3. İnzibati metod
Menecmentin inzibati metodları aşağıdakılara əsaslanır:
- ölkənin və regionun qanunvericilik aktları sistemi;
- firmanın və yuxarı təşkilatların normativ-direktiv və metodiki sənədlər sistemi;
- plan, proqram və tapşırıq sistemi;
- operativ rəhbərlik sistemi.
Ölkənin qanunvericilik aktları sisteminə ölkə qanunları, göstərişlər, qərarlar, dövlət standartları, təşkilatlar və ölkə ərazisində tətbiq olunan digər normativ aktlar aid olunur.
Onların tərkibi, quruluşu, məzmunu və qarşılıqlı əlaqələrini təyin edərkən menecmentə elmi yanaşmalar nəzərə alınmalıdır.
Firmanın və yuxarı təşkilatın normativ-direktiv və metodiki sənədlər sisteminə standartlar, təlimatlar, habelə yalnız mövcud firma üçün göstərişlər, əmrlər, sərəncamlar daxildir.
Bir-biri ilə qarşılıqlı əlaqədə olan plan, proqram və tapşırıqlar sistemi də menecmentin inzibati metodlarına aiddir. Ona görə ki, bu sistemin pozulması bütün kollektivin stabil fəaliyyətini poza bilər.
İnzibati üsul idarə edənin idarə olunan obyektə birbaşa və bilavasitə təsir üsuludur. İnzibati üsul məcburedici üsuldur və yüksək tələbkarlıq əsasında insanları fəaliyyətə, icraçılığa, nizama, intizama sövq edir. Müəssisələrin rəhbərləri bu cür üsulların tətbiqi üçün əmr etmək, sərəncamlar, göstərişlər, tapşırıqlar vermək səlahiyyətlərinə malikdirlər.
İnzibati metodlar qanunların, qaydaların rəhbərlərə verdiyi səlahiyyətlər əsasında həyata keçirilir. İnzibati metod normativ-sərəncam xarakteri daşıyır və onun yerinə yetirilməsi məcburidir. İnzibati-sərəncam metodlarının obyekti geniş və çoxcəhətlidir. Lakin bunu müəyyən istiqamət üzrə təsnifata ayırmaq olar. İnzibati təsir metodunun köməyi ilə istehsal sahələrinin təşkili sistemi, onların idarəetmə orqanları, əməyin təşkili formaları, işçi-rəhbər münasibətləri formalaşdırılır və təkmilləşdirilir.
İnzibati idarəetmə subyektlərin birinin digərinə tabeçiliyi ilə bağlıdır. İnzibati idarəetmə hər hansı subyektin öz iradəsini bir tərəfli qaydada bildirməsi ilə əlaqədardır.
İnzibati idarəetmə işçilərin vəzifə və funksiyalarını müəyyənləşdirir. İnzibati təsir üsulları aşağıdakı inzibati davranış və hərəkətləri yerinə yetirməklə həyata keçirilir: əmr etməklə, tapşırıqlar, göstərişlər verməklə, diktə etməklə, vadar etməklə və s.
İnzibati üsulları aşağıdakı kimi təsnifləşdirmək olar:
1. Məcburedici (hərəkəti etməyə məcbur etmək üsulu).
2. Qadağanedici (hərəkəti etməyi qadağan etmək üsulu). Bu üsul inzibati tədbirlərlə, qorxutmaqla, hədələməklə həyata keçirilir.
3. Səlahiyyətverici.
4. Həvəsləndirici üsul.
İnzibatçılıq yüksək idarəetmə bacarığı və qabiliyyətidir. İnzibati üsul müəssisədə qanunvericilik aktlarının, dövlət standartlarının və normativ sənədlərin tətbiqini, daxili qaydaların, təlimatların formalaşdırılmasını və onlara əməl edilməsini tələb edir.
Dostları ilə paylaş: |