DİN, ASİMANİ DİNLƏR VƏ ONLARIN PRİNSİPLƏRİ
Din tarixçiləri və sosioloqlar arasında müxtəlif dinlərin necə yaranması haqqında müxtəlif nəzəriyyələr mövcuddur. Amma islami mənbələrdən əldə olunanlara əsasən deməliyik ki, dinin yaranması insanın yaranması ilə eyni vaxtda təsadüf edir. İlk insan (Həzrət Adəm (ə)) Allahın peyğəmbəri, tövhid carçısı olmuş və yeganə Allaha pərəstiş etmişdir. Şirklə qarışmış dinlərin hamısı da şəxsi, yaxud ictimai qərəz və məqsədlərin onlara daxil edilməsi və təhriflər nəticəsində yaranmışdır.2 Həqiqi və asimani din hesab olunan tövhid dinində isə üç müştərək və ümumi prinsip vardır:
1. Yeganə Allahın varlığına etiqad bəsləmək.
2. Hər bir insan üçün axirət aləmində əbədi həyatın varlığına bu dünyada yerinə yetirilən əməllərə görə o dünyada cəza və ya mükafat veriləcəyinə inanmaq.
3. Bəşəriyyəti son kamala, yəni dünya və axirət səadətinə hidayət etmək üçün Allah tərəfindən peyğəmbərlər göndərilməsinə inanmaq.
Bu üç prinsip həqiqətdə hər bir agah insan üçün aşağıda yaranan sualların cavabıdır: “Varlığın mənşəyi nədir?”, “Həyatın sonu nədən ibarətdir?”, “Ən yaxşı yaşayış proqramını necə əldə etmək olar?”.
Vəhy vasitəsilə zəmanət verilən yoldan ibarət proqramlar məcmusu, elə ilahi dünyagörüşdən irəli gələn dini ideologiyadan ibarətdir.
Əqaidin əsaslarını müxtəlif təsir, nəticə və təfsilləri vardır ki, bunlar məcmu halında dinin əqidə sistemini təşkil edir. Bu kimi etiqadlarda olan ixtilaflar müxtəlif dinlərin, firqələrin və məzhəblərin yaranmasına səbəb olmuşdur. Eləcə də ilahi peyğəmbərlərin bəzilərinin nübüvvətində, mötəbər asimani kitabların təyin olunmasındakı fərqlər də yəhudi, məsihi və İslam dinləri arasında əsaslı ixtilafların nəticəsidir. Bunun da ardınca bəzi hallarda əqidə və əməllərdə etiqadın əsasları ilə uyğun olmayan digər ixtilaflar meydana gəlir. Məsələn, məsihiyyətdə üçlüyə (Müqəddəs Ata, Oğul və Ruhul-qüds) olan etiqad tövhid prinsipi ilə uyğun gəlmir. Halbuki, məsihilər bu barədə özlərinə bəraət qazandırmaq istəyirlər. Eləcə də Peyğəmbərin canişinin Allah tərəfindənmi, yoxsa camaat tərəfindən təyin olunması ilə əlaqədar yaranan ixtilaf İslam dinində sünnü və şiələrin arasında əsaslı ixtilafa səbəb olmuşdur.
Belə nəticə alınır ki, tövhid, nübüvvət və məad bütün asimani dinlərdə əsas etiqadlardır, lakin onların təhlil olunmasından, yaxud təfərrüatından yaranan başqa etiqadları xüsusi terminlərə uyğun olaraq əsl əqaidin bir hissəsi hesab etmək olar. Məsələn, Allahın varlığına etiqadı İslam əqaidinin bir əsli, Onun vahid olmasına olan etiqadı isə bu əqaidin ikinci bir əsli, yaxud həzrət Peyğəmbəri-Əkrəmin (s) nübüvvətinə olan etiqadı bunun digər bir əsli saymaq olar.
Şiə alimlərindən bəziləri tövhidin etiqadının şöbələrindən biri olan ədaləti müstəqil bir prinsip, nübüvvətin davamı olan imaməti isə digər bir prinsip hesab etmişlər. Həqiqətdə “əsil” kəlməsinin termin kimi bu kimi etiqadlarda işlənməsi əsas şərtlərdən hesab olunmuşdur və bu barədə münaqişəyə yer yoxdur.
Deməli, üsuliddin kəlməsini ümumi və xüsusi olaraq iki mənada işlətmək olar. Ümumi mənada bu füruidinin və İslam hökmlərinin müqabilində dayanır və bütün mötəbər etiqadlara da şamildir. Xüsusi mənada isə ən əsaslı etiqadlara məxsusdur. Bütün asimani dinlər arasında müştərək olan tövhid, nübüvvət və məad kimi bəzi etiqadları mütləq şəkildə üsuliddin, onlara bir və ya bir neçə digər prinsipi əlavə etməklə bu etiqadları xüsusi üsuliddin, yaxud ayrıca şəkildə xüsusi bir firqə ya məzhəbə aid olan bir neçə etiqadı da bu etiqadlara artırmaqla onları din və məzhəb prinsipləri, yaxud da bir məzhəbin etiqad üsulları hesab etmək olar.
Dostları ilə paylaş: |