Mövzu Entomologiya və kənd təsərrüfatı bitkilərinə zərərverən canlılar haqqında anlayış, onların növ tərkibi, çoxalma və inkişafı. Zədə və zərər. Plan



Yüklə 1,67 Mb.
səhifə10/10
tarix03.06.2018
ölçüsü1,67 Mb.
#52511
1   2   3   4   5   6   7   8   9   10

Mübarizə tədbirləri.

1. Bütün il boyu yabanı mürəkkəbçiçəkli və xaççiçəkli bitkilər məhv edilməlidir.

2. Məhsul yığıldıqdan sonra bitki qalıqları tarladan çıxarılmalı və dərin dondurma şumu aparılmalıdır.

3. Zərərvericinin azalmasında parabüzən böcəkləri və yırtıcı trips böyük rol oynayır.

4. Kimyəvi mübarizədə mənənəyə qarşı tətbiq edilən preparatlar tripsə qarşı da tətbiq edilə bilər. Həmçinin Sumi-Alfa (0,5-0,6 l/ha) preparatından da istifadə olunması məsləhət bilinir.

Tor gənəsi (Tetranychus urticae K.) – Gənələr dəstəsinin (Acariformes) hörümçək gənələri (Tetranychidae) fəsiləsinə mənsubdur.

Yetkin gənə yaşılmtıl-sarı və ya narıncı rəngdə olur. Uzunluğu 0,36-0,47 mm, erkək fərdlər isə kiçik 0,22-0,28 mm böyüklükdədir. Yetkin fərdlərdə və nimfalarda ayaqlar 4 cüt, sürfələrdə isə 3 cütdür. Yumurtası kürəvaridir, 0,14 mm olub, adi gözlə çətin seçilir.

Zərərvericinin yetkin fərdləri bitki qalıqları altında qışlayır. Bundan başqa qışlama kəsəklərin altında, tökülmüş yarpaq və qozaların altında keçirir. Qışlayan gənələr qırmızı rəngdə olur və qışlamayan gənələrdən fərqlənir.

Qışlamış gənələr aprel ayının əvvəllərində, havanın gündəlik orta temperaturu +100S-dən yuxarı olduqda qışlamadan çıxır və sarmaşıqla, qanqal, bağayarpağı, zəncirotu və s. üzərində qidalanmağa başlayırlar. Havalar istiləşdikcə alaq otlarının yarpaqları kobudlaşır və may-iyun aylarında onlar pambıq bitkisi üzərinə keçərək onun yarpaqlarının hüceyrə şirəsini sormaqla qidalanmağa başlayırlar.

Tor gənəsi alaq otlarından əvvəlcə tarlanın kənarlarındakı bitkilər üzərinə keçir və sonradan oradan sahənin ortalarına yaylır. Bir dişi gənə 50-180-ə qədər yumurta qoya bilir. Yumurtalar adətən yarpağın alt səthinə gənənin qurduğu torun arasına qoyulur. Qoyulmuş yumurtanın embrioanl inkişafı 3-8 gündən sonra başa çatır. Yumurtadan çıxan sürfələr yarpaqların alt səthində hördüyü tor içərisində yaşayaraq qidalanır.

Hava şəraitindən asılı olaraq tor gənəsi il ərzində 15-18 nəsil verir.

Havanın isti və quraq keçməsi, daha doğrusu, havanın temperaturu 20-310, rütubət isə 35-55% olduqda gənənin kütləvi surətdə çoxalması üçün əlverişli şərait yaranır. Buna görə də gənənin ən çox miqdarına iyul-avqust aylarında təsadüf edilir.

Pambıq bitkisində zədələnmənin xarici əlaməti ilk vaxtlar yarpaqların alt səthində torlarla örtülmüş bozumtul, üst ətrəfində isə qırmızımtıl ləkələrin əmələ gəlməsidir. Bu ləkələr tədricən böyüyərək bütün yarpaq səthini və bitkidəki yarpaqları əhatə edir. Zədələnmiş yarpaqlarda fotosintez prosesi ləng gedir. Bunun nəticəsində zədələnmiş yarpaqlar quruyaraq tökülür. Bunun nəticəsində isə məhsul azalır.

Zərərvericinin azalmasında onun təbii düşməni olan yırtıcı qara bağacığı, stetorus böcəyi, adi qızılgöz, yırtıcı tripis böyük rol oynayır.

Mübarizə tədbirləri.

1. Alaq otları müntəzəm olaraq məhv edilməlidir.

2. Məhsul yığıldıqdan sonra bitki qalıqları tarladan çıxarılmalı və sahə 28-30 sm dərinliyində şumlanmalıdır.

3. Bitkinin inkişafını sürətləndirmək məqsədilə mütərəqqi aqrotexnik tədbirlər həyata keçirilməlidir.

4. Kimyəvi mübarizədə akarasid qrupa aid olan zəhərlərdən akreks – 2,0 kq/ha, antio – 2,0-2,5 l/ha, abalon 1,8 (0,3-0,4 l/ha) preparatlarının birinin emulsiyası ilə çiləmə aparılmalıdır.

Pambıq sovkası (Chloridae armigera Hb.) – Kəpənəklər (Lepidoptera) dəstəsinin sovkalar (Noctuidae) fəsiləsinə mənsubdur.

Yetkin kəpənəyin rəngi dəyişkəndir. Açıq-sarı, yaşılmtıl-sarı və açıq-qəhvəyi rəngdə təsadüf edilir. Dal qanadları açıq-sarıdır. Ön qanadlar üzərində üç ləkə – böyrəkşəkilli, dairəvi və paz şəkilli ləkə vardır. Bədəninin uzunluğu 12-18 mm, qanadlar açıldıqda isə 30-40 mm-dir.

Yumurtası kürəvaridir, açıq-sarı rəngdədir. Üzərində 25-28 radial qırışlar, onların arasında 11-14 arakəsmə xətlər vardır. Böyüklüyü 0,5-0,6 mm-dir.

Tırtılın bədəni qılçıqlarla örtülmüşdür. 3 cüt həqiqi döş, 5 cüt yalançı-qarıncıq ayaqları vardır. Tırtılların rəngi yaşılımtıl, çəhrayı və bənövşəyi-qəhvəyidir. Kürək tərəfində 4 nazik, dalğalı xətdən ibarət bir zolaq uzanır. Tırtılın axırıncı yaşda uzunluğu 35-40 mm-ə çatır. Pupu qırmızımtıl-qəhvəyi rəngdədir, uzunluğu 15-20 mm-dir.

Pambıq sovkası polifaq zərərverici olaraq 350 növ yabanı və mədəni bitki ilə qidalanır. O cümlədən qarğıdalıya, pomidora, noxuda, tütünə və digər mədəni bitkilərə zərər vurur.

Pambıq sovkası torpağın 5-10 sm dərinliyində pup fazasında qışlayır. Yazda torpağın 10 sm dərinliyində temperatur 16-170S olduğu zaman (mayın əvvəllərində) qışlamış puplardan kəpənəklər uçmağa başlayır. Uçuşdan 5 gün sonra yumurta qoyma başlayır. Kütləvi yumurta qoyma qönçələmə dövrü ilə bir vaxta düşür. Dişi fərdlər yumurtalarını dağınıq halda bitkinin müxtəlif hissələrinə qoyur. Dişi fərd öz inkişafı dövründə 500-3000-ə qədər yumurta qoya bilir. Yumurta qoyma 15-18 gün çəkir.

Yumurtalar yarpaq və qönçə üzərinə tək-tək qoyulur. Yumurtanın rüşeym inkişafı yayda 3-4, payızda isə 6-7 gün davam edir. Yumurtadan çıxan tırtıl ilk dəfə yumurtadan azacıq böyük olur. Onlar ilk dəfə yarpaqla qidalanır, bir qədər böyüdükdən sonra hərəkət edərək daha əlverişli qida – qönçə, çiçək və qoza axtarır. Onlar qönçəni deşib onun içərisinə girərək qidalanırlar. Qidalandığı 15-20 gün müddətində tırtıl 5 dəfə qabıq dəyişir, 6 yaş keçirir və inkişafını başa çatdırır. İnkişafını başa çatdırmış tırtıllar torpağa düşür və pup halına keçirlər. Puplar 10-12 gündə inkşafını bitirir və bundan sonra 2-ci nəslin kəpənəkləri uçur. Bu dövr bitgidə qozaların fındıq boyda oldugu dövrə (iyulun əvvəlləri) düşür. Dişi fərdlər yumurtalarını əksərən bitkinin zərif uc yarpaqları üzərinə qoyurlar. Yumurtralardan çıxan tırtıllar yenicə əmələ gəlmiş qozanı zədələyərək onun içərisinə daxil olub qidalanır. Belə zədələnmiş qozalar quruyaraq məhv olur. İkinci nəslin tırtılları inkişafını 1-ci nəsildə olduğu kimi davam etdirir və axırıncı yaş tırtıllar torpağa düşür və pup halına keçir. Puplardan 8-10 gün sonra 3-cü nəslin dişi fərdləri az sonra bitkinin zərif uc yarpaqlarına, hətta bəzən qozanın üzərinə yumurta qoyur. Yumurtadan çıxan tırtıl ilk dəfə zərif yarpaqla qidalanır və böyüdükdən sonra yetişməkdə olan qozanı deşərək onun içərisinə girərək hətta çiyidlərlə qidalanır. Belə zədələnmiş qozalar əksər vaxt açmır və quruyaraq məhv olur. Zərərverici pambıq bitkisindən başqa noxud, pomidor, qarğıdalı, tütün və s. bitkilərə də zərər vurur.

Havaların soyuması ilə əlaqədar olaraq sentyabr ayının ortalarından başlayaraq 3-cü nəslin axırıncı yaşlı tırtılları torpağa düşərək torpağın 5-10 sm dərinliyində pup mərhələsinə keçərək qışlamaya gedir. Zərərverici il ərzində 3 nəsil verir.



Mübarizə tədbirləri. 1. Zərərvericiyə qarşı aqrotexniki, mexaniki, bioloji və kimyəvi mübarizə üsullarından istifadə edilir.

2. Alaq otları müntəzəm olaraq məhv edilməlidir. Tez qönçə verən sortlar əkilməlidir və bir sıra aqrotexniki tədbirlər (torpağın becərilməsi, əlavə və əsas gübrələrin verilməsi, suvarmanın aparılması və s.) vaxtında aparılmalıdır.

3. Tırtıllar əllə yığılmalı, ucvurma əməliyyatı aparılarkən pambığın uc yarpağında olan yumurtaları məhv etmək üçün əldə edilmiş yaşıl kütlə toplanaraq sahədən kənara çıxarılmalıdır.

4. Qarğıdalı əkinləri pambıq əkinlərindən aralı olmalıdır.

5. Zərərvericinin azalmasında təbiətdə mövcud olan yumurtaları yoluxduran trixoqramma və tırtılları yoluxduran apanteləs, habrobrokon minicisi böyük rol oynayır.

6. Tırtıllarda xəstəlik törədən dendrobasilin-30 – 4-5 kq/ha, bitoksibasilin – 3-4 kq/ha, baverin – 2-3 kq/ha preparatlarının suspenziyasından istifadə etmək məsləhətdir.

7. Cinsi feremon tələlərindən istifadə etmək olar.

8. Kimyəvi mübarizə vaxtında aparılarsa yüksək səmərə verir. Belə ki, zərərvericinin 1-ci nəslinə qarşı hər bir 100 ədəd bitkidə 5-6 ədəd kiçik yaşlı tırtıl və 10-12 ədəd yumurta, 2-ci və 3-cü nəslə qarşı isə 10-12 kiçik yaşlı tırtıl və 20-25 yumurta olduqda mübarizəyə başlamaq məslhətdir. Kimyəvi mübarizədə 85%-li sevinin islanan tozundan 2,0-2,5 kq/ha, 20%-li sumisidin – 0,6 kq/ha, 35%-li fozalon – 2,0-2,5 l/ha, karate zeon– 0,5 kq/ha preparatlarının emulsiyası ilə çiləmə aparılması məsləhət görülür.



Payızlıq əkin sovkası (Agrotis sogetum Sch) – Orta böyüklükdə kəpənək olub, qanadları açılan zaman 35-40 mm-dir. Ön qanadları açıq-boz rəngdədir. Ön qanadları üzərində böyrəkşəkilli, yumru və pazvari ləkələr vardır.

Tırtıllar boz, torpaq rəngindədir. Uzunluğu 50 mm-ə çatır. Ona toxunduqda dərhal qıvrılır.

Payızlıq əkin sovkasının yaşlı tırtılları torpaqda qışlayır. Torpağın üst qatının qızması ilə əlaqədar olaraq, onlar dərin qatlardan üst səthə çıxır və 5-6 sm dərinlikdə pup halına keçirlər. Yazda aprelin ortalarında pupdan kəpənək uçmağa başlayır. Kəpənəklər əsasən gecələr uçur və mədəni bitkilər, yaxud torpağa yumurtalar qoyurlar. Bir dişi fərd 2000 ədədə qədər yumurta qoya bilir. Yumurtanın embrional inkişafı 3-4 gündə başa çatır. inkişafını başa çatdırmış tırtıllar pup halına keçir və pupdan 2-ci nəslin kəpənəyi uçur. Bir müddətdən sonra yumurta qoyurlar. Tırtıllar öz inkişafı zamanı 5 dəfə qabıq dəyişir və 6 yaş keçirir. İnkişafını başa çatdırmış tırtıllar torpağa düşür və orada qışlamaya gedir. İl ərzində 2-3 nəsil verirlər.

Mübarizə tədbirləri. 1. Dərin dondurma şumu və cərgə aralarının becərilməsi zərərvericinin tırtıl və puplarının əksəriyyətini məhv edir.

2. Hər 100 kq toxum 5 kq 12%-li heksaxloran dustu ilə dərmanlanmalıdır.

3. Zərərvericinin iri yaşlı tırtıllarına qarşı 1,5 kq raqorla 50 kq şrot qarışığından alınan (hər hektara 50 kq hesabilə) aldadıcı yem torpağa verilməlidir.
Tütünün zərərvericiləri

Respublikamızda tütün bitkilərinə dövriyəvi olaraq bəzi illərdə müxtəlif bitkilərlə qidalanan adi danadişi, sovkaların kök boğazı gəmirən sovkaları, məftil qurdları, lövhəbığ böcəklərin sürfələri və s. zərər verir.

Bunlarla yanaşı, tütün bitkisinin bir sıra xüsusiyyətlənmiş zərərvericiləri mövcuddur. Bunlardan tütün tripsi, tütün mənənəsi, fır nematodu və s. göstərmək olar.

Qeyd etmək lazımdır ki, yuxarıda tütün tripsi haqqında məlumat verilmişdir.



Tütün (şaftalı) mənənəsi (Myzldes persicae Sulz) – Bərabərqanadlılar dəstəsinin (Homoptera) mənənələr (Aphididae) fəsiləsinə mənsubdur.

Nəsli davam etdirən fərdlər solğun yaşıl rəngdə olur. Bədəninin uzunluğu 1,4-2,5 mm-dir. Zərərverici polifaqdır və bir sıra bitkilərlə qidalanır, eyni zamanda şaftalı bitkisi ilə də qidalanır.

Tütün mənənsi fakultativ köçəri mənənədir. Onun əsas sahib bitkiləri şaftalı və alma bitkiləridir.

Mənənənin yumurtaları qışlayır. Qışlamış yumurtalar şaftalı və gavalı ağaclarının budaqlarının qabıq qırışları arasına qoyulur. Qışlamış yumurtalardan çıxan sürfələr şaftalı bitkisi üzərində qidalanır və sonra tütün bitkisi üzərinə keçir. Mənənə bütün yaz və yay müddətində tütün bitkisi üzərində bakirə üsulla çoxalır. Bir nəslin inkişafı 10-12 günə başa çatır. Vegetasiya dövründə 20-yə qədər nəsil verir.

Zərərvericinin zərər vurması nəticəsində bitkinin böyümə və inkişafını ləngidir. Mənənələr öz yapışqanlı ifrazatı ilə tütün yarpaqlarını çirkləndirir. Belə yarpaqlar qurudulduğu zaman qaralır. Mənənələr tərəfindən zədələnmiş yarpaqlardan harılanmış siqaret məmulatı pis iyə malik olur və quş lələyi iyi verir.

Mübarizə tədbirləri. 1. Tütün sahələri mümkün qədər şaftalı bağlarından aralı əkilməlidir.

2. Məhsul yığıldıqdan sonra tarlada qalan tütün gövdələri dərhal sahədən çıxarılmalıdır. Bununla tütünün xırda təpə yarpaqlarında onun inkişafını zəifləndirmək olur.

3. Kimyəvi mübarizədə mənənənin kütləvi çoxalma dövrü 2,5%-li desis (0,4 l/ha), 35%-li fozalon (1,5-2 l/ha) və s. preparatların emulsiyası ilə çiləmə aparılması məsləhətdir.

Fır nematodu (Meloidogyne Sp). – Nematodlar (Nematoda) sinfinin müxtəlif dərili nematodlar (Heteroderidae) fəsiləsinə mənsubdur.

Dişi nematod armudşəkilli olmaqla ağ rəngdədir. Bədəninin uzunluğu 1,5 mm-dir. Sürfələri sapvaridir.

Respublikamızda parnik və tarla şəraitində yayılmışdır. Tütün bitkisindən başqa bir sıra tərəvəz və bostan bitkiləri ilə də qidalanır.

Bir dişi nematod 300-2000 ədədə qədər yumurta qoya bilir. Yumurtadan çıxan sürfə kökün böyümə nöqtəsini deşib içəri daxil olaraq qidalanır. Nematodun inkişaf tsikli temperaturdan asılı olaraq 25-45 günə başa çatır.

Nematodun qidalanması nəticəsində kökdə müxtəlif böyüklükdə fırlar əmələ gəlir. Belə bitkidə fizioloji proseslər pozulur, onun böyümə və inkişafı zəifləyir. Şiddətli yoluxma zamanı bitki tamamilə məhv olur.

Mübarizə tədbirləri. 1. Növbəli əkin sisteminə əməl edilməlidir.

2. Bitkinin inkişafını sürətləndirmək üçün bütün mütərəqqi aqrotexniki tədbirlər həyata keçirilməlidir.

3. Şitillərin sahəyə köçürülməsinə 30 gün qalmış hər 1m2-ə 200-400 ml hesabilə 40%-li texniki DDB-nin torpağın 15 sm dərinliyə verilməsi yaxşı səmərə verir.

4. Parnik və istixana şəraitində 1m3-ə 1 litr karbation verilməsi məsləhətdir.




Mövzu 9. Qərzəkli bitkilərin zərərvericiləri və onlarla

mübarizə tədbirləri
İsmayıl-zadə N.N.

Məmmədov V.Ə.


PLAN:


  1. Qoz iri mənənəsi və qoz fır gənəsinin morfoloji quruluşu, bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri.

  2. Qoz meyvəyeyəni, onun morfoloji quruluşu və bioloji xüsusiyyətləri, onunla mübarizə tədbirləri.

  3. Fındıq uzunburun böcəyi və yarpaqyeyən böcəyin morfoloji quruluşu və bioloji xüsusiyyəti, onlarla mübarizə tədbirləri.


ƏDƏBİYYAT



  1. Məmmədova S.R., Xəlilov B.B. – Kənd təsərrüfatı entomologiyası. Baki, 1986

  2. Səmədov N.H., İbrahimov H.R., Xəlilov B.B. – Azərbaycanda kənd təsərrüfatı bitkilərinin ziyanvericiləri və xəstəlikləri (Soraq kitabı). Bakı, 1965.

  3. Горбацов И.В., Грилченко

  4. В.В., Захваткин Ю.А. - Зашита растений отвредителей

Москва, 2002, 472с


GƏNCƏ - 2017

Mövzu 9. Qərzəkli bitkilərin zərərvericiləri və onlarla

mübarizə tədbirləri
Qoz bitkisinin zərərvericiləri.

Qoz iri mənənəsi (Pterocallis juglandis T.). – Bərabərqanadlılar dəstəsinin (Homoptera) mənənələr (Aphididae) fəsiləsinə mənsubdur.

Azərbaycanda qoz ağacı üzərində iki növ mənənəyə – qoz iri mənənəsi və qoz kiçik mənənəsinə təsadüf edilir. Bu növlərdən geniş yayılanı və ən çox zərərverəni qoz iri mənənəsidir.

Qoz iri mənənəsi sarımtıl-limon rəngindədir, böyüklüyü 4 mm-ə qədərdir. Bədəninin üst hissəsində iki cərgədə girdə ləkələr vardır.

Qoz iri mənənəsi əsasən yarpaqların üst səthində yaşayaraq yarpağın damarı boyunca düzülüb onun şirəsini soraraq qidalanır. Qoz kiçik mənənsi isə əsasən yarpaqların alt tərəfində yaşayır və qidalanır. Hər iki növ mənənə bakirə yolla çoxalır.

Zərərvericinin kütləvi surətdə artımına may-iyun aylarında təsadüf edilir. İsti keçən iyul-avqust aylarında isə onların miqdarı nisbətən azalır.

İldən neçə nəsil verməsi dəqiqləşməyib.



Mübarizə tədbirləri. Kütləvi çoxaldığı illərdə kimyəvi mübarizə olaraq Bİ-58 (YENI)– 2,0 l/ha, 40%-li poliqor – 2,0 l/ha, 2,5%-li desis – 0,4 l/ha və s. preparatlarının birinin emulsiyası ilə çiləmə aparmaq olar.

Qoz meyvəyeyəni (Sarrothripus musculana E.)Kəpənəklər dəstəsinin (Lepidoptera) yarpaqbükənlər (Tortricidae) fəsiləsinə mənsubdur.

Yetkin fərdin qanadları boz rəngdədir, uzunluğu 8-10 mm-dir, qanadları açılan zaman uzunluğu 15-18 mm-dir.

Yumurtası ağ rəngdədir, uzunluğu 0,5 mm-dir.

Tırtılın rəngi yumurtadan ilk çıxan vaxt sarımtıl, sonra isə qırmızımtıl, yaxud yaşılımtıl-qonur olur. Axırıncı yaşda uzunluğu 16 mm-ə çatır.

Pupu qəhvəyi rəngdədir, möhkəm barama içərisində olur, uzunluğu 11 mm-ə çatır.

Zərərverici qoz ağacının yarpaqlarında, əsasən ştambın ölmüş qabıqları altında barama içərisində axırıncı yaş tırtıl mərhələsində qışlayır. Erkən yazda barama içərisində olan tırtıl pup mərhələsinə keçir. Aprel ayının axırları və mayın əvvəllərində puplardan kəpənəklər uçmağa başlayır. Puplardan uçan kəpənəklər 8-10 gün çiçəklərin nektar şirəsi ilə qidalanır və bu dövrdə dişi fərdin yumurtalığında olan yumurtalar yetişir, formalaşır, bundan sonra cütləşmə prosesi gedir. Bundan sonra dişi fərdlər yumurta qoymağa başlayır. Yumurtalar tək-tək olmaqla cavan meyvələrin üzərinə qoyulur. Qoyulmuş yumurtalardan 5-6 gün sonra tırtıllar çıxır. Tırtıllar meyvənin içərisinə girərək qidalanır. Bir tırtıl öz inkişafı dövründə 1-2 ədəd meyvəni zədələyə bilir. Tırtılların inkişafı 28-30 gün ərzində başa çatır. inkişafını başa vurmuş tırtıllar ipək sap vasitəsilə sallanaraq yerə düşür, sonra ağaca dırmaşaraq ştambın ölmüş qabığı altında, yarıqlarda puplaşır.

İyul-avqust aylarında puplardan kəpənəklərin kütləvi uçuşu başlayır. İkinci nəslin dişi fərdləri yumurtalarını yetişmək ərəfəsi olan qoz meyvələrinin üzərinə qoyulur. Yumurtanın embrional inkişafı 3-4 gündə başa çatır. yumurtadan çıxan tırtıl yetişməkdə olan qozun daxilinə girib onun ləpəsi ilə qidalanır. Sentyabr ayının axırlarında bu nəslin tırtılları qışlamaya gedir. Məhsul yığılan dövrdə sağlam meyvələrlə birlikdə zədələnmiş, yəni içərisində tırtıl olan meyvələrdə yığılır. Zədələnmiş meyvə içərisində olan tırtıl elə oradaca qışlamaya gedir.

Zərərverici il ərzində 2 nəsil verir.



Mübarizə tədbirləri.

1. Ağacların sakitlik dövründə ştamblar ölmüş qabıqlardan təmizlənməli və əldə edilmiş kütlə yandırılmalıdır.

2. Yerə tökülmüş, zədələnmiş meyvələr müntəzəm olaraq toplanıb kənara çıxarılmalıdır.

3. Kimyəvi mübarizə olaraq vegetasiya dövründə fastak – 0,5 l/ha, karate zeon – 0,5 l/ha və s. preparatlarının birinin emulsiyası ilə çiləmə aparmaq olar.



Qoz fır gənəsi (Eriophyes tristriatus E.). Gənələr dəstəsinin (Acarina) fır əmələ gətirən gənələr (Eriophyidae) qrupuna mənsubdur.

Qoz fır gənəsinin yetkin fərdləri 220 mikron uzunluqda canlıdır. Ayaqları 2 cütdür (tetrapodili). Bu əlamətinə görə tor gənəsindən fərqlənir.

Sürfələr xarici görünüşünə görə yetkin fərdə oxşayır.

Yumurtası kürəvaridir.

Qoz fır gənəsi çox az öyrənilmiş zərərvericidir. Gənə tərəfindən hüceyrə şirəsi sorulan yarpaqlarda, yarpağın sorulan yerlərində onun üst səthi qabarır. Alt tərəfində çökəkcik əmələ gəlir. Həmin çökəkciklərin içərisində keçə kimi tellər yığımı olur. Gənə həmin tellərin arasında yaşayır. Yarpağın üst tərəfindəki fırlar tünd-qəhvəyi rəngdə olur.

Qoz fır gənəsi cavan tinglər üçün daha qorxuludur.

Yarpaqların şiddətli surətdə zədələnməsi nəticəsində bitki böyümə və inkişafdan qalır, zoğlar yetişmir.

Zərərvericisinin həyat tərzi öyrənilməmiş və onun nəslinin miqdarı aydınlaşdırılmamışdır.



Mübarizə tədbirləri. Kimyəvi mübarizə olaraq raqor – 1,5 l/ha, reqas – 0,8 l/ha, neoran – 2,0 l/ha, pliktran – 1,2 l/ha preparatlarının emulsiyası ilə çiləmə aparmaq olar.
Fındıq bitkisinin zərərvericiləri.

Fındıq uzunburnu (Curculio nucum L.). Böcəklər (Coleoptera) dəstəsinin uzunburun böcəklər (Curculionidae) fəsiləsinin nümayəndəsidir. Fındıq uzunburnunun başı xortum şəklində uzanmışdır. Qara rəngdədir, üzəri sarımtıl pulcuqlarla örtülmüşdür.

Yumurtası ağ rəngdədir, sonraları qonurlaşır və ellipsvaridir. Pupu ağ rəngdədir, uzunluğu 9 mm-dir.

Yazda orta temperatur +140S-dən yuxarı qalxdıqda böcəklər qışlama yerlərindən çıxır və ağacların çətrinə dırmaşır, əvəllər tumurcuqlarla, sonralar isə yarpaqla və zərif meyvələrlə qidalanır. May ayının axırlarında böcəklər cütləşir, bundan 6-8 gün sonra yumurta qoymağa başlayır. Yumurta qoyarkən böcəklər zərif meyvələri xortumu ilə deşir və həmin deşiyə bir yumurta qoyur. Rüşeymin inkişafı 8-10 gündə başa çatır. Yumurtadan çıxan sürfə meyvənin daxili ilə qidalanır. İnkişafını başa çatdırmış sürfə fındığın qabığını deşib, onun daxilindən çıxıb torpağa düşür və orada özünə yuva düzəldib pup halına keçir. Pup mərhələsi 2 həftəyə qədər davam edir, sonra böcək çıxır.

Zərərvericinin zərərli fəaliyyəti nəticəsində zədələnmiş meyvələr tökülür, məhsuldarlıq azalır və əmtəəlik dəyəri pisləşir.

İl ərzində 1 nəsil verir.

Mübarizə tədbirləri.

1. Yerə tökülmüş meyvələr yığılaraq bağdan çıxarılmalı və məhv edilməlidir.

2. Erkən yazda böcəklər çətirlərə daraşdığı dövrdə səhər tezdən kollar mələfə üzərinə silkələnməli və tökülən böcəklər yığılıb məhv edilməlidir.

3. Kimyəvi mübarizədə böcəklərə qarşı 85%-li Sevin – 2,0 kq/ha, 35%-li fozalon – 2,0 l/ha və ya 5%-li karate – 0,4 l/ha preparatları ilə çiləmə aparmaq olar.



Yarpaqyeyən böcək (Altica brevicollis F.). Böcəklər dəstəsinin (Coleoptera) yarpaqyeyənlər (Chrysomelidae) fəsiləsinə mənsubdur.

Yetkin böcəyin bədəni tünd göydür, uzunluğu 4-5 mm-dir,

Yumurtası girdədir, ağımtıl rəngdədir.

Sürfəsi ağdır və yaxşı inkişaf etmiş 3 cüt döş ayağı vardır.

Zərərverici yetkin halda torpağın üst qatında və bəzən bitki qalıqları altında qışlayır. Mayın əvvəllərində bitkidə zərif yarpaqlar əmələ gələndə, dişi fərdlər yarpağın alt səthinə yumurta qoymağa başlayır. Yumurtalar topa şəklində qoyulur və hər topada 15-20 ədəd yumurta ola bilir. Rüşeymin inkişafı 8-10 gün çəkir. Sürfələrin kütləvi surətdə çıxmasına may ayının ortalarında təsadüf edilir. sürfənin inkişafı təxminən 30 günə kimi davam edir. inkişafını başa çatdırmış sürfələr torpağa düşüb pup halına keçir. İyul ayının əvvəllərində puplardan 2-ci nəslin böcəkləri çıxır və bir neçə gündən sonra yumurta qoymağa başlayır. Bu dövrdə yumurtanın rüşeym inkişafı 6-7 gündə başa çatır. Sürfələrin inkişafı isə 15-18 gündə başa çatır. Sonra sürfələr torpağa düşür, puplaşır və bir neçə gündən sonra böcəklər çıxır. Onlar bir müddət yarpaqlarla qidalanır və sonra tökülmüş xəzəllər, eləcə də torpağın üst qatına keçərək qışlamaya gedir. İl ərzində 2 nəsil verir.

Zərərvericinin zərərli fəaliyyəti nəticəsində yarpaqlarda skeletləşmə əmələ gəlir. Bəzi hallarda yarpaqlarda yalnız damarlar qalır.



Mübarizə tədbirləri.

1. Payızda tökülmüş xəzəllər toplanıb yandırılmalıdır.



2. Cərgəaraları şumlanmalı, eləcə də ağacların dibi bellənməlidir.

3. Sürfələr kütləvi şəkildə olan dövrdə 35%-li fozalon – 2,0 l/ha, 5%-li karate – 0,4 l/ha preparatlarının emulsiyası ilə çiləmə aparmaq məsləhətdir.
Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin