Kamran NƏZİRLİ



Yüklə 0,93 Mb.
səhifə1/12
tarix24.05.2018
ölçüsü0,93 Mb.
#51244
  1   2   3   4   5   6   7   8   9   ...   12

İngiliscədən çevirəni

və tərtibçisi:
Kamran Nəzirli

filologiya elmləri namizədi

Məsləhətçi:


Zeydulla Ağayev

filologiya elmləri doktoru, professor

Heç kim heç vaxt ölmür (Tərcümələr toplusu) /Tərc. ed. K.Nəzirli. – Bakı: Mütərcim, 2010, 228 c.
Kitaba dünya ədəbiyyatının klassik və müasir nümayən­də­lərinin bir neçə əsəri daxildir. Burada Azərbaycan oxucusunun yaxşı tanıdığı C.London, C.Qolsuorsi, E.Heminqvey, U.Folkner, O.Uayld, S.Moyem kimi klassiklərlə yanaşı, müasir Nobel mükafatçılarından H.Pinter və Q.Markesin də əsərləri təqdim olunur.

Kitab geniş oxucu kütləsi üçün nəzəzrdə tutulmuşdur. Həmçinin, о, tələbə və müəllimlərimiz, tərcümə mütəxəssislərimiz üçün də fay­dalı ola bilər.


ISBN 978 9952 28 040 1


© K.Nəzirli, 2010
Dünya nəsri nümunələri

Kamran Nəzirlinin tərcüməsində

Kamran Nəzirli müasir orta yaşlı ədəbi nəslin istedadlı nümayəndələrindən biri kimi oxucular tərəfindən daima rəğ­bətlə qarşılanır. O, hərtərəfli və geniş yaradıcılıq diapa­zonuna malik yazıçıdır. Geniş ədəbi ictimaiyyət onu Qarabağ mü­haribəsi mövzusunu, xalqımıza qarşı yönəlmiş kütləvi qır­ğınların, erməni faşistləri tərəfindən dağıdılan və yandırlan el­lərimizin və kəndlərimizin, ürəyinə dağ çəkilən insan­larımızın acı taleyini Azərbaycan və dünya oxucusuna obyektivcəsinə çatdırmağa çalışan müəllif kimi tanıyır. Biz dəfələrlə vurğulayır və ədəbiyyat adamlarımızı qınayırıq ki, onlar Qarabağ hə­qi­qətlərini, kütləvi qırğın səhnələrini, bəşər övladının, Allahın yaratdığı bəndələrin və Azərbaycan deyilən məkanda dünyaya göz açmış insanların xəstə psixologiyaya malik və Yaradanın özü tərəfindən qarğanmış bədniyyət ermənilər tərəfindən təca­vüzünü inandırıcılıq və çevikliklə dünyaya car çəkə bilməmişik. Təbii ki, hər işdə tələbkarlıq, skeptiklik, özünütənqid müsbət nəticələrə gətirir. Amma Kamran Nəzirli və onun kimi onlarla söz adamının bu mövzuda zəhmətinin üstündən xətt çəkmək əda­lətsizlikdir. Onun Azərbaycan və ingilis mətnləri ilə tanış olduğum «Qoca uşaq» hekayəsi xalqımıza qarşı planlı şə­kil­də aparılan soyqırım siyasətini və ədalətsiz müharibəni canlı və olduqca inandırıcı şəkildə əks etdirən nəsr nümunəsidir.

İyirminci əsrdə, Avrasiyanın göbəyində, dün­ya­ya de­mok­­ra­tiya, qloballaşma, gender siyasəti, nüvə silah­larının coğ­rafiyasının genişlənməsi, terrorizm düşərgələrinin art­ması və nə bilim hansı problemləri car çəkən aparıcı dövlətlərin gözü qarşısında bir xalqın öz evinin içərisində 20 ildən artıq davam edən sürgünlük həyatını, buna aparan yolu, Azərbaycan insa­nının kütləvi halda məruz qaldığı mənəvi-psixoloji sarsıntıları görmək və duymaq üçün az iş görülmür. Məgər dünyanın başbilənləri informasiya-kom­mu­nikasiya əsrində kitab oxu­murlarmı? İnternet sayt­la­rın­dakı sənədli, elmi, bədii mate­riallara baxmırlarmı? Peyklərlə bütün qitələrə səsimizi çatdıran radio və televiziyalarımızın Qarabağ harayını və həqiqətini eşit­mirlərmi? Əlbəttə, gö­rür­lər və eşidirlər. Onlar H.Mirələmovun, K.Nəzirlinin, E.Hüseynbəylinin rusca və ingiliscə çap olunmuş hekayə və povestlərini də oxuyurlar... Bu yerdə bir rus məsəlinin hərfi tərcüməsi ya­dı­ma düşür: «Suda boğulanların xilası onların öz əlindədir». Bəli, həm Qarabağ düyününün açılması, həm boşalmaqda olan kəndlərimizin qurtuluşu, orta və ali təhsilimizin ən qabaqcıl texnologiyalar və dəyərlər üzərində qurulması – bütün problemlərimizin həlli öz əlimizdədir. O cümlədən, övladlarımızın dünya söz xəzinəsinin ən gözəl nümunələrini öz dilində oxuması, texniki, elmi və tədris ədə­biyyatlarından şagird və tələbələrimizin qədərincə istifadə etmə­ləri, gə­lə­cək­də ana dilində İnternet resurslarının yaradılması üçün dur­ma­dan çalışmalıyıq. Azərbaycan insanına, ziyalısına, yazıçı və tərcüməçisinə önəm verilməsi, nüfuz sahibi kimi də­yər­lən­diril­məsi milli ruhumuzun və insani duyğularımızın qur­tuluşu üçün olduqca vacib məsələdir. Gəlin açığını deyək ki, bu cəhətlərin inteqrasiyasından, sosial, iqtisadi, mədəni və mənəvi-psixoloji sahələrin bir-birini tamamlamasından və harmonik olaraq həyat tərzimizə hopmasından hələ ki uza­ğıq. Əgər Prezident sərəncamı ilə nəşr olunan 150 cildlik «Dün­ya ədəbiyyatı seriyası»nın ilkin 1000 tirajına bir ildə ölkə üzrə cəmi 500-600 abunə yazılıbsa, bu, iqtisadi çiçəklənmə dövrünü yaşayan ölkə vətəndaşının mənəvi dəyərlər aurasına hələ ki qovuşmadığının göstəricisi deyilmi? Yəni bizlərə “Sevgi nağılı”(1991), “Doğmalar arasında” (1995), “Şeytan işığı”(2004), “Komada olan adam” (2007) və s. bədii nəsr kitablarının müəllifi kimi tanış olan yazıçı-tərcüməçi Kamran Nəzirlinin nəşriyyatın sifarişi ilə tərcümə etdiyi dünya ədəbiyyatı incilərinə adekvat oxucu marağı, tərcüməşünas və ədəbiyyatşünas yanaşmasının necə təzahür olunacağı barədə dumanlı təsəvvürlərə malikəm. Öz təcrübəmdən görürəm ki, bizdə bədii tərcümə kimi ağır yükün altına girmək də, kitabı nəşr etmək də, onun satış, marketinq və təbliği ilə məşğul olmaq da, kitabxanalara və kitab kollektoruna, təhsil müəs­sisələrinə yol tapmasına can yandırmaq da elə və­tənpərvər naşir və tərcüməçinin üzərinə düşür.

Kitaba daxil edilmiş ingilisdilli ədəbiyyat nümunələri – Con Qolsuorsinin «Alma ağacı» romanı, Cek Londonun, Oskar Uayldın, Edqar Ponun, Somerset Moyemin, Qabriel Qarsia Markesin, Uilyam Folknerin və digər müəlliflərin hekayə və povestləri – Azərbaycan oxucusuna və dilimizin özünə böyük töhfədir. Axı bu əsərlərin qəhrəmanları ilk dəfə azərbaycanca düşünür və danışır; orijinaldan tərcümə etmək­lə biz bu müəlliflərə daha yaxın olur, onları asanlıqla anlayırıq.

Kamran Nəzirli öz tərcümə kitabında müəllifləri də müfəssəl şəkildə təqdim edib. İlk dəfə orijinaldan dilimizə


tərcümə etdiyi bu müəllif və əsərlərin seçiminə də öz münasibətini bildirib. Təbii ki, orijinalın dilini mükəmməl bilən, özü də ingilis dili üzrə filoloji elmi dərəcəyə malik tanınmış nasirin dilimizə çevirdiyi əsərlər, onlara məxsus orijinallığın, üslub və poetikanın, obraz və xarakterlərin, realilərin dilimizə necə ustalıqla və hansı prinsiplərlə ötürülməsindən danışmağa lüzüm yoxdur. Qoy oxucu ön sözü və tərcümə əsərlərinin özünü oxumaqla kifa­yətlənməsin; bir vaxtlar rusca, bəlkə də ingiliscə, tanış olduğu müəllifləri öz doğma dilində daha dərindən anlasın və bədii əsərlərin gözəlliyini duysun. Buna görə dostumuz yazıçı-tərcüməçi Kamran Nəzirliyə də «sağ ol!» desin.
Telman Vəlixanlı

filologiya elmləri doktoru, professor



Con Qolsuorsi

(İngilis yazıçısı)

Bəzən ingilislər onu “bizim Lev Tolstoy” adlandırırlar; onu bə­yən­məyənlər də var. Ona sadəcə “sağlam təfəkkürlü is­te­dad” da demək olar. Amma bütün bu dəyər­lən­dir­mələr dünya ədəbiy­ya­tının klassiki titulunu almış Con Qolsuorsinin yaradıcılıq potensialını nə artırır, nə də azaldır. O, təkcə “Forsaytlar sülaləsi haqqında Saqa1” trilogiyası ilə ədəbiyyat tarixində əbədi qalmışdır.

Onun yazıçı dostu və tənqidçisi Cozef Konrad bir dəfə Cona yazır: “...sizin bütöv yaradıсılığınızda bir şey çatışmır: skeptisizm2. Skeptisizm ağlın, həyatın hərəkətverici qüvvəsidir; o, həqiqətə xidmət edir, sənətə gedən yoldur, nəhayət, qurtuluş deməkdir...” Buna baxmayaraq, Con Qolsuorsi öz yolu ilə getdi və öz prinsiplərinə sadiq qaldı. O, öz genişmiqyaslı yaradıcılığı ilə sübut etdi ki, “ağlın hərəkətverici qüvvəsi” və “incə sənətin yolu” böyük sevgi ola bilər, bir də həyat eşqi, başqa heç nə! Böyük yazıçı ölümünə az qalmış çıxışlarının birində deyirdi: “...həyat – möhtəşəm və cazibədar macəradır. Biz bu macəranı görmək üçün yalnız bir dəfə Naməlum stansiyaya qədər bilet alırıq... O yolda nə işlə məşğul oluruq, necə məşğul oluruq, o yol uzun, ya qısa olacaqmı – bunlar bizim xarakterimizin meyillərindən asılıdır... Əgər biz Sirrin üzünə qorxmadan, çə­kin­mədən baxmağı öyrənsək və eyni zamanda Göyün altında olan dünyada Ruhun əbədi hərəkətdə olmasını öyrənə bilsək... onda ömrümüzün hədər getmədiyini anlayarıq...”

Con Qolsuorsi 14 avqust 1867-ci ildə İngiltərənin Surrey qraflığında Kinqston Hill şəhərində anadan olub; o, tanınmış və imkanlı bir ailənin- Con və Blanç Beyley Qolsuorsilərin oğlu idi. Məktəbi, kolleci, daha sonra isə Oksford Universitetini bitirir; o, vəkillik ixtisasına yiyələnir və vəkil kimi 1890-cı ildə işə düzəlir. Lakin hüquqşünaslıq onu cəlb etmir; bu sahədə çox qala bilmir və gəmi ilə səyahətə çıxır, Avstraliyanı, ABŞ-ı, Rusiyanı gəzir, Cənubi Afrikada olur. Səyahətlərinin birində o, Co­zef Konradla tanış olur; Konradla dostluq onun ədəbi dün­ya­görüşündə böyük rol oynayır. Lakin onun ədəbiyyata gəl­mə­sin­də əsas rolu Con Reskin oynadı; Reskinin burjua əxlaq nor­ma­la­rına qarşı romantik etiraz ideyalarının təsiri altında Con ilk he­kayələrini yazdı. İlk nəsr kitabı Con Sincon təxəllüsü ilə 1897-ci ildə çap olundu. Yaradıçılığının ilk təcrübə mərhələsi 1904-cü ildə bitdi və elə həmin il Con bir-birinin dalınca bir ne­­çə roman və dram əsəri yazır ki, onlar da yazıçıya uğur gə­tirir.

Müasirləri Conu bəxti gətirən varlı yazıçı adlandırırdılar; çünki o, imkanlıydı, digər sənət adamları kimi pul və başqa şey­lər sarıdan korluq çəkmirdi. O, azad və rahat şəkildə ürəyi istədiyi işlə məşğul ola bilirdi. Lakin bunu da qeyd edək ki, hər cür sosial rahatlığı Conu hər şeyə xor baxan adam, yaxud zəif yazıçı eləmədi. Əksinə, bu rahatlıq onu ədəbi aləmdə daha güc­lü yazıçı kimi tanıtdırdı; o, həyatın ən incə çalarlarını, zid­diyyətlərini, ailələrin, insanların ölməz xarakterlərini və həyat tərzlərini bədii sözün gücüylə ortaya qoydu və şöhrət qazandı.

1932-ci ildə yazıçıya dünya şöhrəti gətirən Forsaytlar Sülaləsi haqqında Saqa (1922) trilogiyasına görə Nobel mü­ka­fatı verildi və o, bu əsərdə özünün də mənsub olduğu zümrənin – burjuaziyanın əxlaq və psixologiyasını qələmə al­mışdı. Yazıçı özü deyirdi ki, “bu əsər əsasən sahibkarlar dün­ya­sında Gözəlliyə və Azadlığa necə qəsd olunmasından” bəhs edir. Qolsuorsinin ən sevimli yazıçıları Turgenev, Lev Tolstoy və Mopassan olmuşdur.

Con Qolsuorsi yaradıçılığının aparıcı mövzusu sevgi olub. Onun tədqiqatçıları təsdiq edirlər ki, yazıçının məhəb­bətlə bağlı əksər əsərləri real həyatdan götürülmüş faktlar əsasında yazılmışdır, hətta bəziləri bunu yazıçının şəxsi sevgi macəraları ilə də əlaqələndirirlər. Lakin həqiqətdə isə Conun yeganə həyat yoldaşı Ada Nemesis olmuşdur. Con 1895-ci ildə əmisi oğlu Artur Qolsuorsinin arvadı Ada Nemesis ilə sevgi macərası yaşasa da o dövrün sərt qanunlarına görə onlar uzun müddət (təxminən on il) evlənə bilmirlər. Yalnız ailənin başçısı qoca Con (Qolsuorsinin atası) öldükdən sonra Ada öz ərindən ayrılıb Cona ərə gəlir. Onlar 1933-cü ilə kimi, Con Qolsuorsinin ölümünə qədər bir yerdə yaşayırlar. Ada ilə evlilik həyatı yaradıcılıq baxımından da uğurlu oldu. Ada gözəl musiqiçi idi, royalda çala bilirdi. Təsadüfi deyil ki, Conun əksər əsərlərində, o cümlədən, sizə təqdim etdiyim “Alma ağa­cı” (THE APPLE TREE, 1916) romanında musiqiylə bağlı səhnələr var. Ada görkəmli müsiqişünas kimi London səhnə­lərində Conun bir çox əsərlərinə musiqi yazmışdır. Con Qolsuorsi “Forsaytlar haqqında Saqa” («The Forsyte Saga») məşhur əsərini də sevimli arvadına həsr etmişdir.

Adətən səhərlər yazmağa üstünlük verən Con Qolsuorsi çox məhsuldar olmuşdur: o, 20 roman, 27 pyes, 3 şeirlər top­lusu, 173 novella, 5 esselər toplusu, 700-dən çox məktub, çoxlu oçerk və resenziya müəllifidir.

Yazıçının “Alma ağacı” (THE APPLE TREE, 1916) ro­ma­nı Azərbaycan dilində ilk dəfə çap olunur.

Alma ağacı

(roman)

Alma ağacının çiçəkləri və baharın zəri...”

Evripidin“İppolit” pyesindən bir misra

(Qilbert Mürreyin tərçüməsi)3

“Gümüş toy”larını qeyd etmək üçün Əşürstlə arvadı Torqveyə getdilər; onlar bir-birlərinə ilk dəfə burda rast gəl­miş­di­lər. Maşın xırda süpürgə kolları boyunca uzanan yolla şü­tü­yür­dü. Ər-arvad evlənmələrinin iyirmi beş illiyini qeyd etməli və burda da gecələməliydi. Bu fikir bir qədər sentimentallığa me­yilli olan Stella Əşürstə məxsus idi; mavi gözlü bu qadın zərif baxışlarını, alma ağacı çiçəklərinin rəngini xatırladan o təravətli dodaq boyasını, ciddi və qamətli bədən quruluşunu çoxdan itirmişdi; bir zamanlar, düz iyirmi altı il bundan qabaq onun qaməti, boyu-buxunu, görünüşü, təbəssümü Əşürstü dəli etmişdi və oğlan qıza beləcə vurulmuşdu. Qadının qırx üç yaşı vardı, lakin o, hələ cazibə qüvvəsini saxlaya bilmişdi; çəhrayı rəngə azca boyanmış işıldayan yanaqlarıyla, dərin düşüncəli boz-mavi gözləriylə hələ istəkli qadın olmaq iqtidarında idi.

Maşını Stella sürürdü; döngəyə çatanda o, maşını əylədi; şosse sol tərəfə əyri-üyrü yollarla burulurdu; ətrafda meşə zolaqları boyu tökülən yarpaqlar və kolluqlar arasından adda-budda şam ağacları qaralırdı; ağaclar dərəyə, hündür təpəliklərin ayaqları altına qədər uzanırdı; təpəliklərin arxasını isə süpürgə kolları basmışdı, bundan sonra çöl-biyaban gəlirdi. Stella səhər yeməyi üçün münasib yer axtarırdı. Əşürst ömründə heç vaxt belə şeylərin qeydinə qalmazdı. İlıq aprel günəşi altında xumarlanan bu yerlərdən - qızıl yemişan kolları və yaşıl, yumşaq yarpaqlar basmış bu yerlərdən limon qoxusu gəlirdi; burdan dərənin geniş mənzərəsini, sıra ilə düzülmüş təpələri görmək olurdu. Belə yerlər Stellanın xoşuna gəlirdi; o, adətən belə romantik guşələrdə sulu boya ilə naturadan etüdlər çəkərdi. Qadın fırça-boyasını götürüb avtomobildən düşəndə dedi:.



  • Bura yaxşıdı, Frənk, nə deyirsən?

Şillerə oxşayan, boz sallaq saqqallı, düşüncəli, irigözlü - bu boz gözlər hərdən xüsusilə ifadəli və demək olar ki, gözəl görünürdü- hündürboylu, uzun ayaqlı Əşürst nahar səbətini götürüb maşından düşdü. Bu qırx səkkiz yaşlı qaradinməz kişinin qeyri-mütənasib burnu vardı, yan-yörəsini tük-saqqal basmış dodaqları azca aralanmışdı.

  • Frənk, bir ora bax! O məzarı görürsən?

Cığırla şosenin kəsişdiyi yol ayrıcındakı tində, köhnə bir hasarın o üzündə, xırda meşəciyin lap ağzında uzunluğu təxminən altı fut, eni bir fut olan təpəcik görünürdü; üstünə mamır bağlamış daşlar düzülmüşdü. Kimsə daşların üstünə it­bur­nu və bir dəstə göy zəngçiçəyi qoymuşdu. Əşürst məzara baxdı və birdən elə bil onun qəlbinin sarı siminə toxundular; yol ayrıcında qəbir... özünə qəsd etmiş bir adamın qəbri! Ölümə məhkum edilmiş bədbəxt insanlar! Onlar necə də mövhumat əsiridirlər! Bax, burda yatan, basdırılan adam üçün bura necə də rahatdır; ətrafında yöndəmsiz və yaramaz heykəllər, üstündə həkk olunmuş boş-boş sözlər yoxdur! Sadəcə adi daş var üstündə; bir də geniş səma və burdan ötən adamların mərhəmətli duaları...

Əşürst qarışıq düşüncələr içində heç bir cavab vermədən geriyə, şoseyə qayıtdı; ümumiyyətlə, onun ailəsində filosofluq edən adam olmamışdı, buna görə də belə şeylərə əlavə izahata-filana ehtiyac duymadı, içində səhər yeməyi olan səbəti alçaq daş çəpərin dibinə qoydu; arvadı üçün yerə ədyal saldı. Qadın ac olan kimi çəkdiyi eskizləriylə birgə qayıtmalıydı. Əşürst cibindən Mürreyin tərcümə etdiyi “İppolit” kitabçasını çıxartdı; “Kiprli” haqqında, onun dəhşətli intiqamı barədə oxudu, sonra gözlərini düşüncəli tərzdə səmaya zillədi. Və bu gün, onun gümüş toy günü göydə qaçan ağ buludların təmiz mavi rəngə çalması ona birdən-birə pərişanlıq gətirdi; o, heç özü də bilmədi ki, nəyin xiffətini çəkir.

İnsan həyatdan doymur! Həyat nə qədər dolğun və mənalı olsa da, həmişə kişinin içində bir doymazlıq qalır; ötən günlərə qarşı hansısa təhtəlşüur bir hərislik və tamahkarlıq hiss edirsən! Ötən günü qaytarmaq, ya da tutub saxlamaq istəyirsən! Ümumiyyətlə, hər zaman yeni-yeni macəralar sevən, yeni arzu və ehtiraslarla coşub-daşan kişilər əks cins tərəfindən heç vaxt tam təmin olunmurlar; yaxud əks cinsdən tam doymurlar. Şübhəsiz, belə hisslərlə yaşamaq onlara hər zaman əziyyət verir. Görəsən belə hisslər qadınlarda baş qaldırırmı? Kim bilir? Amma bundan qaçmaq mümkün deyil! Hər halda, hansı yaxşıdır – heyvanın həyat tərzi, yoxsa sivil insan həyatı? Onun üçün gözəl bir bağda müqəddəs rahatlıq və təskinlik tapmaq yoxdu daha; bu bağda qədim yunan nəğməsi “İppolit”də deyildiyi kimi “alma ağacının çiçəkləri və baharın zəri” vardı. Həyatda gözəlliklə rəqabət apara biləcək heç nə yoxdur; əlçatan müqəddəslik və rahatlıq, xoşbəxtliyin sakit limanı yoxdur; deyin görüm, sənət əsərinin əsiri olan gözəlliklə rəqabətə girə bilən bir şey varmı? Əbədi və dəyişməz gözəllik! Onun haq­qın­da oxuyursansa, ona baxırsansa, heç nə ilə müqayisə edilməyən heyrət və bəxtəvər məstlik yaşayırsan! Doğrudur, həyatda gözləmədiyin məstedici gözəlliyin parıltıları da olur; lakin onlar günəşin üzünü ani olaraq örtən, sonra da sürüşüb gedən buludlardan da tez yox olur; onları saxlamaq mümkün deyil; onları yüksək sənət əsərinin yaratdığı gözəllik kimi əbədi sax­lamaq olmur. Onlar insanın ruhi dünyasına girmiş və onun əzəli şüurunda üzə çıxan qızıl parıltısına bənzəyən xəyalat kimi yox olur; və bu gün birdən-birə, günəşin istisi onun üz-gözünü ya­la­yarkən yemişan kolluqlarından ququ quşlarının harayı eşi­dildi; təzəcə göyərən ayıdöşəyi kolluğundan və çaqqal gavalısı ağa­cının üstündən bal qoxulu hava dalğalandı. Hündür təpəliklərin və yuxulu dərələrin üzərindən isə ağımtıl buludlar ötürdü. Əşürstə elə gəldi ki, o, bax, bu saat təbiəti tam dərk etməyə yaxındı. Lakin ona gün kimi aydın idi ki, bu duyğu da ötəridi; qayaların arxasından boylanan və insan görəndə qeyb olan çöllər və dərələr Allahı kimi...

Əşürst qəflətən yerində dirsəkləndi; bütün bu mənzərələr müstəsna dərəcədə ona tanış gəldi; uzun yol zolaqları, söy­kən­diyi köhnə daş hasar, dar çığır... maşınla gələndə heç bunlara fikir verməmişdi. O, öz aləmindəydi axı – başqa şeylər barədə düşünürdü – daha doğrusu, o, heç nə barədə düşünmürdü. Am­ma indi... indi o, bunları gördü; gördü və xatırladı: düz iyirmi altı il bundan qabaq, elə təxminən bu vaxtlar idi, o, elə bax bu yolla fermadan çıxıb getmişdi; hə, hə, yadına düşdü; o, həmin gün bu yolla Torqveyə gəldi və bir daha ora, fermaya qayıtmadı; ferma bax orda, yarım mil aralıdadır.



Ürəyində qəfil bir ağrı hiss etdi; yadına həyatının həmin ötən çağları düşdü; bu, həmin anlar idi ki, o, əsl gözəlliyi və sevinci əlində tutub saxlaya bilmədi; o gözəllik və bəxtiyarlıq sovuşub naməlum bir yerə getdi. Və qəflətən Əşürstün içində vaxtsız, gözlənilmədən ölən şirin, unudulmaz dəli xöşbəxt an­ları barədə xatirələr oyandı. Əşürst çəmənliyə uzanıb əllərini ba­­şının altında çarpazladı; cavan gövdəciklərin arasından boy­la­nan xırda, mavi bir tumurcuğa baxmağa başladı...
1.

Dil açan xatirələr
May ayının birində kollecin sonuncu kursunu bitirən Frənk Əşürst və tələbə dostu Robert Qarton piyada səyahətə çıxdı; onlar uzun yol qət etdilər, xeyli gəzib dolaşdılar və həmin gün Brentdən keçib Çaqforda çatmaq istədilər; lakin Əşürstün dizi futbol oynayanda əzilmişdi və bu da yolda onu incitməyə başladı. Gənclərin əlindəki xəritəyə görə mənzil başına çatmaq üçün hələ yeddi mil yol qət etməliydilər. Onlar yolun qırağında, meşəyə gedən çığırın başında dincəlmək üçün oturdular; adətən gənclər arasında gedən söhbətlər etdilər, dünyanın işlərindən danışmağa başladılar. Hər iki cavan arıq və boy-buxunlu idi, boyları bəlkə də altı futdan çox olardı. Əşürst ağbəniz, xə­yal­pərvər, dalğın bir cavan idi; Qarton dəliqanlı, coşqun, qıvrımsaç və əzələli bir oğlan idi, elə bil anadan vəhşi doğulmuşdu. Hər ikisi ədəbiyyatla maraqlanırdı. Hər ikisi papaqsız gəzirdi. Əşürstün açıq, yumşaq və dalğavari saçları alnına tökülmüşdü, elə bil kimsə onları əli ilə həmişə arxaya atırdı. Qartonun tünd, sözəbaxmayan qıvrım saçları isə hörüyə bənzəyirdi. Ətrafda ins-cins gözə dəymirdi. Qarton dedi:

  • Əzizim, mərhəmət və rəhmdillik sadəcə özünə qapıl­ma­ğın nəticəsidir. Bu, son beş min ilin xəstəliyidir. Dünya mərhəmət hissini bilməmişdən qabaq daha çox xoşbəxt idi.

Əşürst səmadakı buludları dalğın-dalğın seyr edərək cavab verdi:

  • Hər halda mərhəmət və şəfqət hissi bəşəriyyətin mir­va­risidir.

  • Yox, əziz dost, bizim bütün müasir bədbəxtliklərimizin sə­bəbi elə mərhəmət hissindən doğur. Götürək, məsələn, hey­vanları, yaxud qırmızıdərili hinduları; onları yalnız öz dərdləri maraqlandırır. Amma biz daim özgənin dərdi ilə yaşayırıq. Özgə dərdləri bizə əzab verir. Daha bəsdir, gəl onun-bunun dərdini çəkməyək, ona-buna yazığımız gəlməsin. Gör onda necə xoşbəxt olarıq!

  • Sən belə hisslərdən məhrumsan!

Qarton düşüncəli halda qalın saçlarını qarışdırdı.

  • Həyatı olduğu kimi dərk etmək istəyən adam gərək çox da vasvası olmasın; öz emosional “mən”ini yorub əldən salmaq səhvdir. Hər hansı bir emosiya həyatı yalnız zənginləşdirir.

  • Düzdü, amma əgər o, sənin şərəf və ləyaqətinə ziddirsə, onda necə?

  • Ahh! Əsl ingilis xarakteri! Elə ki, emosiyadan, his­s­lər­dən danışırsan, ingilislər dərhal düşünürlər ki, sən fiziki his­siy­yat barədə danışırsan! Və bu da onlara dəhşətli dərəcədə to­xunur! Onlar şəhvətdən yox, ehtiraslardan qorxurlar. İngilislər üçün hər şey gizli qalsa yaxşıdır!

Əşürst heç nə demədi; o, xırda, mavi bir çiçək qırdı və onu səma ilə müqayisə etməyə çalışdı. Ququ quşu qalın yaşıl bu­daqlar arasından quqquldamağa başladı; səma, çiçəklər, quşların səsi!.. Robert lap mənasız söz danışır. Əşürst dedi:

  • Gedək görək buralarda fermadan-zaddan tapa bilirikmi? Gecəni orda yatarıq..

Elə bu vaxt o, çığırla onlara sarı gələn bir qız gördü; bu qız sanki mavi göylərdən düşmüşdü; bir əlində səbət vardı; qızın qatdanmış qolunun arasından səmanın bir parçası görünürdü. Əşürst qeyri-ixtiyari, məqsədsiz-filansız bu gözəlliyə heyran oldu və dərhal düşündü: ”Necə füsunkar qızdır!”. Külək qızın ayaqlarını örtən tünd yun yubkasını və göy beretini yellədirdi. Qızın boz rəngli köynəyi nimdaş idi, ayaqqabıları cırılmışdı; xırda, kobud əlləri qızarmışdı; sinəsi möhkəm yanmışdı; əsmər sacları uzun alnına səliqəsiz tökülmüşdü; çənəsi yumruydu, üst dodaqları azca aralanmışdı, ağappağ dişlərini görmək olurdu. Bu gözəlin qara qalın kiprikləri vardı; nazik qaşları isə dümdüz burnu ilə demək olar ki, həmahəng idi. Lakin əsl möcüzə onun nəmli, məsum boz gözləriydi; qız elə bil ilk dəfə gözlərini dünyaya bu gün açmışdı. Qız Əşürstə baxdı; görünür, saçlarını dala atan bu qəribə axsayan, şlyapasız oğlan onu bir qədər təəccübləndirdi; oğlan iri gözlərini qıza zillədi; salamlaşmaq əlaməti kimi sadəcə əlini yuxarı qaldırıb dedi:

  • Bu yaxında fermadan-zaddan bir yer tanımırsız? Biz orda gecələmək istəyirik. Ayağım bərk ağrıyır...

  • Ser, bu yaxında yalnız bizim ferma var, – qız karıx­ma­dan zərif və məlahətli gur səsiylə cavab verdi.

  • Hardadı?

  • Bax orda, bir az aralıda, ser.

  • Bizi bir gecəlik saxlaya bilərsinizmi?

  • Əlbəttə, məncə, mümkündür...

  • Yolu gösərərsiniz?

  • Bəli, ser.

Əşürst axsaya-axsaya dinməzcə qızın dalınca yeridi, Qar­ton isə sual-cavabı davam etdirirdi.

  • Siz Devonşirdənsiz?

  • Yox, ser.

  • Bəs haradansınız?

  • Uelsdənəm.

  • Hə, belə de. Mən də sizin Kelt olduğunuzu dərhal hiss etdim... Deməli, bu, sizin fermanız deyil, eləmi?

  • Yox, ser, o mənim xalamındır.

  • Yəqin ki, həm də dayınızındır?

  • Yox, o, ölüb.

  • Bəs indi fermaya kim baxır?

  • Xalam və üç xalam oğlu.

  • Amma dayınız Devonşirli olub, eləmi?

  • Elədir, ser.

  • Sis burda çoxdan yaşayırsız?

  • Yeddi il olar.

  • Bura yaxşıdı, yoxsa Uels?

  • Bilmirəm, ser.

  • Məncə, oralar sizin yadınızdan çıxıb!

  • Həəə... Amma orda nəsə başqa cürdür...

  • İnanıram.

Birdən Əşürst soruşdu:

  • Neçə yaşınız var?

  • On yeddi, ser.

  • Bəs adınız nədir?

  • Meqan Devid!

  • Bu Robert Qartondur, mənsə Frənk Əşürst. Biz Çaq­for­da getmək istəyirik.

  • Heyif ki ayağınız ağrayır, çox təəssüf!

Əşürst gülümsədi; o, gülümsəyəndə sifəti daha gözəl olur­du.

Xırda meşəlikdən bir qədər aralıda ferma göründü; ferma enli pəncərələri və geniş həyəti olan uzun, alçaq daş binadan ibarət idi; həyətdə toyuq-cücə, donuzlar və yaşlı bir madyan da vardı. Evin dalında, çox da iri olmayan təpəliyin arxasından nadir şotland küknarları görünürdü. Təzəcə çiçəkləməyə baş­layan alma ağacları ilə dolu köhnə meyvə bağı düz çay qırağına qədər gedir və oradan da istifadəsiz geniş otlaqlara doğru uzanırdı. Qara çəpgözlü balaca bir oğlan uşağı donuz otarırdı. Həyətdən qonaqları qarşılamaq üçün bir qadın çıxdı. Qız dedi:

- Bu, Missis Narrakombedir, mənim xalam...

Xalanın qara iti gözləri vardı və qəribə də olsa, qadının uzun boynu onu çöl ördəyinə bənzədirdi.

- Biz bacınız qızıyla yolda rastlaşdıq, - deyə Əşürst qadına müraciət etdi. – O dedi ki, ola bilsin, bizə bir gecəlik yer verdiniz...

Missis Narrakombe gəncləri başdan ayağa süzdü, sonra dedi:



  • Mümkündü... Bir otaq sizi qane edərmi?... Meqan, o qonaq otağını hazırla, qaymaq bardağını da çıxart. Yəqin sizə çay da lazım olacaq...

Meqan qırağında iki həmişəyaşıl qaraçöhrə ağacı və çi­çək­ləyən qarağat kolları olan artırmayla evə sarı yüyürdü. Qı­zın yel­lənən göy bereti çəhrayı rəngli güllər arasında tünd yaşıl rən­gə çalırdı.

  • Gəlin evə, dincəlin,- deyə ev sahibəsi gəncləri içəri də­vət etdi. – Siz yəqin kollec tələbələrisiz?

  • Bəli, kollecdə oxuyurduq; indi məzunuq...

Missis Narrakombe çoxbilmiş adamlar kimi başını tər­pət­di.

Başdakı otaq qeyri-adi dərəcədə tərtəmiz idi; kərpic dö­şəmə, üstü boş olan mizin ətrafında pardaxlanmış stullar, möh­kəm, iri bir divan... bunlar elə parıldayırdı ki, deyirdin bəs, bur­da heç vaxt heç kəs olmayıb. Əşürst dərhal divanda əyləşdi, ağ­rı­yan dizini əlləri arasına aldı. Missis Narrakombe onu diqqətlə müşahidə etməyə başladı. Əşürst sadə kimya müəlliminin ye­ga­nə oğluydu; lakin kənardan baxana elə gəlirdi ki, o, təkəbbürlü və qaradinməzdir; yəqin bu, ona görəydi ki, Əşürst adamlara az diqqət yetirirdi.



  • Burda çimməyə yer varmı?

  • Var. Bizim bağın arxa tərəfində xırda bir nohur var... Dayazdı, çimmək olar...

  • Dərinliyi nə qədərdi ki?

  • Olar da, biryarım fut, təxminən...

  • Əladı ki... Kifayət edər... Bəs yol hayandandır?

  • Elə düz yolla gedin, ikinci qapıdan çıxarsız, sağ tərəfdə. Elə düz nohurun yanında iri bir alma ağacı da var, görəcəksiz; nohurda xırda farel balıqları da olur; onları hürküdərsiz ha...

  • Bəlkə elə biz özümüz qorxduq onlardan...

Missis Narrakombe gülümsədi və:

  • Siz qayıdanacan çay da hazır olar,-dedi.

Qaya daşlarından düzəldilmiş nohurun dibi əntiqə qum­sal­lıq idi. İri alma ağacı lap nohurun böyründəydi, budaqları de­mək olar ki, suya dəyirdi. Alma ağacı yarpaqlamışdı; çiçək­lə­mə­yinə də lap az qalmışdı; artıq ağacın üstündə çəhrayı tu­mur­cuq­lar da görünürdü. Dar nohur bir nəfərlik idi; Əşürst öz növ­bəsini gözləməli oldu. O, otlara, daşlara baxa-baxa dizlərini ovxaladı; hər tərəfdə çöl gülləri, çaqqal gavalısı bitmişdi. Bir qədər aralıda, çox da hündür olmayan təpəlikdə fıstıq meşəliyi görünürdü. Xəfif külək ağacların budaqlarını tərpədir, günəş şüaları otların üstünü qızıla çaldırırdı; yaz quşlarının civiltisi alə­mi başına götürmüşdü. Əşürst Feokriti düşündü, Çervell çayını yadına saldı, ay haqqında, birdə məsum gözlü qız barədə dü­şündü; o gözlər şeh kimiydi. Frənk Əşürstün beyni dü­şün­cə­lər­lə dolmuşdu; və ona elə gəldi ki, artıq heç nə barədə fikir­ləşmir; o, sadəcə dəli və məstedici xoşbəxtliyə düçar olub...

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin