MİNGƏÇEVİR BƏLƏDİYYƏSİNİN
2016-CI İLDƏKİ FƏALİYYƏTİ BARƏDƏ HESABATI
GİRİŞ
2016-cı ildə dünyada və ölkədə baş vermiş ictimai proseslər,yaranmış iqtisadi vəziyyətlər ölkə iqtisadiyyatına olduğu kimi, bələdiyyələrin fəaliyyətinə də təsirsiz ötüşməyib. Lakin həyata keçirilən islahatlar, cənab Prezidentin rəhbərliyi və tapşırığı ilə aparılan iqtisadi-sosial siyasət nəticəsində respublikamız qlobal böhranlardan nisbətən yan keçə bilib. Çətinliklərə baxmayaraq, yerli əhəmiyyətli sosial, iqtisadi inkişaf, ekoloji proqramların həyata keçirilməsində bələdiyyələrin fəaliyyətinə dövlət dəstəyinin göstərilməsi bu qurumun inkişafına təkan verir.
Mingəçevir bələdiyyəsi fəaliyyətində bələdiyyələr haqqında qəbul olunmuş Qanunları, sərəncam və fərmanları, tövsiyyə və təlimatları əsas tutaraq, işini seçicilərin arzu və istəklərinə müvafiq müəyyənləşdirərək, bələdiyyə iclaslarının qərarlarına uyğun qurur və həyata keçirir.
«Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə müvafiq olaraq, 2016-c il ərzində bələdiyyə tərəfindən görülmüş işlər barədə illik hesabat ictimaiyyətə təqdim edilir.
BƏLƏDİYYƏ İCLASLARI
2016-cı ildə bələdiyyənin 15 iclası olub. İclasların gündəliyinə 90 məsələ daxil edilib və müvafiq qərarlar qəbul olunub. Gündəliyə daxil edilmiş məsələlərdən 28-i icarəyə və mülkiyyətə torpaq sahələrinin verilməsi ilə, 17-si şəhərdə aparılan tikinti-abadlıq işlərinə, məhəllələrdə görülən işlərə və bir sıra tədbirlərin keçirilməsinə maliyyə vəsaitlərinin ayrılması ilə, 17-si maddi yardımlarla, 28-si təşkilati və digər məsələlərlə bağlı olub. Bundan başqa, iclaslarda sakinləri narahat edən bir sıra cari məsələlər müzakirə edilib, komissiyaların rəy və təklifləri, arayışları dinlənilib.
VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİ
Ötən il bələdiyyəyə vətəndaşlardan 1190 ədəd ərizə və məktub daxil olub. 210 nəfər maddi yardımla, 108 nəfər sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsi ayrılması ilə, 152 nəfər fərdi mənzil tikinitisi üçün torpaq sahəsi almaqla, 11 nəfər tikinti və təmir işləri ilə bağlı müraciət edib. 709 müraciət arayış və məlumatlarla əlaqədar olub. Müraciət edən şəxslərdən 18-i şəhid ailəsi, 14-ü Qarabağ maharibəsi əlili, 6-sı köçkün, 8-i əlil, 4-ü ehtiyatda olan zabit, 10-u tənha qocadır.
Maddi yardımla bağlı müraciətlərin əksəriyyəti müsbət həll olunub. Belə ki, 50 nəfərə pul və material yardımı, digərlərinə isə ərzaq yardımı verilib. Sahibkarlıq fəaliyyəti ilə bağlı müraciətlərdən 63-nə mövsümi ictimai-iaşə ilə məşğul olmağa icazə verilib.
106 nəfərə fərdi mənzil tikintisi üçün torpaq sahəsi ayrılıb. Digər müraciətlərə qanunvericiliyin tələblərinə uyğun əsaslandırılmış cavablar göndərilib. Sorğu, məlumat, arayış xarakterli müraciətlər araşdırılaraq, vətəndaşlara yazılı cavablar verilib.
