"Dedi ki, motosikletin arxasına otur, gedək. Dedim ki, atəş çox güclüdür, siz burada qalın, mən gedərəm. Dedi ki, yox, birlikdə gedək".
Motosikletə oturan kimi kürəyimə bir qəlpə dəydi. Dedi ki, yaxşı deyilsənsə, qayıt. Dedim ki, yox, yaxşıyam.
İrəliləyəndə uşaqların yorğunluqdan səngərdə yatdıqlarını gördük. Dedi ki, motosikleti kənara qoy. Birlikdə uşaqların əl-ayaqlarından tutub səngərdən çıxarırdıq. Yorğunluqdan gözlərini zorla açırdılar. Onları birtəhər oyadıb geri göndərirdik. İraqlılar yaxında idilər. Dedim ki, Qulamhüseyn, iraqlılar gəlirlər. Solğun üzlə, ağlaya-ağlaya deyirdi: "İlahi! Sabah bunların analarına nə cavab verəcəyəm?!"
Səngərdəkilərin hamısını geri göndərdik. Mənə çox təəccüblü idi ki, bir diviziya komandiri belə ixlasla döyüş yerinə gedir və əsgərlərini xilas etməkdən ötrü canını təhlükəyə atır".1(Qeyd)
Ramazan əməliyyatının beşinci və son mərhələsi 1982-ci ilin 18 avqustunda əvvəlki bölgələrdə başlandı. Bu mərhələ də əvvəldə uğurlu alındı, amma ələ keçirilmiş mövqelərdə yerləşmək yenə problemə çevrildi. Həsən Baqiri İraq ordusunun yeni müdafiə üsullarına əl atmasından, yeni maneələr ixtira etməsindən əlavə, Ramazan əməliyyatında uğursuzluğun əsas səbəbi kimi canlı qüvvənin azlığını göstərirdi.
"Ramazan əməliyyatında bəlkə də zahiri uğursuzluğun əsas səbəbi sayılan çox mühüm məsələ döyüşçülərimizin sayı idi. Birinci mərhələdə Fəth, Fəcr və Qüds qərargahlarının 50-60 batalyon canlı qüvvəsi vardı. Halbuki İraq tərəfi bu bölgəyə 3, 5, 6, 8, 9, 10 və 11 saylı yeddi diviziyasını gətirmişdi. Bundan əlavə üçrəqəmli briqadalar yaradıb bölgəni tutmuşdu. Yəni ilk təxminlərə görə, tanklardan əlavə oraya təxminən yüz min nəfər, yəni bizdən iki dəfə artıq canlı qüvvə toplamışdı. Bu, ilkin hesablamalara görədir, əgər iraqlıların statistikasına baxsaq, bundan olduqca çoxdur.
Digər tərəfdən, biz İraqın 9 saylı diviziyasına hücum etmişdik, digər diviziyalar sağlam qalmışdı. Ehtiyat qüvvələri də sağlam idi, arxası möhkəm idi, komandiri qalırdı, döyüş düzülüşü pozulmamışdı, dəstək yolu sıradan çıxmamışdı. Düşmən eynilə öncədən təcrübə etdiyi, təlim keçdiyi və məşq etdiyi istiqamətdən əks-hücuma keçdi. Bizim müdafiə mövqeyimiz və əks-hücuma cavab verəcək qüvvələrimiz olmadığına görə kanalın başındakı döyüşçülərimiz ağır vəziyyətə düşdülər, əks-hücum uğurlu oldu, nəticədə bir qədər əsir verdik, tanklarımız da qənimət götürüldü.
Bu baxımdan, əməliyyatın uğursuz alınmasının əsas səbəbini canlı qüvvənin olduqca az olmasında görürük. Əgər canlı qüvvəmiz hətta Fəthülmübin və Beytülmüqəddəs əməliyyatında olduğu qədər olsaydı, bundan çox yaxşı çıxış edə bilərdik".1(Qeyd)
Həsən bəzi batalyon komandirlərinin qərargahda oturmalarını tənqid edərək Ramazan əməliyyatının uğursuzluğunda bu amilin də təsirsiz olmadığını düşünürdü.
"Həsən narahat idi ki, batalyon komandirləri şəxsi heyətlə yanaşı əməliyyatda iştirak etmək əvəzinə qərargahlarında otururlar. Mənə tez-tez deyirdi ki, bizim Ramazan əməliyyatındakı uğursuzluqlarımızın bir hissəsi bununla bağlıdır. Batalyon komandirlərimizi müharibənin ilk aylarında və Fəthülmübin mövsümündə olduğu kimi döyüş yerində aktivləşdirməliyik".2(Qeyd)
Ramazan əməliyyatında ciddi xəsarət almış hərbi birləşmələrdən biri də korpusun zirehli diviziyası idi. İclaslarda onlara deyilmişdi ki, əməliyyat parolu elan olunan kimi tanklarla Dəclə çayının arxasına keçsinlər. Onlar da əməliyyat başlayan kimi yola düşüb düşmənin içinə, hətta komandir qərargahına çatdılar. Lakin əməliyyatın digər mərhələləri baş tutmadığına görə çoxu orada əsir düşdü. Onlar illər sonra azadlığa çıxanda necə əsir düşdüklərini danışdılar.
Zirehli qüvvələr əməliyyat başlayan kimi tanklarla yola düşmüşdülər. Düşmən onları özlərinki bilib vurmamış, onlar da digər döyüşçülərin arxadan gəldiyini zənn edərək komandir qərargahına qədər yollarına davam etmişdilər. Hətta bir neçəsi bayıra çıxıb tanklarının korpusuna Keşikçilər korpusunun nişanını vurarkən əsir düşmüşdülər. Bu əməliyyatda düşmənin təxminən 100 tankı məhv edildi, qarşılığında korpusun 150 tankı düşmən əlinə keçdi. Yeni yaradılmış bir hərbi birləşmə üçün bu, kiçik məsələ deyildi.
"Ramazan əməliyyatının dörd mərhələsi də bizim üçün acı təcrübə idi. Yeni yaradılmış və güclənməyə ehtiyacı olan bir birləşmə özünün çoxlu kadr və texnikalarını da əldən verdi. Hətta iraqlılar tanklarımıza girib bizim əleyhimizə əks-hücuma keçirdilər. Yəni bizim döyüş üsulumuzdan bizə qarşı istifadə edirdilər.
İraq ordusu müdafiə qınına çəkildi və bundan yaxşı istifadə etdi, hətta aviasiya imkanlarını da artırdı. Əvvəldə kor-koranə bombardman edirdilər, ondan sonra isə hava hücumları dəqiqləşdi. Beytülmüqəddəs əməliyyatından Ramazan əməliyyatına qədər ötən müddət İraq üçün qızıl dövr oldu. Lakin biz bu müddətdən yaxşı istifadə edə bilmədik. Biz Ramazan əməliyyatına başlayanda keçmiş qələbələrdən qürurlanıb düşməni zəif saydıq; elə bildik ki, xəncər yalnız bizim əlimizdədir. Fikirləşmirdik ki, iraqlılar bizə qarşı əks-hücuma keçə, planlı şəkildə hərəkət edə bilərlər".(Qeyd)1
Qürur amilini digər komandirlər, o cümlədən korpusun Baş komandanı Möhsün Rzayi də etiraf edirdi.
"Qürur insana hakim olanda bütün məsələlərin yanından laqeydliklə, diqqətsizliklə keçir. Böyük və möcüzəvi Fəthülmübin və Beytülmüqəddəs əməliyyatlarından, döyüşçülərimizin səkkiz ay yaratdıqları tufandan, işğal olunmuş əksər bölgələrin azad edilməsindən sonra hamımızda qürur yarandı və bu, növbəti plan və əməliyyatlarımıza təsir etdi".(Qeyd)2
Ramazan əməliyyatında sübuta yetdi ki, canlı qüvvəni qorumaqdan ötrü geriçəkilmə məharəti çox mühüm amildir. Həsən Baqiri düzgün geriçəkilməni döyüş növlərindən bilir, İraq ordusunun Qüds yolu əməliyyatında Süsəngirdin şimalından geriçəkilmə tərzini misal çəkirdi. O zaman İraq ordusu “Atəş və hərəkət” üsulu ilə canlı qüvvəsini ağır itkilərdən qorumuşdu. Səkkiz aydan sonra Ramazan əməliyyatında həmin taktika İslam döyüşçüləri tərəfindən həyata keçirildi.
"Adətən, geri çəkilərkən hamı özünü bir yolla geri çəkməyə çalışır. Silah-sursatlarını, bəzən hətta yoldaşlarını da qoyub qayıdırlar. Ramazan əməliyyatında geri qayıdan axırıncı adam Həsən oldu. O, uşaqlara deyirdi: "Ağa, ehtiyatlı ol, silahını götür, sursatı topla, su kanistrlərini maşının arxasına qoy..."
İmkan daxilində hər şeyi aparmağa çalışırdı. Bütün uşaqları geri göndərdi. Geriçəkilmə barədə heç bir nümunəmiz yox idi, bunu Həsən başlatdı və sonra hamı öyrəndi. Geri çəkilərkən komandirləri uşaqların yanına göndərirdi ki, onları düzgün şəkildə geri qaytarsınlar. Bütün bunları Həsəndən öyrəndik. Həqiqətən də ona borcluyuq. Əgər indi İslama xidmət edə biliriksə, bəzi işlərimiz düzgündürsə, Həsəndən öyrənmişik".(Qeyd)1
Ramazan əməliyyatının beş mərhələsində döyüşçülər böyük itki verdilər. Bəzən geri çəkilərkən şəhidlərin cənazəsi yerdə qalırdı, onları geri qaytarmaq mümkün olmurdu. Bu məsələ Həsənə çox ağır təsir edirdi. O, üz-başı toz-torpağın içində təmas xəttindən gəlirdi, iki namazın arasında qərargahın uşaqları ilə danışırdı, hədis deyirdi, bəzən söhbət əsnasında ağlayırdı. Dostları onun çöhrəsində və rəftarında şəhadətə hazırlığı görürdülər.
"Görürdük ki, daha əvvəlki Həsən deyil, çox dəyişib. Bəzən işdən qərargaha qayıdanda və ya yolda onu görəndə hiss edirdik ki, yaxın gələcəkdə daha bu komandirimiz olmayacaq, Allah onu bizdən alacaq. Əlbəttə, tez bu fikirlərdən qaçır, beynimi başqa bir şeylə məşğul etməyə çalışırdım. Həsəni çox istəyirdim, onun həmişə aramızda qalmasını arzulayırdım".2(Qeyd)
Qələbənin dönüşü
Ramazan əməliyyatının son mərhələsi başa çatandan sonra müharibənin yüksək vəzifəli komandirləri, o cümlədən Həsən Baqiri növbəti əməliyyatın yeri barədə saatlarla müzakirə aparıb müxtəlif bölgələri araşdırdılar. Hamı yekdilliklə düşünürdü ki, kiçik bir bölgədə qələbə qazanmaq böyük bir bölgədə uğursuzluqdan yaxşıdır. Onlar hərbi-siyasi baxımdan dəyərli yerlər təklif edirdilər: Fav, Bəsrə, İmarə, Sumar və Məndəlidən Bağdada gedən yol və s. Mehran şəhəri də ikinci dərəcəli hədəflərdən sayılırdı.
Ramazan əməliyyatından sonra Möhsün Rzayi Həsən Baqirini Kərbəla qərargahının komandiri təyin etdi. O zaman bütün İran-İraq cəbhəsi Nəcəf və Kərbəla qərargahları arasında bölüşdürülmüşdü. İraq sərhədlərinin başlandığı Piranşəhrdən Mehrana qədər bölgələr Nəcəf qərargahının, Mehrandan Favın girişinə qədər ərazi Kərbəla qərargahının nəzarətində idi.
Müharibə böyüklərinin digər qərarı bu idi ki, əməliyyat üçün münasib yer tapmaqdan ötrü bütün istiqamətlərdə kəşfiyyat əməliyyatlarına başlasınlar. Bu tapşırıq Həsən Baqiriyə həvalə olundu. O, bütün istiqamətlərdə kəşfiyyat işini aktivləşdirdi. Həmin istiqamətlərin biri də Təlaiyyə idi.
"Məhəmməd rəsulullah (s)", Aşura və zirehli diviziyaların kəşfiyyatçıları Təlaiyyə istiqamətində kəşfiyyat zamanı əlverişli yollar tapdılar. Hacı Himmət bu kəşfiyyatların məruzəsini Həsən Baqiriyə verdi. Həsən Hacı Himmətin etirazına baxmayaraq, Təlaiyyəyə kəşfiyyata yollandı. Bu kəşfiyyatın nəticəsi onu çox narahat etdi. Ramazan əməliyyatından öncə kəşfiyyatçılar suyun buraxıldığını və xəndəklərin yarandığını söyləyərək həmin bölgəni keçilməz elan etmişdilər. Halbuki Həsən orada xəndəkdən əsər-əlamət görmədi. Həsən Ramazan əməliyyatında həmin yoldan istifadə olunmadığına görə dəfələrlə təəssüfünü bildirmişdi. Bəlkə elə bu səbəbdən Kərbəla qərargahının komandirlərini məcbur etdi ki, kəşfiyyatçılarla birgə özləri də Hur, Ümm əl-Rəsas adası və Favdan Ümm əl-Qəsrə qədər ərazini öyrənməyə getsinlər. Bu komandirlərdən biri Fətulla Cəfəri idi.
"Həmin kəşfiyyatların bəzisində iştirak edirdim. Əsgər Kazimi, Həsən Danaifər, Məhəmməd Baqiri və Həbib Ağaceri ilə birgə Ərvənd və Fav bölgəsinə kəşfiyyata gedirdik. Dəyərli təcrübə idi. Bir dəfə qolfa qayıdıb nəticələri məruzə edəndə söhbət əsnasında Həsən Baqiriyə dedim: "Ərvənd çayından keçməyimiz imkansızdır".
Mənə dedi: "İngilislər Buşehri işğal edəndə torpaq və daş kisələrlə Zaqros dağının daş-qayaları arasından yol salıb Şirazı tutmuşdular, biz nə üçün Ərvənddən keçə bilmərik?!"
Orada mənə tapşırdı ki, su və bataqlıqdan keçə bilən zirehli maşın tapım. Xaşayar barədə soruşanda dedim: "Onlar istifadəyə yararlı deyillər". Soruşdu: "Nə üçün yararlı deyillər? Nəyi yaramır? Korpusu pisdir? Tırtılları pisdir? Nöqsanı nədir?" Dedim ki, motoru rus istehsalıdır, bölgənin ab-havasına uyğun gəlmir. Dedi: "Problem motorundadırsa, onu dəyişdirərik".
Dostları ilə paylaş: |