Mövzu 12. Sahibkarlıq fəaliyyətinin idarəetmə funksiyaları
1. Müəssisənin təşkilati strukturu 2. Bazar iqtisadiyyatı şəraitində müəssisənin təşkilati strukturunun təkmilləşdirilməsi 3. Heyətin seçilməsi və yerləşdirilməsi 4. Əməyin səmərəli təşkili 1. Müxtəlif şirkətlərin idarəetmə strukturu bir-birindən kəskin fərqlənə bilər, çünki bazar münasibətləri şəraitində hər bir təsərrüfat subyekti unikaldır. İdarəetmə strukturuna strateji məqsədlərin səviyyəsi, mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş idarəetmə sistemləri böyük təsir göstərirlər. Bu və ya digər tələbatı ödəmək üçün zəruri funksiyaları və hərəkətləri planlaşdırmaq və müəyyənləşdirmək olduqca vacibdir. Təşkilati struktur – qoyulan məqsədə çatmaq üçün birgə əmək prosesində işçilər arasında baş verən münasibətlərdə şərtləşən bütöv bir sistemdir. Təşkilati struktur aşağıdakı keyfiyyətlərə malik olmalıdır:
- optimal effektivliyi təmin etməlidir, yəni sadə, dəqiq və başa düşülən olmalıdır;
- aralıq halqaların minimum keyfiyyətlərini əhatə etməlidir;
- gələcək menecerləri hazırlamaq üçün şərait yaratmalıdır.
İdarəetmənin iki sistemi ayrılır: mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş.
Mərkəzləşdirilmiş idarəetmə sistemində xidmətlər üzrə bütün idarəedicilər birlikdə şirkətin idarəetmə üzrə vitse-prezidentinə tabedir. Bu sistem tamamilə inteqrasiyalaşmış və funksional təşkilati ifadə edir.
Mərkəzləşdirilməmiş idarəetmə sistemi müxtəlif bölmələrin rəhbərlərinə öz fəaliyyətlərinə aid bütün funksiyaları həyata keçirmək səlahiyyəti verir. Bu zaman hər bir bölmənin idarəedicisi bütün sahənin fəaliyyətinə görə şirkətin vitse-prezidenti qarşısında məsuliyyət daşıyır.
Müəssisənin ölçüsündən və onun bölmələrinin sayından asılı olaraq idarəetmənin iyerarxiya zənciri ola bilər:
- ikihalqalı sistem: ali administrasiya – zavod idarəetmə;
- üçhalqalı sistem: ali administrasiya – istehsal şöbəsinin ali administrasiyası – zavod idarəetmə;
- dördhalqalı sistem: ali administrasiya – istehsal qrupunun administrasiyası – istehsal bölməsinin administrasiyası – zavod idarəetmə.
Bazar münasibətləri şəraitində təşkilati strukturun qarşısında müəyyən tələblər irəli sürülür:
qoyulan vəzifənin həlli üçün əlaqələrin minimumlaşdırılması;
paralel funksiyaların aradan qaldırılması;
onun fəaliyyəti ilə bağlı məsrəflərin optimallaşdırılması.
Bir neçə müqayisə olunan təşkilati strukturlardan ən yaxşısı odur ki, qısa vaxt ərzində qoyulan vəzifəni daha az xərclə yerinə yetirilməsini təmin edir. Sahibkarlıq problemləri üzrə sanballı kitabların müəllifi professor Druker təşkilati strukturun qurulmasının üç mərhələsini qeyd edir.