İstehsal amilləri dedikdə buraya istehsal fondları, işçi qüvvələri, informasiya aid edilir. İstehsal fondları da öz növbəsində əsas və dövriyyə fondlarına bölünür. Əsas istehsal fondlarına binalar, tikililər, ötürücü qurğular, güc maşınları və avadanlıq, ölçü və tənzimləyici cihazlar və qurğular, hesablama texnikası, nəqliyyat vasitələri, alətlər, laboratoriya binaları aid edilir. Bu fondların bir hissəsi aktiv fondlar (texnoloji maşınlar, avadanlıq, texnoloji qurğular və s. ) adlanır. Əsas istehsal fondları istehsal vasitələrinin o hissəsidir ki, uzun müddət natural formasını saxlayaraq öz dəyərini hazır məhsulun üzərinə tədricən keçirir. Dövriyyə istehsal fondları istehsal prosesində bir istehsal tsiklində tamamilə sərf olunur, öz dəyərini bütövlükdə yeni yaradılan məhsulun üzərinə keçirir. Bunlara xammal, istehsal ehtiyatı, əsas və yardımçı materiallar, yarımfabrikatlar, yanacaq və başqaları daxildir. Müəssisələrin maddi və pul vəsaitinin bir hissəsi tədavül dairəsində olur. Ona görə də müəssisələr istehsal fondları ilə yanaşı tədavül fondlarına malikdir. Hər bir müəssisə və birlikdə istehsal fondları üç formada: pul, məhsuldar və əmtəə şəklində fəaliyyət göstərirlər. Müəssisənin istehsal fondları bir funksional formadan başqasına, yəni istehsal və tədavül mərhələlərindən keçərək daim hərəkətdə olur. Fondların ardıcıl olaraq bir formadan başqasına, yəni istehsal və tədavül mərhələlərindən keçərək daim hərəkətdə olur. Fondların ardıcıl olaraq bir formadan digər formaya çevrilməsinə onların dövranı deyilir. Fondların dövranı üç mərhələdən keçir. Fondların dövranının birinci mərhələsi pulla istehsal vasitələri əldə edilməsi vasitəsilə onların pul formasından məhsuldar formasına çevrilməsindən ibarətdir. İkinci mərhələ istehsal prosesinin özüdür ki, onun gedişində fondlar məhsuldar formadan əmtəə formasına keçir. Bu mərhələdə hazır məhsul yaradılır. Üçüncü mərhələdə istehsal edilmiş məhsulun reallaşdırılması baş verir. Bu mərhələdə fondlar əmtəə formasından pul formasına keçir. Hər bir müəssisə normal iş şəraiti yaradarsa, fondların dövranının bütün mərhələləri ardıcıl olaraq baş verir. Əsas istehsal fondları istehsal prosesində tədricən fiziki və mənəvi aşınmaya məruz qalır. Əsas fondların fiziki aşınması prosesində o, tədricən öz istehlak dəyərini bu və ya digər dərəcədə itirir. Fiziki aşınmanın intensivliyi əsas fondların saxlanması şəraitindən çox asılıdır. Əsas fondlar fiziki aşınma ilə yanaşı mənəvi aşınmaya da məruz qalırlar.
Sahibkarın istehsal fəaliyyətinin nəticəsi məhsulun və xidmətin realizasiyası, alıcıya, istehlakçılara xidmətlər nəticəsində müəyyən məbləğdə pulun əldə edilməsidir. Pul mədaxili ilə istehsal xərcləri arasında fərq müəssisənin mənfəətini təşkil edir. Müəssisə mənfəətlə işləyirsə və ya öz fəaliyyətini mənfəətlə başa vurursa, deməli o öz xərcini həm ödəyir, həm də əlavə gəlir əldə edə bilər.
Mənfəət müəssisənin istehsal-təsərrüfat fəaliyyətini, onun ödəniş qabiliyyətini xarakterizə edən əsas göstəricidir. Sahibkarlıq fəaliyyətinin ümumi maliyyə qiymətləndirilməsi üçün rentabellik göstəricisindən istifadə eilir. Rentabellik müəyyən vaxt dövründə sahibkarlıq fəaliyyətinin mənfəətliliyini (ziyanlılığını) xarakterizə edir. İstehsal rentabelliyini və məhsulun rentabelliyini fərqləndirmək lazımdır. İstehsalın rentabelliyi ümumi və hesabi rentabelliyə bölünür. Ümumi rentabellik balans mənfəətinin əsas istehsal fondlarının orta illik dəyəri və normalaşdırılmış dövriyyə vəsaitlərinin cəminə nisbəti; hesabi rentabellik balans mənfəətindən fondlara görə ödəmələr, bank kreditlərinə görə faizlər və təsbit edilmiş tədiyyələr çıxdıqdan sonra mənfəətin qalan hissəsinin əsas istehsal fondlarının orta illik dəyəri və normalaşdırılmış dövriyyə vəsaitlərinin cəminə nisbətidir. Məhsulun rentabelliyi-məhsul satışından əldə olunan mənfəətin onun maya dəyərinə nisbətidir. Məhsulun keyfiyyətinin yüksəldilməsi, maya dəyərinin aşağı salınması, maddi və əmək resursları itkilərin azaldılması və başqaları istehsalın rentabelliyinin artırılmasının əsas amillərindəndir.