Keşiş İosif də, bir müddət onunla bir dayanıb durdu, sonra bir də xaç çəkib qutuya təzim etdi və çönüb yüngül addımlarla harasa uzaqlaşdı.
Oğrun-oğrun ətrafına baxdı… Yaxında adam olmadığından arxayanlaşdıqdan sonra cəld əyilib qutunun içində yatanın üzünə baxdı… və dəhşətdən az qaldı ürəyi dayana…
– Bu ki…
– Bəli, bəli… – kimsə amiranə səslə arxadan dedi. – Belə alındı. O öldü. Onu da basdırdıq.
– Axı… bəs…
Danışan kim idisə, sütunun arxa tərəfində dayanmışdı, üzü aydın görünmürdü. Səsi də tanış deyildi.
Ürəyi sıxıldı… Fəxri xiyabanda basdırılmaq arzusuyla yanıb-yaxılan tədbirli xalq şairinin bu qəfil ölümü elə belə deyildi… Bu, onun şəxsiyəti əleyhinə yönəldilmiş tədbirli düşmən siyasətinin nəticəsiydi… - fikirləşdi və sivişib, bu şübhəli ölüm aktının mahiyyətini təcili araşdırmaq üçün buralardan uzaqlaşmaq, bu yarıqaranlıq darısqallıqdan açıqlığa çıxıb, dağ ətəyinin çiçək qoxulu havasını canına çəkmək istədisə də…
– Xeyr, xeyr, camaat bayaqdan sizi gözləyir. – bayaqkı səsin sahibi fikirlərini necəsə oxuyub irəli çıxmışdı, yolunu kəsib, qaramtıl üzüylə ona baxırdı. – Buyurun, danışın. Söz sizə verilir.
Bayaqdan zal boyu dağınıq nizamsızlıqla gəzişənlər ayaq saxlayıb ona diqqət kəsilmişdilər. Odu ki, boğazını arıtlayıb, peşəkar natiqlik ustalığını işə salıb:
– Mərhumun sətirləri yadıma düşür… – dedi və dayandı.
Şüşə qutunun içində yatan xalq şairinin, bircə saniyə əvvəl beynində dolandırdığı sətirləri hansı möcüzəyləsə yadından çıxmışdı… Yaddaşı, verilişləri bitib başa çatmış televizor ekranı kimi bozarırdı…
Camaatın diqqəti onda idi. O isə, nitqini itirmişdi…
Adamların arasından kimsə, bayaq Məqrəbənin qabağında hay-küy salan arıq kişinin səsinə oxşar civiltili səslə:
- Danış da, noldu?.. Həmişə bulbul kimi ötən sən döyildün?..
Əsəbilikdən başı hərləndi… Yoxsa yer tərpəndi?.. Dayandığı yerdə sərxoş büdrəmələrlə harasa geriyə səndələdi…
…Dik atılıb yuxulu gözləriylə ətrafına baxdı…
Qəfil zərbədən, qabaqda oturan köməkçinin alnı partlamışdı, qanı üzünün bir tərəfi ilə axıb köynəyinin yaxalığını islatmışdı… Sürücü maşında yox idi… Müşayiət polisi maşını dörd bir yandan əhatəyə alıb mühafizəçilərin enli gövdələri arasından, böyümüş gözlərlə içəri boylanırdılar…
Hardansa uzaqdan, yaxınlaşmaqda olan vertolyotun uğultusu eşidilirdi…
Maşının rabitə xəttində kiminsə bağıra-bağıra:
– 62!.. Cavab ver!.. 62!.. Cavab ver!..
– Sizə heç nə olmayıb, cənab general?.. – ayıldığını görən mühafizəçi nəhəng gövdəsini maşının arxa oturacağına salıb titrək ələrliylə onun qabırğalarını, dizlərini yoxlardı…
İrəlidə, müşayiət motosikletlərindən biri aşmışdı, onun da sürücüsü gözə dəymirdi. Olsun ki, təkandan harasa kənara atılmışdı. Bir də, qabaqda gedən polis maşını sol tərəfindən əzilmiş, çarxı əyilib oxundan çıxmışdı. Maşından düşmək istədisə də:
– Siz maşinda qalın, xahiş edirəm… – mühafizəçi deyib yolunu kəsdi.
– Burda nə baş verib axı?..
– Sol yoldan qəfildən yük maşını çıxdı… - mühafizəçi nəfsi təngiyə-təngiyə, qırıq-qırıq dedi. - Elə bil yerin içindən pırtladı…
– Heç nə başa düşmədim. Burdan ki, maşın yolu yoxdu?!..
Mühafizəçi çiyinlərini çəkib, onu anlada bilmədiyi üçün elə bil pərt oldu.
– Geriyə qayıdırıq, yolları nəzarət altına alın!.. – köməkçi hardasa arxada, alnının qanını yaylığına hopdura-hopdura deyəsən telefona deyirdi. – Tünd yaşıl rəngli yük maşını… Axır nömrəsi əlli altıydı deyəsən… Əlli altı!..
Vertolyotun səsindən, ağız deyəni qulaq eşitmirdi…
Sürücü yerinə qayıdıb maşını işə sala-sala, ağzının içində:
- Bunların işindən Allah da baş açmaz… - dedi.
Kortej yolun ortasından geriyə burulub – şəhərə sarı götürüldü. Əzilmiş polis maşını və aşmış motosikl arxada qaldı.
– Onlarla kim qaldı? – güzgüdən arxaya - getdikcə adamlar yığışan polis maşınına baxa-baxa soruşdu.
– Orda adam var. Rayona xəbər vermişəm. - köməkçi dedi. Onunsa burnuna, təntənəli dəfn mərasimlərində məzarların böyür-başında üst-üstə yığılan matəm əklillərinin iyi gəldi… Qalstukunun düyününü boşaldıb özünü dikəltdi.
Sürücü dinmirdi, bayaqkı hadisənin vahiməsini hələ də canında əridə-əridə saralmış bəniziylə yola baxırdı. Mühafizəçi də dinməz oturmuşdu. Heç yeri əzilməmişdi deyə, elə bil azca pərt olmuşdu.
İrəlidə, yolu eninə kəsən ala-bula qoyun sürüsü görünürdü. Qoyunlar yolun ortasına dağılışıb balaca üzlərini maşının pəncərələrinə vura-vura, şüursuz gözlərlə ona baxa-baxa, itələşə-itələşə, yolun o biri üzünə yeriyirdilər.
Köməkçi geriyə çönüb günahkar üzlə:
– İrəlidəki postu ala bilmədim. – dedi – Yol təmizlənməyib…
Sürü, maşınları içinə salıb, qapılarını, təkərlərini taqqıldada-taqqıldada, təzəcə qırxılmış xırda, cod tükləriylə toz-torpağını silib təmizləyə-təmizləyə keçib gedirdi...
* * *
Otağına girəndə, bayaqkı hadisənin ölüm qoxulu havasından canında, zərrə qədər olsun, əlamət qalmamışdı. İqamətgahın, ətirli akasiya kollarıyla, məxmər yarpaqlı şam ağaclarıyla dolu həyəti, sinirlərini bayaqdan bəri tarıma çəkən qorxusunu, bircə anın içində yoxa çıxarmışdı.
…Dəhlizin adamboylu güzgüsündə, yorğunluqdan altı torbalanan gözlərinə baxdıqca, bu səhərki iclası, cərgələr boyu qənbər sifətlərlə ona zillənən nazirlərin bivec üzlərini, günorta qəzasında yaralanan polis işçilərinin qanlı sifətlərini xatırladı… və qəfildən, bir-birini qəribə, ardıcıl bir nizamla davam etdirən bütün bu mənzərədən anlaşılmaz təhlükə hiss etdi…
Otağa keçib pencəyini soyundu, hündür söyeənəcəkli kresloya əyləşib üz-gözünü ovdu. Ürək döyüntülərinin, qəribə, sərxoş ahənglə ləngidiyini hiss etdi…
Vaxtı ilə şəhərin bu əlçatmaz hündürlüyündə, basılmaz qala kimi tikdirdiyi, dörd bir yanı əlisilahlı mühafızəçilər və hasarlarla bağlı bu iqamətgahın səskeçirməz divarları da, ürək döyüntülərini nizamlamaqda aciz idi. Son günlərin qarmaqarışıq yuxuları, bayaqkı qəza… Bütün olanlar bir-birini tamamlayırdı… biri, o birinin davamı idi…
Yuxusuzluqdan gözləri acışdı. Yenə yuxusu gəlirdi… Bu nə yuxu azarıydı, axır vaxtlar yaxasından əl çəkmək bilmirdi?!.. – göz qapaqları ağırlaşa-ağırlaşa fıkirləşdi və yuxusunu qaçırmaqdan ötrü, ayağa qalxıb hamama keçdi, orda üzünü soyuq suyla bir xeyli yudu, sonra əl-üzyuyanın üstündən asılmış güzgüdə, suyun, çəhrayılaşdırıb təzələdiyi üzünə baxdı…
