Aqrotexniki tədbirlər – Alaq otları məhv edilməli, ətrafda olan kollar qırılıb yandırılmalıdır, onların yerinə mədəni bitkilər əkilməlidir.
Kimyəvi mübarizə – şalalara qarşı daxili təsir edən zəhərlər və heksaxloran dustu ilə tozlama aparılmalı, aldadıcı yemlər tətbiq edilir. Zəhərlərin dozası çəyirtkələrdə olduğu kimidir.
Sisəklər (Gryloidae) – morfoloji quruluşuna görə sisəklər şalalara çox oxşardır. Sisəklər yarımdəstəsi iki fəsiləyə bölünür: sisəklər və danadişilər.
Çöl sisyəi (Gryllus desertus Pall) – qara rəngli olub, üst və alt qanadları yaxşı inkişaf etmişdir. Yumurtaqoyanı dal ayağın budundan 1,5 dəfə uzundur. Bədəninin uzunluğu 12-19 mm-dir.
Respublikamızın bütün aran rayonlarında təsadüf olunur və başlıca olaraq pambıq, tütün, tərəvəz, yonca, bostan və s. bitkilərə zərər verir. Sürfə və yetkin fərdləri bitkilərlə qidalanır.
Çöl sisəyinin illik inkişaf tsikli, çəyirtkə və şalaların inkişaf tsiklindən kəskin fərqlənir. Sisəklər həm yetkin, həm də sürfə mərhələsində qışlaya bilir.
Dişi çöl sisəyi yumurtalarını iyun-iyul aylarında tək-tək və ya topa halında torpağa qoyur. Yumurta qoyduqdan 15-20 gün sonra sürfələr çıxmağa başlayır. Sürfələr 3-4 dəfə qabıq dəyişir və torpaqda düzəltdiyi yuvacıq içərisində qışlayır. Aprelin axırları və mayın əvvəllərində qışlamış sürfələr yuvacıqlardan çıxıb bitkiləri zədələyir.
Mübarizə tədbirləri
Aldadıcı yemlərdən istifadə edilməlidir. Yemlərin hazırlanması və tətbiq edilmə texnikası çəyirtkələrdə olduğu kimdir. Aldadıcı yemlər sisəklərin toplaşdığı yerə səpilməlidir.
Adi danadişi (Gryllotalpa gryllotalpa L.) – yaxşı inkişaf etmiş qazıcı ayaqlara malik, qonur rəngli, iri həşəratdır. Bədəninin uzunluğu 60 mm-ə çatır.
Adi danadişi Azərbaycanın bütün rayonlarında yayılmaqla tərəvəz, bostan, bağ, çay, sitrus, texniki bitkilər (günəbaxan, pambıq və s.) və taxıl bitkilərinə zərər vurur.
Zərərverici cavan bitkilər, xüsusilə ştillər və toxmacalar üçün daha qorxuludur. Təbii şəraitdə danadişi bitkilərə aprel ayından başlayıb, iyun ayına qədər, ştilliklərdə və parniklərdə isə fevral ayından zərər verir.
Zərərvericinin yaşlı sürfələri və yetkin fərdləri torpağın 1 metrə qədər dərinliyində qışlayır. Yazda onlar şum qatına çıxır və torpağın lap üst səthinə qədər qalxır. Burada onlar səpilmiş toxumlarla qidalanır, kökləri gövdənin yeraltı hissəsini gəmirir.
Yetkin fərdlər aprel ayından başlayıb avqust ayına qədər öz yumurtalarını torpağın 10-20 sm dərinliyinə qoyur. Hər yuvada 300-350 yumurta olur. Həmin yumurtalardan 10-15 gündən sonra sürfələr çıxmağa başlayır. Beləliklə danadişinin bütün inkişafı 12-14 ay ərzində başa çatır. ən çox rütubətli yerlərə meyllidir.
Mübarizə tədbirləri – 1. Adi danadişini aldadıcı yemlərlə məhv etmək olar. Bu məqsədlə zəhərlənmiş buğda, arpa və qarğıdalı dənlərindən istifadə edliir. Qaynadılmış dən, günəbaxan və ya çiyid yağı ilə (çəkiyə görə 3%) isladılır, motador (çəkiyə görə 5%) qarışdırılır. Deməli, hər kiloqram dənə 30 q yağ, 50 q isə zəhər sərf edilir.
Torpaq zərərvericilərinə qarşı şırımlara Barquzin 150 qr/100m2 və ya Medvetoks 300 qr/100 m2 vermək olar.
Tarlalarda, botan və tərəvəz əkinlərində meyvə və meşə tingliklərində danadişini məhv etmək üçün hər hektara 60-80 kq aldadıcı dən yemi dənsəpən maşınla torpağa verilir.
Aldadıcı yem əkindən bir neçə gün qabaq tətbiq edilməlidir. Bu zaman aldadıcı yem sahə üzərinə səpilir və malalanır. Əgər tarlada bitki cücərtiləri olarsa, aldadıcı yemlər 2-3 sm dərinlikdə bitkilər və cərgəaralarına qoyulur. Cərgəaraları olan əkin sahələrində cərgəarası becərilməlidir.
2. Parnikdə danadişi ilə mübarizə aparmaq üçün yuxarıdakı qaydada aldadıcı yem hazırlamalı və hər çərçivəyə 30-50 q olmaqla torpağın 2-3 sm dərinliyinə eyni miqdarda basdırılmalı, vegetasiya dövründə parniklərdə danadişini məhv etmək üçün torpaq fosfamidlə çilənir. Bir çərçivəyə 10-12 l məhlul sərf edilir.
3. Danadişinin yuvasını, yollarını və özünü məhv etmək məqsədilə məhsul yığımından sonra dərhal erkən dondurma şumu aparılmalıdır.
4. Payızda içərisində peyin olan çalalarda danadişiləri məhv etmək olar. Çalalar 0,5 m dərinlikdə qazılır və içərisinə peyin doldurulur. Qışlamaq üçün danadişilər buraya çox həvəslə yığılırlar.
Şıqqıldaq böcəklər (Elateridae) – kənd təsərrüfatı bitkiləri üçün şıqqıldaq böcəklərin yetkin fərdləri qorxulu deyil. Ancaq onların torpaqda yaşayan məftilqurdu adlanan sürfələri müxtəlif bitkilərin toxum və cücərtilərinə, kök sisteminə böyük zərər vurur.
Böcəklərin bədəni uzunsov olmaqla, bir qədər yastıdır. Ayaqları qısa, pəncələri 5 buğumludur. Böcəklərin qabaq döşündə alt tərəfdən barmaq şəkilli kiçik çıxıntı, orta döşdə isə çökəkcik (oyuq) vardır. Böcək arxası üstə düşdükdə bu çıxıntını çökəkciyin içərisinə salıb, böcək əyilir və tullanaraq üzü üstə düşür. Bu zaman ön döşün çıxıntısı orta döşün çuxuruna burulur və şıqqıltıya bənzər səs alınır ki, böcəyin adı da buradan götürülmüşdür.
Sürfələr (məftil qurdları) – sarımtıl, yaxud qəhvəyi rəngdədir. Başı yastı, dəri örtüyü xitinləşmişdir. Onların bir bərabərdə üç cüt döş ayaqları vardır. Zərərverici ən çox turş reaksiyalı meşə torpaqlarında yaşayır.
Məftil qurdları ən çox buğda, arpa, qarğıdalı, kartof, çuğundur, günəbaxan, tütün, pambıq bitkilərini zədələyir. Onlar nəinki bitkinin kök sistemini, hətta səpilmiş toxumları belə tamamilə yeyir. Meyvəköklülərdə (kartof, çuğundur, yerkökü və s.) sürfə meyvələrin içərisinə girir. Meyvələrin daxilinə girən sürfələrin açdığı yolla xəstəlik törədicilər daxil olaraq, meyvələri çürüdür və onları uzun müddətə saxlamaq olmur.
Sürfələr parniklərdə və tingliklərdə də bitkiləri zədələyir. Təsadüf edilən şıqqıldaq böcək növlərinin inkişaf tsiklləri, zədələmə xüsusiyyətləri və onlara qarşı aparılan mübarizə üsulları bir-birinə bənzəyir.
Şıqqıldaq böcəklərin inkişafı zəif gedir. Bir nəslin inkişafı 3-5 ilə başa çatır. Əksər növləri müxtəlif yaşlı sürfə və böcək fazasında qfşlayır. Qışlamış böcəklər qışlama yerlərindən çıxır, aprel, iyul aylarında yumurta qoymağa başlayır. Sürfə 3-4 ilə inkişaf edir. İyun, avqust aylarında torpağın 8-15 sm dərinliyində puplaşır. Pup fazası 2-3 həftə davam edir və ondan çıxan böcəklər gələn ilin yazına qədər torpaqda qalır.
Mübarizə təbdbirləri. Əsasən aşağıdakı tədöirlər həyata keçirilir.
1. Torpaq diqqətlə becərilməlidir. Heriklərdə kultivasiya aparılmalıdır. Dərin dondurma şumu aparılmalıdır.
Şum zamanı kiçik yaşlı sürfələr və pupların bir qismi mexaniki əzilmə nəticəsində məhv olur və zərərvericilərin sayını xeyli azaldır.
2. Məftil qurdu ilə yoluxmuş sahələrə az zədələnən bitkilər (birillik paxlalılar) əkilməlidir.
3. Bitkinin inkişafını sürətləndirmək üçün üzvi və mineral gübrələr verilməlidir.
Payızlıq əkin sovkası (Agrotis segetum Sohiff) – Orta böyüklükdə kəpənək olub, qanadları açıldıqda 35-45 mm olur. Ön qanadları açıq-boz və ya tünd-qonur rəngdədir. Qanadları üzərində sovkalara xas olan üç böyrəkvari, yumru və pazvari ləkə vardır. Dişi kəpənəklərin bığcıqları daraqvari, erkəklərinki isə qılvaridir.
Tırtılı boz, torpaq rəngindədir. Beli üzərində tünd zolaq vardır. Tırtıllar torpaqda yaşayır və əsasən də bitkilərin kökü və cücərtiləri ilə qidalanır. İri yaşlı tırtılların uzunluğu 50 mm-ə çatır. ona toxunduqda dərhal qıvrılır.
Payızlıq əkin sovkasının zərərverici fazası tırtıllardır və onlar olduqca müxtəlif mədəni bitkilər və alaq otları ilə qidalanır. Zədələyici bitkilərdən taxılı, tütünü, pambığı, günəbaxanı, tərəvəz və bostan bitkilərini göstərmək olar.
Torpaqda yaşayan tırtıllar cücərtiləri və onun kök boğazını gəmirərək bitkiləri tamamilə məhv edir. Zərərvericinin yaşlı tırtılları qışlayır. Tırtıllar soyuğa olduqca davamlıdırlar. Tırtıllar adətən erkən yazda zərər vermir. Tırtıllar özlərinə yuva düzəldib pup halına keçirlər. Yazda, aprelin 2-ci yarısında pupdan kəpənəklər uçmağa başlayır. Kəpənəklər gecə uçur və qidalanır. Gündüzlər gizlənirlər. Uçan kəpənəklər əlavə olaraq çiçəklərin nektar şirəsi ilə qidalanırlar. Bir dişi kəpənək 2000-ə yaxın yumurta qoya bilir.
İkinci nəslin kəpənəkləri iyulda uçmağa başlayır. Kəpənək yumurtalarını tək-tək, alaq və ya mədəni bitkilər, yaxud torpaq üzərinə qoyur. 3-4 gündən sonra yumurtalardan tırtıllar çıxır. Tırtıllar gündüzlər torpaqda gizlənir, gecələr isə torpağın üst səthinə çıxıb, bitkilərin kök boğazını gəmirir. İyul ayının əvvəllərində birinci nəslin tırtılları öz inkişafını bitirir. Bu vaxta qədər 5 dəfə qabıq dəyişərək 6 yaş keçirir, 2-ci nəsil isə bundan sonra başlayır.
Payızın əvvəllərində ikinci nəslin axırıncı yaşda tırtılları qışlamağa başlayır.
Mübarizə tədbirləri. 1. Aqromexaniki tədbir olaraq heriklər becərilməli və orada olan alaq otları məhv edilməlidir.
Dərin dondurma şumu və cərgə aralarının becərilməsi tırtıl və pupların əksəriyyətini məhv edir.
2. Bioloji mübarizə olaraq yumurtayeyən trixoqrammadan istifadə edilməlidir.
3. Kimyəvi mübarizədə zərərvericinin iri yaşlı tırtıllarına qarşı 1,5 kq raqorla 50 kq şrot qarışığından alınan (hər hektara 50 kq hesabı ilə) aldadıcı yem verilməsi yaxşı səmərə verir.
Mövzu 5. Dənli taxıl, çəltik və qarğıdalı bitkilərinin zərərvericiləri, onlarla mübarizə tədbirləri
İsmayılzadə N.N.
Məmmədov V.Ə.
PLAN:
-
İsveç və hessen milçəklərinin morfoloji-bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri.
-
Ziyankar bağacıq və buğda tripsinin morfoloji-bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri.
-
Sümürtkən və taxıl böcəklərinin morfoloji-bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri.
-
Çəltik ağcaqanadının morfoloji-bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri.
ƏDƏBİYYAT
1. Məmmədova S.R, B.B.Xəlilov - Kənd təsərrüfatı entomologiyası. Bakı – 1986.
2. Ağayev B.İ. - Ümumi entomologiya. Bakı, 2004, 303 s.
3.Alaoglu Ö., Boyraz N. - Bitki koruma. Selçuk Üniversitesi, Ziraat
Guncan A.,BAştaş K.K. fakültəsi, Bitki koruma bölümü, 2014, 265 s.
-
Горбацов И.В., Грилченко В.В., Захваткин Ю.А. Зашита растений отвредителей Москва, 2002, 472с
GƏNCƏ – 2017
Mövzu 5. Dənli taxıl, çəltik və qarğıdalı bitkilərinin zərərvericiləri,
onlarla mübarizə tədbirləri
Dənli taxıl bitkilərinə müxtəlif bitkilərlə qidalanan zərərvericilər, gənələr, yumru qurdlar, siçanabənzər gəmiricilər zərər vurur.
Ədəbiyyatlarda indiyə qədər buğda və arpa üzərində 200 növdən artıq zərərverici həşərat qeyd edilmişdir.
Dənli taxıl bitkisinin xüsusiyyətlənmiş zərərvericilərindən İsveç və hessen milçəyini, yaşılgöz milçək, köçəri və oturaq taxıl mənənələrini, buğda tripsini, ziyankar və sivribaş bağacığı, ağ xalı taxıl böcəyini, kuzkanı, xaçdaşıyanı, taxıl sümürgən böcəyini, taxıl mişarlayıcısını qeyd etmək olar.
İsveç milçəyi (Oscinella fritt L.). ikiqanadlılar (Diptera) dəstəsinin taxıl milçəkləri (Chloropidae) fəsiləsinə mənsubduo.
Yetkin fərd 1,5-2 mm böyüklükdə olub, bədəni qara rəngdədir və metal parıltısına malikdir. Bığcıqları 3 buğumludur.
Yumurtası silindrvari olub, uzunluğu 0,6 mm-dir. Sürfəsi ağ rəngdədir, ön və dal hissəsi xeyli nazikdir. Sürfənin uzunluğu 4-5 mm-dir. Yalançı baraması qonur-qəhvəyi rəngdədir.
İsveç milçəyi respublikamızda geniş yayılmaqla, dənli taxıl bitkilərinə, o cümldəən arpa və buğdaya xeyli zərər vurur.
Zərərvericinin yaşlı sürfələri əsasən payızlıq və yabanı taxıl bitkilərinin cücərtisinin gövdələri daxilində qışlayır. Azərbaycanda ildə 5 nəsil verməsi göstərilir. Əsasən payız və yaz nəsilləri zərər verir. Yay nəsilləri çox zərər verə bilmir.
Oktyabr ayında əmələ gələn payız nəslinin yetkin milçəkləri yumurta qoymağa başlayır. Yumurtalar bitkinin gövdə, yarpaq və s. orqanlarının üzərinə qoyulur. Yumurtadan çıxan sürfələr bitki gövdələrinin daxilinə girir. Onlar mərkəzi yarpağı əsasında gəmirir. Bunun nəticəsində yarpaq soluxur, saralır və sünbül başlanğıcı zədələnir. Sürfənin və yalançı baramanın inkişafı gövdə daxilində gedir.
Zəif kollanmış bitki zərərvericiyə müqavimət göstərə bilmir və məhv olur. Yaxşı kollanmış bitkilər məhv olmur, məhv olmuş gövdələrin yerinə yeni, əlavə gövdələr verir.
Bəzi sortlar zərərvericiyə müqavimət göstərə bili rvə xeyli miqdarda əlavə-yan gövdələr verir.
Mübarizə tədbirləri.
-
Payızlıq taxıllar optimal olan vaxtda səpilməlidir.
-
Aqrotexniki tədbirlərin bütün kompleksi (torpağın düzgün becərilməsi, əlavə gübrələrin verilməsi və s.) həyata keçirilməlidir. Bunun nəticəsində bitkilər yaxşı və bərabər inkişaf edir. bu da isveç milçəyinin zərər verməsini xeyli azaldır.
-
Məhsul vaxtında yığılmalı, bundan sonra kövşən çevrilməlidir.
-
Davamlı sortlar əkilməlidir.
-
Sürfələr çıxmağa başladığı gövdə Desis preparatından hektara 0,3-0,4 l məsarif normasında emulsiyası ilə çiləmə aparmaq olar.
-
Həmçinin kimyəvi mübarizədə hektara 0,2 kq olmaqla Dentiz 2,5 % preparatından istifadə olunmalıdır.
Hessen milçəyi (Mayetiola destructor S.) – İkiqanadlılar (Diptera) dəstəsinin fır əmələgətirənlər (Cecidomyiidae) fəsiləsinə mənsubdur.
Yetkin fərd 3-3,5 mm böyüklükdə olmaqla, bədənləri bozumtul-boz və ya qaramtıl rəngdədir.
Yumurtası silindrvaridir, 0,5 mm böyüklükdədir. Əvvəllər şəffaf, sonra isə qonur-qırmızı rəngdə olur.
Yaşlı sürfələr ağ-süd rəngində olur. Ağız aparatı sorucudur. Bitkinin şirəsini sormağa uyğunlaşmışdır. Yaşlı sürfənin uzunluğu 3,5-4,5 mm-dir. Yalançı baramalar qonur-şabalıdı rəngdədir, kətan toxumuna oxşardır. Uzunluğu 3 mm-dir.
Azərbaycanın dağlıq və dağətəyi rayonlarının iqlimi mötədil olduğu üçün hessen milçəyinin burada taxıl bitkilərinə vurduğu zərər, aran zonasına nisbətən xeyli çoxdur.
Hessen milçəyi Azərbaycanda ildə 3-5 nəsil verə bilir. Əsas zərərverən payız nəslidir.
Hessen milçəyi iri yaşlı sürfələr halında yalançı barama içərisində payızlıq əkin sahələrində və yabanı taxıl bitkilərinin yarpaq qoltuğunda qışlayır. Yalançı barama içərisində olan sürfə, yazda martın 2-ci yarısında pup halına keçir. Aprel ayında puplardan milçəklər uçmağa başlayır. Bu dövr taxıl bitkilərinin borulama dövrüdür. Pupdan uçan milçək qidalanmır, cütləşir və cəmi 5-6 gün yaşayırlar. Dişi fərdlər yumurtalarını yarpaqlar üzərinə qoyurlar (200-350 ədəd). Qoyulmuş yumurtalardan 4-7 gün sonra sürfələr çıxır. Sürfələr yarpaq üzərində hərəkət edib yarpaq qoltuğuna və oradan da gövdə daxilinə keçir. Sürfələr gövdənin şirəsini sorur. İnkişafını başa çatdıran sürfələr qidalandığı yerdəcə pup halına keçir. Puplar öz inkişafını 18-20 gün müddətində başa çatdırır və yeni nəslin milçəkləri uçmağa başlayır.
Sürfələrin inkişafı borulama dövrünə düşürsə, gövdələr sünbülləmə dövründə əyilir və müxtəlif təsirlərdən gövdə yatır, belə bitkinin məhsulunu yığmaq olmur.
Hessen milçəyi bütün taxıl bitkilərini, eləcə də yabanı dənli bitkiləri də zədələyir.
Mübarizə tədbirləri – İsveç milçəyinə qarşı tətbiq edilən mübarizə tədbirlərindən istifadə edilməlidir.
Yaşılgöz milçək (Chlorops pumilionis Byerk.). İkiqanadlılar dəstəsinin taxıl milçəkləri fəsiləsinə mənsubdur.
Yaşılgöz milçəyin yayılması və həyat tərzinin öyrənilməsinə dair tədqiqat işləri olduqca az aparılmışdır.
Yaşılgöz milçək başlıca olaraq yazlıq buğda əkinlərinə arpaya zərər vurur. Bundan əlavə payızlıq buğda əkinlərinin cücərtiləri də bu zərərverici tərəfindən zədələnir.
Yaşılgöz milçəyin süfrələri payızlıq taxıl cücərtilərinin gövdələri daxilində qışlayır. Erkən yazdan başlayaraq davam etdirir və aprelin axırı, mayın əvvəllərindən etibarən yalançı baramalar içərisində pup halına keçir. Havanın orta gündəlik temperaturu 16,50 C –yə çatdıqdan sonra milçəklər yalançı baramalar işərisindən xaricə uçmağa başlayır. Hər bir milçək 150-yə qədər yumurta verə bilir. Yumurtadan çıxmış sürfələr yarpaqlar ilə qidalana bilmədiklərindən yarpaqların qoltuq hissəsindən gövdə daxilinə keçir və orada qidalanır. Qidalanma nəticəsində üst buğumlar arasında dərin şırımlar açılır və inkişafda olan sünbül zədələnir.
Vegetasiyanın sonuna yaxın sürfə bitkinin zədələyə bilmir, normal sünbül əmələ gəlir və sürfə dənləri arasında sıxılaraq məhv olur.
Qışlama zamanı sürfələr gövdə daxilində olur.
Mübarizə tədbirləri.
1. İmkan daxilində yazlıq taxıllar tez səpilməlidir.
2. Bitkinin boy artmasını sürətləndirən bir sıra aqrotexniki tədbirlər kompleksi, o cümlədən torpağın vaxtında və düzgün becərilməsi, gübrələnməsi əlavə gübrələmə və s. Bu kimi bir sıra tədbirlər həyata keçirilməlidir.
3. Tez sünbül verən sortlardan istifadə edilməlidir. Çünki, tez sünbülləmə nəticəsində hələ zərər verə bilməyən xeyli sürfə məhv olur.
4. Küləş üzlənməli, sonra isə dərin şum aparılmalıdır.
5. Kİmyəvi mübarizədə isveç milçəyinə qarşı istifadə olun preparatlar tətəbiq edilir.
Mənənələr. Bərabərqanadlılar dəstəsinin (Homoptera) mənənələr yarımdəstəsinə (Aphidinea) daxildir. 1 – 4 mm böyüklükdə qanadlı və qanadsız həşəratlar olub, taxıl bitkilərinin bütün hissələrində yaşaya bilir. Deşib-soran ağız aparatına malik olan bu həşərat qrupu bitkinin hüceyrə şirəsi ilə qidalanaraq onların böyümə və inkişafını zəiflədir. Bəzi hallarda isə bitkini yaxud da onun ayrı –ayrı gövdələrini məhv edir. Mənənələr başlıca olaraq partenogenetik (bakirə) yolla çoxalırlar. Dişiləri 25 – 100 -ə qədər diri sürfə qoyur.
Mənənələrin özünəməxsus inkişafları vardır. Bu inkişafdan asılı olaraq onlar iki bioloji qrupa – köçəri və oturaq mənənələrə bölünürlər.
Köçəri mənənələrin həyatı iki bitki ilə bağlıdır və mövsümdən asılı olaraq qanunauyğun tərzdə bir bitkini digəri ilə əvəz edir. Bu mənənələr bütün yay ərzində dənli taxıl bitkiləri ilə qidalanır və çoxalır. Payızda 1anadlı fərdlər ağaclar üzərinə uçur və qışlamaq üçün orda da yumurta qoyur. Məsələn, meşə gilası mənənəsi (Rhopalosiphumpadi L.). yazda bu bitki üzərində yumurta qoyur. Bir müddət keçdikdən sonra onun koloniyaları əmələ gəlir və may ayından etibarən artıq qanadlanmış mənənələr yulaf, çovdar, qarğıdalı, digər mədəni və yabanı taxıl bitkiləri üzərinə keçərək, bütün yay müddətində bu bitkilər üzərində bakirə yolla çoxalırlar.
Oturaq mənənələrin bütün inkişafı dənli bitkilər üzərində gedir. Payızlıq dənli bitkilər üzərinə qoyulmuş yumurtaları qışlayır. Payızlıq dənli bitkilər üzərinə qoyulmuş yumurtaları qışlayır. Yazdan başlayaraq payıza qədər arası kəsilmədən bakirə çoxalma gedir. Əgər bu dövrdə mənənə üçün əlverişli olmayan qida mühiti əmələ gəlirsə o zaman yayılmağa qadir olan qanadlı fərdlər əmələ gələrək nisbətən zəif və hələ tam kobudlaşmamış dənli bitkilər üzərinə keçir. Doğrudur, burada dabir bitkidən digər bitkiyə keçmə olur, lakin hər iki halda onun qida mühiti dənli bitkidən ibarətdir.
Mənənələr öz yumurtalarını payızda payızlıq taxılların, bitki qalıqlarının və yabanı taxıl bitkilərinin üzərinə qoyur. Yumurtalar ovalvarıdır. Uzunluğu 0,6 mm, eni 0,2 mm –dir. Qışlayan bu yumurtalardan süfrələr sıxaraq bir neçə dəfə qabıq dəyişir və dişi fərdlər əmələ gəlir. Bunlar binəcə dişilər adlanır.
Məhsul yığımından sonra mənənələr yabanı taxıl bitkiləri və bitki qalıqları üzərində çoxalır. Sonra onlar payızlıq taxılların üzərinə keçir və qışlamaq üçün yumurta qoymağa başlayır.
Mübarizə tədbirləri.
1. Taxıl mənənələri ilə aqrotexniki mübarizə məqsədilə torpağı vaxtında və düzgün becərmək, bitkilərin böyüməsini sürətləndirən gübrələr vermək və s. bu kimi tədbirlərlərin həyata keçirilməsinin böyük əhəmiyyəti vardır.
2. Məhsul yığımından sonra bitki qalıqlarını təmizləmək üçün kövşən üzlənilməli, sonra isə dərin dondurma şumu aparılmalıdır, çünki mənənələr məhsul yığımından sonra payızlıq taxıl əkinlərinin cücərtiləri əmələ gələnə qədər öz inkişafını bitki qalıqları üzərində keçirir.
Əgər sahələr mənənə ilə kütləvi surətdə sirayətlənərsə bitkinin inkişaf fazsından və sirayətlənmə dərəcəsindən asılı olaraq hər hektara 1,6 kq (0,8 faizli məhlul) Aktara (Tiametoksam 250 qr/kq), hektara 60 qr Mostar 20 SP preparatındna istifatə olunur.
Buğda tripsi (Hoplothrips tritici K.) – Tripslər dəstəsinin (Thysanoptera) boruquyruqlular (Phlocothripidae) fəsiləsinə daxildir.
Yetkin fərd qaramtıl rəngdə olub, 1,5-2 mm böyüklükdədir. Sürfələr xarici görünüşcə yetkin fərdə çox oxşardır, ancaq rəngi qırmızıdır.
Zərərverici deşib-soran ağız aparatına malik olub, taxıl bitkilərinin, o cümlədən payızlıq və yazlıq buğdanın zərərvericisidir.
Sürfələr gövdə daxilində və torpağın üst qatında qışlayır. Erkən yazda qışlamadan çıxan sürfələr nimfa fazasına çevrilir. Payızlıq taxılın sünbülləmə dövrünə qədər olan müddət ərzində tripsin yetkin fazası əmələ gəlir.
Sünbülləmə dövrü yetkin dişi fərd öz yumurtalarını sünbül pulcuqları içərisinə qoyur. Yumurtadan çıxan sürfə sünbül pulcuğu və süd yetişmə dövründə olan dənlərin şirəsi ilə qidalanır. Qidalanma nəticəsində dənlərdə girintili-çıxıntılıq əmələ gəlir. Belə dənlər çəkisini itirir və cılızlaşır.
Məhsul yığımı dövründə sürfələr torpağın üst qatına düşərək qışlamağa gedir.
Mübarizə tədbirləri. Zərərverici gizli həyat keçirdiyi üçün onunla kimyəvi mübarizə aparmaq çətinlik törədir. Buna baxmayaraq tripsə qarşı mostar 20 SP preparatı ilə 100 qr/hek normasında istifadə etmək olar. Bundan Siperkor 25 EC preparatını 0,2 qr/l nomrasında istifadə etmək olar.
Bir sıra aqrotexniki tədbirlər – kövşənliklərin üzlənməsi, dərin dondurma şumu aparılmalı, gübrələr verilməlidir.
Ziyankar bağacıq (Eurygaster integriceps P.) – Yarımsərtqanadlılar (Hemiptera) dəstəsinin qalxancıqlı bağacıqlar fəsiləsinə (Pentatomidae) mənsubdur.
Yetkin bağacığın bədəninin uzunluğu 9-12 mm olmaqla, rəngi bozumtul-sarıdan, tutqun darçınıya qədər dəyişə bilər. Başı üçbucaq formasındadır. Üst qanadlar qarıncığı örtmür. Yumurtası girdə, zümrüdü-yaşıl olub, çəllək şəkillidir, qabığı xeyli şəffafdır. Böyüklüyü 1,5 mm-dir.
Yumurtadan çıxan sürfənin ümumi böyüklüyü 2-2,2 mm, beşinci yazda sürfənin uzunluğu 8-10 mm-dir. Sürfələr xarici görünüşünə görə yetkin bağacıqlara bənzəyir, ancaq qanadlarının olmamasına görə yetkin fərdlərdən fərqlənir.
- Ziyankar bağacığın yetkin fərdləri meşələrdə, meşə zolaqlarında, kolluqlarda, bağlarda və s. yerlərdə xəzəllər altında qışlayır.
Erkən yazda, martın axırları, aprelin əvvəllərində temperatur 9-110S olduqda bağacıqlar qış yuxusundan oyanır və qışlama yerlərindən taxıl sahələrinə uçmağa başlayır. Bağacıqlar uzaq məsafələrə, hətta 200 km-lə məsafəyə uçmaq qabiliyyətinə malikdir.
Qışlama yerlərindən kütləvi şəkildə uçmaq, aran rayonlarında aprelin 2-ci ongünlüyünə düşür. Qışlamadan çıxan bağacıqlar gövdələrin şirəsini sormaqla qidalanır.
Bağacıqlar qışladıqları yerdən əkinlərə uçduqdan bir az sonra cütləşir və yumurta qoyur. Hər dəfədə bir dişi fərd iki cərgə olmaqla 12-14 yumurta qoyur. Yumurtalar yarpaqlara, gövdələrə və sünbüllərə qoyulur. Kütləvi yumurta qoyuluşu 15-20 gün çəkir. Bir dişi fərd 200-ə qədər yumurta qoya bilir. Havanın temperaturundan asılı olaraq yumurtanın inkişafı 8-14 gün çəkir. Yumurtadan çıxan çürfə öz inkişafı dövrü 5 yaş keçirir. Sürfənin inkişafı 30-40 gün çəkir. Sürfələr, eləcə də yetkin fərdlər sünbüldə dənin şirəsini sorur. Yetkin fərdlər 10-15 gün qidalandıqdan sonra qışlama yerlərinə uçurlar.
Zərərverici il ərzində bir nəsil verir.
Zərərvericinin vurduğu zərər nəticəsində yarpaqlar inkişafdan qalır və saralır. Sünbülləmədən az qabaq sorma nəticəsində «ağ sünbüllülük», dənlərin sorulması zamanı isə onların cılızlaşması baş verir və cücərmə qabiliyyəti aşağı düşür. Zədələnmiş dənlərin unundan hazırlanmış xəmir pis acıyır, çörəyi boz rəngli və dadı pis olur. Bağacıq dənlə qidalanan zaman tüpürcəyi vasitəsilə dənin tərkibinə xüsusi ferment buraxır və ferment dəndə olan yapışqan, zülal və nişastanın tərkibini dəyişir.
Azərbaycanda ziyankar bağacıq kütləvi çoxaldığı illərdə məhsulun 12%-ni (hətta çox) məhv edilməsi qeyd edilmişdir.
Ziyankar bağacığın təbii düşmənlərindən yumurtayeyən telenomus, onların azalmasında müsbət rol oynayır.
Ziyankar bağacıqdan başqa taxıl bitkilərinə müəyyən dərəcədə zərər verən daha 2 növ – sivri baş və mavri bağacığına da təsadüf edilir.
Dostları ilə paylaş: |