2.Çoxmənalılığın əmələ gəlməsi
İndiki hər bir söz yaranarkən əvvəl təkmənalı olmuş, çoxmənalılıq müəyyən tarixi proses nəticəsində sonradan əmələ gəlmişdir. Sözlərin çoxmənalılığı dilin daxili inkişafı ilə bağlı hadisədir. Dildə sözlərin çoxmənalılıq kəsb etməsi, əsasən onun məcazi mənaya keçməsi ilə sıx surətdə bağlıdır. Belə ki, söz məcazi mənada işlənərkən onun əsas mənasından yeni özünəməxsus məna çalarlığı əmələ gəlir. Hər bir söz məcazilik əsasında dəfələrlə başqa-başqa mənalarda işlənə bildikcə onun mənaları çoxalır və nəhayət, çoxmənalı söz olur. Söz çoxmənalı olduqda onun öz əsas mənası sabit qalır. Buna görə də hər bir çoxmənalı sözdə bir məna onun əsas mənası, digər mənalar isə əlavə ifadə etdiyi mənalar hesab olunur.
Dildə sözlərin çoxmənalılığı fikir dolaşıqlığı və anlaşılmazlığı kimi hallar törətmir. Sözlərin çoxmənalılığı cümlə içərisində əhatə olunduğu sözlərlə tez başa düşülür.
Dildəki bütün sözlərin çoxmənalılığı eyni dərəcədə olmur. Bəziləri iki, üç, bəziləri isə daha çox məna bildirir. Məsələn, dilimizdəki bil və yol sözlərinin ifadə etdikləri mənalara nəzər yetirək, bunlardan bil sözünün daha çox məna bildirdiyini aydin görmək olar.
Sözlərin çoxmənalılığı bütün dillərdə də eyni olmur və ola da bilməz. Belə ki, eyni anlayışı ayrı-ayrı dillərdə bildirən müxtəlif milli sözlər bütün dillərdə eyni çoxmənalılığa malik deyildir. Məsələn, Azərbaycan dilində göz anlayışını bildirən göz sözünün məna həcmi eyni ilə rus dilindəki qlaza, erməni dilindəki açk sözlərinə uyğun gəlmir. Bu, şübhəsiz, təbii olaraq hər dilin öz milli xususiyyəti ilə əlaqədardır.
Dostları ilə paylaş: |