İl ərzində bələdiyyəyə rəsmi orqanlardan 703 ədəd sənəd və məktub daxil olub ki, bunlardan 41-i şəhər İcra Hakimiyyətindən, 5-i Milli Məclisdən, 30-u Mərkəzi İcra Hakimiyyətlərindən, 627-si isə idarə və təşkilatlardan göndərilib. Sənəd və məktublara müvafiq qanunvericiliyin tələblərinə uyğun baxılaraq, cavablar yazılıb. Tövsiyyə, təlimati xarakterli və qanun və qərarlardan çıxarışlar olan sənədlər fəaliyyət üçün komissiya və şöbələrə verilib.
Hesabat dövründə bələdiyyə sədri tərəfindən 1921 nəfəri fərdi şəkildə qəbul edilib. Qəbulda səsləndirilən müraciətlərin əksəriyyəti komissiyalar tərəfindən araşdırılaraq, həllini tapıb.
Həmçinin bələdiyyədə 1613 nəfər hərbçinin məzuniyyətə gəlmə-getmə qeydiyyatı aparılıb.
BƏLƏDİYYƏ BÜDCƏSİ
Gəlirlər
2016-cı ildə bələdiyyə büdcəsinin gəlirləri 415.853 manat olub. Gəlirlər aşağıdakı mənbələrdən formalaşıb:
-fiziki şəxslərdən torpaq vergisi 14224 manat (2015-ci ildəkindən 2 dəfə çox);
-fiziki şəxslərdən əmlak vergisi 14711 manat (27%çox);
-yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi 13150 manat (45%az);
-bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə (divar) reklamının yerləşdirilməsi üçün ödəniş 4524 manat (7 dəfə çox);
-bələdiyyə tərəfindən xüsusi ayrılmış torpaq sahələrində mövsümi ictimai-iaşə və digər xidmətlərə görə ödəniş 3949 manat (6% çox);
-bələdiyyə ərazisində mehmanxana və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş 2218 manat (46% çox);
-bələdiyyə ərazisində nəqliyyat vasitələrinin dayanacaqları üçün ödəniş 3035 manat (30% çox);
-icarəyə verilmiş torpaq sahələrindən ödənilən icarə haqqı 119700 manat (1,1 % çox);
-bələdiyyənin digər fəaliyyətindən daxil olan gəlir 15989 manat (11% az) olub.
Bunlardan əlavə, dövlət büdcəsindən Mingəçevir bələdiyyəsinə ötən il 170.000 manat dotasiya ayrılıb.
Göründüyü kimi, iqtisadi çətinliklərə baxmayaraq, 2016-cı ildə bələdiyyə büdcəsinin gəlirlərində 2015-cı illə müqayisədə 19% artım olub. Bu, bizim fəaliyyətimizin müsbət göstəricisidir.
Xərclər
Hesabat dövründə bələdiyyənin xərcləri ümumilikdə 416475 manat olub. Xərclərin istiqaməti aşağıdakı kimidir:
-əmək haqqı və onunla bağlı sair xərclərə 121358 manat;
-Dövlət Sosial Müdafiə Fonduna ödənişə 32419 manat;
-abadlaşdırma xidmətləri haqqına 144332 manat;
-sosial-mədəni və məişət təyinatlı obyektlərin təmirinə 10240 manat;
-yaşayış massivlərində ara yolların cari təmirinə 28190 manat;
-vətəndaşlara maddi yardımların verilməsinə və dəfn-yas mərasimlərinin təşkilinə 11.680 manat;
-nəqliyyat xidmətlərinə 6346 manat;
-mədəni-kütləvi tədbirlərin keçirilməsinə 4238 manat;
-mətbuata abunə xərclərinə 4474 manat;
-dəftərxana ləvazimatları və cari təsərrüfat məqsədləri üçün mal və materialların alınmasına 2433 manat;
-kommunal və digər (elektrik enerjisi, su-kanalizasiya, qaz, rabitə) xidmətlərə 2755 manat;
-ezamiyyə xərclərinə 1960 manat;
-inventar və avadanlığın alınmasına 235 manat;
-bankın xidmət haqqına 1307 manat;
-sair cari xərclərə (bələdiyyələrin Milli Assosiasiyasına üzvlük haqqı, arxiv idarəsinə ödəniş həmkarlar ittifaqına üzvlük haqları, audit yoxlanması xərcləri, torpağın mülkiyyət sənədlərinin rüsum xərcləri, işçilərin gəlir vergisi, silahlı qüvvələrə yardım fonduna ödəmə, mülki-müdafiə xərcləri, qeyri-yaşayış sahələri barədə çıxarışların alınması, komputer-internet xərcləri, səhv düşmüş vəsaitin qaytarılması və s) 44.311 manat vəsait xərclənib.
Qeyd edək ki, əməyin illik ödəniş fondu ümumi xərclərin 37%-in təşkil edib.
GÖRÜLMÜŞ İŞLƏR
Abadlıq-təmir işləri
Hər il olduğu kimi, 2016-cı ildə də bələdiyyə ərazisindəki park, bağ, küçə və yolların təmirinə, abadlaşdırılmasına müəyyən məbləğdə vəsait sərf olunub. Sahil parkında, S.Vurğun adına parkda, H.Əliyev prospektindəki fəvvarədə, Gənclər parkında abadlıq-təmir işlərinə, oturacaqların qoyulmasına 144.332 manat xərclənib. Bütün bu işlər, xüsusən Sahil parkının genişləndirilməsi, orada abadlıq-tikinti işlərinin aparılması, yeni yaşıllıq zolaqlarının salınması sakinlər tərəfindən yüksək qiymətləndirilib.
Sakinlərin müraciətləri əsasında, yolların cari təmiri də diqqət mərkəzində olub. Azərbaycan İES-də yeni salınacaq yaşayış massivinin, «Vaqonlar» adlanan yaşayış massivinin, «Günəşli» bağ massivinin ara yollarında 28.190 manat dəyərində təmir işləri aparılıb: yollar hamarlanıb, qum-çınqıl məhlulu tökülüb.
Məhəllələrdə görülmüş işlər
2016-cı ildə də məhəllə komitələri ilə sıx əlaqələrimiz olub. Məhəllə komitələrinin yığıncaqlarında,tədbirlərində bələdiyyə üzvləri fəal iştirak edib. Çoxmənzilli binaların idarə olunması ilə bağlı 10 məhəllədə maarifləndirmə işləri aparılıb.
Məhəllə komitələrinin müraciətləri əsasında 6 ünvanda (Ş.İ.Xətai küçəsi ev 6a, N.Nərimanov prospekti, ev 40, A.Məmmədov küçəsi, ev 7a və 15, M.F.Axundzadə küçəsi, ev 13, H.Əliyev prospekti, ev 76/1) sosial—mədəni təyinatlı obyektlərin (xeyir-şər mağarlarının) təmiri üçün tikinti materiallarının alınmasına 8670 manat vəsait xərclənib.
«Tərəvəzçilik sovxozu» məhəllə komitəsinin ərazisində tikinti-təmir işlərinə 1570 manat sərf olunub. Bələdiyyənin aldığı tikinti materiallarının işlədilməsi sakinlərin vəsaiti hesabına aparılıb. Qeyd edək ki, məhəllə komitələrinin üzvləri həmin ünvanlarda yaşayan sakinlərdən əmlak vergisinin toplanmasına köməklik göstərmiş, nəticədə bələdiyyə büdcəsinə 2890 manat vergi köçürülmüşdür.
Maddi yardımlar
2016-cı ildə də bələdiyyə imkansız və kimsəsiz ailələri, imtiyazlı şəxsləri unutmayıb.
Vətəndaşların, məhəllə komitələrinin müraciətləri əsasında yardıma ehtiyacı olanların siyahısı tutularaq, onlara müxtəlif şəkildə (pul, tikinti materialı, ərzaq bağlaması, yas-dəfn mərasimlərinə maddi və mənəvi kömək vermək şəklində) yardımlar göstərilib. Novruz və Yeni il bayramları münasibəti ilə 600 imkansız ailəyə (hər dəfə 300 ailə olmaqla) ərzaq bağlamaları paylanıb. Bu məqsəd üçün bələdiyyə büdcəsindən 8000 manat vəsait xərclənib. Qurban bayramında qurbanlıq heyvan kəsilərək, 140 nəfərə (əmək və müharibə veteranları, Əfqanıstan müharibəsi veteranları, lal-karlar cəmiyyətinin üzvləri və bələdiyyə qulluqçularına) paylanıb. Bunun üçün bələdiyyə büdcəsindən 770 manat ayrılıb. 40 nəfər imtiyazlı kateqoriyaya aid şəxsə müxtəlif məbləğlərdə-ümumilikdə 1500 manat pul yardımı edilib, 4 nəfərə 1170 manat dəyərində tikinti materialları alınaraq verilib. (Onlardan birinin evi yanmış imkansız ailə, digərləri isə Qarabağ müharibəsi əlili və veteranıdır.)
Ötən il 5 ailəyə dəfn və yas mərasimlərinin keçirilməsinə kömək məqsədi ilə 360 manat yardım göstərilib.
Hesabat dövründə Mingəçevir bələdiyəsi Qeyri-Hökümət təşkilatları və Kütləvi İnformasiya Vasitələri ilə əməkdaşlığı davam etdirib. Belə ki, Qarabağ Qaziləri İctimai birliyinin ofisinin təmirinə kömək göstərilib, şəhid ailələri Cəmiyyətinin ofisinin elektrik enerjisinin haqqı ödənilib, Yazıçılar Birliyi şəhər filialının müraciətinə əsasən, kitabların nəşrinə maddi dəstək verilib.
«Əfqanıstan veteranları» ilə bələdiyyə üzvlərinin görüşü keçirilib. Bunlardan əlavə, şair-müəllim Nazim Yusubovun ilk şerlər kitabının nəşrinə, foto müxbir İslam Şirinovun «Döyüşən şəhər» foto-video almanaxının hazırlanmasına bələdiyyə himayədarlıq edib.
2016-cı ildə bələdiyyə 15 adda yerli və respublika mətbuatına abunə yazılıb. QHT-lərə yardıma və KİV-lərə abunə yazılışına bələdiyyə büdcəsindən 5124 manat vəsait sərf olunub.
Tədbirlər
2016-cı ildə bələdiyyə bir sıra mədəni-kütləvi, idman təbdirlərinin təşkilatçısı və himayədarı olub. 20 Yanvar-Ümumxalq Hüzn günü, Beynəlxalq Qadınlar günü, Silahlı Qüvvələr günü, Milli Mətbuat günü, Qurban bayramı, Ulu öndər H.Əliyevin doğum və anım günləri, Dünya Azərbaycanlılarının Həmrəylık günü və yeni il şənliyində müxtəlif tədbirlər həyata keçirilib. Gənc idmançıların iştirakı ilə Heydər Əliyevin xatirəsinə həsr edilmiş Bələdiyyə Kuboku uğrunda avarçəkmə yarışları, yüksək bal toplayan bir qrup məzunun mükafatlandılrması, «Yerli Demokratiya Həftəsi» çərçivəsində 10 №-li məktəbdə, Tibb Kollecində keçirilmiş «Dəyirmi Masa» və sorğuların keçirilməsi və Teatr tamaşalarına baxış tədbirləri gənclərlə bələdiyyənin qarşılıqlı münasibətlərinin möhkəmləndirilməsi məqsədi daşıyıb.
Ötən ilin iyulunda Mingəçevir bələdiyyəsinin qardaşlaşdığı Türkiyənin Qars bələdiyyəsinin dəvəti ilə dörd bələdiyyə üzvü bələdiyyə sədrinin rəhbərliyi ilə Qars şəhərində səfərdə olmuş, maraqlı tədbirlərdə iştirak etmiş, rəsmi şəxslərlə görüşlər keçirilmiş və qarşılıqlı təcrübə mübadiləsi aparmışlar.
Yuxarıda qeyd edilən tədbirlərin keçirilməsinə bələdiyyə büdcəsindən 4238 manat vəsait sərf olunub.
Xidmət sahələri
Hesabat dövründə Bələdiyyə nəzdində «Dəfn mərasimi xidmətləri», «Peşəyönümlü Maraq Kursları» və «Məişət xidməti» sahələri əhaliyə xidmət göstərib.
«Dəfn mərasimi xidmətlər» sahəsi tərəfindən 394 dəfn təşkil edilib. 52 imkansız ailə yaxınlarının dəfn xidmətindən azad olunub, 12 nəfər kimsəsizin dəfn mərasimi bələdiyyə hesabına həyata keçirilib.
«Peşəyönümlü Maraq Kursları»nda kompüter operatoru ixtisası üzrə 24 nəfər dinləyici olub. Onlardan 21 nəfəri tam kursları bitirərək, diplom alıb.
Xidmət sahələrinin saxlanılmasına bələdiyyə büdcəsindən 11583 manat vəsait xərclənib. Belə ki, «Dəfn mərasimi xidmətləri» sahəsinin saxlanılmasına 9785 manat, “Peşəyönümlü Maraq Kursları”nın saxlanılmasına 948 manat, “Məişət xidməti”sahəsinin saxlanılmasına 850 manat ayrılıb.
Mülki dövriyyəyə cəlb olunan torpaq sahələri
2016-cı ildə bələdiyyə tərəfindən sahibkarlıq fəaliyyəti üçün yeni torpaq sahələri ayrılmayıb. Fərdi mənzil tikintisi üçün müraicət edən vətəndaşlardan 106 nəfərin müraciətinə müsbət cavab verilib. Bu məqsədlə bələdiyyə tərəfindən il ərzində 41.536 kv.metr və ya 4.1536 ha torpaq sahəsinin alqı-satqısı həyata keçirilib. O sıradan imtiyazlı kateqoriyadan 11 nəfər şəhid ailəsinə cəmi 4391 kv.metr, 10 nəfər Qarabağ müharibəsi əlilinə cəmi 4000 kv.metr, 4 nəfər ehtiyatda olan zabitə cəmi 1600 kv.metr torpaq sahəsi ayrılıb. Qeyd edək ki, onlara torpaq sahələri ödənişsiz verilib.
YEKUN
Hesabatdan göründüyü kimi, ötən ilin müvafiq dövrü ilə müqayisədə Mingəçevir Bələdiyyəsi xeyli iş görüb, bir sıra sahələrdə müəyyən irəliləyişlərə nail olub. Bələdiyyənin ictimaiyyətlə əlaqələri gündən-günə möhkəmlənir. Hakimiyyət orqanları ilə, Kütləvi İnformasiya Vasitələri ilə, Qeyri-Hökümət təşkilatları ilə, məhəllə komitələri ilə qarşılıqlı münasibətlər qurulub. Bələdiyyənin fəaliyyəti, strukturu və iş prinsiplərində şəffaflıq və hesabatlılıq vardır. İstənilən şəxs Mingəçevir Bələdiyyəsinin fəaliyyəti barədə bələdiyyənin internet saytından (www.mingechevir-belediyye.az) dolğun məlumat ala bilər.
Mingəçevir Bələdiyyəsi şəhər İcra Hakimiyyəti ilə sıx əməkdaşlıq şəraitində, qarşılıqlı koordinasiya mühitində fəaliyyətini qurur. Gördüyümüz və görəcəyimiz bütün işlərdə şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramovun daimi diqqət və qayğısını, köməkliyini üzərimizdə hiss edirik.
Mingəçevir Bələdiyyəsi bundan sonra da vətəndaşları yerli özünüidarə prosesinə cəlb etməklə, qarşıya çıxan problem və nöqsanları aradan qaldırmaq üçün potensialını səfərbər edəcək, yerli problemlərin həllində öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir.
Dostları ilə paylaş: |