Ağir iTKİ Şəhid Həsən Baqirinin (Qulamhüseyn Əfşurdinin) həyatı


O, bütün diqqətin Livana yönəldiyinə görə narahat olub deyirdi: "Həqiqətən, iki cəbhədə vuruşa bilərikmi?! Əgər hamı getsə, burada nə edərik?!"



Yüklə 8,06 Mb.
səhifə27/43
tarix10.01.2022
ölçüsü8,06 Mb.
#110592
1   ...   23   24   25   26   27   28   29   30   ...   43
O, bütün diqqətin Livana yönəldiyinə görə narahat olub deyirdi: "Həqiqətən, iki cəbhədə vuruşa bilərikmi?! Əgər hamı getsə, burada nə edərik?!"

Bu barədə bir neçə dəfə fikrini bildirdi. Nəhayət, İmam Xomeyni "Qüdsün yolu Kərbəladan keçir" deyəndə onun sözlərini xatırladım".(Qeyd)1

Hacı Əhməd Mütəvəssilian və “Məhəmməd rəsulullah (s)” briqadası Həsən Baqiri üçün çox önəmli idi. Buna görə də, Hacı Əhmədin və həmin briqadanın Suriyaya getməsinə razı deyildi. O bu barədə deyirdi:

"Beytülmüqəddəs əməliyyatından sonra və Ramazan əməliyyatından öncə İsrail Livana hücum etdi. İranın bu məsələyə dayaz baxışı oraya hərbi qüvvələr - xüsusi üstünlükləri olan Həzrət Rəsul (s) briqadasını və onun komandirini göndərməklə nəticələndi. Ümumi olaraq, elə bir ab-hava yarandı ki, bir müddət əməliyyatları davam etdirməyə tərəddüd yarandı. Əlbəttə, biz əsla şübhə etmirdik ki, əməliyyatları davam etdirməkdən başqa yolumuz yoxdur. Hətta qardaşımız Möhsün və Polkovnik Şirazi təyyarə ilə gedəndə daim bununla maraqlanırdıq ki, təyyarələri yerə endi, yoxsa yox. İsrail necə imkan verə bilər ki, İran NATO üzvü olan bir ölkənin hava yolundan istifadə edib həmin alyansın himayədarlarından və tərəfdarlarından biri ilə vuruşmağa getsin?! Necə olur ki, Türkiyə dövləti İsraillə vuruşmaq üçün öz hava yollarından istifadə edib Livana və Suriyaya getməyə icazə verir?"1 (Qeyd)

1982-ci ilin 12 iyununda Səddam birtərəfli atəşkəs elan etdi və İraq artilleriyasının atəşi ilk dəfə olaraq dayandı. O, rəsmi şəkildə dedi ki, İraq ordusu rəsmi sərhədlərə geri çəkilir. Həsən Baqiri Ramazan əməliyyatının gecikməsinin ikinci səbəbi kimi bunu göstərirdi.

"İkinci məsələ geriçəkilmə idi. Bağdadda Qoşulmayanlar hərəkatının konfransı keçirildiyinə görə İraq tərəfi çox da faydalı olmayan torpaqları tərk etdi. Sonra dünyada geniş təbliğata başladı ki, biz 1975-ci il müqaviləsinə əsaslanan beynəlxalq sərhədlərə qayıtdıq, amma İran bizdən əl çəkmir. Fransa kimi ölkələr, supergüclər də dəstək verib həvəsləndirdilər, Birləşmiş Millətlər Təşkilatı “bəh-bəh” dedi. Bu iki məsələ Ramazan əməliyyatının 25-30 gün ertələnməsinə səbəb oldu".(Qeyd)2

Həsən Baqiri Səddamın yalançı atəşkəsinə və Suriyada baş verənlərə etinasız halda bütün diqqətini Bəəs ordusuna qarşı yönəltmişdi. Dostları və yaxın döyüş yoldaşları onun daim komandirlərlə iclas keçirdiyini, sərhəd bölgələrinə və düşmənin yeni mövqelərinə kəşfiyyata getdiyini görürdülər. Bir güllə atılmasa da, düşməni elə öyrənirdi ki, sanki sabah əməliyyat olacaqdı. O bu müddətdə düşmənin sənədlərini oxudu, əsirlərlə danışıb İraq ordusunun hərbi birləşmələrinin yeni tərkibini öyrəndi. Beytülmüqəddəs əməliyyatında da düşmənin zirehli qüvvələri barədə çoxlu informasiya toplamışdı.

İsti iyun günlərindən birində korpusun zirehli briqadasının komandiri şəxsi heyətin təminatı barədə danışmaq üçün qolf meydanına Həsən Baqirinin yanına yollandı. Həmin briqada Beytülmüqəddəs əməliyyatında 500 tankın ələ keçirilməsindən sonra diviziyaya çevrilmişdi. İraqın zirehli hərbi birləşmələrində müxtəlif ixtisaslara yiyələnmiş təxminən iki min hərbçi əsir düşmüşdü. Həsən Baqiri mütəxəssis əsirləri düşərgəyə göndərmirdi, Əhvazın müxtəlif yerlərində saxlayırdı və hər birinə aid qovluq açmışdı.

"Həsən Baqiri dedi ki, nəyə ehtiyacın varsa, yaz. Elektrik, mexanik və topçu istədim. Kağızı əsirlərə nəzarət edən Əli Əfşariyə verdi. İraqın zirehli birləşmələrinin komandirlərindən çoxu əsir düşmüşdü. Onlar öncəki əməliyyatlarda iştirak etmişdilər. Tez-tez verilən məruzələrdən onları tanıyırdım. Həsən Baqiridən onlar barədə soruşanda deyirdi ki, filankəs işinə yarayar və s. Bir dəfə soruşdum: "İraqın hansı batalyonunun T-62 tankı var?" Dedi ki, Yərmuk, Qəzzə və Əkka tank batalyonlarının. Soruşdum ki, batalyon, ya bölük komandirləri əsir düşüblər? Dedi: "Hamısını qeyd etmişik. Get, əsirlərin siyahısını Həmid Müiniandan al, gəl, kimdən istifadə etməli olduğunu deyim".

İki qrupa ehtiyacımız vardı; zirehli birləşmə komandirlərindən məlumat almaq, texniklərdən də istifadə etmək istəyirdik. Bir neçə gündən sonra həmin əsirlərdən təxminən yüzünü mənə verdi. Onları diviziyaya aparıb işlətməyə başladım. Həvəslə işləyirdilər. Tehrandan da xəbər yolladılar ki, ölkəsində T-72 tankı ilə işləmiş bir əfqanıstanlını oraya göndəririk. O, çox da işə yaramadı. İraq ordusunda olanlar isə bizə daha yaxın idilər, daha yaxşı əməkdaşlıq edirdilər. Allah bu müharibəni başladan Səddama lənət eləsin! Onlar bizim rəftarımızı görəndə Səddamın yalan təbliğatını başa düşüb çox təsirlənirdilər".(Qeyd)1

Fətulla Cəfəri həmin gün qeyri-sabit bəsici döyüşçülər məsələsini Həsən Baqiri ilə bir daha müzakirə etdi. Həsən Baqiri bu problemə də çıxış yolu göstərdi. Onun təklifi bu idi ki, bəsicilər ikiillik hərbi xidmət dövrü olaraq zirehli birləşməyə getsinlər, ixtisaslı hərbi təlim keçsinlər, tank ekipajı kimi döyüşlərdə iştirak etsinlər.

Baqiri Xürrəmşəhrin azadlığından sonra ölkədə yaranmış ab-havadan xəbərdar idi; bilirdi ki, bu böyük qələbə xalqda, xüsusən də gənclərdə cəbhələrdə iştirak etməyə böyük həvəs yaradıb. O, çıxışlarında cəbhəni böyük bir universitet adlandırıb deyirdi ki, kim cəbhəyə gəlsə, ona iş şəraiti var; mühəndis-istehkam bölüyündə, hərbi texnika sənayesində, döyüşçü və hətta komandir kimi inkişaf edə bilər.

"Həsən Xürrəmşəhrin azadlığından sonra cəbhənin vəziyyətini daha mürəkkəb hesab edirdi. O deyirdi ki, İraq ordusu bu müddətdə böyük təcrübə toplamışdır, bu məğlubiyyətdən dərs alıb zəif nöqtələrini düzəldirlər. O bildirirdi ki, döyüş üsulu, cəbhələrin idarəsi və təlim üzərində işləməli, bacarıqlarımızı artırmalıyıq.

O zaman gələcək fəaliyyət barədə bir layihə yazdım. Həsən Baqiriyə göstərəndə dedi: "Yaxşıdır, indi gedin manevr edin, görün tanklar manevr atəşində nə qədər yol gedə bilirlər". Dedim ki, belə bir yeri haradan tapaq? Dedi ki, Cüfeyrdə.

Maraqlı bölgə idi. Manevr yeri tapmaq üçün yola düşdük, ancaq orada çox böyük bir silah anbarı ilə rastlaşdıq. İraqlılar silahlar üçün çox böyük bir səngər düzəltmişdilər. Silah-sursat o qədər çox idi ki, nə üçün gəldiyimizi yaddan çıxardıq. Oradan Mahşəhr magistralındakı anbarımıza çoxlu silah-sursat daşıdıq. Xoşbəxtlikdən, hamısı tanka aid idi. Həsənə dedim ki, belə böyük bir silah anbarı tapmışıq. Dedi ki, görmək istəyirəm. Gəlib şəkillərini çəkdi. Sonra soruşdu ki, bəs manevr işi nə yerdə qaldı? Dedim: "Manevr üçün İmamzadə Seyid Xələf magistralının cənubuna getmişdik, orada bu anbarı gördük". Dedi ki, elə orada da manevri həyata keçirin, tankların ekipajları hərəkət düzülüşünü öyrənsinlər, bir-biri ilə rabitə əlaqələri olsun və atəş açsınlar. Soruşdum ki, əməliyyat olacaq? Dedi: "Hərbi birləşmələr hazır olanda əməliyyat da tapılacaq". Bu qısa cümlə ilə cavabımı verdi".(Qeyd)1

Həsən Baqirinin qeyd etdiyi kimi, İraq ordusu məğlubiyyətlərdən təcrübə toplayıb zəif cəhətlərini aradan qaldırmışdı. Həsən Xürrəmşəhr əməliyyatında bir sənəd görmüşdü. İraq ordusunun Baş qərargahı bütün hərbi birləşmələrə əmr etmişdi ki, daha cəbhədə torpaq istehkam qurmasınlar. Çünki İslam döyüşçüləri mövqeləri ələ keçirəndən sonra həmin istehkamların arxasına sığınıb əks-hücumları dəf edirdilər. İraq ordusunun mühəndis-istehkam bölməsi Səddamın himayədarlarının köməyi ilə Bəsrənin müdafiəsindən ötrü yeni müdafiə maneələri təşkil etmişdi. Onlar uzun istehkam yerinə düzbucaqlı üçbucaq şəkilli istehkamlar düzəldirdilər. Üçbucağın təpəsi İrana, oturacağı isə İraqa doğru olurdu. Bu baxımdan, yalnız iraqlılar üçün müdafiə imkanı yaradır, bizim əlimizə keçəndə yararsız olurdu. Üçbucaqları öyrənmək çıxış yolu tapmağa böyük kömək göstərdi. Bundan əlavə, çoxlu sayda mina üçbucaqları ələ keçirməyi çətinləşdirirdi. Bu məsələlər Həsən Baqirinin kəşfiyyat zamanı daha çox həssaslıq göstərməsinə səbəb oldu.

"Beytülmüqəddəs əməliyyatından sonra cəbhənin düzülüşü pozuldu, əsla tanımadığımız yeni torpaqlar əlavə olundu. Sərhədlərimiz əvvəlkindən 60 km irəli keçmişdi. Bəzən Hərbi Hava Qüvvələrinin təyyarələrdən çəkdiyi şəkillər bizə çatırdı. Onlar iraqlıların yeni müdafiə maneələri ixtira etdiklərini göstərirdi. Sanki xətkeş qoyub üçbucaq formalı qalalar tikmişdilər.

Əməliyyata az qalmış qardaşımla birgə bir hərbi birləşmənin qərargahına getdik. O, komandirlərdən kəşfiyyata dair məruzə istədi. Soruşdu ki, batalyonlarınızı hansı istiqamətlərdən aparmaq istəyirsiniz?

Onlar dedilər ki, minalanmış sahə ilə rastlaşdıq və gedə bilmədik. O dedi: "Zarafat edirsiz?! Sabah əməliyyat axşamıdır, üçyüznəfərlik beş batalyonu ölümə aparmaq istəyirsiniz?! Kəşfiyyata getmədən, minalanmış sahəni açmadan, düşmən səngərlərinin arxasına yol tapmadan batalyonu apara bilərsiniz?!"

Dedilər ki, vallah, bir neçə dəfə kəşfiyyata getdik, filan komanda da getdi, filankəslərin komandaları da getdi, amma heç kim bacarmadı. Briqada komandiri, komandirin müavini, kəşfiyyat-diversiya komandiri, əməliyyat komandiri və briqadanın qərargah rəisi də orada idi. Həsən onlara dedi: "Bu gecə hərəniz bir komanda ilə kəşfiyyata gedirsiniz. Ya bu kəşfiyyatda şəhid olacaqsınız, ya da yol tapıb sabah axşam batalyonları aparacaqsınız; ya da heç bir yol tapmayacaqsınız və biləcəyik ki, bu istiqamətdə əməliyyat keçirə bilmərik".

Sonra əlavə etdi: "Sabah səhər saat 7-də bəsici uşaqları toplayın. Onlarla danışmaq istəyirəm". Dedilər ki, baş üstə. O dedi: "Bu çıxışda iki cür danışa bilərəm: Əgər kəşfiyyata getmiş və bütün səyinizi göstərmiş olsanız, sizi tərifləyər və müsbət cəhətlərinizi deyərəm; əgər yaxşı kəşfiyyata getməsəniz, bəsicilərə deyərəm ki, komandirləriniz bu gecə sizi ölümə aparacaqlar".

Ertəsi gün sübh namazımızı qılıb həmin briqadanın qərargahına yola düşdük. Gördük ki, hər beş komanda kəşfiyyata gedib qayıdıb. Dörd komanda əməliyyat üçün yol tapmışdı. Beşinci komanda da bir yaralı vermiş və yarımçıq bir yol tapmışdı. Həmin yarımçıq yolu kənara qoyub batalyonları tapılan dörd yoldan apardılar".1(Qeyd)

Çox keçmədən əməliyyat vaxtı gəldi. 1982-ci il iyul ayının 13-də ramazan ayında Ramazan adlı əməliyyat başlandı. Beş mərhələdən ibarət bu əməliyyat avqustun 17-də sona çatdı. Bu əməliyyatda Həsən Baqiri Nəsr qərargahına başçılıq edirdi. Xüsusən ikinci, üçüncü və dördüncü mərhələlərdə ən ağır məsuliyyət onun üzərinə düşürdü. Müharibənin əvvəlində su mühəndisliyi taktikasını iranlılardan öyrənmiş İraq ordusu Ramazan əməliyyatında bu üsuldan istifadə etdi. Bu addım və digər amillər əməliyyatda qələbənin qarşısını aldı. Həsən Baqiri əməliyyatın birinci mərhələsi barədə deyirdi:

"İraq öz müdafiə işində və İslam döyüşçüləri qarşısında maneə yaratmaqda uğurlu çıxış etdi. Onlar həmçinin Kutsəvari postundan Bubian postuna qədər uzanan balıq kanalına su yönəldib Nəsr qərargahının yolunu bağladılar. Planlaşdırdığımız manevr Bəsrənin əsas keçidlərindən birində və nisbətən yaxşı manevr idi. İndi də araşdıranda görürük ki, uğurlu ola bilərdi, amma bu manevr bağlandı. Digər məsələ düşmənin ehtimallara qarşı yaratdığı üçbucaq istehkamlar idi. Canlı qüvvələri ondan öncə Beytülmüqəddəs bölgəsində olduğuna görə daha yerdəyişməyə ehtiyacları yox idi. Beytülmüqəddəs əməliyyatında 5 və 6 saylı diviziyaları öz sərhədlərini qorumaqdan ötrü qaçırmışdılar. İraq tərəfi bizim Bəsrəyə getmək istədiyimizi, digər yerlərdə canlı qüvvə toplamadığımızı bilərək öz qüvvələrini Bəsrənin şərq bölgəsində mərkəzləşdirmişdi. Bundan əlavə, mina sahələri, çoxlu maneə və xəndəklər yaratmışdı. Onların digər üstünlükləri bu idi ki, harada vuruşsaydıq, müəyyən müddətdən sonra əleyhimizə əks-hücuma keçə bilərdilər.

Əməliyyatın ilk mərhələsində qövsvarı hərəkət etdiyimizə görə çox böyük nailiyyət əldə etdik, amma sağ cinahımızı saxlaya bilmədik. İraqın əks-hücumlarından sonra orada qalmaq imkansız oldu, əvvəlki mövqeyimizə qayıtmağa məcbur olduq. Əsas iki briqadanı bir keçiddən keçirmək istəyirdik, amma düşmən son bir neçə gündə orada pərakəndə şəkildə minalar basdırmış, Zeyd zastavasının balıq kanalına giriş yerində güclü müqavimət qurmuşdu. İlk mərhələdə oradan istifadə etdiyimizə görə İraq tərəfi oraya çoxlu canlı qüvvə yerləşdirmişdi, ciddi müqavimət göstərirdi. Bu baxımdan, bizim hərbi birləşmələrimiz əməliyyatın əvvəlində yaxşı irəliləyə bilmədilər. Hətta irəli keçməyi bacarmış bəzi hərbi birləşmələr qayıdarkən böyük çətinliklərlə üzləşdilər. Səhər çağı bu qənaətə gəldik ki, bu hərəkət də uğurlu deyildi və ilk mövqelərimizə geri çəkilməliyik".1(Qeyd)

Zeyd zastavasında vuruşanlar Mehdi Bakirinin tabeliyində olan qüvvələr idi. Təbrizin Aşura diviziyasının uşaqları əməliyyatın ilk mərhələsini başa çatdırandan sonra Bubian və Şələmçə istiqamətində ikinci mərhələni davam etdirməli idilər. Lakin düşmən kanalın suyunu Bubian və Şələmçənin önünə yönləndirmişdi. Qalan yeganə yol isə Zeyd zastavasının küncündən idi.

Aşura diviziyasının sağ cinahını tutmalı olan diviziya öz işini tamamlaya bilmədi. Bakiriyə deyildi ki, Zeyd zastavasına getsin, amma orada digər problemlərə 50 dərəcəyə yaxın istilik, qum üzərində piyada getmək və şəxsi heyəti gün vurması da əlavə olundu. Onlar ikinci mərhələdə üçbucaq şəkilli torpaq istehkamların önünə keçməli idilər, amma yandakı hərbi birləşmələrin gəlmədiyinə görə onlar da irəliləyə bilmədilər. Əməliyyat günü sübh çağı Aşura diviziyasının uşaqları tez bir zamanda hücum edib mövqeyi ələ keçirmişdilər, düşmən də tez zəif nöqtəsini duyub bütün atəşləri onlara doğru yönəltmişdi. Şəxsi heyətin bir qismi 3 km irəliləyib torpaq istehkam qurmuş olsa da, geriçəkilmə əmri verildi. Həsən Baqiri düşmənin qızğın əks-hücumu altında Mehdi Bakirinin mövqeyinə getdi.

"Həsən qorxmaz idi, əməliyyatlarda döyüş yerinə gedib vəziyyəti yaxından araşdırır, lazımi tapşırıqları verirdi. Məhz özü gedirdi ki, hər şeyi dəqiq görsün və ona görə hərəkət etsin. Düşmənin Zeyd zastavasındakı güclü əks-hücumu heç vaxt yadımdan çıxmaz. Əks-hücum o qədər güclü idi ki, komandirlərin gəlməsinə mane olurdu. O isə gecə vaxtı xəbərsiz şəkildə, düşmən artilleriyasının güclü atəşi altında motosikletlə bütün mövqe və istehkamları gəzmişdi. Bir də gördüm ki, boynunda çəfiyə, üst-başı toz-torpağın içində motosikletlə gəldi. Narahat halda dedim: "Həsən, harada idin? Bu nə vəziyyətdir?" Dedi ki, döyüş yerinə getmədim.

Sonradan söhbət açılanda dedi: "Düz zastavanın altında, güclü atəş yağdırılan yerdə bəzi uşaqlar üstüaçıq səngərdə oturub Təvəssül duası oxuyurdular. Mənə çox qəribə gəldi".

Lakin məncə, ondan da qəribəsi Həsənin özünün cəsarəti və qorxmazlığı idi. Döyüş yerindəki uşaqların problemləri barədə qərar qəbul etmək üçün özü birbaş oraya gedirdi. Həsən qərargahda oturub ratsiya ilə əmr verən komandir deyildi. O, əsl komandir və əməliyyatçı idi".(Qeyd)1

Təbii olaraq bəzi hərbi birləşmələrin irəliləyişi digərləri ilə eyni olmurdu. Komandirlər batalyonları bir-biri ilə əlaqələndirməyə çalışırdılar. Əməliyyatın ikinci mərhələsində döyüşçülər minalanmış sahələrdən və digər maneələrdən keçib balıq kanalına doğru irəlilədilər. Bir batalyon daha çox irəliləyib düşmənin içinə girdi və mühasirəyə düşdü. Həsən Baqiri briqada komandiri ilə eyni zamanda batalyonların ratsiyalarını da dinləyirdi. O, briqada komandiri ilə batalyon komandirinin danışığını eşidib məsələdən xəbər tutdu, ratsiyanı götürüb həmin briqada komandiri ilə danışmağa başladı. O zaman Məhəmməd Baqiri Nəsr qərargahında idi.

"O, bəzi kodlarla batalyon komandirinin vəziyyətini soruşdu. Briqada komandiri dedi ki, bir qədər problem yaranıb, mühasirəyə düşüblər. Soruşdu ki, sizinlə məsafələri nə qədərdir? Dedi ki, təxminən 3 km. Soruşdu ki, siz nə edirsiniz? Dedi ki, kömək etməyə çalışıram; ətraflarını atəşə tuturuq ki, düşmənin arasından yol açılsın və mühasirədən çıxsınlar. Soruşdu ki, siz haradasınız? Dedi ki, briqadanın qərargahında.


Yüklə 8,06 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin