Mövzu Entomologiya və kənd təsərrüfatı bitkilərinə zərərverən canlılar haqqında anlayış, onların növ tərkibi, çoxalma və inkişafı. Zədə və zərər. Plan



Yüklə 1,67 Mb.
səhifə4/10
tarix03.06.2018
ölçüsü1,67 Mb.
#52511
1   2   3   4   5   6   7   8   9   10

Mübarizə tədbirləri. Ziyankar bağacığa qarşı mübarizədə aqrotexniki, mexaniki, bioloji və kimyəvi mübarizə üsulları kompleksindən istifadə edilir.

1. Bitkilərin yaxşı böyüməsi üçün torpaq səpin üçün diqqətlə hazırlanmalıdır, gübrələnməli, səpin dar cərgədə aparılmalı və alaq otları məhv edilməlidir.

2. Bağacıqları qışlama yerlərində məhv etmək üçün onların normal qışlama yerləri dağıdılmalıdır.

3. Aldadıcı sığınacaq yerləri yaratmaqla zərərvericini məhv etmək mümkündür. Bunun üçün enliyarpaqlı bitkilərdən və alaq otlarından, kalışdan və s. bu kimi otlardan bağacıqlara süni sığınacaq düzəldilir. Hər sığınacaq vofatoks dustu ilə zəhərlənməli və hektara 3000-5000 ədəd qoyulmalıdır.

4. Zərərverici ilə mübarizə məqsədilə toyuqlardan istifadə edilməlidir.

5. 1 m2-də orta hesabla 2-dən çox bağacıq olduqda 5%-li karate (0,4-0,5 l/ha), 35%-li fozalon (2 l/ha) preparatlarının emulsiyası ilə çiləmə aparılması məsləhət bilinir.



Sümürtgən böcəklər – Sərtqanadlılar (Coleoptera) lövhəbığ böcəklər (Scarabacidae) fəsiləsinin nümayəndəsidir. Azərbaycanda 10-dan artıq sümürtkən böcəkləri yaşayır.

Bunlardan üç növü – taxıl sümürtkəni (Anisoplia austriaca F.), ağ qalxanlı sümürtkən (Anisophia leucaspis C.) və xaçlı sümürtkən (Anisoplia agricola P.) başlıca zərərverici hesab olunur.

Taxıl sümürtgəninin qanadüstlüyü şabalıdı rəngdədir. Böyüklüyü 14-20 mm-dir.

Hər üç böcəyin bığcıqları lövhəvaridir. Yumurtalar ağ rəngdə olmaqla, kürəvaridir və diametri 2 mm-ə yaxındır. Sürfələr aypara («C») formasında bükülmüş olur. Yaşlı sürfələrin uzunluğu 3,5 sm-ə çatır. pupu açıq formada olmaqla ağ rəngdədir. Böyüklüyü 14-20 mm-dir.

Sümürtkən böcəklərin qışlamaları torpaqda sürfə fazasında gedir. Sürfələrin inkişafı təxminən 22 aya başa çatır. bu müddət ərzində onlar iki dəfə qışlayır.

İnkişafının birinci ilində sürfələr bitki köklərinin əmici telləri ilə qidalanır. İkinci yaşa keçən sürfələr cavan cücərtilərin kök boğazını gəmirir.

Sürfələr ikinci dəfə qışladıqdan sonra təxminən mayın axırları, iyunun əvvəllərində özlərinə yuva düzəldərək onun içərisində pup halına keçir və 2-3 həftədən sonra puplardan böcəklər çıxmağa başlayır.

Böcəklərin puplardan uçması taxılların yetişmə dövrünə düşür və cavan böcəklər süd və mum yetişmə dövründə olan dənlərlə qidalanır. Qidalanma zamanı böcəklər sünbülü başı ilə eşir, bunun nəticəsində isə dənlərin bir qismi yerə tökülür. Hər bir böcək həyatı boyu 7-8 qrama qədər dəni yerə tökür.

Əgər hər 1m2-də 40 böcək olarsa, məhsulun çox hissəsi məhv olur.

Böcəklər uçduqdan 10-12 gün sonra cütləşir və yumurta qoymağa başlayır. Yumurtalar torpağın 8-20 sm dərinliyinə qoyulur. Bir dişi böcək 30-40 yumurta qoya bilir. Yumurtanın inkişafı 3 həftə çəkir və sonra sürfələr çıxır. Sümürtkən böcəklərin bir nəslinin inkişafı iki ildən bir qədər az vaxtda başa çatır. Nəticədə böcəklər iki ildə bir nəsil verir.



