Lobya dənyeyəni (Acanthoselides obtectus Say).
Sərtqanadlılar dəstəsinin (Coleoptera) dənyeyənlər (Bruchidae) fəsiləsinə mənsubdur.
Böcək tünd qonur rəngdə olub, tükcüklərlə örtülmüşdür. Qanadlar üzərində uzununa istiqamətlənmiş, qırıq xətlərdən ibarət 10 zolaq vardır. Qanadüstlüyü qısadır vəqarıncığının axırıncı buğumlarını örtmür. Uzunluğu 0,6-0,7 mm-dir.
Sürfəsi qövsvari əyilmişdir və ayaqsızdır.
Lobya dənyeyəni daxili karantin obyektidir. Bu zərərverici lobya bitkisinin bütün növ və sortlarını zədələyir.
Qışda anbarlarda lobya dəni ilə qidalanan böcəklərin bir qismi yazda ya uçmaqla, yaxud da zədələnmiş toxumla tarlalara gəlir.
Anbarlarda böcəklər öz yumurtalarını birbaşa lobya dənlərinin, yaxud da içərisində lobya dəni olan kisələrin üzərinə qoyur. Tarla şəraitində isə yumurtalarını əsasən qabığı qurumuş yetişmiş paxlanın üzərinə qoyurlar. Hər bir dişi fərd 80-100 ədəd yumurta qoya bilir. Yumurtalardan çıxan sürfələr dənlərlə qidalanaraq onun içərisinə daxil olur. Bu zaman dəndə açılan yollar ekskrementlə dolur. Noxud dənyeyənindən fərqli olaraq, hər bir lobya dəninin içərisində bir neçə (25-ə qədər) sürfə qidalanıb yaşaya bilir. Sürfələrin inkişafı üç həftə çəkir və onlar pup halına keçirlər. Puplardan çıxan böcəklər asanlıqla dənin qabığını gəmirib xaricə çıxır. Lobya dənyeyəninin tam inkişaf tsikli 6-8 həftəyə başa çatır.
Zərərverici il ərzində 4 nəsil verir ki, onun iki nəslinin inkişafı anbar şəraitində, iki nəslinin inkişafı tarla şəraitində gedir.
Lobya dənyeyəni ilə zədələnmiş dənlər ekskrementlə zibilləndiyinə və içərisi yeyildiyinə görə toxumluq və qida kimi əhəmiyyətini itirir.
Mübarizə tədbirləri. 1. Lobya dənyeyənləri ilə yoluxmuş lobya məhsulunun başqa rayonlara aparılması qəti qadağan edilməlidir.
2. Yoluxmuş dənlər və anbarlar fumiqasiya edilməlidir. Zəhərlərin məsarif norması noxud dənyeyənindəki mübarizədə olduğu kimidir.
YONCANIN ZƏRƏRVERİCİLƏRİ
Fitonomus (Phytonomus variabilis H.). Böcəklər dəstəsinin (Coleoptera) uzunburun böcəklər (Curculionidae) fəsiləsinin nümayəndəsidir.
Yetkin böcək sarımtıl-boz rəngdə olmaqla, böyüklüyü 5-8 mm-dir. Böcəyin üzəri boz tükcüklərlə örtülmüşdür.
Yumurtası ellips şəkillidir, 0,5-0,6 mm-dir, sarı-kəhrəabı rəngdədir.
Sürfəsi yaşıldır, başı qaradır, uzunluğu 10 mm-ə çatır və ayaqsızdır.
Pupu ipək sapdan toxunmuş barama içərisində olur. Azərbaycanda geniş yayılmaqla yonca bitkisinin təhlükəli zərərvericisidir.
Zərərverici qışı yetkin halda torpağın üst qatında və yaxud alaq otları altında keçirir. Temperatur 120S yuxarı qalxdıqda böcəklər qış yuxusundan oyanır.
Azərbaycanın qərb rayonlarında noyabr ayından iyun ayının ortalarına kimi yumurta qoyan böcəklərə rast gəlinir. Kütləvi surətdə yumurta qoyma dövrü mart-aprel aylarıdır.
Sürfələr mart ayının ortalarından iyun ayının əvvəllərinə qədər külli miqdarda inkişaf edir. Cavan böcəklərə may ayından etibarən təsadüf edilir. fitonomusun fəal yaşayış dövrü ilin soyuq fəslinə doğru xeyli meyllidir.
- Böcəklər xortumları ilə bitkinin gövdəsini deşib yumurtaqoyanı vasitəsilə ora yumurta qoyur. Hər bir dişi bir deşiyə 15-25 yumurta qoyur. Bir dişi böcək 2000-2500 ədədə qədər yumurta qoya bilir.
Yumurtanın rüşeym inkişafı 10-18 gündür. Yumurtadan çıxan sürfə gövdənin ucuna doğru sürünərək cavan yarpaqların və təpə tumurcuğunun arasına girib onları gəmirir. Sürfələr yarpaqlarla 15-28 gün qidalandıqdan sonra bir neçə yarpağı bir-birinə birləşdirib arasında tordan barama hörür və onun içərisində pup zalına keçir. Pupun inkişafı 7-11 gün çəkir. Pupdan çıxan cavan böcəklər bir müddət yonca bitkisi ilə qidalanır, yay istilərinin düşməsi ilə əlaqədar olaraq yay yuxusuna gedir. Havalar sərinləşən zaman onlar yay yuxusundan ayılır.
Fitonomusa əsas zərər verən mərhələsi onun sürfələridir.
Fitonomus il ərzində bir nəsil verir.
Mübarizə tədbirləri. 1. İmkan daxilində yonca dibdən çalınmalıdır.
2. Toxumluq üçün ikinci çalım saxlanmalıdır.
3. Yazda, vegetasiyanın başlanğıcında yoncalıqlar ağır malalarla malalanmalıdır. Bu tədbir nəticəsində uzunburunun miqdarı azalır və bitkinin böyüməsi sürətlənir.
4. Toxumluq üçün ayrılmış sahələrdə mübarizədə daxildən təsir edən preparatlardan istifadə etmək olar.
5. Kimyəvi mübarizədə hektara 0,24 l olmaqla Siperkor 25 EC preparatından istifadə olunması məsləhət görülür.
Toxumyeyən tixiuslar (Tychius cinsi). Böcəklər dəstəsinin (Coleoptera) uzunburun böcəklər (Curculionidae) fəsiləsinə daxildir.
Tixiuslar 2-3 mm böyüklükdə olmaqla bədənləri və qanadlarının üzəri sıx sarı və qızılı pulcuqlarla örtülmüşdür. Böcəklərin xortumu nazik və xeyli uzundur. Sürfələri çirkli-ağ rəngdədir və ayaqsızdır.
Azərbaycanda toxumluq yonca əkinində üç növ tixius: sarı (Tychius flavus B.), kürən (Tychius femoralis B.) və fır (Tychius medicaginis B.) böcəkləri zərər vurur. Bu zərərvericilərdən ən çox yayılanı və zərər verəni sarı tixiusdur.
Yonca tarlalarında torpağın 5-15 sm dərinliyində böcək fazasında qışlayır. Böcəklər mart ayından qışlama yerlərindən çıxmağa başlayır və havalar bir az isindikdən sonra yarpaqlar, gövdələr, bəzi hallarda qönçə və çiçəkləri zədələyir.
Yoncada yaşıl paxlalar əmələ gəldiyi dövrdə böcəklərin cinsi məhsulları yetişir. Onlar yumurtasını paxla boşluğuna qoyur. Dişi fərdin daxilində yumurtalar tədricən yetişdiyinə görə yumurtaqoyma müddəti xeyli uzanır.
Bir paxla daxilinə 1-5-ə qədər yumurta qoyulur. Yumurtalardan çıxan sürfələr paxla daxilindəki toxumlarla qidalanırlar. Hər bir sürfə ömrü boyu 2-7-yə qədər toxum yeyə bilir. Toxumların mum yetişmə dövründə sürfələr torpağa keçir və orada 7-10 gün müddətinə pup fazasına keçir. Pup dövrü 10-11 gün çəkir, sonra ondan çıxan böcəklər qışlamaq üçün torpaqda qalırlar.
Tixius böcəkləri il ərzində bir nəsil verir.
Mübarizə tədbirləri. 1. Böcəklərin kütləvi surətdə qarşısını almaq məqsədilə toxumluq yoncanı yalnız bir il saxlamalı, toxum almaq üçün ikinci biçin yoncasından istifadə etməli və toxumluq yonca sahəsi köhnə yoncalıqlardan 1 km aralı olmalıdır.
2. Böcəklərə qarşı mübarizədə 5%-li karate (0,3-0,5 l/ha) və 40%-li fosfamid (2 l/ha) preparatlarının emulsiyasından çiləmə aparılması məsləhətdir.
Yonca bağacığı (Adelphocoris lineolatus G.). Yarımsərtqanadlılar (Hemiptera) dəstəsinin bağacıqlar (Miridae) fəsiləsinə daxildir.
Yetkin fərdin bədəni uzunsov olub, 6,5-9,5 mm uzunluqdadır. Rəngi qonur, yaxud sarımtıl yaşıldır. Bağacığın qabaq kürəkciyində iki qara nöqtə vardır.
Sürfəsi yaşılımtıl-qonur rəngdə omlaqla, qanad başlanğıcları yeni əmələ gəlir.
Zərərverici bütün yonca sahələrində geniş yayılmaqla toxumluq və yemlik yoncaya zərər vurur.
Yonca bağacığı yumurta fazasında qidalandığı bitkinin gövdəsi daxilində qışlayır. Dişi bağacıq yumurtalarını bitkinin gövdəsi daxilinə qoyur.
Bir müddətdən sonra qışlamış yumurtalardan sürfələr çıxmağa başlayır. Sürfələr qidalandıqdan 25-30 gün sonra yetkin hala keçir. Bir qədər sonra yetkin dişi fərdlər yumurta qoymağa başlayır ki, bunlardan sonra ikinci nəslin sürfələri çıxmağa başlayır.
Yetkin fərdlər və sürfələr yoncanın gövdəsinin, yarpaqlarının, qönçələrinin və çiçəklərinin şirəsini sorur. Nəticədə qönçə və çiçəklər quruyaraq tökülür, gövdələrin ucları isə quruyur.
Bağacıqlar yumurtalarını bitkinin cavan gövdələrinə, əsas etibarilə onların aşağı hissəsinə qoyur. Dişi fərdlər yumurta qoymazdan əvvəl xortumları vasitəsilə gövdədə deşiklər açır və yumurtalarını həmin deşiklərin içərisinə qoyur. Hər gövdəyə 20-ə qədər yumurta qoyulur. Bir dişi 40-a qədər yumurta qoya bilir.
Azərbaycanda yonca bağacığınını 4-5 nəsil verməsi ehtimal olunur.
Mübarizə tədbirləri. 1. Gövdə daxilində yumurtaların qışlamasının qarşısını almaq məqsədilə yemlik və toxumluq yoncalar dibdən biçilməlidir.
2. Toxumluq yonca sahəsində bağacığa qarşı mübarizə məqsədilə çiçəkləmə fazasından əvvəl 2,5%-li desis (0,3-0,4 l/ha), Bİ-59 (1,5-2 l/ha) və s. preparatlarının emulsiyası ilə çiləmə aparılması məsləhət bilinir.
Mövzu 7. Üzüm tənəklərinin zərərvericiləri və onlarla
mübarizə tədbirləri
İsmayıl-zadə N.N.
Məmmədov V.Ə.
PLAN:
-
Fillokseranın morfoloji quruluşu, bioloji xüsusiyyəti və onunla mübarizə tədbirləri.
-
Bağ tor gənəsi və üzüm fır gənəsinin morfoloji quruluşu, bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri.
-
Üzüm unlu yastıcasının morfoloji quruluşu və bioloji xüsusiyyəti, onunla mübarizə tədbirləri.
-
Salxım yarpaq bükəninin morfoloji quruluşu və bioloji xüsusiyyəti, onunla mübarizə tədbirləri.
-
Zaqafqaziya mərmər böcəyinin morfoloji quruluşu və bioloji xüsusiyyəti, onunla mübarizə tədbirləri.
ƏDƏBİYYAT
-
Məmmədova S.R., Xəlilov B.B. – Kənd təsərrüfatı entomologiyası. Baki, 1986
-
Xəlilov B.B., Səmədov N.H. – Azərbaycanda üzüm zərərvericilərinin kataloqu və təyinetmə cədvəli (dərs vəsaiti). Kirovabad, 1989
-
Xəlilov B.B., Əhmədov S.Ə., Əzimov A.M. – Azərbaycanda üzüm tənəklərinin zərərvericiləri və xəstəlikləri. Gəncə, 2000.
-
Rəsulov F.F. – Üzümlüklərdə salxım yarpaqbükəni əleyhinə feremon tələlərdən istifadə edilməsinin perspektivləri. Gəncə, 2005
5.Alaoglu Ö., Boyraz N. - Bitki koruma. Selçuk Üniversitesi, Ziraat
Guncan A.,B. Aştaş K.K. fakültəsi, Bitki koruma bölümü, 2014, 265 s.
-
Горбацов И.В., Грилченко
В.В., Захваткин Ю.А. - Зашита растений отвредителей
Москва, 2002, 472с
GƏNCƏ -2017
Mövzu 7. Üzüm tənəklərinin zərərvericiləri və onlarla
mübarizə tədbirləri
Üzüm tənəklərinin bütün orqanları – kökü, yaşıl zoğları, yarpaqları və gilələri müxtəlif növ zərərvericilər tərəfindən zədələnir. Nəticədə bitkinin inkişafı zəifləyir və məhsuldarlığı azalır.
Respublikaməzda üzüm tənəklərinin geniş yayılmış bir sıra zərərvericiləri mövcuddur. Onlardan filloksera, salxım yarpaqbükəni, üzüm unlu yastıcası, mərmər böcəyi, bağ tor gənəsi və üzüm fır gənəsini göstərmək olar.
Filloksera (Viteus vitifolii Fiteh) – Bərabərqanadlılar dəstəsi (Homoptera), filloksera (Phylloxeridae) fəsiləsinə mənsubdur.
Fillokseranın iki forması vardır: kök və yarpaq. Respublikamızda üzüm tənəklərinə əsasən zərərvericinin kök forması zərər verir.
Yetkin dişi fillokseranın bədəni 1,2-1,5 mm uzunluqda olub ovalvaridir. Xortumu uzundur, rəngi sarımtıl qəhvəyidir.
Yumurtası qoyulduğu ilk günlər qızılı-sarı, sonra isə qonur olmaqla 0,3 mm uzunluqdadır.
Sürfəsi qızılı-sarı rəngdədir, yaş dəyişdikcə qonurlaşır. Qanadlı formalar iki cüt şəffaf qanada malikdir. Qanadlı fillokseranın yumurtası iki cinslidir. Nisbətən iri (0,4 mm uzunluqda) yumurtalardan dişi fərdlər, kiçik (0,25 mm uzunluqda) yumurtalardan isə erkək fərdlər çıxır.
Fillokseranın vətəni ABŞ-dır. O, keçən əsrin 60-cı illərində Avropaya gətirilmiş və oradan da bir sıra ölkələrə yayılmışdır. Respublikamızda filloksera 1925-ci ildə qeyd edilmişdir.
Hazırda zərərverici Qazax, Tovuz, Şəmkir, Göy-göl, Şamaxı, Şəki və s. rayonlarında yayılmışdır.
Filloksera 1-ci və 2-ci yaşda olan sürfə fazasında, tənəyin kökləri üzərində, torpağın 10-20 sm dərinliyində qışlayır. Tənək şiddətli sirayətləndikdə fillokseranın 1 m dərinlikdə qışlayan fərdlərinə təsadüf edilir.
Yazda torpağın temperaturu 130-150S qalxdıqda sürfələr qış yuxusundan oyanır və sürətlə qidalanmağa başlayır. Onlar qidalanaraq böyüyür. 4 dəfə qabıq dəyişdikdən sonra sürfə yetkin dişi halını alır. Bir qədərdən sonra dişi fərdlər yumurta qoymağa başlayır. Bir dişi fərd köklərin qabığı üzərinə 120-yə qədər yumurta qoyur. Qoyulmuş yumurtalardan 5-10 gün sonra yeni nəslin sürfələri çıxmağa başlayır. Bir nəslin inkişafı təxminən 25-30 günə başa çatır. Payızda soyuqların düşməsi ilə əlaqədar sürfələr qidalanmasını dayandırır və qışlamağa gedir.
Zərərverici il ərzində 6-7 nəsil verir.
Fillokseranın ayrı-ayrı nəsillərinin sürfələrinin bir qismi köklərin üzərinə yayılır, digər qismi isə torpağın üst səthinə çıxaraq müxtəlif yollarla yayılıb, yoluxmamış sahələrə yayılır.
Filloksera kök hüceyrələrinin şirəsini sormaqla qidalanır. Sorma nəticəsində xırda köklər (saçaqlar) üzərində nisbətən kiçik qalınlaşmalar, çoxillik iri köklər üzərində iri qalınlaşmalar əmələ gəlir. Bir az keçdikdən sonra kiçik qalınlaşmalar quruyur və məhv olur. İri qalınlaşmaların əmələ gəlməsi nəticəsində isə toxumalar genişlənir və kök qabığı çatlayır. Bu çatlardan kökün içərisinə daxil olan xəstəlik törədən mikroorqanizmlər əvvəlcə yan, daha sonra isə əsas köklərin dağılması və çürüməsinə səbəb olur.
Kök sistemi çürümüş tənəyin yarpaqları saralıb tökülür, salxımdakı gilələrin həcmi kiçilir və məhsuldarlıq azalır. Beləliklə, tənəyin inkişafı ilbəil zəifləyir və 5-10 ildən sonra tənək tamamilə quruyub məhv olur.
Filloksera əsasən köklü əkin materialı ilə yayılır və eyni zamanda bir sahədən digərinə su, iş alətləri, heyvan, insanlar vasitəsilə də keçə bilir.
Mübarizə tədbirləri.
Zərərverici ilə mübarizədə aşağıdakı tədbirlər həyata keçirilir.
1. Fillokseraya davamlı calaqaltı materiallardan istifadə edilməlidir.
2. Yeni salınan üzümlük sahəsi filloksera ilə yoluxmuş üzümlərdən ən azı 2-3 km aralı olmalı və yeni salınacaq sahəyə filloksera ilə yoluxmuş üzümlükdən axıb gələn su buraxılmalıdır.
3. Əkin materialı mütləq dezinfeksiya edilməlidir. Tənək çubuğu basdırılacaq yuvalara preparat istifadə olunması məsləhət görülür.
4. Vegetasiya dövrü torpağa heksaxlorbutadien verilməlidir. Preparat maye halındadır, zərərvericiyə qaz halında təsir edir.
Yazda, yaxud payızda metilxlorbutadien əsasən PRVN-2,5 markalı kotan-kultivatora qondarılmış FPÇ markalı fumiqatorla torpağa verilir. Zərərvericilərlə yoluxmuş tənəkliklərin hər hektarına 150-250 kq zəhər sərf edilir.
Həddindən artıq rütubətli olan və ya təzə suvarılmış torpaqlarda dərmanlama aparmaq olmaz, çünki torpağın rütubətli olması zəhərin buraxılmasına (qaz halına keçməsinə) mane olur. Ona görə də dərmanlama torpağın quru və qızmış vaxtı aparılmalıdır. Bu dövrdə torpağın temperaturunun 12-180S olması əlverişlidir.
Metilxlorbutadien cərgə aralarında torpağın 15-20 sm dərinliyinə yeridilməlidir. Metilxlorbutadienin buxarı hava kütləsindən ağır olduğuna görə onun buxarı aşağı qatlara, yəni 4 m dərinliyinə qədər gedə bilir.
Torpağın fumiqasiyası nəticəsində tənəklərin filloksera ilə yoluxması kəskin surətdə azalır ki, bu da tənəyin inkişafına və məhsuldarlığına müsbət təsir göstərir.
Qeyd etmək lazımdır ki, metilxlorbutadienlə bir dəfə fumiqasiya aparmaqla demək olar ki, fillokseranı tam məhv etmək mümkün olmur. Bunu nəzərə alaraq mübarizə ardıcıl olaraq 3-4 ildən bir təkrar edilməlidir.
5. Tənəyin inkişafını sürətləndirmək məqsədilə bütün aqrotexniki tədbirlər həyata keçirilməlidir.
6. Daxili və xarici karantin tədbirlərinə əməl edilməlidir.
Bağ tor gənəi (Schizotetranychus pruni O.). Gənələr dəstəsinin (Acarina) tor gənələri (Tetranychidae) fəsiləsinə mənsubdur.
Yetkin fərd sarımtıl rəngdədir, 4 cüt ayağı vardır, uzunluğu 0,45-0,50 mm-dir. Yumurtası kiçikdir, 0,13-0,14 mm-dir. Yetkin dişi fərd tökülmüş yarpaqlar altında, tənəklərin çatlarında qışlayır. Yazda gənələr qışlama yerlərindən çıxaraq yenicə əmələ gəlmiş yarpaqlar üzərinə daraşaraq oradan tədricən (bütün yay dövründə) zərif cavan yarpaqlara keçirlər. Zərərverici yarpağın alt səthində tor quraraq, orada yaşayır və inkişaf edir.
Yazda dişi fərdlər bir qədər qidalandıqdan sonra yarpağın altında qurduqları torun telləri arasına yumurtalarını qoyurlar və 5-6 gündən sonra sürfələr çıxır. Sürfələr 10-15 gündən sonra cinsiyyətcə yetişir. Bir nəslin inkişafı 15-20 günə başa çatır. zərərvericinin ən çox miqdarına isti aylar olan iyul və avqust aylarında təsadüf edilir. İl ərzində 7-8 nəsil verir.
Gənələr yarpaqların şirəsini sorduqda xlorofill dənələri parçalanır, su azalır, fotosintez prosesi zəifləyir və zülalın miqdarı azalır. Gənələrlə yoluxmuş yarpaqlarda sarı və qırmızı ləkələr əmələ gəlir. Belə zədələnmiş yarpaqlar inkişafdan qalır və quruyaraq tökülürlər.
Orta və zəif tüklü yarpaqları olan üzüm sortları gənələrlə daha çox yoluxur və orada tor qurub yaxşı yaşaya bilir. Sıx tüklü və tamam tüksüz olan üzüm sortlarında gənə tor qura bilmədiyindən inkişaf edə bilmir.
Şiddətli yoluxmuş üzüm tənəklərində məhsul itkisi 30-40%-ə qədər azalır, eləcə də şəkərin miqdarı gilələrdə 1-3% azalır.
Mübarizə tədbirləri. 1. Mütərəqqi aqrotexniki tədbirlər kompleksi həyata keçirilməlidir.
2. Kimyəvi mübarizədə kontakt təsirə malik olan 50%-li neoron 1,2-1,6 l/ha, 40%-li poliqar 0,8 l/ha, peqas 0,8 l/h və s. preparatlarının emulsiyası ilə çiləmə aparılması məsləhətdir. Həmçinin Avirmec EC preparatı ilə 25 qr/l normasında çiləmə aparmaq məsləhətdir.
Üzüm fır gənəsi (Eriophyes vitis Pgst). Gənələr dəstəsi (Acarina) fır əmələ gətirən gənələr (Eriophyidae) fəsiləsinin nümayəndəsidir.
Gənə adi gözlə çətin seçilir, uzunluğu 0,14-0,15- mm, bədəni uzunsovdur, rəngi sarıdır.
Sürfəsi yetkin fərdə oxşardır, ancaq ondan kiçikdir. Zərərvericinin biologiyası tam öyrənilməyib.
Yetkin fərdlər qabıq və tumurcuq pulcuqları altında qışlayır. Yazda qışlamadan çıxır və yenicə əmələ gəlmiş yarpaqların alt tərəfinə keçərək qidalanmağa başlayır. Qidalanma nəticəsində yarpağın alt səthində çökəkciklər əmələ gəlir, bu çökəkliklər içərisində tellər yaranır və zərərverici yumurtalarını həmin tellər arasına qoyur.
Beləliklə də zədələnmiş yarpaq üzərində ziyilciklər əmələ gəlir ki, bu da gənələrin xarakterik zədəsi hesab edilir.
Vegetasiya müddətində bir neçə nəsil verir.
Mübarizə tədbirləri. 1. Bağ tor gənəsinə qarşı aparılan mübarizə tədbirləri, eynilə bu zərəvericiyə də tətbiq edilə bilər.
Üzüm unlu yastıcası (Planococcus vitis Niet) – Bərabərqanadlılar dəstəsi (Homoptera) unlu yastıcalar (Pseudococcus) fəsiləsinə mənsubdur. Yetkin dişi fərdin bədəni yumşaq olmaqla ovalvaridir, sarımtıl qəhvəyi rəngdədir və bədəninin üzəri unabənzər ağ maddə ilə örtülüdür. Nəhayətində 2 uzun sapvari çıxıntı uzanır. Bədəninin uzunluğu 3-4 mm-dir. Sürfələr yetkin fərdə oxşayır.
Unlu yastıcanın yetkin dişiləri və sürfələri tənəklərin qabığı altında qışlayır. Yazda qışlayan fərdlər yaşıl qabıqların şirəsini sormaqla qidalanır. Aprelin axırı və mayın əvvəllərində yumurta qoyurlar. Yumurtalar çox da iri olmayan topa halında (yumurta kisəsi daxilində) qoyulur. Yumurtanın embrional inkişafı 10-12 gün çəkir və yumurtadan çıxan sürfələr qabıqların şirəsi ilə qidalanaraq inkişaf edir.
İyunun ortalarından başlayaraq ikinci nəslin əsas kütləsi tənəyin yaşıl hissələrinə zoğlara, yarpaqlara, hətta salxımlara keçərək onlarla qidalanır.
Avqustun ortalarında üçüncü nəslin inkişafı başlayır və tənəyin yaşıl və oduncaq hissəsi ilə qidalanır. Zərərverici bakirə üsulla çoxalır.
Unlu yastıcanın zərərli fəaliyyəti yarpaqların şirəsini sormaqla onun saralıb quruyaraq tökülməsinə səbəb olur. Digər tərəfdən salxımlar üzərində qidalanan zərərverici özündən xüsusi yapışqanvari maddə ifraz edir ki, bu da yetişmiş salxımları çirkləndirir, onların əmtəlik keyfiyyətini azaldır. Yastıcanın ifrazatı ilə şirələnmiş salxımdakı gilələr yemək üçün yararsız hala düşür.
Sentyabrın sonundan başlayaraq unlu yastıca yarpaqlardan ştamba keçir və orada qabıq altında qışlayır.
Mübarizə tədbirləri. 1. Tənəklərdə budama və yaşıl hissələrində əməliyyat aparılan zaman əldə edilən quru və yaşıl hissə sahədən kənara çıxarılmalıdır.
2. Tənəklərin ştambı ölmüş qabıqlardan təmizlənməli və kənara çıxarılıb yandırılmalıdır.
3. Yastıcanın kütləvi çoxaldığı dövrdə (2 və 3-cü nəsil) tənəklər 35%-li fazolon – 2,0 l/ha, raqor – 1,5 l/ha, 2,5%-li desis – 0,4 l/ha və s. preparatların biri ilə dərmanlanmalıdır.
Salxım yarpaqbükəni (Lobesia botrana Den.et) – Kəpənəklər dəstəsi (Lepidoptera) yarpaqbükənlər fəsiləsinə (Tortricidae) mənsubdur.
Kəpənəyin ön qanadları kürəni-qonur olmaqla, üzərində qonur, mavi-boz rəngli ləkələr vardır. Dal qanadlar bozumtul-qonurdur. Qanadları açılan zaman 12-13 mm uzunluqdadır.
Yumurtası sarımtıldır, uzunluğu 0,6-0,7 mm-dir. Tırtılı kiçik yaşda ağımtıl, iri yaşda isə sarımtıl-yaşıl rəngdə olur. Axırıncı yaşda uzunluğu 12 mm-ə çatır.
- Zərərverici pup fazasında, ağ barama içərisində tənəklərin ştambı və budaqlarda olan qabıqları altında qışlayır.
Yazda aprelin axırları və mayın əvvəllərində 1-ci nəslin kəpənəkləri uçmağa başlayır. İlk kəpənəklərin uçmasından 10-12 gün keçdikdən sonra kütləvi uçuş başlayır. Qışlamadan çıxan kəpənəklər bir müddət alaq otları və mədəni bitkilərin çiçəklərinin nektar şirəsi ilə qidalanır və sonra yumurta qoymağa başlayır. Yumurtalar qönçələrin üzərinə tək-tək qoyulur. Bir dişi fərd 40-a qədər yumurta qoya bilir. Qoyulmuş yumurtalardan 5-6 gün sonra kiçik yaşlı tırtıllar çıxmağa başlayır.
Birinci nəslin qoyduğu yumurtalardan kütləvi şəkildə çıxmasına çiçəkləmənin əvvəlində təsadüf edilir. Bu nəslin tırtılları qönçələr və çiçəkləri gəmirməklə qidalanırlar və tor vasitəsilə onları bir yerə sarıyır. Zədələnmiş orqanlar quruyaraq tökülür. İnkişafını başa çatdırmış axırınca yaş tırtıllar tor içərisində, eləcə də qabıq altında puplaşırlar.
İyun ayının 2-ci yarısından etibarən 1-ci nəslin pupundan 2-ci nəslin kəpənəyi uçur. Bu nəslin dişi kəpənəkləri yumurtalarını yenicə əmələ gəlmiş gilələrin üzərinə qoyurlar. Yumurtadan çıxan tırtıl giləni deşib onunla qidalanır. Nəticədə zədələnmiş gilələr quruyaraq tökülür. Bu dövrdə hər bir tırtıl 4-9 ədəd yaşıl giləni zədələyir. İnkişafını başa çatdırmış tırtıllar ştambın qabığı altına, bağlama materialları altına keçib puplaşırlar.
İyulun axırları, avqustun əvvəllərindən puplardan kəpənəklər uçmağa başlayır. Bu nəslin dişi kəpənəkləri yumurtalarını yetişməkdə olan gilələrin üzərinə qoyurlar. Qoyulmuş yumurtadan çıxan tırtıl giləni deşib onun içərisinə girərək qidalanır. Bir tırtıl 10 ədədə qədər giləni zədələyir. Zədələnmiş gilələr ya quruyur, ya da çürüyür. Məhsula ən çox 3-cü nəslin tırtılları zərər vururlar.
Sentyabr ayının axırları tırtılların bir qismi gilələrdən ayrılaraq qabıq altına keçib pup halına keçir və orada qışlayır. Tırtılların bir qismi isə məhsulla bərabər yığılır.
Rütubət yüksək olduqda zərərverici sürətlə çoxalır. İl ərzində 3 nəsil verir.
Mübarizə tədbirləri. 1. Tənəyə forma verilib məftillə bağlanmalıdır. Bu tədbir nəticəsində tənəklər arasında havalanma yaxşı gedir, nəmlik azalır və tənəklərin arasına günəş şüası yaxşı düşür, bunlar da tırtılların inkişafı üçün əlverişsiz şərait yaradır.
2. Tənəklərdə yaşıl əməliyyat vaxtında və düzgün aparılmalıdır.
3. Erkən yazda tənəklərin ştambları ölmüş qabıqlardan təmizlənməlidir.
4. Son illər zərərvericiyə qarşı kimyəvi mübarizənin aparılma vaxtı kəpənəklərin uçuşu ilə müəyyən edilir. Bunun üçün cinsi feromon tələlərindən istifadə edilir.
Əvvəllər bu iş üçün doşabdan hazırlanmış tələlərdən istifadə olunurdu, bu isə özünü doğrultmurdu. Bundan başqa bunun tətbiqi təsərrüfatlarda işçi qüvvəsinə tələbatı artırır və iqtisadi cəhətdən baha başa gəlir.
Göstərilənləri nəzərə alaraq hal-hazırda cinsi feromon tələlərindən istifadə edilir. Bunun üçün parafinli kağızdan hazırlanmış üçbucaq şəkilli tələlər yer səthindən 1,2 metr hündürlükdə tənəklərə asılır. Tələnin oturacaq hissəsinə gecquruyan «pestifiks» markalı yapışqan sürtülür. Yapışqanın səthindən 2-3 sm hündürlükdə isə kimyəvi sintez yolu ilə hazırlanmış rezin kapsula hopdurulmuş feromon asılır. Rezin kapsula dişi kəpənəklərin cinsi orqanından da kəskin iy buraxır və erkək fərdləri tələyə cəlb eləyir.
Bir kapsula feromonun cəlbetmə müddəti 25-30 gündür.
Az.ETBMİ-nin apardığı tədqiqatlar göstərmişdir ki, 1-ci nəslə qarşı ilk dərmanlama küiləvi uçuşdan 3-5, ikinci və üçüncü nəslə qarşı isə 2-3 gün sonra aparılmalıdır.
Bir tələyə sutka ərzində 15-dən az kəpənək düşərsə kimyəvi mübarizə aparmaq məsləhət bilinmir.
Qeyd etmək lazımdır ki, sutka ərzində bir tələyə 25 ədəddən çox kəpənək düşərsə kütləvi uçuş sayılır.
5. Salxım yarpaqbükəni tırtıllarına qarşı kimyəvi preparatlardan 25%-li Arrivo – 0,35 l/ha, 5%-li karate – 0,3-0,4 l/ha, Fastak – 0,6 l/ha, Dursban – 1,5 l/ha və s. birinin emulsiyası ilə çiləmə aparılması məsləhətdir.
Dostları ilə paylaş: |