Səbail rayon Mərkəzləşdirilmş Kitabxana Sistemi
Mərkəzi Kitabxana
Mədəni irsimiz-milli sərvətimiz
(Solmaz Amanovanın “Xurcun” kitabı əsasında hazırlanmış daycest)
Bakı-2020
Tərtibçi: Cəmilə Səmədova
Səbail rayon Mərkəzləşdirilmş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası tanınmış uşaq yazıçısı Solmaz Amanovanın “Xurcun” adlı ktabı əsasında daycest hazırlamışdır.
Solmaz Amanovanın “Xurcun” adlı kitabı Azərbaycan xalqının maddi irs tarixinə daxil olan nümunələr haqqında məlumat verən 14 hekayədən ibarətdir. Kitabın iş dəftəri və elektron versiyası mövcuddur. Müəllif öz nağıllarını hazırlayarkən əsas mənbə kimi Çingiz Qacarın “Köhnə Bakı” (2007) və “Köhnə Şuşa” (2007) adlı vəsaitlərindən istifadə etmişdir.
Daycestdə kitabdakı hekayə və nağıllar biblioqrafik şəkildə təsvir edilmişdir. Oxucuları maraqlandırmaq və onları mütaliəyə cəlb etmək məqsədilə hər bir hekayədən qısa parçalar verilməklə davamını mütaliə etmək onların öhdəsinə buraxılmışdır.
Bura daxil olan hekayə və nağıllar maddi irs, tarix, folklor, təbəitşünaslıq və coğrafiya elmləri mövqeyindən təqdim olunduğu və öz kiçikyaşlı oxucularını bu elmlərə üz tutmağa sövq etdiyi üçün həmin mətnlərdə baş verən hadisələr haqqında daycestdə əlavə məlumatlar verilmişdir.
İndi isə “Xurcun”a daxil olan bədii-tarixi hekayələr və nağıllarla tanış olaq.
Ön söz
Solmaz Amanova bədii yaradıcılığa erkən yaşlarından maraq göstərmişdir. İlk qələm təcrübələri XX əsrin 70-ci illərində “Ulduz” jurnalında işıq üzü görmüşdür. Onun yazdığı “İnsan iz qoyur”, “İrs” əsərləri Təhsil Nazirliyi tərəfindən əlavə dərs vəsaiti kimi təsdiq edilmişdir. Ədibin uşaqlar üçün yazdığı əsərlər şifahi xalq ədəbiyyatına və adət-ənənələrimizə bağlılığı ilə seçilir. “Xanəgah əczaxanası” kitabı əfsanə və əsatirlər əsasında yazılmış nağıl və tamaşalardan ibarətdir. “Gəncə xəzinəsi” kitabı Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan əsərlərin süjet xəttinə əsaslanır və Ziya Bünyadovun “Azərbaycan VII–IX əsrlərdə” kitabında təsvir edilən əfsanənin mahiyyətini açır.
Solmaz xanım uşaqlar üçün təkcə nağıl deyil, həmçinin, şeirlər də yazır, mahnılar bəstələyir və onları bir sıra məktəblərdə balaca balalarımıza da öyrədir. O, əsərlərini əsasən rus və Azərbaycan dillərində yazır. Artıq milli nağıl qəhrəmanımıza çevrilən İlmənin müxtəlif macəraları uşaqları əyləndirməklə bərabər, həm də onlara keçmişimizi, soykökümüzü, milliliyimizi də öyrədir.
O, nağıllarında və nağıla uyğun olaraq hazırlanmış testlərdə, tapşırıqlarda, oyunlarda əsasən milli məişət alətlərimizin, geyimlərimizin (çarx, kəlağayı, buxarı papaq və s.) yaranması haqqında məlumatları onlara çox sadə və əyləncəli dillə öyrədir, tarixi personajlarımızı tanıdır. Uşaqlar bu materiallar vasitəsilə təkcə hərfləri deyil, eyni zamanda, ana dili, həyat bilgisi, tarix, riyaziyyat fənləri ilə də tanış olurlar.
Solmaz xanımın uşaqların təlim-tərbiyəsi, təhsilinə dəstək məqsədilə hazırladığı silsilə layihələri də olduqca təqdirəlayiqdir.
2009-cu ildə “İrs” və “Anatomik teatr” kitabları Moskvada keçirilən XXII “Kitab sənəti” sərgi-müsabiqəsində ikinci və üçüncü yerləri tutmuşdur. Uşaq tibb ədəbiyyatına verdiyi töhfələrinə görə Avropa Təbii Elmlər Akademiyasının professoru və akademiki fəxri adlarına layiq görülmüşdür. Hal-hazırda həmin Akademiyanın “İrs” bölməsinin vitse-prezidentidir.
Dostları ilə paylaş: |