«İkinci şəhid»
Şeyx Bəhayi atasından belə nəql edir:
Bir gün səhər İkinci Şəhid (ləqəbiylə məşhur olan) Zeynəddin ibn Əli Amulinin hüzuruna getmişdim (911-966 q.). Şeyx çox fikirli idi. Elə bil ki, gözlənilməz bir hadisə baş vermişdi. Mən ondan niyə fikirli və narahat olduğunu soruşanda belə dedi:
Ay qardaş, elə güman edirəm ikinci şəhid mən olacağam! Mən soruşdum:
Niyə, nə olub ki? Dedi:
Dünən axşam yuxuda gördüm ki, Seyyid Murtəza çox böyük bir qonaqlıq təşkil edərək bütün şiə alimlərini ora də`vət edib. Mən məclisə daxil olduğum zaman Seyyid Murtəza ayağa qalxaraq mənə xoş gəldin deyib buyurdu:
Filankəs, buyur Məhəmməd ibn Məkkinin (Birinci Şəhid) yanında əyləş. Mən də onun yanında əyləşdim. Sonra yuxudan oyandım. Elə buna görə də zənn edirəm ki, ikinci şəhid mən olam.2
«Burada böyük bir şəxs öldürüləcək»
Şeyx Bəhayidən belə nəql olunur:
Günlərin bir günü İkinci Şəhid ilə atam Şeyx Hüseyn ibn Əbdüssəməd Harisi Meditəranənin sahilindən ötüb keçirmişlər. Zeynəddin ibn Əli Amuli sonralar qətlə yetiriləcəyi məkana çatdığı zaman, birdən onun çöhrəsinin rəngi dəyişir. Sanki gözlənilməz, qəfil bir hadisəylə üzləşir. Atam ondan narahat olmasının səbəbini soruşduqda, belə deyir:
Bu yerdə böyük bir şəxs öldürüləcək.
Bir müddət keçəndən sonra o, həmin yerdə şəhid edilir.3
«Təməl uçuran zikr»
Tədqiqatçı alim Nəraqi “Xəzain” (xəzinələr) kitabında yazır:
Mərhum Mirzə Əbulqasim Mirfənd Rəsəkinin (vəfatı 1059 q.) səfərlərin birində, sakinləri məsihi olan bir şəhərdən yolu düşərək bir müddət orada qalmalı olur.
Günlərin birində bir dəstə adam Mirzənin əqidəsinin (dinini) batil olduğunu isbat etmək üçün ona belə dedilər:
Bizim dinimizin haqq və sizinkinin batil olmasına dəlalət edən şeylərdən biri, mə`bədlər və ibadətgahlarmızın möhkəm olmasıdır. Belə ki, onların bə`zilərinin tikilməsindən 2-3 min il keçməsinə baxmayaraq hər biri olduğu kimi öz istehkamını qoruyub saxlamışdır. Amma gördüyümüz kimi sizin məscidlərinizin binası bir əsrdən artıq qalmır. Bəs bu, ona görə deyilmi ki, həmişə haqq özünü qoruyub saxlayır, amma batil isə aradan gedir? Mirzə cavabında belə buyurdu:
Səbəbi bu deyil. Doğrusunu bilmək istəsəniz, bu binalar (məscid) mö`minlərin haqq kəlməsinin, saleh əməllərinin və məqbul ibadətlərinin qarşısında taqətsizdir. Buna görə də bizim məscidlərin binası tez uçulub-dağılır. Amma sizin mə`bədlərinizdə isə Allahın razı olduğu və bəyəndiyi bir haqq kəlməsi asimana ucalmır. Bilin ki, əgər sizin haqqında tə`rif etdiyiniz mə`bədlərdən birində bizim haqq ibadət və məqbul dualarımızın səsi ərşə ucalsa, görərsiniz ki, ora da Allahın əzəməti və böyüklüyü qarşısında qorxudan zəlil tək uçub, dağılacaqdır. Onlar dedilər:
Bunu ancaq imtahan etməklə qəbul edirik. Gördüyünüz o mə`bəd, bizim ən qədim və möhkəm kilsələrimizdən biridir. Get ora, istədiyin hər bir işi gör. Əgər sənin dua və ibadətlərin nəticəsində binada bir uçuq və ya zədə əmələ gəlsə, sənin iddian doğru olacaq. Əks təqdirdə isə gərək bizim dediklərimizin doğru olduğunu təsdiqləyəsən. Mirzə şərti qəbul etdi.
Dəstəmaz aldıqdan sonra cəddinə (Peyğəmbər (s)) təvəssül edib Allah-taaladan ona bu işdə yardım etməsini diləyərək mə`bədə daxil oldu.
Şəhər əhalisi mə`bədi dövrəyə almışdı. Mirzə heybət və vüqarla azan və iqamə deyib, təkbirətul-ehrama hazırlaşdı. Bütün vucudunu Allaha tapşırıb, Tur dağındakı ağacın Həzrət Musa (ə) ilə danışıqlarını dilə gətirərək bütün vücuduyla “Allahu Əkbər!” − dedikdən sonra tez oradan çölə çıxdı. Bir göz qırpımında həmin böyük bina uçub yerlə-yeksan oldu. Sanki orada heç əvvəldən bina tikilməmişdi və həmin böyük mə`bəddən torpaq yığınından başqa bir əsər qalmadı.1
«İmam Zamanın (ə) hüzurunda “Camiə” ziyarətnaməsi»
Böyük islam alimi və mə`rifət əhli olan mərhum birinci Əllamə Məclisi belə buyurur:
Nəcəf-Əşrəfdə Həzrət Əlinin (ə) hərəminin kənarında sakin olduğum vaxt öz nəfsimlə cihad edir və mübarizə ararırdım. Nəhayət Allah-taala Həzrət Əlinin (ə) bərəkətilə mükaşifə qapılarını üzümə açdı. Bə`zi dar düşüncəlilərin bu həqiqəti düzgün dərk edə bilməyəcəkləri üçün, onu nəql etməkdən pəhriz edirəm. Amma bir gecə mükaşifələrimin birində Samirra şəhərində İmam Hadi (ə) ilə İmam Həsən Əsgərinin (ə) hərəmini son dərəcə əzəmət və gözəllik içində gördüm. O iki imamın qəbrinin üstünə behiştin yaşıl rəngli parçalarından örtülmüşdü ki, mən heç vaxt onun mislini görməmişdim. Həzrət Sahibəzzaman (ə) arxası qəbrə və üzü qapıya tərəf əyləşmişdi.
O həzrəti gördüyüm zaman uzaqda durub “Camiə” ziyarətnaməsini məddahlar kimi, uca səslə axıradək oxudum. İmam ziyarət bitəndən sonra dedi:
Yaxşı ziyarətnamədir. Mən, İmam Hadinin (ə) qəbrinə işarə edərək dedim:
Ağa, cəddinizi ziyarət etməyə izin verirsinizmi? İmam buyurdu:
Bəli, gəl içəri. Hərəmə daxil olub qapının kənarında durdum. Buyurdu:
Yaxın gəl. Dedim:
Ağa, qorxuram sizin hüzurunuzda ədəb qaydalarına düzgün riayət edə bilməyib küfrə batam. İmam buyurdu:
Əgər bizim icazəmizlə olsa, eybi yoxdur. Mən bir az qabağa getdim, amma qorxudan bədənim əsirdi. Yenə buyurdu:
Yaxın gəl, yaxın gəl. Mən asta-asta gedib İmama yaxınlaşdım. Dedi:
Otur. Dedim:
Ağa, qorxuram. Dedi:
Qorxma, hər halda mən də zəlil bir bəndə kimi cəlil Allahın qarşısında oturmuşam. İmam buyurdu:
Piyada və ayaqyalın yol gəlmisən, yorğunsan. Rahat əyləş və istirahət et. İmam (ə) mənim üçün saysız-hesabsız dəqiq, elmi mətləblər açıqladı ki, onların çoxu yadımdan çıxıb.
Mükaşifə halından adi hala qayıdandan sonra mövlam İmam Zamanın (ə) dediyi kimi piyada və ayaqyalın İmam Hadi (ə) və İmam Həsən Əsgərinin (ə) ziyarətinə gedib o hərəmdə yenidən “Cameə” ziyarətnaməsini oxumağı qərara aldım. Hərəmdə olduğum vaxt daha heyrətli kəramət və mö`cüzələri müşahidə etdim ki, əgər onlar haqqında danışsam çox uzun çəkər.
Bütün olub-keçənlərdən sonra bu ziyarətnamənin (duanın) İmam Hadiyə (ə) mənsub olduğunu yəqin etdim. Həmçinin İmam Zamanın (ə) bu ziyarətnamə (dua) haqqında söylədiyi bəyanından sonra başa düşdüm ki, o mühüm və kamil ziyarətnamələrdən biridir.1
Dostları ilə paylaş: |