlə inkişaf edirdi, yəni zavodlar, yollar, xəstəxanalar, məktəblər tikilirdi, neft hasilatı get-gedə artırdı və yəqin o vaxt heç kim bilmirdi ki, neft satışından gələn gəlir şahın, əyanlarının və yüksək rütbəli məmurların cibinə axacaq və kasıblara bundan heç nə çatmayacaq.

Xomeyni bəlalar haqqında danışırdı, çünki görürdü: İran sürətlə dəyişir, islam ruhaniliyinin hakimiyyəti zəifləyir, kütləvi savadlanma üləmalara olan hörmətin azalmasına gətirib çıxara bilər, qadınların emansipasiyasi islam qanunları ilə ziddiyyət təşkil edir, islama zidd sələmçiliyin olduğu banklar get-gedə çox rol oynayır, beynəlxalq ticarət Quranın öyrənilməsindən daha əhəmiyyətli işə çevrilir, özü də beynəlxaq ticarətlə “başqa dinə mənsub olanlar” məşğul olurlar – yəhudilər, bəhailər, induslar, xristianlar...

İslam ruhaniliyi “ağ inqilaba” müqavimət göstərməyə başlladı. Cavab olaraq şah üləmaların mühafizəkar kəsiminə hücuma başladı və nümayişkaranə şəkildə dini azlıqları – zərdüştiləri, xristianları, bəhailəri, indusları, yəhudiləri – şirnikləndirməyə başladı. Bəhai Sabet Pasal tezliklə İranın ən varlı insanlarından birinə çevrildi. Xomeyni üçün bu, “sazişin” sübutu idi. 1963-ci il 20 martda imam Qumdakı Azam məscidində böyük kütlə qarşısında çıxış etdi. Xomeyni hamıya xatırlatdı ki, əvvəllər şahın məsləhətçiləri üləmalar idi. “Bəs indi kimdir? – Xomeyni səsini ucaltdı – İsrail! Bizim məsləhətçilərimiz – yəhudilərdir. “Dünya” qəzetində onlar özləri etiraf ediblər ki, iki min bəhainin hər birinə 1500 dollar (axmaq şah mətbuatdakı qeydlərdən boyun qaçıra bilməz), müsəlman xəzinəsindən 5000 dollar, üstəlik aviabiletə görə hərəsinə 1200 tümən veriblər. Nə üçün? Londona uçub anti-islami görüşdə iştirak etmək üçün. Bununla onlara ən yüksək ehtiram göstərilib. Bizim ziyarətçilərimiz isə ən sərt çətinliklərə dözməyə və hətta icazə almaq üçün məmurlara rüşvət verməyə məcburdular ki, bundan sonra öz istəklərinə çatsınlar. Hansı təhdidlərə onlar məruz qalmayıblar, geri qayıdan yolda hansı çətinliklərlə üzləşməyiblər! Üstəlik, Məkkə və Mədinədə onlardan islama yəhudilərin təhlükəsi olduğu haqda həqiqi fikir söyləyəndə ikrahdoğuran məmurun sataşmalarına məruz qalıblar. Yarəb, əslində bizim hamımızı cuhud idarə etmir? Məgər ölkəmiz cuhudlaşmayıb?

Ölkəyə və idarəedən rejimə ar olsun! Bizə və qalan dünyaya ar olsun! Susan üləmalara və səssiz qalan Nəcəf, Quma, Tehrana və Məşhədə ar olsun! Bu ölümcül sükut ölkəmizin, şərəfimizin, ləyaqətimizin bəhailər tərəfindən tapdalanmasına gətirib çıxaracaq!”18

Sonra ayətulla camaata, Sabet Pasalaya milli neft kompaniyası ilə sövdələşmədə güzəşt edildiyini və özünə 25 milyon təmiz gəlir təmin etdiyini bildirdi. Bu, əlbəttə “yəhudi-bəhai” sazişinin mövcudluğunun sübutu idi. Məgər kiminsə saziş olmadan belə iş görəcəyini təsvir etmək olardı? Və ayətulla “sazişçilərlə” mübarizəyə səslədi: “İndi, əslində bəhailərin partiyası olan yəhudi partiyasının, iudaizmin islamı təhdid etdiyi bir vaxtda bütün üləmaların, natiqlərin, dini tədris müəssisələrinin tələbələrinin bir ağızdan və birmənalı şəkildə ölkələrinin islam alyansına qarşı mübarizədə İsraillə müttəfiq olmaq istəmədiklərini deməsinin əsl vaxtıdır”.19

“Ağ inqilabın” gedişində İranda Qərb kapitalının – ilk növbədə, amerikan, o cümlədən britaniyalı və fransız kapitalının mövqeləri güclənirdi. Amma Xomeyni özünü və tərəfdarlarını inandırmışdı ki, “ağ inqilab” dünya sionizmi tərəfindən İranı məhv etmək üçün düşünülmüş vasitədir”: “Biz belə hesab edirik ki – ayətulla bildirirdi – bizim islahatların proqramı İsrail tərəfindən hazırlanıb, siz plan tərtib etmək üçün kömək və məsləhət lazım olanda İsrailə müraciət edirsiniz. Siz israilli məsləhətçiləri bizim ölkəmizə göndərirsiniz. Ölkədən İsrailə tələbə göndərirsiz. Sanki onları başqa ölkələrə göndərmək olmaz, məsələn, Amerika və ya hətta İngiltərəyə. Amma yox – məhz İsrailə! Onların yəhudilərdən dələduzluq, yalan və satqınlıqdan başqa nə öyrənə biləcəyini bir Allah bilir”.20

Şahın səbr kasası daşdı və 1963-cü ilin iyununda Xomeyni həbs olundu. Onu 1964-cü ilin aprelində buraxdılar. Həbsi Xomeynini “yəhudi-bəhai” sazişinin mövcudluğuna tamamilə inandırdı: “Mən müqəddəs Quranın və islamın təhlükə qarşısında olduğunu bildirməyi bütün İran xalqı və dünya müsəlmanları qarşısında ən müqəddəs borcum sayıram. Siyasi müstəqilliyimizə və iqtisadiyyatımıza sionizm təhlükəsi mövcuddur. Müsəlmanların fatal susqunluğu davam etsə, onlar tezliklə bütün ölkəni tutub müsəlman xalqını məhv edəcəklər. Bu təhlükə sovuşmayana qədər xalq susmamalıdır, sussalar, Hərşeyəqadir Allahın gözündə lənətlənəcəklər.21

Görünür, 1964-cü ilin aprelində “yəhudi-bəhai sazişi” mifi ayətullanın reallıq hissini tamamilə itirib gətirməsinə çıxardı. Deyək ki, şah Beynəlxalq neft konsorsiumu ilə sövdələşmə imzaladı. Bu sövdələşməyə görə, İranın milli neft kompaniyası iran neft yataqlarını konsorsiuma aşağıdakı proporsiyada verdi: “Britiş petroleum” – 40%, anqlo-holland “Royal datç-Şell” – 14%, amerikan kompaniyaları – 40%, “Kompani fransez de petrol”– 6 %. Gəlirlər hökumət və konsorsium arasında “əlli-əlliyə” prinsipi əsasında bölünməli idi.22

Amma Xomeyni gözlənilənin əksinə, Amerika və İngiltərəni yox, İsraili tənqid etməyə başladı: “İndi ölkənin bütün iqtisadiyyatı İsrailin əlindədir – o, doğru ifadə etsək, İsrail agentləri tərəfindən işğal edilib. Zavod və müəssisələrin böyük hissəsi onların əlindədir – televiziya, “Arc” zavodu, “Pepsi-Kola” və s. İndi hətta yumurta da İsraildən idxal edilir. Ölkəmiz İsrail üçün bazaya çevrilib. Bazarımız da onların əllərindədir. Əgər vəziyyət belə davam etsə, müsəlmanlar laqeyd qalsa, bazarlarımız fəaliyyətlərini dayandıracaqlar”.23

Yeri gəlmişkən, hələ İsrailə niyə məhz İranı işğal etməyin lazım olduğunu izah etmək lazım gəlirdi. Ayətulla belə izah tapdı: “Fələstində artıq on illərdir ki, milyonlarla müsəlmanı xarabalıqlar içində saxlayan və islam torpaqlarını işğal edən oğru yəhudilərdən ibarət dövlət var. Müsəlman liderləri bu oğurluğa yas saxlamaqla məşğuldurlar, amma onlar ümidsizcəsinə əl-qolunu sallamaq yerinə birləşsəydilər, hansı oğru yəhudi yığını Fələstini bizdən alıb müsəlmanları ordan qova bilərdi? Əgər bütün müsəlmanlar birləşsə, rəqəmlərə əsasən, 700 milyonluq icma yaranacaq. Amma 700 milyonluq dağınıq kütlə 1 milyon birləşmiş kütlə kimi güclü deyil. Əgər bu 700 milyon, lap 400 milyon, lap 200 milyon vahid icma halında birləşsə, bir-birimizin sərhədlərini qorusaq, vahid İslam icması olsaq, islam maraqlarını ürəkdən müdafiə edə bilsəydik, yəhudilər Fələstini tuta bilməzdilər. Bax elə buna görə bizim resurslarımızı, sərvətlərimizi əlimizdən almaq və pulsuz mənimsəmək istəyən onlar (yəhudilər və bəhailər – A.T.) bizə birləşməyə imkan vermirlər”24

Xomeyni eyni zamanda ABŞ-ın İrandakı siyasətinə də izahat tapdı. Xomeyniyə görə, ABŞ çoxdan yəhudilər tərəfindən işğal olunub və əslində 2 İsrail mövcuddur: ”Biri qonşuluqdakı İsrail, biri də Amerikadakı”.25

Ayətullanın beynində İsrail tərəfindən işğal edilmiş ölkələrin sayı artırdı. Eyni zamanda dünya sionizmi tərəfindən satın alınan və onun marionetkasına çevrilən ölkələrin siyahısı genişlənirdi. 1967-ci ilin 16 aprelinde artıq İraqa sürgün edilmiş Xomeyni İranın baş naziri Əmir Abbas Xoveydaya açıq məktubla müraciət etdi. Məktubda o yazırdı: “İsraillə, milyondan artıq müsəlmanı evsiz qoyan İslam düşməni ilə qardaşlıq münasibətləri qurmayın… İsrail və agentlərinin müsəlman bazarlarına müdaxilə etməsinə imkan verməyin. İsrail və agentləri naminə ölkəni təhlükə altında qoymayın. Günah istəkləriniz naminə mədəniyyətimizi qurban verməyin.”26 Ən maraqlısı odur ki, məktubun ünvanlandığı baş nazir Xoveyda bəhai idi və müvafiq olaraq, Xomeyninin məntiqinə əsaslansaq, sionist sazişçisi idi. Əslində, onu nəyəsə inandırmaq mənasız idi.10 il sonra Xomeyni Nəcəfdəki (İraq) Şeyx Ənsari adına məsciddəki çıxışında əminliklə deyirdi: “İran şahı demişdi ki, İsraillə sülh bağlamaq zəruridir. Şah bu dinsizlərin – yəhudi dinsizlərin hakimiyyətini tanıyıb İslama, Qurana, müsəlman hökumətlərinə, bütün müsəlmanlara mesaj verəndə mən hələ Qumdaydım. Əvvəl İsrail sözü işlədilmirdi, sonra iş açıq müstəviyə keçdi”.27 Bu nitqində Xomeyni Livan və Misir prezidentlərini İsrail agenti kimi ifşa etdi. Sonra öz vəsiyyətində Xomeyni “İsrail agentləri” siyahısına İordan kralıHüseyni, Mərakeş kralı Həsəni, Misir prezidenti Hüsnü Mübarəki və İraq prezidenti Səddam Hüseyni daxil edəcəkdi.28

Ayətulla 1964-cü il noyabrında İrandan qovulub Türkiyəyə, Türkiyədə 11 aylıq sərt nəzarətdən sonra İraqa göndərildi və İraq hökuməti Xomeyniyə 13 il sığınacaq verdi. İraqda Xomeyni şiələrin müqəddəs şəhəri olan Nəcəfdə (ilk imam Əlinin qəbri olan yer) məskunlaşdı və şeyx Ənsari məscidində dini leksiyalar oxumağa başladı. İraq hökuməti Xomeyninin Nəcəfi şah rejiminə qarşı siyasi hakimiyyətin qərargahına çevrilməsinə mane olmadılar. Amma imam tezliklə İraq hökumətinin sionizm agentləri olaraq ifşa etdi. Bu belə baş verdi. 1969-cu ildə sionistlər (ayətullanın təfəkküründəki yox, əsl sionistlərdən söhbət gedir) əhəmiyyətinə görə ikinci islami müqəddəs yeri – Yerusəlimdəki Əl-Aksa məscidini yandırdılar. Məscidin bərpasına həm İran şahı, həm də İraqın o vaxtkı prezidenti Əhməd Həsən əl-Bəkr pul ayırmağa razı oldular. Xomeyni dərhal anladı ki, bu yolla yalnız “İsrail agentləri” çıxış edə bilər və hər ikisini damğaladı. Xomeyninin məntiqi maraqlıydı. “Fələstin azad olunmayana qədər müsəlmanlar məscidi bərpa etməməlidirlər. Qoy İsrailin cinayəti aydın olaraq qalsın və Fələstinin azadlığı üçün daha bir əsaslı səbəb olsun”.29

Eyni zamanda Xomeyni Fələstinin azadlıq hərəkatında sol qruplaşmaların, xüsusilə ateist Jorj Həbəşin rəhbərlik etdiyi Fələstinin azadlığı xalq cəbhəsinin fəaliyyətinin güclənməsindən narahat idi. Xomeyni anlamışdı ki, “Jorj“ adlı biri heç vaxt əqidəli müsəlman ola bilməz. Nəticədə imam şiə ruhaniləri tərəfindən yığılan bütün pulun onda bir hissəsinin sağ, fundamental fələstinli qruplaşmaların – əvvəlcə “Fəthin”, sonra “Fəth” və “Həmasın”, sonra isə “Həmas” və “Hizbullahın” (Hizb’Allah - “Allahın partiyasi“) öhdəliyinə vərilməsi haqqında sərəncam verdi. Yeri gəlmişkən, ayətullanın ayırdığı pul az deyildi – 25 milyon dollara qədər.30

Sazişə olan inamını ayətulla ömrünün son illərinə qədər saxladı. Öz vəsiyyətində o yazırdı: “Beynəlxalq sionizm öz məkrli hədəfləri üçün xatırlanılması belə utanc doğuran ən müxtəlif cinayətlərin icrasına hazırdır. “Böyük İsrail” kimi ağılsız ideya onları (yəhudi və bəhailəri – A.T.) istənilən cinayətə sürükləyir.”31

Bu sazişin mövcudluğuna inam Xomeyninin yəhudilərə olan tamamilə xüsusi münasibətini də müəyyən etdi. Ümumiyyətlə, İslam ənənələrinə görə yəhudi və xristianlar, “bütpərəstlər” (çoxallahlılıq tərəfdarları) və ateistlərdən fərqli olaraq, müsəlmanların ən yaxın qardaşlarıdırlar, əhl-əl-Kitabdırlar (“Kitab əhlidirlər”), “vahid Allaha“ dua edirlər və onların peyğəmbərləri (Moisey-Musa və İsus-İsa) sonuncu olmasalar da, həqiqidirlər. Xomeyni isə yəhudilərə bədheybət kimi baxırdı. Heç bir ölkədə yəhudilərə etibar etmək lazım deyil – o yazırdı.32 Hətta 1964-cü ildə yəhudilər Xomeyninin lənətlənmiş düşməni olan şaha qarşı etirazlar edəndə də Xomeyni onlara inanmadı: “4 ya 5 yüz oğru yəhudi bir yerə yığılıb – o əsəblə qeyd edirdi – onların nitqi birilərinin tərifinə, digərlərinin söyülməsinə gətirib çıxardı və sonda onlar elan etdilər ki, yəhudilərdən müdrik xalq yoxdur, onlar Allah tərəfindən seçiliblər, onlar idarə etməyə layiq millətdirlər, diktaturanın, hitlerizmin əleyhinədirlər və s. və ilaxır. Onların nitqinin məzmunu beləydi. Bu insanlar bizim hökuməti iliyinə qədər tanıyırlar və bunun haqqında açıq şəkildə danışırlar.”33

Bunların hamısı doğrudan təəccüblü idi, çünki obyektiv reallıq yəhudi və bəhailərdən çox amerikanların ifşasını tələb edirdi. Amerikanlar İranda 13 oktyabr 1964-cü ildən bəri eksterritoriallıq hüququndan istifadə edirdilər – özü də yalnız diplomatlar yox, bütün amerikalılar. Nə etsələr də, iran qanunlarına görə mühakimələri qadağan idi.34 İranda 30 min hərbi məsləhətçi olmaqla, 60 min amerikalı var idi. Onlar üçün Tehranın şimali-şərqində Niavaran şah sarayının ətrafında görkəmli mənzil tikilmişdi, farslar oraya yalnız xidmətçi kimi buraxılırdı. Amerikan hərbi məsləhətçiləri İran zabitlərindən dəfələrlə çox – ayda 1 milyon rialdan yuxarı maaş alırdılar. Həmin kvartralda inanılmaz bahalı “Mitlend” də daxil olmaqla, öz maqazinləri, dəbli restoranları, farsların buraxılmadığı dəbdəbəli “Pars” və “El-Ruedo” kimi klubları, hospitalları, basseynləri, psixiatrik klnikaları, sağlamlıq mərkəzləri, 3500 nəfərlik məktəbləri var idi. İran körfəzindəki Kiş adasında yankilər üçün dəbdəbəli kurort yeri tikilmişdi.35 Yalnız 1973-1977-ci illərdə İran Amerikadan 19 milyardlıq hərbi sursat aldı, 1978-ci ildə isə daha 15 milyardlıq sursat sifariş verdi.36



Yüklə 264,25 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə