İnzibati (təşkilati-sərəncamverici) sənədlər



Yüklə 25,57 Kb.
tarix22.10.2017
ölçüsü25,57 Kb.
#9379

İnzibati (təşkilati-sərəncamverici) sənədlər


  1. Sərəncamverici sənədlərin məzmunu və mahiyyəti.

  2. Hesabat xarakterli sənədlərin məzmunu və mahiyyəti.

  3. Ümumi xarakterli sənədlər, onların tərtibi və fəaliyyət prosesində istifadə edilməsi.

  4. Ödəniş tapşırıq, pul vəsaitləri almaq üçün etibarnamə və s. tərtibi.

İnzibati sənədlər 2 yerə bölünür:

  1. Təşkilati sənədlər.

  2. Sərəncamverici sənədlər.

Təşkilati sənədlər təsərrüfat fəaliyyətinin nizama salınmasında tərtib edilən və istifadə olunan sənədlərdir. Bu sənədlərə nizamnamə, əsasnamə, təlimat və qaydalar aiddir.

Sərəncamverici sənədlər idarəetmə subyekti ilə idarəetmə obyekti arsında tabeçilik sistemində uyğun olaraq tərtib edilən sənədlərdir. Belə sənədlərə əmrlər, sərəncamlar, qətnamələr, qərar, protokol aid edilir.


Təşkilati sərəncamverici sənədlər 4 qrupa bölünür:


  1. Təşkilati sənədlər. Bu sənədlərə əsasnamə, nizamnamə, təlimat və qaydalar aiddir.

  2. Sərəncamverici sənədlər. Bu sənədlərə qətnamə, sərəncamlar, qərarlar, əsas fəaliyyət üzrə əmrlər və s.

  3. Xidməti məlumat sənədləri. Bu sənədlərə məktublar, teleqramlar (faks), məlumat vərəqələri, arayışlar, icmal məlumatları və s. aiddir.

  4. Şəxsi heyətə dair məlumat sənədləri. Bu sənədlərə şəxsi heyət məsələlərinə dair əmrlər, şəxsi işlər, şəxsi vərəqələr, başqa işə keçməyə dair qeydiyyat, tərcümeyi-hal, xasiyyətnamə və s. aiddir.

Əsasnamə əsasən 4 bölmədən ibarət olur:

  1. Ümumi bölmə.

  2. Vəzifə və funksiyalar.

  3. Tapşırılan funksiyanın yerinə yetirilməsi üçün hüquq bölməsi.

  4. İstehsal bölməsinin idarə edilməsində işlərin təşkili.

Ümumi bölmədə istehsal vahidinin adı, onun müəssisənin idarəetmə sistemində tutduğu yer, bölmənin tərkibi, quruluşu və ştat vahidlərinin təsdiqi qaydası göstərilir.

Vəzifə və funksiyalar bölməsində daxili təsərrüfat bölməsinin əsas istiqaməti, qarşıya qoyulan vəzifənin yerinə yetirilməsində yeni texnikanın tətbiqi, elmi nailiyyətlərdən qabaqcılların iş təcrübəsindən istifadə edilməsi qaydaları göstərilir.

Hüquq bölməsində əsas və dövriyyə vəsaitlərindən, işçi qüvvəsindən, təbii torpaq ehtiyatlarından istifadə edilməsi, tez xarab olan məhsulların satışı, işçinin işə qəbul edilməsi və başqa işə keçirilməsi, nizam-intizama cəlb olunması, bölmənin işçilərinin maddi və mənəvi cəhətdən mükafatlandırılması və s. sahədə hüququ göstərilir.

İşlərin təşkili və bölmənin idarə edilməsində təsərrüfat rəhbərinin təsdiq etdiyi ştat cədvəlinə əsasən istehsal bölməsinə rəhbərlik edən vəzifəli şəxsin adı, onların işə qəbul edilməsi və işdən azad edilməsi, istehsal vahidi daxilində işin təşkili, tabeçilik obyektlərində idarəetmənin təşkili forma və metodları bölmənin sturukturu göstərilir.

Nizamnamə dedikdə müəssisənin yaradılmasını, onun quruluşunu, funksiyalarını, vəzifələrini müəyyən edən rəsmi sənəd formasıdır. Bu sənədlərə istehsal və xidmət kooperativlərinin, səhmdar cəmiyyətlərinin kiçik müəssisələrin nizamnamələri aid edilir. Nizamnamələrin 10 bölmədən ibarət tərtibi nəzərdə tutulur:



  1. Ümumi müddəalar. Burada əmlak və torpaq payı olan mülkiyyətçilərin təsis etdikləri təsərrüfat subyektləri göstərilir.

  2. Bölmədə təsis edilən müəssisənin əsas fəaliyyət istiqamətləri , hüquqları və vəzifələri göstərilir.

  3. Bölmədə kollektiv üzvlərinin hüquq və vəzifələri göstərilir.

  4. Bölmədə müəssisənin əmlakı verilir.

  5. Bölmədə müəssisənin idarəetmə və nəzarət orqanları göstərilir.

  6. Bölmədə idarəetmə yəni idarə heyətinin vəzifəsi, hüququ və məsuliyyəti göstərilir.

  7. Bölmədə müəssisənin əmlak məsuliyyəti göstərilir.

  8. Bölmədə müəssisənin əmək fəaliyyəti göstərilir.

  9. Bölmədə müəssisənin fəaliyyətinə nəzarət göstərilir.

  10. Bölmədə müəssisənin yenidən təşkili və ləğv edilməsi göstərilir.

Qətnamə - dövlət idarəetmə orqanları müxtəlif kollegiyal və ictimai orqanlar, qurultaylar, konfranslar, müşavirələr, yığıncaqlar tərəfindən mühüm məsələləri həll etmək üçün qəbul edilir. Dövlət idarəetmə orqanları tərəfindən qəbul olunmuş qətnamələr, normativ olmaqla bütün müəssisə və təşkilatlar tərəfindən yerinə yetirilməsi məcburi xarakter daşıyır.

Qərar - yerli icra hakimiyyətləri, onların şəhər və kənd nümayəndələri tərəfindən onların səlahiyyətlərinə aid olan, vacib olan məsələlərin həlli üçün qəbul edilir. Qərar həmçinin kollegiyal idarəetmə xüsusiyyətinə malik olan müəssisə və təşkilatların ümumi yığıncaqlarında idarə heyətinin iclasında qəbul edilir.

Əmrlər - təkbaşına prinsip əsasında fəaliyyət göstərən dövlət müəssisələri, birlikləri rəhbərlərinin öz səlahiyyətləri daxilində müəssisə qarşısında duran əsas operativ məsələlərin həll edilməsi məqsədilə qəbul etdikləri əsas sərəncamverici sənəddir. Əmrin lahiyyəsinin hazırlanması prosesində onun məzmunu ilə əlaqədar olan məsələləri yerinə yetirərkən istehsal və xidmət vahidi rəhbərləri ilə razılaşdırılır. Əmr iki yerə bölünür:

  1. Şəxsi heyət məsələlərinə dair.

  2. İstehsalat məsələləri üzrə.

Əmrin özünə məxsus yazılış forması vardır. Məsələn, əmrin verilmə yeri, əmrin adı, tarixi, sərlövhəsi, məzmununa aid yazılar və s. əmr sərəncamverici sənəd olduğu üçün mütləq vəzifəli şəxs tərəfindən imzalanır.

Sərəncam hər hansı məsələləri həll etmək üçün, səlahiyyətli vəzifəli şəxs tərəfindən verilən göstərişləri özündə əks etdirən sənəd formasıdır. Bir qayda olaraq sərəncam hadisəyə əsaslanmaqla “buna uyğun olaraq, bununla əlaqədar” sözləri ilə davam etdirilir. Mətn isə əmr formasında tapşırılsın, təklif olunsun , təsdiq olunsun və s. şəklində şərh edilir.

Sirkulyar tabeçilikdə olan müəssisə, təşkilat və ya ayrı-ayrı vəzifəli şəxs tərəfindən hökmən icra ediləcək sənəd formasıdır. Sərəncam və ya göstərişin bu formasından yuxarı idarəetmə orqanları uçot və hesabat sahəsində maliyyə plan fəaliyyətində istifadə edir.

Təlimat - lazımi işlərin yerinə yetirilməsi və ya icrasının müəyyən istehsal vəziyyətində özünü aparmasına dair rəhbər göstərişləridir. Təlimat təkrarlanan idarəetmə sistemi üzrə hazırlanmaqla işdə daimi rəhbərlik üçün uzunmüddətli istifadə edilir.

Protokol - kollegiyal orqanlar (müşavirələr simpoziumlar, seminar, konfrans və s.) tərəfindən müzakirə olunan məsələlərin gedişinin ardıcıl qeyd edildiyi sənəddir. Protokol kollegiyal orqanın kitabı və xüsusi təyin edilmiş şəxs tərəfindən aparılır, sədr və katib tərəfindən imzalanır.

Xidməti məktublar müxtəlif fəaliyyət növü üzrə tərtib edilən sənədlərin ümumiləşdirilmiş adıdır. Onların tələb məktublarına, cavab məktublarına, qoşma məktublarına məlumat məktublarına xülasəyə və bildiriş vərəqələrinə bölmək olar.

Məktubun əsas məntiqi elementlərinə giriş və ya müqəddimə işin məğzinin şərhi, sübut, nəticə və rəydən ibarətdir.



Teleqramlar, telefonoqramlar və radioqramlar (faks) müxtəlif teleqraf şərh üslubu formada şərh edilməsi ilə təcili məlumatların çatdırıldığı sənəddir. Bu üsulla adətən sadə mətnlər çatdırılır.

Məlumat vərəqləri, arayışlar yuxarı idarəetmə orqanlarının və ya vəzifəli şəxsin bu və ya digər hadisə barədə bir və ya qrup məsələlər, faktlar, ezamiyyətin nəticəsi, təqdimatın nəticəsi və təklifləri haqqında məlumat vermək məqsədilə tərtib edilir.

İzahat vərəqləri. Bu və ya digər fakt üzrə müəyyən edilmiş proqram və ya qaydadan kənarlaşmaya səbəb olan fakt fəaliyyət üzrə aydınlaşdırma şərh edilən sənəd formasıdır.

Akt- müəyyən edilmiş fakt və hadisələri təsdiq edən sənəddir. Bir qayda olaraq o bir neçə şəxs (kollegiyal) və ya xüsusi olaraq təyin edilmiş şəxs tərəfindən tərtib edilir.

Rəy – bu və ya digər hadisə, sənəd barədə təşkilatın, komissiyanın və ya mütəxəssisin mülahizəsi barədə sənəddir.

Müqavilə -tərəflərin hər hansı münasibətlərinin müəyyən edilməsi və həmin münasibətləri nizamlayan sənəddir.

Məruzə - müəyyən məsələlərin şərhi, nəticə və təklifləri olan şifahi nitq üçün nəzərdə tutulan sənəd formasıdır.

Bildiriş yığıncaq, müşavirə, konfrans və s. barədə gözlənilən tədbir və onda iştirak etməyi təklif edən sənəd formasıdır.

Xülasə - bu və ya digər fəaliyyət növü üzrə görülən işlər haqqında məlumat məqsədilə tərtib olunan sənəd formasıdır.

Stenoqram-iclas, müşavirə və s. kolegiyal orqanların yığıncaqlarından məruzələrin, mitinqlərin və s. çıxışların stenoqrafiya üsulu ilə tərtib edilmiş sənəddir.
Yüklə 25,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin