3.3 Keynesin faiz haqqında düşüncələri
Yuxarıda faiz dərəcələri və iqtisadiyyatdakı meyillər arasındakı asılılığı qısaca nəzərdən keçirdik. Bu asılılıqlar haqqında məşhur iqtisadçılar araşdırmalar aparıblar. Lakin İslam Maliyyə Sistemi nöqteyi nəzərindən Keynesin nəzəriyyələri daha maraq doğurur. Ona görə Keynesin faiz haqqında nəzəriyyəsinə qısaca nəzər yetirmək münasib olardı.
Keynes yığımın səviyyəsi ilə faiz dərəcələri arasında əlaqənin olduğunu iddia edirdi. Eyni zamanda o, paralel olaraq investisiya həcminin yığım həcmiylə əlaqəli olduğunu bildiridi. Keynesə görə yüksək faiz iqtisadiyyata yatırılan investisiya həcmini azaldır. Bu da öz növbəsində ayrı – ayrı sahələrdə və eləcə də bütövlükdə makroiqtisadiyyatda gəlirlərin azalmasına səbəb olur. Buna görə Keynes iqtisadiyyatda faiz dərəcələrinin təxminən 3% səviyyəsində saxlanmasını təklif edir. Keynes özünün “Pul, faiz və məşğulluğun ümumi nəzəriyyəsi” adlı kitabında insanların təşəbbüs göstərməklə və əmək sərf etməklə pul qazanmalı olduqlarını məqbul və məqsədəuyğun hesab edir.
Keynesə görə faiz dərəcəsi bilavasitə dövriyyədəki pulun kəmiyyətindən asılıdır. Bildiyimiz kimi, faiz dərəcələri tədavüldəki pulların kəmiyyəti ilə tərs mütənasibdir. Yəni pul təklifi artanda faiz dərəcəsi aşağı düşür və yaxud pul təklifi azalanda faiz dərəcəsi artır. Keynesin nəzəriyyələrində, xüsusilə də faiz nəzəriyyəsinin mərkəzində faiz normasının aşağı salınması tələbi durur. O bildirir ki, əgər faiz dərəcələri mənfəət normalarından yüksəkdirsə, onda sahibkarlar likvidlik preferensiyasına əsasən, öz kapitallarını istehsala deyil, banklara yönəldəcəklər. Əgər faiz dərəcələri aşağıdırsa, o zaman kapitallar istehsal sektoruna yönəldiləcək. Göründüyü kimi digər iqtisadçılardan fərqli olaraq Keynes faizsiz sistemə çox yaxın bir mövqedə olmuşdur. Bununla belə, Keynes iqtisadiyyatda faizin tamamilə aradan götürülməsi ilə bağlı bir fikir söyləməyib.
Dostları ilə paylaş: |