Yuxu, suyun soyuqluğundan göynəyən sifətinin gözəgörünməz kapilyarlarıyla, su basmaya hopan kimi, dərisinin altıyla xırda-xırda yeriyirdi, göz qapaqlarının altına dolurdu, acı zəhər tamlı badam iyi qoxyurdu…
Gözü, qəfildən, köynəyinin yaxasına - sinəsinin üstə düşən xırda qan damlasına sataşdı. Barmağını suya batırıb qan ləkəsini islatmaq istədisə də, ləkə, su dəydikcə böyüyüb yayıldı, elə bil həm də təzələndi. Burnuna qan iyi dəydi… Əti ürpəndi… və yadına düşdü. Köməkçinin qanı idi, görünür, qəza vaxtı necəsə, onun da köynəyinə sıçramışdı. Sonra bayaqkı iclasda ifadəsiz gözlərlə üzünə dirənən müşavirlərin, nazirlərin üzləri gözünün qabağına gəldi… Sui-qəsddən, hamıdan əvvəl onlar xəbər tutmuşdu… bu dəqiqə, aparatın, nazirliklərin otaqları boyu orda-burda yığışıb xısınlaşa-xısınlaşa bir-birlərinə məxfi məlumatlar ötürürdülər… onun əleyhinə gizli planlar cızır, nə isə hazırlayırdılar…
Onunsa yuxusu gəlirdi… Gözlərinin içi acışır, qolları, dizləri boşalır, beyni heç nə haqda fikirləşmək istəmir, bədəni yumşaq-yumşaq ilıqlaşırdı…
Otağa qayıdıb yazı masasının arxasına keçdi, stolüstü lampanı yandırıb yarıqaranlıq dəhlizə qulaq kəsildi...
Qapının o üzündən - dəhlizdən asta-asta söhbətləşən mühafizəçilərin səsi gəlirdi. Mühafizəçilər – 25-30 yaşlı, xüsusi təlim keçmiş cüssəli oğlanlar qapının o üzündə, dəhlizdəki kreslolarda oturub deyəsən ondan danışırdılar.
Ayağa qalxıb ehmal addımlarla qapıya yaxınlaşdı.
– …dünənki qəbuldan sonra… – biri dedi – heç kim bilmirdi. Heç bizimki də bilmirdi…
– Onu hələ bilmək olmaz. Onun işindən, Allah da baş açmaz. – o biri dedi.
– Görək də… – yenə hansısa deyib ah çəkdi. – Elə deyirlər. Demək ayrı, eləmək ayrı.
– Məlum məsələdi. – o biri pıçıltıyla danışsa da, səsi aydın eşidilirdi – O da insandı. Bütün insanlar qocalır…
Mühafizəçinin, güclə də olsa, eşidilən son cümləsindən, sağ gözü yığılıb pis-pis bulandı. Sonra bulantı o biri gözünə keçdi və otağın işığını azaltdı.
Son günlərin, irili-xırdalı səhvləri bir-birinin yanına düzüldü. Yuxulu vəziyyətlərinə görə, neçə vaxtdan bəri yarımçıq saxladığı, həlli vacib məsələlər, bu səhərki müşavirədə oynadığı uğursuz hirsi… onu, gizli istehzayla dinləyən nazirlərin üzü, az qala ölümüylə başa yetəcək düşünülməmiş səfər, yersiz ehsan ziyafəti…
– …həkimi deyib. – qapının o üzündə mühafizəçilərdən hansısa dedi.
– Heç inandırıcı deyil.
– Nə inandırıcı deyil?..
– Sən dediyin… Görən özü bilir?..
– Bilər yəqin, nə bilim?!.. Bəlkə də bilmir. Bunu kim bilə bilər ki?..
Gicgahında lükküldəməyə başlayan ürək döyüntülərinin səsi, mühafizəçılərin danışığını eşidilməz etdi. Sonra qulağı qəribə bir uğultuyla doldu və o, demək olar, daha heç nə eşitmədi. Qapının dəstəyini ehtiyatla burub dəhlizə çıxdı…
Mühafizəçilər, onu görüb ayağa sıçradılar, üst-başlarını sahmana salıb qarşısında günahkar üzlərlə dayandılar.
Bir neçə saniyə beləcə - qapının ağzında, əlləri cibində, gicgahı əsəbi lükkültülərlə döyünə-döyünə, dinməz-söyləməz dayanıb durdu. Mühafizəçilərin rəngi avazımışdı… birinin ürəyi şiddətlə vururdu. Bunu, oğlanın, ürək kimi döyünən sol gicgahından hiss elədi.
– Gedin, uşaqlar, gecdi daha. – dedi və bir müddət cavanların üzlərinə baxdı. Sonra çönüb içəri girdi, qapını o üzdən açarlayıb bir qədər də dəhlizdə dayandı.
Mühafizəçilər, barmaqlarının ucunda yeriyə-yeriyə qapıdan uzaqlaşdılar, amma deysən, aşağı düşmədilər.
Otağa qayıdıb yazı masasının arxasına əyləşdi. Bir kənarına səliqə ilə yığılmış qəzetlərdən birini açdı. Qəzetin arasından bağlı zərf düşdü. Zərfi qaldırıb üstünü oxudu: «Polkovnik Süleymanovdan». Məktubun bura hansı möcüzəylə düşdüyünü fikirləşməyə hövsələsi çatmadı.
…Boz polkovnik… Dağıdılmış hərbi hissənin komandiri, beş-on ütük əlisilahlısından «qoşun» düzəldib «cəngavər-sərkərdə» rolunda paytaxta – başıpozuq iqtidarın baş-ayaq işləri altında «inləyən» xalqı xilas etməyə gələn əfsanəvi, Boz polkovnik…
Polkovnikin, əsəbdən gərilən nazik üzü, inadkar qısqanclıqla bir-birinə sıxılan dördkünc dodaqları gözünün qabağına gəldi…
Polkovnikin nə istədiyi aydın idi. Yaxın günlərəcən, əyalət şəhərlərindən birində kustar ticarətlə məşğul olan bu otuz beş yaşlı alverçi, olsun ki, müharibə bölgələrindəki xırda-xuruş qələbələrinin mükafatını istəyirdi. Gecəylə hərbi hissəyə göndərilən dəstəni darmadağın edib keçmiş iqtidarın burnunu ovduğuna görə o, həqiqətən mükafata layiq idi. – fikirləşdi və məktubu açıb oxudu:
«…Cənab General!..
Dəfələrlə Sizə yazdığım məktublarıma, teleqramlara, telefon zənglərimə cavab verməmənizi özümə təhqir hesab edirəm. Keçmiş iqtidarın ölkədə yaratdığı hərc-mərcliyin qarşısının alınmasında, haqqın, ədalətin zəfər çalıb, Sizin – xalqımızın yeganə, əvəzolunmaz rəhbərinin hakimiyyətə qaytarılmasında mənim xidmətlərim danılmazdır. Bu və digər xidmətlərimi nəzərə alaraq və ən əsası, son aylar müharibə bölgələrində yaranmış acınacaqlı vəziyyətlə bağlı məni qəbul etmənizi rica edirəm.
Hörmətlə: Polkovnik Süleymanov S.N.»
Selektor bippildədi. Dəstəyi qaldırdı.
– Cənab General… – mühafizə alayının rəisi idi.
– Eşidirəm.
– Polkovnik Süleymanov burdadı. Sizi görmək istəyir.
İçindən bumbuz gizilti keçdi, boğuq səslə:
– Kim buraxıb onu bura?.. – dedi.
– Deyir, sizin göstərişinizlə gəlib. Buraxılış vərəqəsi də var.
– Hansı göstəriş?.. Hansı vərəqə?.. Mən heç bir göstəriş verməmişəm!..
– Aydındı, cənab General…
Dəstəyi asıb, gözləri qarala-qarala, polkovnikin qəbulu barədə göstəriş verib-vermədiyini yadına salmağa çalışdısa da, yadına, son həftələr bir-birinin ardınca verdiyi saysız-hesabsız göstərişlər düşdü…
Qapının kilidi tərpəndi… Ya bu, ona elə gəldi?..
Əlini selektorun düyməsinə atdı. O üzdə dəstəyi qaldıran olmadı. Tələsik hərəkətlərlə o biri düymələri də basdı. Nömrələrin heç biri cavab vermirdi…
Alt mərtəbələrdən, yeraltı təkanları xatırladan uğultu səsləri eşidilirdi... Aşağının uğultusundan, döşəmə və divarlar, büllur çilçıraq və pəncərələrin şüşələri xırda-xırda titrəyırdı…
Bu, zəlzələ deyil… – yerindən təppənmədən fikirləşdi və hiss elədi ki, çıyinləri titrəyir. Sonra qəfildən anladı… Boz polkovnik... Son bu neçə ayın əldəqayırma sui-qəsdlərin gizli müəllifi...
Bir anın içində Boz polkovnikin, iqamətgahı dörd bir yandan əhatəyə alan əlisilahlı dəstələrini, iqamətgahın vestibülü və pillələri boyu dəstə-dəstə axışan qara ləçəkli əsgərlərini, bu dəqiqə qapının kilidini o üzdən xəbis-xəbis tərpədən Polkovnikin, hikkədən qaralmış üzünü gördü… və əli, özündən xəbərsiz, masanın alt siyirməsinə uzandı... siyirtməni çəkib tapançanı tapdı... sonra ilan xışıltısıyla siyirtmənin arxa küncünə sürünüb ordan şəffaf qapaqlı yastı qutunun üstünə qondu, qapağını açıb soyuq güllələri bir-bir içinə yığdı. Sonra gözü, yarıqaranlıq girəcəkdə, qorxudan keyimiş barmaqlarıyla tapançanı doldurub ehmalca ayağa qalxdı, nəfəsi darala-darala, səssiz addımlarla girəcəyə sarı yeridi…
Girəcəyin qapısı aralandı… Özünü kənara atıb divar şkafının böyrünə qısıldı, nəfəsini saxlayıb dəhlizə diqqət kəsildi… Hardansa alt mərtəbələrdən, hərbi çəkmələrinin kobud dabanlarını yerə vura-vura, dəstə-dəstə yuxarı qaçan əsgərlərin əsəbi danışıqları eşidilirdi… Dəhlizdə də kimsə vardı… səssiz hərəkətlərlə qapının arxasında dayanıb nə isə eləməyə hazırlaşırdı…
Bədəni, keçmiş illərin, xüsusi təlim keçmiş hazırlıqlı əzələlərinin yaddaşıyla gərildi və onu qıvraq bəbir sıçrayışıyla dəhlizə atdı... Barmağı, tapançanın tətiyini basa-basa, qaranlıq dəhlizin mümkün tərəflərində, qurşaqdan yuxarı, yanpörtü, çöməli vəziyyətlərdə dayana biləcək Polkovnikin bədənini güllələdi…
…Güllələr hədəfi aldı və dəhlizin sol küncündə nə isə tappıltıyla yerə düşdü… Sonra kimsə yarı bükülüb, bir müddət ləngər vura-vura, dəhlizin dıvarlarına sürtülə-sürtülə, bir neçə addım atdı və içi qənbər dolu çuval ağırlığıyla yerə sərildi…
Bədəni vahimədən soyuya-soyuya, əlini divar boyu gəzdirib işığın düyməsini basdı və gördüyü mənzərədən az qaldı ürəyi dayana… tapança əlindən yerə düşdü… boğazı qəhərdən tutula-tutula, qol-qıçı keyiyə-keyıyə yerə çöküb qaldı…
…Sevimli arvadı sönməkdə olan donuq gözlərlə ona baxırdı… sınəsinin qanına bulaşan əli, qanı dodaqlarına yaxmışdı…
Dəhşətdən nəfəsi kəsilə-kəsilə, diz-dizi sürünüb, neçə illərdən bəri görmədiyi doğma üzə yaxından baxdı… bir az da yaxınlaşıb qadının başını dizləri üstə qoydu, üzünün qanını silə-silə ağladı... Sonra ağlaya-ağlaya, dəhlizə doluşan ayaq səslərinə dikəlib, hamıdan arxada - uzun, boz şineldə, qapının ağzında dayanıb sakit gözlərlə ona baxan Polkovnikə:
– İstəmirəm… Heç nə istəmirəm… – dedi. - Nə istəyirsiz, edin… Daha mənə heç nə lazım deyil…
Boz polkovnik, elə bil onun sözlərini eşitmədi, əlləri cibində dayanıb dinməz-söyləməz üzünə baxa-baxa, elə bil onun daha nə deyəcəyini gözlədi.
– Çıxın gedin. – səsi titrədi. – Gedin, deyirəm sizə!.. – bu dəfə əmr etdi.
Onda polkovnik, həmin o sakit üzüylə yanındakılara nə isə işarə elədi və əlisilahlı əsgərlərin arasından çıxan tanış üzlü birisi dəhlizə qaçıb, tez də geriyə qayıtdı. Çox çəkmədi ki, içəri, keşiş İosif daxil oldu, əlindəki zəncirdən asılmış dəmir gürzü tüstülədə-tüstülədə, qalın səsiylə oxumağa başladı. Sonra hardansa uzaqdan kilsə zənglərinin səsi eşidilməyə başladı… və o, başını yuxarı qaldırıb, tavan əvəzinə, son ucu hardasa göyün hansısa ucqar dərinliklərində bitən qüllələlərin, işləmələr dolu naxışlarına, Məqbərənin çölə açılan dəyirmi nəfəsliklərinə baxdı… Sonra həmin o tanış üzlü adam iti addımlarla üstünə yeriyib üzbəüz dayandı, əlindəki tapançanı onun alnına dirəyib dalbadal dörd güllə açdı…
…Yuxudan dik atılıb dodaqlarını yalamaq istədisə də, dilini tərpədə bilmədi. Dili, uzun müddət ağzıaçıq qalmaqdan quruyub keyimişdi…
Stolüstü lampanın işığı, sübhün sütül şəfəqləri altında əriyib itməkdəydi. Məktub bağlı vəziyyətdə, qəzetlərin arasındaydı.
* * *
…Səhnəyə qalxanda, elə bil zalda pıçıltı gəzdi… Yoxsa, ona elə gəldi?!..
Keçib rəyasət stolunun arxasındakı yerində əyləşdi. Kürsüdən çıxış edən müdafiə naziri nitqini saxlayıb bədəninin yaltaq vəziyyətiylə, narahat gözlərlə ona sarı çönmüşdü.
– Davam elə, davam elə. – dedi və gözaltı zala göz gəzdirdi.
Müdafiə naziri döyüş bölgələrindəki vəziyyət barədə, atəşkəsə əməl olunma qaydaları haqqında, ölkənin ordu quruculuğu sahəsində yaranan çətinliklərdən danışırdı.
– Səhhətiniz bu gün necədi, cənab General?.. – baş nazir sol qulağına pıçıldadı.
Baş nazirdən bir cür, qəribə ot iyi gəlirdi. Odekolon iyi idi, yoxsa ot iyi idi, başa düşmək olmurdu. Elə bil dünən o, bomboz yollarla şəhərdən uzaq kazarmaya yollananda, baş nazir hardasa, ətirli-çiçəkli dağ ətəyinin ilıq çəmənliklərində dincəlməklə məşğul olmuşdu.
Baş nazirin gözünün içinə baxdı.
Baş nazir elə bil bu bir neçə günə özünə gəlmişdi, yanaqları çəhrayılaşmış, gözləri aydınlaşmışdı. Sualından, yoxsa onun baxışından çaşıb yöndəmsiz təbəssümlə gülümsündü:
– Məncə əladı. - dedi.
Zalın diqqəti həmişəki kimi onda idi. Ona tamaşa elədikcə, elə bil hamı nədənsə doyurdu…
Baş nazir indi də, başını qaldırmadan, qarşısındakı kağızda nə isə yazıb-pozurdu, onun baxışlarını hiss eləsə də, başını qaldırmağa, çönüb üzünə baxmağa ürək eləmirdi.
Uzaqgörən və tədbirlidi… – fikirləşdi. – Yoxsa, bu neçə ili, o, paytaxtdan uzaq şəhərdə, dağların döşündəki kimsəsiz evindəki tənha yalquzaq ömrünü yaşayan vaxtlar ona o sevgi dolu, kövrək məktubları yazmazdı.
– …adi yanacağın çatışmaması, əlavə döyüş sursatının, ordu hissələrinin, müharibə bölgələrinə atılmasına əngəl törədir… – müdafiə naziri eynəyinin altından oxuduğu vərəqi çevirdi.
–Yanacağın çatışmaması səbəbi sizi ümumiyyətlə maraqlandırıbmı?.. – qəfildən müdafiə nazirinin sözünü kəsdi.
Nazir döyüküb eynəyini çıxartdı, çönüb qorxudan irilmiş bəbəklərlə ona baxdı. Deyəsən, sualın ona, yaxud başqasına verildıyini anlamadı.
– Bəli, bəli, sizinləyəm. Bir az da, bu barədə danışın. – dedi və qollarını qoltuqlarına vurdu.
– Mən əlbəttə ki, maraqlanmışam, zati-aliləri… – müdafiə naziri bədənini bir qədər dikəldib kəkələdi. – Dəfələrlə bu barədə Yanacaq Komitəsinə müraciət də etmişəm, amma… - müdafiə naziri bu yerdə susub dayandı. Elə bil deyəcəyi sözü ürəyində götür-qoy elədi.
Üçüncü cərgənin sol cinahında oturan Yanacaq naziri yerində narahat-narahat qurcalandı.
– Danışın, danışın. Siz müraciət etmisiz və…
– Onlar, bizə lazım olacaq yanacağı verməyə imkanları olmadıqlarını bildiriblər.
– Siz maraqlanmamısız niyə?!.. Bəlkə bu, Komıtə rəhbərliyinin şəxsən sizə olan qərəzli münasibətidi?..
Müdafiə naziri xırda gözlərini, havada tutduğu nəyisə tələsik oxuyan tək, ora-bura qaçırda-qaçırda, gah ona, gah da, üçüncü cərgənin solunda oturan nazirə baxa-baxa, köntöy sükutla susub qaldı…
Müdafiə nazirinin çaşdığın görüb:
– Məsəl üçün deyirəm… – dedisə də, nazir özünə gəlmədi.
Nazirin bu vəziyyətindən, sağ tərəfində oturanlar da narahat-narahat yerlərində qurcalandılar. Zala pıçhapıç düşdü…
– İstəyirəm, onu da biləsiz ki, yanacaqla bağlı dedikləriniz sizə şərəf gətirmir…
Nazir balıq ağzını andıran balaca ağzını açıb, elə bil isə də demək istədi, amma deyə bilmədi.
- Buyurun, deyəsən nə isə demək istəyirdiz.- deyib zala da göz gəzdirdi.
- Mən?!.. – nazirin üzündə, yaltaqlıqla vahimə qarışıq qorxulu bir ifadə dolandı. – Mən… heç… Dedim, bəlkə bu barədə sizə yazılı surətdə yazım?.. - səsi nazilə-nazilə, deyəsən sözünü tamamlamaq istədi.
- Əyləşə bilərsiz. – deyib yanındakı baş nazirə baxdı.
Müdafiə naziri əlləri titrədiyindən, oxuduğu məruzənin vərəqlərini sahmana sala bilmədi, bir təhər üst-üstə yığıb saralmış bəniziylə kürsüdən endi.
Baş nazir heç nə eşitmirmiş kimi, hələ də başını aşağı dikib nə isə yazırdı... Zalda yaranan uzun-uzadı sakitlikdən duruxub qələminin ucuyla xırda-xırda stolunun üstünü tıqqıldatdı.
Zalda oturanlar da elə bil yığılıb balacalaşdılar, girdə başlarıyla, gərginlik və qorxu saçan rəngsiz üzləriylə bir-birinə oxşadılar.
– Kimin nə ilə məşğul olduğu bizə məlumdu. - hansı möcüzəyləsə geriyə qayıtmış tanış kiniylə dedi. – Kim nə ilə nəfəs alır, o nəfəsi necə alır, o da məlumdu.
Baş nazirin, onun bu sözündən sonra əsəbi hərəkətlə sol gözünü ovduğunu, gözünün yanıyla tutdu. Gərgin vəziyyətlərdə sol gözünü ovmaq adəti, baş nazırin çoxdankı vərdişiydi. Ən gərgən məqamlar baş nazirin gözünü gicişdırən, olsun ki, qorxudan, ya nədənsə genişlənib toxumabatoxuma böyüyən, irilib gözünün ağını tutan bəbəyi idi… - fikirləşdi.
Baş nazir ağzını mikrofona yaxınlaşdırıb xırıltılı səslə:
– Hərbi hissədə baş verən faciənin nəticələri ilə bağlı çıxış üçün söz - istintaq komissiyasının sədri… – bu yerdə baş nazirin səsi tutuldu… bir müddət mikrofonu ovcuyla bağlayıb, gözləri yaşara-yaşara, boğula-boğula harasa kənara öskürdü, sonra gözünün suyu axa-axa:
– Əhməd Məlikova verilir. – dedi və stolun üstündəki qrafindən su töküb acgöz-acgöz içdi.
İstintaq komissiyasının sədri, keçmiş iqtidardan qalan, çəlimsiz vücudlu, uzunburun bir adam idi, yekə ölçülü kostyumu əynində çalxalana-çalxalana, yöndəmsiz hərəkətlərlə yellənə-yellənə səhnəyə qalxıb mikrofonla üzbəüz dayandı.
…Qəfildən yenə ürəyinin təyyarədəki kimi, enib-qalxdığını, sonra uzun-uzadı fasilələrlə susa-susa, nizamsız döyüntülərlə axdığını hiss etdi…
Hamısı neçə ayların yorğunluğunun nəticəsidi. Hələ bəlkə lap ondan da əvvələrin… uzaq əyalət şəhəpciyində keçirdiyi üzücü fasilənin yorğunluğunun nəticəsiydi. – fikirləşdi. Sonra çıxışçıya qulaq asdıqca yadına, bu gecəki yuxusu, əlində tapança, casus hərəkətləriylə yarıqaranlıq otağında sürünməyi, qaranlıq dəhlizdə kimisə güllələməyi… qanlı əlləri üzündə qalmış, donuq gözlü qadını düşdü… Yaddaşını tarıma çəkə-çəkə, bir neçə il bundan əvvəl dünyasını dəyişmiş qadınının üzünü xatırlamağa çalışdı və çaşıb qaldı… Qadının üzü tamamilə yaddaşından silinmişdi. Sonra üzünü ovuşdura-ovuşdura fikirləşdi ki, bəlkə yuxuda öldürdüyü, heç qadını deyildi?.. Əgər eləydisə, onda niyə dizi üstə düşüb ağlayırdı?..
Yenə gözləri acışırdı… acışa-acışa göz qapaqlarını ağırlaşdırırdı. Yenə dincəlməyi gəlirdi… bütün bədəniylə yumşaq rahatlığın içində əriyə-əriyə, balışını qucaqlayıb yuxuya getməyi gəlirdi…
– …elə deyilmi, cənab General?.. – istintaq komissiyasının sədri, sözünü kəsib ona baxırdı.
Komissiyanın sədriylə bərabər, bütün zal ona baxırdılar, nə deyəcəyini gözləyirdilər... Olsun ki, istintaq komissiyasının sədri ona, nə isə əsaslı bir mətləb barədə sual vermişdi…
– Bəlkə də elədi. – özünü toplayıb təmkinlə dedi – Amma, belə bir ciddi məsələ ilə bağlı bu cür tələsik nəticə çıxarmaq olmaz. Təqdim etdiyiniz materiallar, hadısə haqqında hələ tam təsəvvür yaratmır. Bu hadisə daha ciddi araşdırmalar, dəqiq faktlar, situasiyaya incə yanaşma tələb edir. – dedi və hiss elədi ki, əlləri soyudu. İlk dəfəydi ki, fikirləşdiyi an, çıxışçının dediklərini eşitməmişdi. Bu necə olmuşdu?.. – zala göz gəzdirə-gəzdirə fikirləşdi.
İstintaq komissiyasının sədri, onun cavabından məmnun olub çıxışına davam elədi.
Diqqətlə qabaq cərgədə oturanların üzlərinə baxdı, sonra gözünün ucuyla, yanındakıların vəziyyətini yoxladı. Hamı, bayaqkı üzlərlə danışana qulaq asırdı.
Fikrini toplayıb diqqətini çıxışçıda cəmlədisə də, bir qədərdən sonra özünü onda tutdu ki, yenə bayaqdan bəri danışılanları eşitməyib.
Ürəyi sıxıldı... Elə bil əlləri bir az da soyudu.
Son vaxtlar, əlləri, beləcə tez-tez soyuyurdu. Qanı pis işləyirdi, nədi?..
Əllərini ovuşdurub üst-üstə qoydu. Əlləri, kiminsə əllərinə oxşayırdı. Barmaqları, qoca, qozbel adamlar kimi əyilmişdi, dərisi qurumuşdu.
Əsnəmək istədisə də, ağzına yığdığı hava əsnəyinə dolmadı. Elə bil zalda oturanların üzləri mane oldu əsnəməyinə. Sonra axır ki, əsnədi… və əsnədikcə, hamının ona qoşulub ağzını iri-iri aça-aça, ordan-burdan əsnəməyə başladığını öz gözləriylə gördüsə də, özünü ələ ala bilmədi. Yatmaq istəyirdi… Zal boyu yuxulu üzlərlə cərgələnənlərə baxa-baxa, yuxydan heç cür sivrilib çıxı bilməyən, yatdıqca şişib saralan «yuxulu Genaralın» ölkəsində baş verənləri – dəli azadlıq sevdasıyla binalara dırmaşıb ordan vəhşi bağırtılarla bağıranların, qalibiyyət dolu üzlərini gördü… Bu nə idisə, fəlakətli bir şey idi. – fikirləşdi. Kiminsə öz yuxularına sümrülməsi barədə nə vaxtsa, hansısa kitabda nə isə oxuduğunu yadına salmağa çalışdısa da, anladı ki, bu barədə heç bir ədəbiyyatda heç nə oxumayıb. Bu, nə idi, xəstəlik idi, ya qocalıq idi?.. Ya bəlkə adi yorğunluq idi?.. – sağ əliylə sol əlini sığallaya-sığallaya fikirləşdi. - Əgər yorğunluq idisə, yuxudan-yuxuya tikilən o Məqbərə nə idi?..