Mübarizə tədbirləri. 1. Məhsul yığıldıqdan sonra dərhal dərin dondurma şumu aparılmalıdır.

2. Cərgəaraları becərilən bitkilərdə kultivasiya aparılmalıdır. Bunun nəticəsində sürfə və puplar mexaniki zədələnir və məhv olur.

3. Bitkilərin inkişafını sürətləndirmək məqsədilə aqrotexniki tədbirlər vaxtında həyata keçirilməlidir.

4. Böcəklərə qarşı kimyəvi mübarizədə Karate Zeon preparatı ilə 0,2 l/ha normasında istifadə olunur. Həmşinin Arrivo preparatı ilə 0,1 l/ha, Sumi-alfa 0,25 l/ha nomrasında tətbiq etmək olar.



Taxıl böcəyi (Zabrus tenebrioides G). Sərtqanadlılar dəstəsinin (Coleoptera) karabid böcəklər fəsiləsinə (Carabidae) daxildir.

Taxıl böcəyinin yetkin fərdi qara rəngdə olub, bığcıqları, ağız aparatı, pəncələri qonur qırmızıdır. Qanadüstlüyünün üzərində 9 zolaq vardır. Böcəyin uzunluğu 14-16 mm-dir.

Sürfəsi çirkli-ağ rəngdədir. Axırıncı yaşda sürfənin uzunluğu 25 mm-ə çatır.

Taxıl böcəyinin həyat tərzi prof.N.H.Səmədov tərəfindən ətraflı öyrənilmişdir.

Yetkin böcəklərə may ayının birinci yarısında təsadüf edilir. Böcəklər və onların sürfələri gecə həyat tərzi keçirir. Gün batan kimi onlar gizləndikləri yerdən çıxıb, sünbüllərə daraşır və bütün gecəni səhərə qədər təzə əmələ gəlmiş və dolmaqda olan dənlərlə qidalanır. Gün çıxan kimi böcəklər sünbüllərdən düşür və torpaq kəşəkləri altında gizlənir.

İsti yay günləri başladıqda böcəklər yay yuxusu keçirmək üçün 25-30 sm dərinliyə qədər torpağa girir və sentyabrın əvvəllərinədək davam edir. Böcəklər payızda cütləşdikdən sonra öz yumurtalarını (sentyabr-oktyabr) qoyurlar. Yumurtalar topa halında torpağın 7 sm-ə qədər dərinlikdə qoyulur. Bir dişi fərd 30-a qədər yumurta qoyur. Qoyulmuş yumurtalardan sentyabrın 2-ci yarısından sonra sürfələr çıxır. Sürfələr ömürlərinin çoxunu torpaqda keçirir və yer üzərinə gecələr çıxıb taxıl cücərtilərinin yarpaqları ilə qidalanırlar. Çeynənmiş yarpaqlar bir-birinə yapışmış sap yumağı şəklində görünür.

Gündüzlər sürfələr taxılın yarpaqlarını yuvasına çəkir və orada onu çeynəyr. Sürfələr olduqca acgöz qidalanır. Onlar yuvanın yaxınlığındakı cücərtiləri yedikdən sonra başqa yerə keçərək yeni yuvalar düzəldir və qidalanmağa başlayır.

Yazda, mart-aprel aylarında qışlamış sürfələr pup halına keçir.

Beləliklə, taxıl böcəyi ildə bir nəsil verir.

Mübarizə tədbirləri. 1. Məhsul biçilən kimi kövşən üzdən, sonra isə kotancıqlı kotanla azı 23-25 sm dərinliyində şumlanmalıdır.

2. Növbəli əkin sisteminə əməl olunmalıdır. Taxıldan sonra yonca, yaşıl noxud, günəbaxan və s. əkilməlidir.

3. Böcəklərə qarşı kimyəvi mübarizədə Karate Zeon preparatı ilə 0,2 l/ha normasında istifadə olunur. Həmşinin Arrivo preparatı ilə 0,1 l/ha, Sumi-alfa 0,25 l/ha nomrasında tətbiq etmək olar.

Zəlicik (Oulema melanopus L.). Sərtqanadlılar (Coleoptera) dəstəsinin yarpaqyeyən böcəklər (Chrysomelidae) fəsiləsinin nümayəndəsidir.

Yetkin böcəyin rəngi əsasən yaşılımtıl – göy, ön döşü və ayaqları sarımtıl – qırmızı, bığcıqları, pəncələri və budlarının zirvəsi qara rəngdədir. Qanadlar üzərində aydın görünən nğqtələr cərgəsi də vardır. Uzunluğu 4 – 6 mm – dir.

Yumurtası ovalvarı olub, sarımtıl rəngdədir.

Sürfə açıq sarımtıl və ya ağ rəngdədir. Başı aradır. Sürfə bədəni üzərində qonur rəngdə olmaqla seliklə örtülüdür. Bu selik bədənin ifrazı olub, sürfəni təbii düşmənlərdən qoruyur. Sürfə formaca zəliyə oxşadığına görə ona “Zəlicik” adı verilmişdir.

Pupu böcəklərə xas olan açıq tiplidir. Zəlicik yetkin halda qışlayır. Bu böcəklər arpa və buğda əkinlərinə daraşaraq həvəslə qidalanırlar. Əlavə qidalanmadan təxminən 10 – 15 gün sonra böcəklər yumurta qoymağa başlayırlar. Bir dişi böcək 200 - ə qədər yumurta qoyur.

Yumurta qoyuluşundan 10 – 14 gün sonra onlardan sarı, kəhrəba rəngində sürfələr çıxmağa başlayır.

Təxminən 14 – 16 gün müddətində sürfələrin inkişafı başa çatır və may ayının birinci yarısından etibarən bitkilərdən yerə düşərək torpağın 2 – 3 sm dərinliyində yuvacıqlar düzəldir. Bu yuvacıqlar içərisində sürfələr pup halına keçir. 15 - 20 gündən sonra pupdan yetkin böcəklər çıxır və onlar, torpağın üst qatında yarıqlar arasında, ya da kəsəklər altında gələn ilin yazxına qədər qışlayır.

Zəlicik böcəyinin zədələnməsi nəticəsində yarpaqlar, bəzi hallarda isə, hətta bitki tamamilə quruyur, bitkinin böyüməsi tamamilə dayanır, dən və saman miqdarı azalır. Zəlicik ildə bir nəsil verir.

Mübarizə tədbirləri.

1. Məhsul yığılan kimi kövşənlik 5 – 6 sm dərinlikdə üzlənib, sonra azı 22 sm dərinlikdə şumlanmalıdır. Bunun nəticəsində puplar və cavan böcəklər məhv olur.

2. Əgər tarlalarda zəlicik kütləvi çoxalmışdırsa, bu zaman böcəklər yumurta qoyana qədər sahədə metafos çiləmə aparmaq lazımdır.

3. Kimyəvi mübarizədə Siperkor 25 EC 0,2 l/ha istifadə olunur.

Taxıl mişarçısı (Cephus pygmaeus L.). Pərdəqanadlılar dəstəsinin (Hymenoptera) taxıl mişarçıları (Cephidae) fəsiləsinə mənsubdur.

Yetkin mişarçının rəngi əsasən qaradır. Erkək fərdlərdə qarıncığın 3,7 və 9 – cu, dişi fərdlərdə isə 4,6,9 – cu buğumları sarı zolaqlar ilə haşiyələnmişdir. Dal ayaqların baldırları daxili tərəfdən qara, ayaqların rəngi isə çirkli sarımtıldır.Döşün alt tərəfində sarı ləkələr vardır.Yumurta qoyanın ağız hissəsi nəhayətindən yoğunlaşmışdır. Uzunluğu 8-9 mm – dir.

Yumurtaları şəffaf olub, ovalvarıdır. İnkişafından asılı olaraq həcmu böyüyərək 0,8 mm - ə çatır.Süfrəsi çirkli – ağ, yaxud sarımtıldır. Ayaqsızdır. Bədəni çılpaq olub, üzərində seyrək tükcüklər vardır.

Pupu açıq tiplidir. Nazik qabığa malik olan şəffaf barama içərisində yerləşir. Taxıl mişarçısının sürfə fazası zərər verir. Sürfələr gövdə daxilində yaşayaraq, əsas etibarilə payızlıq buğda və arpalara zərər vurur. Taxıl mişarçısının zərərli fəaliyyəti nəticəsində məhsul 5-23 % azalır.

Mübarizə tədbirləri. Sürfələr bitkinin gövdəsi daxilində yaşadıqlarına görə onlar əleyhinə yalnız aqrotexniki tədbirlərdən istifadə edilməlidir. Əsas mübarizə tədbiri dərin dondurma şumu aparmaqdır. Bu tədbir nəticəsində sürfələrin 60 -70 % - i məhv olur. Zərərvericinin yalnız dənli bitkilərlə qidalandığını nəzərə alıb, müəyyən əkin dövriyyəsinin həyata keçirilməsi zərərverici ilə mübarizədə yaxşı nəticə verə bilir.

Kimyəvi mübarizədə Mostar 20 SP preparatından istifadə oluna bilər.

Qarğıdalının zərərvericiləri
Qarğıdalı bitkisi ilə qidalanan 130 növə qədər zərərverici ədəbiyyatlarda qeyd edilmişdir. Bunların əksəriyyəti polifaq həşəratlardır. Bunlardan düzqanadlıların bütün nümayəndələri, məftil qurdları, yalançı məftil qurdu, qarğıdalı gövdə kəpənəyi, pambıq sovkası və s. göstərmək olar.

Qarğıdalının bir neçə xüsusiyyətlənmiş zərərvericiləri mövcuddur.



Qarğıdalı (peyin) böcəyi (Pentodon idiota H.). Sərtqanadlılar dəstəsi (Coliptera), lövhəbığ böcəklər (Scarabaeidae) fəsiləsinə mənsubdur.

Böcək qaramtıl, yaxud qonuru-qaramtıl rəngdə olub, xarici görünüşünə görə adi peyin böcəyini xatırladır.böcəyin uzunluğu 15-25 mm-dir.

Yumurtası çirkli ağ rəngdədir. Sürfəsi ağ rəngdədir və lövhəbığ böcəklərin sürfəsi kimi bükülür.

Payızda puplardan böcəklər çıxmağa başlayır və bu böcəklər həmin yerdə də qışlayır.

Qışlamış böcəklər aprel ayından etibarən qışlama yerlərindən çıxırlar. Böcəklər gecə həyat tərzi keçirərək cavan cücərtiləri gəmirir, gündüzlər isə kəsəklər altında gizlənir.

Yayın ortalarında cütləşmə prosesi gedir və yumurtalar torpağa qoyulur. Yumurtadan çıxan sürfə qidalanır, böyüyür və inkişafını iki ildə başa çatdırır, təxminən iyul ayında puplaşır. Həmin ilin payızında puplardan böcəklər çıxır və onlar oradaca qışlayır.

Beləliklə, qarğıdalı böcəyi iki ildə bir nəsil verir.

Böcəklər əsasən kök boğazını, gövdəni gəmirir və nəticədə gövdədə dərin oyuqlar əmələ gətirir. Bəzi hallarda hətta cavan cücərtilər tamamilə yeyilir. Zədələnmiş bitki əvvəlcə soluxur, sonralar quruyur və qırılaraq yıxılır. Zədələnmə nəticəsində tarlalarda xal-xal boş yerlər qalır.



Mübarizə tədbirləri.

1. İnkişafını bitirməyən sürfələri və qışlayan böcələri məhv etmək üçün dərin dondurma şumu aparılmalıdır.

2. Cərgə aralarında kultivasiya aparılmalıdır.

3. Böcəklər zədələnmiş bitkilərin yanından əl ilə yığılıb məhv edilməlidir.

4. Cücərtilər daxildən təsir edən preparatların biri ilə dərmanlanmalıdır.

Kimyəvi mübarizədə Kruizer, Karate Zeon preparatlarından istifadə olunur.



Mənənələr. Azərbaycanda əsaən qarğıdalı bitkisinə əsasən adi taxıl (Schizaphis graminum Rond) və qarğıdalı mənənəsi (Rhopalosiphum maydis F) zərər verir. Taxıl və qarğıdalı mənənələri yumurta halında qışlayır. Mənənələr qarğıdalının yarpaqlarının və başqa hissələrinin şirələrini sorurlar.

Mübarizə tədbirləri.

1. Sahələrdə, mərzlərdə, yol kənarlarında və s. yerlərdə olan alaq otları məhv edilməlidir.

2. Qarğıdalı sahələrində məhsul yığımındn sonra dərin dondurma çumu aparılmalıdır.

3. Əgər sahələrdə ayrı – ayrı bitkilər mənənə kaloniyaları ilə yoluxarsa bitkilər Kruizer preparatrından, Mostar, Lannate, Arrivo preparatlarından çiləmə aparmaq olar.

Qarğıdalının zərərvericiləri əleyhinə mübarizə tədbirləri sistemi. Qarğıdalı əkinlərini zərərvericilərdən mühafizə etmək məqsədilə qarşıalıcı və qırıcı mübarizə tədbirləri bütün ilboyu həyata keçirilməlidir.

Qarğıdalının zərərvericiləri əleyhinə mübarizə tədbirləri sisteminə aşağıdakı əsa tədbirlərin həyata keçirilməsi daxildir.

1. Qarğıdalı imkan daxilində tez və qıs müddətə yığılmalıdır.

2. Qarğıdalı kolları yığılan zaman çalışmaq lazımdır ki, gövdələr dibdən (yer səthindən 8 – 10 sm hündürlükdə) biçilsin. Bu tədbir tarlada qalan gövdə kəpənəyi tırtıllarının ehtiyatını xeyli azaldır.

3. Gövdə kəpənəyi və pambıq sovkası tərəfindən zədələnən bitki qalıqları bütün qış müddətində yığılmalı və müxtəlif məqsədlər (silos və s.) üçün sərf edilməlidir.

4. Bir çox zərərvericilərin qışlama yerləri və yaz dövründə qida mənbələri olan alaq otları, o cümlədən iri gövdəli alaq otları payızda biçilməli və yığılıb yandırılmalıdır.

5. Qarğıdalı gövdələri yığılan kimi tarlada qalan qalıqlar dərhal üzlənməli və bundan sonra dərin dondurma şumu aparılmalıdır. Pambıq sovkası, gövdə kəpənəyi, qarğıdalı böcəyi və mənənələrinin miqdarının azalmasında bu tədbirin böyük əhəmiyyəti vardır.

6. Əgər bitkinin gövdəsindən mal- qaraya yem və silos məqsədilə istifadə edilirsə, bu zaman onlar doğranəlmalıdır.

7. Təsərrüfatlarda yanacaq məqsədilə istifadə edilən qarğıdalı gövdələri may ayına qədər yandırılıb, qurtarmalıdır.

8. Müxtəlif qurdlar, yalançı məftil qurdları, payızlıq əkin sovkasının tırtılları və danadişi ilə mübarizə məqsədilə səpindən əvvəl qarğıdalı toxumları Kruizerlə istifadə edilməlidir.

9. Vegetasiya ərzində cərgə araları becərilməlidir. Bu tədbirin həyata keçirilməsi nəticəsində məftil qurdlar, yalançı məftil qurdlar, gəmirici sovkaların tırtılları, qarğıdalı böcəyi, pambıq sovkasının pupları və bir çox başqa zərərvericilər ya mexaniki surətdə əzilərək məhv edilir, ya da onlar üçün əlverişli olmayan şərait yaradılır.

11. Bir sıra zərərvericilərin, o cümlədən mənənələrin ilk çoxalma və yayılma mənbələri olan sahələrdə və sahə kənarlarında alaq otları müntəzəm məhv edilməlidir.

12. Qarğıdalı sahələrində mənənələr görünən kimi, onlar əleyhinə fosfamid və ya metafos emulsiyası çilənməlidir.

13. Toxumluq qarğıdalı əkinlərində sovkaya qarşı mübarizə pambıq əkinlərindəki kimi aparılmalıdır.

14. Yuxarıda qeyd edilən tədbirlərdən başqa qarğıdalı bitkisinin böyümə və inkişafını sürətləndirən, bununla da bununla da onun zərərvericilərə qarşı davamlılıq qabiliyyətini artıran bütün aqrotexniki tədbirlər vaxtında və düzgün həyata keçirilməlidir.

Çəltik ağcaqanadı
Yetkin fərdin qanadları şəffafdır, qarıncığı nazikdir. Uzunluğu 2,5-3,5 mm-dir. Cavan sürfələri sarımtıl-parıltılı, yaşlı sürfələri isə qonur-sarı rəngdədir. Çəltiyə əsasən sürfələr zərər verir. Belə ki, onlar aşağı yarpaqların parenximi ilə qidalanır. Zədələnmiş cücərtilər boyatmadan qalır, zərərvericinin kütləvi artım dövründə hətta məhv olur. Birinci nəslin sürfələri bitkinin kütləvi şəkildə cücərtiləri olan dövrdə zərər verir. Sürfələr çəltiyin yarpaqları ilə 6-7 gün qidalanır və tordan örtük qurur və orada puplaşır.

Mübarizə tədbirləri.


  1. Aqrotexniki tədbirlər kompleksi yerinə yetirilməlidir.

  2. Kimyəvi mübarizədə 2,5% Desis (0,4 l/ha), preparatları ilə çiləmə aparılmalıdır.


Mövzu 6.Birillik paxlalı bitkilər və yoncanın zərərvericiləri, onlarla mübarizə tədbirləri

İsmayıl-zadə N.N.

Məmmədov V.Ə.

PLAN:


  1. Kök yumrusu uzunburun böcəklərin morfoloji quruluşu, bioloji xüsusiyyəti və onlarla mübarizə tədbirləri.

  2. Noxud və lobya dənyeyənləri, onların morfoloji quruluşu, bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri

  3. Fitonomus uzunburun böcəyi, onun morfoloji quruluşu, bioloji xüsusiyyəti və onlarla mübarizə tədbirləri

  4. Toxumyeyən tixiusun morfoloji quruluşu və bioloji xüsusiyyəti, onunla mübarizə tədbirləri

  5. Yonca bağacığının morfoloji quruluşu və bioloji xüsusiyyəti, onunla mübarizə tədbirləri


ƏDƏBİYYAT

1. Məmmədova S.R,

B.B.Xəlilov – Kənd təsərrüfatı entomologiyası. Bakı,1986.
2.Горбацов И.В., Грилченко В.В., Захваткин Ю.А. Зашитарастенийотвредителей Москва, 2002, 472с
3.Klowden, M, Physiological Systems in Insects. and edition Academic Press. 2007, 150 s.
GƏNCƏ - 2017

Mövzu 6. Birillik paxlalı bitkilər yoncanın zərərvericiləri, onlarla mübarizə tədbirləri
Birillik dənli paxlalı bitkilər (lobya, noxud) bir sıra müxtəlif bitkilərlə qidalanan zərərvericilər tərəfindən zədələnir. Bunlardan pambıq sovkası, çəmən kəpənəyi, qammalı sovka, düzqanadlılar dəstəsinin bütün nümayəndələri, lövhəbığ böcəklərin sürfələri və s. göstərmək olar. Birillik paxlalı bitkilərin bir sıra xüsusiyyətlənmiş zərərvericiləri də vardır ki, bunların bir hissəsi qidalanma tərzinə görə oliqofaq olub, yalnız paxlalılar fəsiləsinin nümayəndələri ilə qidalanır. Dənyeyən böcəklər monofaqdır və bunların inkişaf tsikli yalnız bir bitki üzərində gedir.

Paxlalı bitkilərin zərərvericiləri bitkilərin müxtəlif hissələri ilə qidalanmalarına görə aşağıdakı dörd qrupa bölünür: 1. Kök və kökyumruları ilə qidalananlar. 2. Cücərtilərlə qidalananlar. 3. yarpaqlarla qidalananlar. 4. Bitkinin generativ orqanları ilə qidalananlar.

Kök və kökyumruları ilə qidalanan növlər dənli paxlalı əkinlərində geniş yayılmaqla, bitkilərə böyük zərər verir. Onlar tez-tez kütləvi şəkildə çoxalmaları ilə məşhurdurlar. Böcəklərin sürfələri tərəfindən zədələnmiş bitkilər az məhsul verir və növbəli əkin dövriyyəsində azot toplamaq qabiliyyəti azalır. Paxlalı bitkilərə kökyumrusu uzunburun böcəkləri böyük zərər vurur.

Paxlalı bitkilərin yarpaqları noxud mənənəsi, çuğundur bağacığı və bir sıra mənənələr tərəfindən zədələnir.

Müxtəlif bitkilərlə qidalanan polifaq zərərvericilərin əksəriyyəti yarpaqlarla qidalanır. Göstərilən zərərvericilər tərəfindən yarpaqların zədələnməsi nəticəsində bitkidə assimilyasiya pozulur, bu da məhsuldarlığın azalmasına səbəb olur.

Dənli paxlalı bitkilərin generativ orqanları ilə qidalanan zərərverici növlər böyük mənfi iqtisadi əhəmiyyətə malikdir.

Bura daxil olan noxud və lobya dənyeyənlərin fəaliyyəti xüsusi qeyd edilməlidir.

Kök yumrusu uzunburun böcəklər. Bu növlər sərtqanadlılar dəstəsi (Coleaptera) uzunburun böcək fəsiləsinə (Curculionidal) mənsubdur. Bu fəsiləyə 16-ya qədər növ daxildir. Bunlardan dənli paxlalılara əsasən iki növ zolaqlı uzunburun (Sitona lineatus L.) və boz gilli uzunburunu (Sitona crinitus H.) zərər vurur.

Kökyumrusu uzunburun böcəyi boz, yaxud qəhvəyi rəngdə olub, yoğunlaşmış qişa xortuma malikdir. Bədəni üzərində zolaqlar vardır. Bədəninin uzunluğu 4-5 mm-dir.

Boz qıllı uzunburunun qanadları üzərində qısa qıllar vardır. Bədəninin uzunluğu 3,5-4,5 mm-dir.

Yumurtalar təzə qoyulan zaman sarımtıl-ağ rəngdədir. Oval formadadır, uzunluğu 0,2-0,3 mm-dir. Yumurtanın sonrakı rəngi torpağın rənginə bənzədiyinə görə tarla şəraitində onu müəyyən etmək çətindir.

Sürfələri təxminən 5 mm böyüklükdə olmaqla, qurdvaridir, ayaqları yoxdur, ağ rəngdədir və azacıq bükülmüşdür.

Kökyumrusu uzunburun böcəyi bitki qalıqları altında və torpağın üst qatında böcək halında qışlayır. Erkən yazda havanın temperaturu 7-100S-yə qalxan zaman qışlama yerlərindən çıxaraq qidalanmağa başlayır. Qidalanma əvvəlcə çoxillik paxlalı otlar üzərində gedir, daha sonra böcəklər əsas qidası olan birillik paxlalı bitkilər üzərinə keçirlər. Böcəklər 10-15 gün qidalandıqdan sonra yumurta qoymağa başlayır. Yumurta müxtəlif yerlərə, o cümlədən yarpaq və kökün üzərinə qoyulur, onlar quruduqdan sonra torpağa tökülür. Bir dişi böcək 100-200-ə qədər yumurta qoyur.

Yumurtanın rüşeym inkişafı 10-20 gün çəkir. Yumurtadan çıxan sürfələr dərhal torpağın üst səthinə keçərək azotla zəngin olan yumurtalarla qidalanır. Sürfələrin inkişafı 30-40 günə başa çatır. Bu müddətdə bir sürfə 4-8 ədəd kök yumrusunu yeyə bilər. İnkişafını başa çatdırmış sürfələr torpağın 5-20 sm dərinliyində yuva düzəldir, orada puplaşır və 10-15 gündən sonra həmin puplardan böcəklər çıxmağa başlayır. Birillik paxlalıların vegetasiya müddəti qurtardıqda böcəklər sahəni tərk edib, çoxillik bitki üzərinə keçib orada qidalanır.

Zərərvericinin böcək və sürfələrinin vurduğu zədələr nəticəsində bitki zəif inkişaf edir və paxlalar içərisində olan dənlərin miqdarı azalır.

Ədəbiyyat məlumatlarına görə yarpaq səthi orta hesabla 13,5% zədələnən cücərtilərdə hər hektardan 1,5 sentner dən itirildiyi göstərilir.

Mübarizə tədbirləri.

1. Məhsul tez yığılmalı və torpaqda olan pupları məhv etmək üçün sahə dərhal şumlanmalıdır.

2. Birillik paxlalı bitkilər ilə çoxillik paxlalı yem bitkiləri bir-birindən 1 km və daha çox məsafədə əkilməlidir. Belə olduqda birillik paxlalı bitkilərdən böcəklər çoxillik paxlalılar üzərinə keçməsinin qarşısı alınır.

3. Böcəklərə qarşı 80%-li sevinin islan tozundan (2 kq/ha) və yaxud 5%-li karate (0,3-0,4 l/ha), yaxud 35%-li fozalon (2 l/ha) preparatlarının emulsiyası ilə çiləmə aparılması məsləhətdir.



Noxud dənyeyəni (Bruchus pisorum L.)Sərtqanadlılar (Coleoptera) dəstəsinin dənyeyənlər (Bruchidae) fəsiləsinin nümayəndəsidir.

Yetkin böcəklər 4-5 mm böyüklüyündə olub, qara rəngdədir. Kürəni-boz tükcüklərlə örtülmüşdür. Qanadüstlüyü qısa olduğundan qarıncığı tam örtmür. Üzərində qara və ağ ləkələr vardır.

Yumurtası sarı kəhrəba rəngindədir, nisbətən iridir, yaşıl paxla üzərində aydın seçilir.

Sürfəsi krem rəngində olub, 5-6 mm-dir yoğundur, bükülmüş şəkildədir və ayaqları yoxdur.

Pupu yetkin böcəyə bənzəyir, sarımtıl rəngdədir və böyüklüyü 4,5-5 mm-dir.

Noxud dənyeyəni monofaqdır və noxud bitkisi üzərində xüsusiyyətlənmişdir.

– Anbarlara yığılmış və tarlalara tökülmüş noxud dəni içərisində böcək halında qışlayır. Noxud bitkisi çiçəklədiyi vaxt qışlamadan çıxırlar. Böcəklər yaxşı uçmaq qabiliyyətinə malikdir və anbardan uzaq məsafəyə uça bilir. Böcəklər bir qədər çiçək pulcuqları və ləçəkləri ilə qidalandıqdan sonra yumurta qoymağa başlayırlar. Bir dişi fərd 200-ə yaxın yumurta qoya bilir. Yumurtalar cavan paxlalar üzərinə yapışdırılır. Yumurta qoyma 2 həftə davam edir. Qoyulmuş yumurtalardan 6-10 gün sonra krem rəngli kiçik sürfələr çıxır. Bu sürfələr ilk dəfə paxlaları üzdən gəmirir və bir azdan onların içərisinə daxil olaraq noxud dənləri ilə qidalanırlar. Sürfənin və eləcə də pupun bütün inkişafı bir noxud dənində gedir. Yayın sonunda sürfə dənin daxilində pup halına keçir. Sürfə pup halına keçməmişdən əvvəl dəndə iz açır ki, gələcəkdə böcəyin xaricə çıxması asanlaşsın.

Pupun inkişafı 3 həftə çəkir və pupdan çıxan böcək dənin içərisindən çıxmır, gələn yaza qədər orada qışlayır.

Noxud dənyeyəni ildə bir nəsil verir.

Noxud dənyeyəninin zədələdiyi dənlərin çəkisi azalır və keyfiyyəti aşağı düşür. Zədələnmiş dənlər pis dada malik olub, qida üçün zərərlidir.



Mübarizə tədbirləri.

1. Toxumluq üçün ayrılmış dən məhsulu dixloretan, heksaxloran, yaxud da naftalinlə fumiqasiya edilməlidir. Heksaxloranla dərmanlama aparıldıqda hər bir ton toxum məhsuluna 2-3 kq sərf edilməli və xüsusi dərmanlama maşını ilə dərmanlanmalıdır. Dərmanlama naftalinlə aparıldıqda 1 tona 1 kq naftalin qarışdırılmalı və ağzı bağlı qabda bir həftəyə qədər saxlanmalıdır.

Yeyinti məhsulu kimi istifadə ediləcək noxud dəni duz məhlulu ilə təmizlənməlidir. Bu məqsədlə 10 l suya 3 kq duz qatlıb həll olunur, məhsul onun içərisinə tökülür. Bu zaman zədələnmiş dənlər suyun üzərinə çıxır və o dənlər yığılıb atılır. Sağlam dənlər isə yuyulub istifadə edilir.

2. Bitkinin çiçəkləməsindən əvvəl böcəklərə qarşı mübarizədə Bİ-59 (1,5-2 kq/ha) və yaxud 35%-li fozalon (1,5-2 kqha) emulsiyaları ilə çiləmə aparılması məsləhətdir.

3. Məhsul vaxtında toplanmalı və yığım vaxtı dənlər tökülməsinə yol verilməməlidir.

4. Məhsul yığılandan sonra bitki qalıqları tarladan çıxarılmalı və dərin dondurma şumu aparılmalıdır. Digər aqrotexniki tədbirlər həyata keçirilməlidir.



Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin