AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ
Bitkiçilik və bitki mühafizəsi kafedrası
İsmayılzadə N.N.
Məmmədov V.Ə.
Mövzu 1. Entomologiya və kənd təsərrüfatı bitkilərinə
zərərverən canlılar haqqında anlayış, onların növ tərkibi, çoxalma və inkişafı. Zədə və zərər.
PLAN:
-
Entomologiya fənni, onun məqsəd və vəzifələri
-
Həşəratların morfoloji quruluşu
-
Zərərverici həşəratların növ tərkibi
-
Həşəratlarda çoxalma üsulları
-
Həşəratın inkişafı
-
Həşəratların qidalanma xüsusiyyətləri
-
Zədə və zərər haqqında anlayış.
ƏDƏBİYYAT
1. Məmmədova S.R. - Kənd təsərrüfatı entomologiyası, Bakı,
Xəlilov B.B. 1986
3. Ağayev B.İ. - Ümumi entomologiya. Bakı, 2004
4. Hümbətov Ə.M.,
Əliyeva. M.Q. - Entomologiyadan praktiki məşğələlər, Bakı, 2009
5. Hümbətov Ə.M. - Həşəratın ekologiyası və ziyanlı həşəratla mübarizə metodları, Bakı, 2011
-
Горбацов И.В., Грилченко В.В., Захваткин Ю.А. Зашита растений отвредителей Москва, 2002, 472с
GƏNCƏ – 2017
Mövzu 1. Entomologiya və kənd təsərrüfatı bitkilərinə
zərərverən canlılar haqqında anlayış, onların növ tərkibi,
çoxalma və inkişafı. Zədə və zərər.
Entomologiya sözü yunan sözlərinin birləşməsi olub həşərat aləmindən bəhs edir. entomologiya sözünün yunanca mənası – entomon – həşərat, loqos – elm deməkdir.
Entomologiya zoologiyanın bir hissəsi olmaqla başlanğıcını həmin elmdən götürmüş və onun əsasında inkişaf etmişdir.
Zərərli həşəratlar kənd təsərrüfatı bitkilərinə hər il kəskin zərər vurur. Bunu nəzərə alaraq respublikamızda zərərvericilərin bioloji xüsusiyyətləri və onlarla mübarizə aparmaq üçün bir çox idarə və müəssisələr yaradılmışdır.
Respublikamızda 1924-cü ildə Muğan təcrübə stansiyası, 1925-ci ildə Xanlar (Göy-göl) rayonunda entomoloji kabinet, 1925-ci ildə Gəncə şəhəri yaxınlığında Az.ETPİ-nun nəzdində entomologiya şöbəsi fəaliyyət göstərməyə başlamışdır.
Respublikamızda 1930-cu ildə Maştağa qəsəbəsində ÜİBMİ-nun stansiyası, 1935-ci ildə Zoologiya İnstitutu, 1959-cu ildə isə Gəncə şəhərində Az.ETBMİ-u təşkil edilmişdir.
- Həşəratlar morfoloji quruluşuna, qohumluq dərəcəsinə, inkişafına və bioloji xüsusiyyətlərinə görə müxtəlif siniflərə, dəstələrə və növlərə ayrılırlar.
- Nematodlar – nematoda sinfinin, müxtəlif dərili nematodlar fəsiləsinin nümayəndəsidir. Bədəni uzunsov, armud formasında olmaqla sapvaridir. Kənd təsərrüfatı bitkilərində fırlar əmələ gətirirlər.
- Gənələr – Hörümçəkkimilər sinfinin, gənələr dəstəsinin nümayəndəsidir.
- Böcəklər – Həşərat sinfi, sərtqanadlılar dəstəsinin nümayəndəsidir.
- Kəpənəklər – Həşərat sinfi, pulcuqluqanadlılar dəstəsinin nümayən-dəsidir.
- İlbislər – yumşaq bədənlilər sinfinin nümayəndəsidir.
- Çöl siçanı – siçanabənzər gəmiricilər dəstəsinin nümayəndəsidir.
Yuxarıda göstərilən, müxtəlif dəstələrin nümayəndəsi olan zərərvericilərdən başqa, təbiətdə xeyirli həşəratlar da mövcuddur. Məsələn, bal arısı xeyirli həşəratdır. Belə ki, meyvə ağaclarının tozlanmasında böyük rolu vardır. Bal arsının istehsal etdiyi bal məhsulu insanlar üçün qiymətli qida məhsuludur.
Tut ipəkqurdu xeyirli həşəratdır. Onun istehsal etdiyi baramadan ipək sap əldə edilir ki, bundan da sənayedə istifadə edilir.
Lak yastıcasının istehsal etdiyi lakdan sənayedə, xüsusilə təyyarə qayırmada istifadə edilir.
Yuxarıda göstərilən xeyirli həşəratlardan başqa təbiətdə xeyirli yırtıcı və tüfeyli həşəratlar da vardır.
Yırtıcılardan 7 və 2 nöqtəli parabizən, karabus böcəkləri və yırtıcı bağacıqları göstərmək olar.
Tüfeyli həşəratlardan isə yumurta yeyən trixoqamma, telenomus, apanteles, anilasta, habrobrakon minicisi və s. qeyd etmək olar.
Göstərilən yırtıcı və tüfeyli həşəratlar heç bir kənd təsərrüfatı bitkilərinə zərər vermir, əksinə zərərvericilərin məhv edilməsində çox aktiv iştirak edirlər.
Həşərat bədəninin quruluşu – Həşərat bədəni əsasən üç hissədən ibarətdir: baş, döş və qarıncıq.
Başda bir cüt bığcıq, 2-3 ədəd sadə göz, bir cüt mürəkkəb göz və ağız aparatı yerləşir.
Döş öz-özlüyündə üç hissəyə bölünür: qabaq döş, orta döş və arxa döş.
Qabaq döşdə bir cüt qabaq ayaqlar, orta döşdə bir cüt orta ayaqlar və bir cüt üst qanadlar, arxa döşdə isə bir cüt arxa ayaqlar və bir cüt alt qanadlar yerləşir.
Qarıncıq müxtəlif buğumların birləşməsindən ibarət olub, birinci buğumda eşitmə orqanı, tənəffüs sistemi, qan dövranı sistemi, maddələr mübadiləsi, dişi fərdlərdə qarıncığın nəhayətində yumurta qoyan, erkək fərdlərdə isə cütləşmə orqanı və s. yerləşir.
Ağız aparatı – Həşəratlarda əsasən iki tip ağız aparatı mövcuddur: gəmirici ağız aparatı və sorucu ağız aparatı.
Gəmirici ağız orqanları bərk qida maddələrini – yarpağı, meyvələri, toxumu, gövdəni gəmirir və onları müəyyən dərəcədə xırdalayır. Gəmirici ağız aparatı üst dodaq (labrum), üst çənələr (mandibula), alt dodaq (labrum) və alt çənələrdən (maxillae) ibarətdir.
Üst dodaq qidalanma zamanı yeyilən qidanın xaricə atılmasının qarşısını alır. Onun alt hissəsində yerləşən üst çənələr olduqca möhkəmdir, hərəkət edir, qayçı kimi ağız-ağıza gəlir və qidanı gəmirməkdən ibarətdir. Üst dodaq və üst çənələr sadə quruluşa malikdir. Alt çənələr və alt dodaq mürəkkəb quruluşa malikdir. Alt çənələr əsas buğum, gövdəcik, hiss çıxıntısı, daxili və xarici çeynəyici pərlərdən ibarətdir. Alt çənələr aşağıdan alt dodaq vasitəsilə örtülür. Alt dodaq çənə altının altı, çənə altı, hiss çıxıntısından ibarətdir.
Sorucu ağız aparatı – üst dodaq, bir cüt tükşəkilli üst çənələr, bir cüt tükşəkilli alt çənələr və 3-4 buğumlu alt dodaqdan ibarətdir. Üst dodağın üst hissəsi yarıqdır, alt və üst çənələr alt dodağın içərisində yerləşir.
Sorucu ağız aparatı maye halında (hüceyrə şirəsi) olan qidanı qəbul etmək üçün uyğunlaşmışdır. Həşərat qidalanan zaman xortumlu alt dodağı yarpaq epidermisinin üzərinə qoyur və xortumunu yığır. Bu vaxt xortum və üst çənələrlə əhatə olunmuş alt çənələrin uc hissəsi yarpağın içərisinə daxil olur. Alt çənələr ağız-ağıza gəldikdə onun daxilində bir cüt kapilyar novcuqlar əmələ gəlir. Həmin novcuğun biri ilə həşərat bitki hüceyrəsinin daxilinə xüsusi tüpürcək buraxır, hüceyrə şirəsini durulaşdırır və ikinci novcuq vasitəsilə duru halına salınmış mayeni sorur. Bu dövrdə həşəratın udlağı daima hərəkətdə olur ki, o da zəif də olsa atmosfer təzyiq əmələ gətirir, həmin təzyiq nəticəsində aşağıdan yuxarıya doğru mayenin hərəkət etməsinə kömək edir.
Bığcıqlar – Həşəratlarda bığcıqlar bir cütdür və buğumlardan ibarətdir. Həşəratın həyatında bığcıqların iybilmə və hissetmə orqanı kimi böyük əhəmiyyəti vardır. Bığcıqlar quruluşuna görə müxtəlif formada olur. Əsasən aşağıdakı formada bığcıqlara təsadüf olunur:
Sapvari bığcıq, qılvari bığcıq, təsbehvari bığcıq, mişarvari, daraqvari, oxlovvari, toppuzvari, iyvari, lövhəvari, lələkvari, dirsəkli, qılcıqdaşıyan və qeyri-müntəzəm bığcıq.
Ayaqlar – Həşəratda ayaqlar 4 cürdür:
-
Yüyürücü ayaqlar – qarışqalarda, milçəklərdə və sümürgən böcəklərdə.
-
Tullandırıcı (atlandırıcı) ayaqlar – çəyirtgələrdə, şalada, sisəkdə, birələrdə, cırcıramalarda.
-
Qazıcı ayaqlar – danadişi, lövhəbığ böcəklərdə.
Qanadlar – Həşəratlarda qanadlar əsasən iki cütdür. Bəzilərində isə bir cütdür (milçəklərdə). Qanadlar iki cüt olduqda bir cütü orta döşə və bir cütü arxa döşə birləşir. Bir cüt olduqda isə orta döşə birləşir. Qanadlar damarlanmasına, bərkliyinə və s. bir neçə cür olur:
-
Pərdəqanadlılar – arılarda, qarışqalarda.
-
Sərt qanadlar – böcəklərdə.
-
Yarım sərt qanadlar – bağacıqlarda.
-
Pulcuqlu qanadlar – kəpənəklərdə və s.
Həşəratda çoxalma – Həşəratlarda çoxalma əsasən yumurta qoyma ilə gedir. Buna baxmayaraq, bəzi həşərat növləri vardır ki, onlar yumurta qoymadan diri sürfə doğur.
Həşəratlar aşağıdakı üsulla çoxalırlar:
- Əksər həşəratlar homogenetik, yaxud cinsi üsul ilə artır. Belə ki, bu çoxalmada erkək həşəratla dişi həşəratın cütləşməsi yolu ilə gedir. Daha doğrusu erkək və dişi həşəratın cütləşməsindən sonra yumurta hüceyrələri spermatozid ilə birləşir (mayalanma gedir).
- Partenogenetik, yaxud bakirə çoxalma ysulu cinsi çoxalmanın əksinə olaraq həşərat tərəfindən qoyulmuş yumurta mayalanmadan inkişaf edə bilir. Belə ki, həmin yumurtaların hüceyrələri mayalanmamış rüşeym verir (məsələn, bal arısında).
- Bakirə çoxalma əksər hallarda erkək fərdlərin tamamilə iştirakı olmadan da gedə bilir (məsələn, mənənələrdə).
- Poliembrional, yaxud çoxrüşeymli çoxalma cinsi çoxalmadır. Belə ki, bu çoxalmada yumurta hüceyrəsi qabıq içərisində bir çox hüceyrələrə bölünür. Hər bir hüceyrə yeni bir rüşeymin başlanğıcını qoyur və bir yumurtadan bir neçə həşərat çıxır (tüfeyli pərdəqanadlılarda).
- Pedogenez, yaxud sürfə fazasında çoxalma – bu çoxalma sürfə inkişaf fazasında gedir. Belə ki, dişi fərdin yumurtalığında olan yumurtalar mayalanmır, inkişaf edir və həmin yumurtalardan sürfələr çıxır (milçəklərdə).
Həşəratın inkişafı – Həşəratın inkişafı iki mərhələdə gedir: 1. Rüşeymin inkişafı – bu inkişaf yumurta daxilində gedir (embrional inkişaf). 2. Rüşeymdən sonrakı inkişaf (nostembrional) – həşərat yumurtadan çıxandan sonra başlayıb və məhv olan zaman qurtarır.
- Yumurta (ovum) iri bir hüceyrə olub, daxilində protoplazma və nüvədən başqa rüşeymin inkişafı üçün zəruri olan sarılıq əmələ gətirən qida maddələri vardır. Yumurtanın müəyyən bir qütbündə bir deşik olur və onlar mikropilə adlanır. Mikropilə vasitəsilə spermatozoid yumurta içərisinə daxil olur və onu mayalayır. Bundan sonra sürfə, yaxud tırtıl yumurtadan çıxır. Yumurtadan çıxan sürfə ilk zaman ağ rəngdə olmaqla zərif olur. Onun daxilində yumurta sarısının qalığı seçilir və bir qədərdən sonra rəngi dəyişir və ağız orqanları bərkiməyə başlayır. Bundan sonra sürfələr acgözlüklə qidalanmağa başlayır, böyüyür və böyümə zamanı dövriyyəvari olaraq xitin kutikulasını atır (qabıq dəyişir). Hər bir qabıq dəyişmə sürfə üçün bir yaş olur.
Bəzi sürfələr yumurtadan çıxdıqdan sonra yetkin fazaya oxşayır, bəziləri isə oxşamır (sürfələr, tırtıllar).
Sürfələrin (tırtılların) əsas funksiyası qidalanma və böyümədən ibarətdir. Ona görə də bu inkişaf dövrü kənd təsərrüfatı bitkilərinə daha çox zərər verirlər. Sürfələr müxtəlif formalarda olurlar.
1. Kampodea şəkilli sürfələr – yaxşı inkişaf etmiş üç cüt döş ayağı vardır. Sürfələri yırtıcıdır və bədən örtüyü möhkəmdir.
2. Tırtıl şəkilli sürfələr – 3 cür döş ayaqları və 2-8 cüt qarıncıq (yalançı) ayaqları vardır. Mişarlayıcıların 7-8 cüt qarıncıq ayağı vardır (yalançı tırtıl).
3. Qurdabənzər sürfələr – bu sürfələrdə qarıncıq ayaqları yoxdur. Bəzi sürfələrin başı və üç cüt döş ayaqları vardır. Uzunburun, qabıqyeyən, arılarda və qarışqaların sürfələrində baş vardır, döş və qarıncıq ayaqları yoxdur.
Pupun inkişafı – Sürfə (tırtıl) öz böyüməsini bitirdikdən sonra artıq qidalanmır, sonuncu dəfə qabıq dəyişir, həzm kanalını təmizləyir və pup halına keçir. Pup inkişaf fazasında yetkin həşəratda olan orqanlar, o cümlədən qanadları, bığcıqları, gözləri və s. görmək olur. Pup dövründə həşərat hərəkt etmir və qidalanmır.
Əsasən üç tip pup vardır:
1. Sərbəst pup – bu tip puplar ən çox böcəklərdə, pərdəqanadlılarda, torqanadlılarda və s. həşəratlarda olur. Burada bığcıqlar, ayaqlar və qanadlar bədənə sərbəst birləşmişdir.
2. Örtülü (qapalı) puplar – burada bığcıqlar, ayaqlar və qanadlar bədənə yapışmışdır. Bu tip puplar kəpənəklərə və bəzi böcəklərə aiddir.
3. Yalançı baramalar (pupari) – əksərən milçəklərdə olur. Burada puplar xarici tərəfdən sürfənin möhkəm qabığı ilə əhatə olunmuşdur.
Rüşyemdəki sonrakı inkişaf müddətində həşərat nəinki böyüyür, hətta yetkin hala keçmək üçün bir sıra dəyişikliklərə uğrayır. Buna da həşəratın metamorfozu deyilir. Metamorfoz iki qrupa bölünür: 1. Tam metamorfozlu həşərat – buraya daxil olan dəstələr dörd inkişaf fazası keçirir: yumurta, sürfə, pup və yetkin. Nümaynədələrindən kəpənəklər, böcəklər, torqanadlılar, ikiqanadlılar və pərdəqanadlılar dəstələrini göstərmək olar. 2. Natamam metamorfozlu həşərat – bura daxil olan dəstələr üç inkişaf mərhələsi keçirir: - yumurta, sürfə və yetkin. Bu çevrilmədə həşərat pup mərhələsi keçirmir. Nümayəndəsindən düzqanadlılar, yarımsərt qanadlılar, iynəçələr, bərabərqanadlılar və s. dəstələrini göstərmək olar.
- Həşəratlar qidalanmalarına görə əsasən üç qrupa bölünür: monofaq, oliqofaq və polifaq.
- Monofaq sözünün mənası, mono – bir, faq isə bitkidir. Bu qrupa aid olan həşəratlar yalnız bir bitki ilə qidalanırlar. Məsələn, yonca yarpaq uzunburun (fitonomus) böcəyi.
- Oliqofaq qrupuna aid olan həşəratlar isə bir fəsiləyə aid olan bir neçə bitki ilə qidalanır. Məsələn, Kolorado kartof böcəyi (kartof, badımcan, bibər və pomidor bitkiləri ilə qidalanır).
- Polifaq sözünün mənası, poli – çox, faq isə bitki deməkdir. Yəni çox bitki ilə qidalanan həşəratlar Polifaq həşəratlara aiddir: düzqanadlılar (çəyirtkələr, şalalar, sisəklər, danadişi), böcəklər (şıqqıldaq, qarabədən və lövhəbığ böcəklər), pulcuqqanadlılar (sovkalar, odlucalar, qarışçılar) dəstələridir.
- Ağız aparatının tipindən asılı olaraq zərərverici bitkinin toxumalarını, yarpaq, kök, meyvələrini parçalanıb dağılmasına və toxumanın bir hissəsinin məhv olmasına səbəb olur. Nəticədə zədələnmiş bitkidə maddələr mübadiləsi pozulur, boy artımı zəifləyir və ehtiyat qida maddələrinin toplanmasına mənfi təsir edir.
Bitkinin zədələnməsi bir çox iqlim amillərindən, aqrotexnikanın səviyyəsindən, zərərvericinin sıxlığından, bitkinin inkişaf fazasından asılı olaraq məhsulun miqdarına müxtəlif cür təsir edir.
Zədənin tipləri – Bitkilərin zədələnməsi xarakterik rəngarəng olub, zərərvericinin ağız aparatının tipindən, inkişaf fazası və həyat tərzindən asılıdır.
Zədə tiplərinin xarakteri kifayət dərəcədə xarakterikdir və ziyankar həşəratların təyinatında əsas əlamətdir.
Bitkinin zədlənməsi aşağıdakı kimidir:
I. Bitki yarpaqlarının zədlənməsi.
1. Kobud yeyilmə – gəmirici ağız orqanları olan zərərvericilər tərəfindən zədələnmə nəticəsində olur. Məsələn, çəyirtgə, şala, sisək və s.
2. Deşikli yeyilmə – kələm sovkasının tırtılı, yarpaq yeyən böcəklər, uzunburun apionlar, çılpaq ilbiz.
3. Fiqurlu yeyilmə – uzunburun sitonlar.
4. Skeletləşdirmə – birəciklərin sürfələri, kələm güvəsinin tırtılları və s.
5. Minalama – çuğundur milçəyinin sürfələri, alma güvəsinin kiçik yaşlı tırtılları.
6. Rəng dəyişilmə – yonca və xaççiçəklilərin bağacığı, tütün tripi, tor gənəsi
7. Yarpaqların deformasiyası – mənənələr, çuğundur bağacığı.
II. Budaq, gövdə və kökün zədələnmələri.
1. Gövdənin gəmirilməsi – kökboğazı gəmirən sovkaların tırtılları, məftil qurdları.
2. Gövdə daxilində yeyilmə – qarğıdalı gövdə kəpənəyinin tırtılı, şüşəqanad kəpənəyinin tırtılı.
Həşəratlar bitkinin müxtəlif hissələri ilə qidalanmağa uyğunlaşmışlar. Tırtılların əksəriyyəti yarpaqla qidalanır. Ancaq çəmən kəpənəyinin tırtılları bitkinin gövdəsinin daxilinə keçib onu daxildən gəmirir.
Bir çox minalayıcı güvələrin tırtılları yarpağın epidermisinə toxunmayıb yalnız onun parenximasını yeyir və beləliklə yarpaqda uzun yollar (minalar) açır.
Fır əmələgətirənlərdə qidalanma nəticəsində yarpaqda fırlar əmələ gəlir. Eyni sözü fillokseranın yarpaq formasına demək olar.
Mövzu 2. Mühitin abiotik və biotik amillərinin zərərverici
canlıların həyatında rolu.
İsmayılzadə N.N.
Məmmədov V.Ə.
ƏDƏBİYYAT
1. Məmmədova S.R. – Kənd təsərrüfatı entomologiyası. Bakı – 1986.
B.B.Xəlilov
2. Ağayev B.İ. - Ümumi entomologiya. Bakı, 2004
3. Hümbətov Ə.M -Həşəratın ekologiyası və ziyanlı həşəratla mübarizə metodları, Bakı, 2011
-
Горбацов И.В., Грилченко
В.В., Захваткин Ю.А. - Зашита растений отвредителей
Москва, 2002, 472с
GƏNCƏ – 2017
Mövzu 22. Mühitin abiotik və biotik amillərinin zərərverici canlıların həyatında rolu.
Mühit amilləri 2 qrupa bölünür:
1. Abiotik, yaxud təbiətin cansız amilləri. Buraya temperatur, rütubət, külək, Günəş və torpaq amilləri aiddir.
2. Biotik amillər, yaxud təbiətin canlı amilləri. Buraya bitkilər, heyvanlar və insanların fəaliyyəti nəticəsində əmələ gələn amillər daxildir.
Temperatur amili – Həşəratın yaşaması üçün temperatur amili vacibdir. Həşərat istiqanlı olmadığı üçün bədəninin temperaturunu nizamlaya bilmir. Odur ki, havanın temperaturu nə qədər olarsa həşəratın bədəninin temperaturu da o qədər olur.
Temperatur həşərata optimum, minimum və maksimum prinsipi üzrə təsir edir. Temperaturun maddələr mübadiləsində böyük rolu var və bioloji proseslərin bütün komplekslərini dəyişə bilir.
Əksər həşərat +10 +350S temperaturda normal yaşayır. Temperatur +350S-dən artıq olduqda, yaxud +100S-dən aşağı düşdükdə həşəratın orqanizmində fizioloji və bioloji proseslər dayanır. Yəni həşərat öz fəallığını itirir.
Müsbət 350C ilə 500S temperatur arasında həşəratda müvəqqəti keyimə baş verir və temperatur 500S-dən yuxarı olduqda isə həşərat yaşaya bilmir, məhv olur.
Temperatur azaldıqda həşəratın inkişafı, yüksək temperatura nisbətən ləng gedir.
Rütubət amili – Həşəratın inkişaf etməsi üçün rütubət amili də əsas rol oynayır. Həşəratın bədənində rütubət 60-90% ola bilər. Əksər həşəratın yaşayışı üçün rütubət 35-75%-dir. Normadan artıq rütubət həşərata pis təsir edir. Çünki nəfəs boruları üzərində olan suyun buxarlanması azalır, bu da hüceyrə protoplazmasında normadan artıq su toplanmasına səbəb olur.
Havanın quraqlığı da həşərata mənfi təsir edir. Quraqlıq nəticəsində həşəratın bədəni quruyur.
Həşəratın orqanizmində su bədən temperaturunu nizamlamaq, bəzi maddələri həll etmək üçün lazımdır.
Külək amili – Bu amil həşəratın bir yerdən digər yerə yayılmasına təsir edir. Belə ki, küləyin təsiri nəticəsində bir növ həşərat bir bitki üzərindən digər bitki üzərinə keçir. Bundan başqa külək orqanizmdə olan suyu şiddətlə buxarlandırır. Bunun nəticəsində də həşəratın bədəni quruyur və s. məhv olur. Digər tərəfdən, külək bir sıra həşəratın qoyduğu xorionsuz yumurtalarını da qurudur.
Günəş amili – Bu amil həşərata həm istilik, həm də işıq amili kimi təsir edir. Bəzi həşəratlarda işıq şüaları müsbət taksisə, bəzilərində isə mənfi taksisə səbəb olur.
Günəş şüası həşərata bir istilik enerjisi kimi təsir edir. Bu təsir də hava temperaturunun təsiri kimidir.
Torpaq (edafik) amilləri – Həşəratlar öz inkişaflarının müəyyən hissəsini torpaqda keçirir. Belə ki, bəzi həşəratlar torpaqda pup halında və yaxud da yetkin halda qışlayır, bəzi həşəratlar torpağa yumurta qoyur və bəzi həşəratlar inkişafını torpaqda keçirir.
Həşəratın hamısında yaşamaq üçün əlverişli torpaq seçəm qabiliyyəti vardır. Yəni torpaq həşəratın yaşaması üçün əlverişli olmadıqda həmin yeri tərk edib, özünə müvafiq torpaq seçir.
- Biotik amil – Bu amilə insanların fəaliyyəti, heyvanlar, bitkilər amili daxildir. Heyvanlar aləmində onların bir-biri ilə aşağıdakı münasibəti ola bilər:
- Fərqsiz əlaqələr – burada həşəratlar bir-biri ilə yanaşı yaşayır, ancaq heç bir əlaqəsi olmur.
- Simbioz (müştərək) əlaqələr – bu əlaqədə canlılar bir yerdə yaşayaraq yaşamaq üçün bir-birinə kömək edir.
- Antaqonist əlaqələr – bir canlı digərini yeməklə yaşayır. Antoqonist əlaqələr aşağıdakı formalarda olur:
1. Yırtıcılıq – burada bir canlı digərinə hücum edib onu dərhal parçalayıb yeyir. Məsələn, böcəklər dəstəsinin nümayəndəsi olan 2 və 7 nöqtəli parabizən böcəkləri mənənələrə hücum edib onları yeyir, yəni yırtıcı həyat tərzi keçirir.
Yırtıcı həşəratlardan karabid böcəkləri, parabizənlərin yetkin və sürfələri, sirfid milçəyinin sürfələrinin zərərvericilərin miqdarının azalmasında böyük əhəmiyyəti vardır. Yırtıcı həşəratlardan başqa zərərvericilərin azalmasında, onlarla qidalanan quşlar və məməlilər də mövcuddur.
Zərərvericilərlə qidalanan quşlardan ağacdələni, sığırçını, qara qarğanı, dolaşanı, kiçik oxuyan quşları və başqalarını göstərmək olar. Bu quşlar torpağın şumlanması zamanı torpaqda yaşayan məftil qurdlarını, lövhəbığ böcəklərin sürfələrini, sovkaların tırtıllarını, eləcə də çəyirtkələri kütləvi surətdə yeyirlər.
Müxtəlif həşəratlarla qidalanan məməlilərdən kirpi, göstəbək və s. göstərmək olar.
2. Tüfeylilik – burada bir tüfeyli həşərat digər bir zərərvericinin daxilində, yaxud üzərində yaşayır və onunla qidalanır. Nəticədə zərərverici tədricən zəifləyir və məhv olur. Tüfeylilər zərərvericilərin daxili orqanları və qanı ilə qidalanır.
Tüfeylilərdən trixoqramma, afelinus, apanteləs, anilasta, habrobrakon və s. göstərmək olar. Əgər tüfeyli həşərnatın daxilində yaşayırsa ona endotüfeyli, xaricində yaşayırsa, ektotüfeyli deyilir.
- Bitkilər aləmindən olan tüfeylilərdən göbələklər, bakteriyalar və virsular həşəratda müxtəlif xəstəliklər törədir. Bu orqanizmlər suda və torpaqda yaşayaraq, hava ilə yayılır.
Bəzi kəpənəklərin tırtılları (yemişan kəpənəyi, tut ipəkqurdu) bakteriya xəstəliyi olan flyaşeridan böyük zərər çəkir. Bu xəstəlik çubuqşəkilli bakteriyalar tərəfindən törədilir. Bakteriya ilə yoluxmuş tırtıl əvvəlcə süstləşir, qaralır, içərisi iyli maye ilə dolur və bitkidən asılı halda məhv olur.
Həşəratda xəstəlik əmələ gətirən orqanizmlərə empuza və muskardin göbələkləri də daxildir. Bundan empuza göbələyi çəyirtkələrdə xəstəlik əmələ gətirir. Xəstələnmiş çəyirtkənin bədəni göbələyin mitelləri ilə örtülür, bu zaman çəyirtkə hər hansı bir bitkinin üzərinə qalxıb oradan ayaqları ilə möhkəm yapışaraq ölür.
Xəstəlik əmələ gətirən muskardin göbələklərinə misal olaraq yaşıl muskardini göstərmək olar.
Həşəratlarda viruslar da xəstəlik törədir. Viruslar müxtəlif həşərat tırtıllarında sarılıq xəstəliyi törədir.
Nəhayət, müxtəlif həşəratda ibtidai canlıların (Protozoa) nümayəndəsi olan Nosema tərəfindən nezema xəstəlikləri də baş verir. Bu xəstəliklər həşəratın təbiətdə sayca müəyyən qədər azalmasına səbəb olur. Həşərat miqdarının azalmasında insanların da böyük rolu vardır. Belə ki, xam və dincə qoyulmuş torpaqlardan istifadə edilməsi, kütləvi surətdə çoxalan həşəratın növ tərkibinin dəyişməsinə və eləcə də onların miqdarca azalmasına səbəb olur. Əkin sahələrində həşəratın növ tərkibi və miqdarca dəyişilməsi, yüksək aqrotexnikadan və təsərrüfat tədbirlərinin təşkili səviyyəsindən də asılıdır.
Həşərat ilə bitkilər daima qarşılıqlı əlaqədədir. Belə ki, bir bitki ilə qidalanan (fitofaq) hər hansı bir həşərat müəyyən bir bitki ilə bilavasitə əlaqədar olur, çünki o, həşəratın qida mənbəyidir. Hər hansı bir yırtıcı (zoofaq) həşərat da bitki ilə əlaqədardır, çünki onun qidalandığı həşərat bitki ilə qidalanır. Bu əlaqə bilavasitə yox, dolayı əlaqədir. Digər tərəfdən bitkilər əksər həşəratın sığınacaq yeri hesab olunur.
Mövzu 3. Kənd təsərrüfatı bitkiləri zərərvericilərinə
qarşı aparılan mübarizə üsulları.
İsmayılzadə N.N.
Məmmədov V.Ə.
Dostları ilə paylaş: |