«Gözəgörünməz pullar»
Höccətül-islam vəl-müslimin cənab Qiraəti radio proqramlarından birində söhbət zamanı dedi:
Həmədanda olanda üç şəhid atası olan hörmətli bir şəxsi görməyə getdim. Oradan da həmin şəhid atası və bir-neçə nəfər başqa şəxslə birlikdə həzrət Ayətullah Molla Əli (Mə`sumi) Həmədaninin görüşünə yollandıq.
Ağanın ziyarətində olduğumuz bir saat ərzində görürdük ki, ara-sıra ağanın xidmətçisi gəlib ağaya yavaşca bildirir ki, qapıya fəqir gəlib, pul istəyir. Molla Əli də hər dəfə əlini oturduğu döşəyin altına uzadıb bir beş tümənlik əskinas pul çıxardıb xidmətçiyə verirdi ki, qapıya gələn yolçuya versin. Nəhayət Molla Əli yerindən qalxıb çölə çıxdı.
Bizimlə gələn yoldaşlardan biri Molla Əli gedəndən sonra, maraqlandı görsün döşəyin altında nə qədər pul var. Döşəyi qaldırdı gördü heç nə yoxdur. Fikirləşdi yəqin pul qurtarıb. Bir az keçmişdi Molla Əli içəri girdi və keçib yerində əyləşdi. Yenidən xidmətçi gəlib dedi ki, qapıya pul üçün gələn var. Molla Əli əlini döşəyin altına aparıb bir beş tümənlik çıxardıb xidmətçiyə uzatdı. Bu iş bir-neçə dəfə təkrar olundu.
Bunu görən həmin yoldaşın səbri tükəndi, üzünü Molla Əliyə tutub dedi:
Siz Allah bu nə olan işdir, bu nə sirdir? Siz gedəndə mən döşəyi qaldırıb baxdım, döşəyin altında pul yox idi. İndi çaşbaş qalmışıq ki, bu qədər pulu haradan çıxardırsınız ki, biz görmürük.
Molla Əli bir az fikirə dalıb, sonra dilləndi:
Mən bir əməli tapşırığı yerinə yetirmişəm ki, hər kəs onu qırx gün əncam versə, qırxıncı gün İmam Zamanın xidmətinə şərəfyab olar. Mən həmin əməli yerinə yetirməyə məşğul oldum, amma kamil surətdə o tapşırığa əməl edə bilmədim.
Qırxıncı gün gecə yuxuda gördüm ki, Şeyx Əbdülkərim Hairi şəhərin xiyabanlarından biri ilə yol gedir, arxasınca da çoxlu fəqir adam gəlir və ondan pul alırlar. Bu arada şeyxin gözü mənə sataşdı, dedi:
Mən İmam Zamanın tərəfindən sənə göstəriş verirəm ki, kasıblara əl tutasan və onları əliboş geri qaytarmayasan.
O vaxtdan mən yəqin bilirəm ki, İmam Zamanın özü bu büdcəyə baxır. Gördüyünüz bu pullar o Həzrətin vücudunun bərəkətidir.1
«İki minlik qəbz»
Şə`ban ayının ortalarına yaxın, Həmədanın qarlı-boranlı qış günlərindən birində şəhərin kasıb camaatı Molla Əli Həmədaninin evinin qarşısına toplaşıb ondan kömək istəyirdilər. Soyuq məntəqələrdən sayılan Həmədanın həmin il qışı keçən illərə nisbətdə olduqca sərt başlamışdı.
Molla Əli imam payından xərclikdə olduqca ehtiyat edirdi. Bu dəfə də tərəddüd keçirirdi ki, həmin paydan qapıya toplaşmış kasıb camaata versin ya yox?
Qəti qərara gələ bilmədikdə yad edilən tövsiyəyə əməl edir. (Həmin tövsiyə “Feyzin kitabı daha yaxşıdır” hekayəsində yad edilir.) Amma dişini çəkdirdiyi üçün oruc tuta bilmir. Yuxuda görür ehtiyacı olan camaat küçənin qırağında toplaşıb kömək gözləyirlər. Birdən hər yerdən “Ya Kərim” sədası göyə ucalır.
Molla Əli deyir:
Gördüm şeyx Əbdülkərim Hairidir, deyir: Haqqını qaytaracağım adam çoxdur. Hələlik iki min tümən qəbzim var. Kasıb camaat acından öləsi deyil ki?
Yuxudan ayıldım, gözlədim qəbz gəlsin. Gün batana qədər gözlədim, bir xəbər çıxmadı. Əlacsız qalıb gedib qayınatam doktor Cavad Maqsuddan iki min tümən alıb fəqirlərə verdim.
Bu hadisədən iyirmi gün keçmiş, təqribən ramazan ayının beşi Bavə-Əli adlı məntəqədən bir nəfər kürd qapıya gəldi və uca səslə hay salıb dedi:
Axund Molla Əlinin evi budur? Dedim:
Buyurun içəri.
Nökəri də yanında, birlikdə içəri keçdilər. Yanında gətirdiyi çantanı açıb ordan bir kağız çıxartdı. Gördüm vəsiyyətnamədir. Vəsiyyətnaməni mənə uzatdı ki, oxuyum. Gördüm vəsiyyətnamədə qeyd edilən məsələlərdən biri də budur ki, iki min tümən axund Molla Əliyə verərsiniz. Vəsiyyətnamənin tarixinə nəzər saldım, gördüm mənim zikrə başladığım həmin günün tarixidir.
Molla Əli əlavə edib deyir:
Göstərilən əməli tapşırığa kamil əməl edə bilmədiyim üçün, yə`ni şərt olunan orucu tuta bilmədiyimə görə, şeyx Əbdülkərim Hairinin vasitəçiliyi ilə, qeyri-müstəqim tərəddüdüm yəqinə çevrildi.2
«Ya ölüm, ya bilim!»
Hacı Sədrəddin Hairi Şirazi deyirdi: Mən öz qayınım Höccətül-islam Həsənağa Pəhlivani Nəməki Tehranidən eşitdim ki, Əllamə Təbatəbai barədə deyirdi:
Əllamə Təbatəbainin uşaqlıqda zehni zəif işləyirdi, müəllimin dediklərini başa düşə bilmirdi. Axırı cana yığılıb çöllü-biyabana üz tutur və xəlvət bir yerdə səcdəyə düşüb Allaha deyir:
Ya ölüm, ya da fəhm!
Mən çalışırdım münasib bir vaxtda bu məsələni Əllamə Təbatəbainin özündən bir yolla soruşum; elə olsun ki, həm sualıma cavab alam, həm də məsələ onun zehni zəifliyindən getdiyi üçün bu sualım onun xətirinə dəyməsin və mənim tərəfimdən ədəbsizlik kimi çıxmasın.
Nəhayət, bir gün Əllamə Təbatəbai kürəkəni cənab Qüddusi ilə Şiraza gəlməli olur.
Ara xəlvət olan günlərin birində, belə ki, hətta cənab Qüddusi də otaqda yox idi − yan otaqda namaz qılırdı − mən yavaş-yavaş söhbəti həmin əhvalatdan salıb dedim: Əgər sizdən bir sual soruşsam, cavab verməyə hazırsınızmı?
Əllamə buyurur:
Nə ziyanı var? Əgər bilsəm deyərəm. Mən dedim:
Sualım sizin özünüzlə əlaqədardır. Əgər sualıma cavab verə biləcəksinizsə soruşum, yox, əgər məsləhət bilməsəniz mən fikrimdən daşınım.
Əllamə dedi:
Buyurun, əgər bilsəm deyərəm. Mən ərz etdim:
Belə eşitmişəm ki, kiçik yaşlarınızda dərsləri yaxşı dərk etmirdiniz, sonra nəsə bir səcdə edəndən sonra Allah sizə inəyət etmişdir və o gündən bəri ən çətin elmi məsələləri asanlıqla həll edirsiniz; bu düzdürmü?
Elə ki, mən bu sözləri dedim, gördüm Əllamənin halı dəyişdi, üzü qızardı. Mən özüm də verdiyim sualdan xəcalət çəkdim. Sözlərimin ona bu cür tə`sir bağışlayacağını düşünmürdüm.
Bu halda dedi:
İndi ki, söz açılıb deyim: Mən Təbrizdə “Siyuti” (ərəb dili qrammatikasının ibtidai bölmələrindən biri) oxuduğum zamanlarda ustadımız tez-tez bizdən imtahan götürürdü. Mən imtahanın öhdəsindən gələ bilmirdim. Müəllim mənim əlimdən narahat olub dedi:
Həm özünü avara qoydun, həm də bizi!
Müəllimin bu sözü mən bərk tutdu. Sanki bu sözlər bütün vücudumda və ruhumda səsləndi.
Elə sarsılmışdım ki, hara gedəcəyimi, nə edəcəyimi bilmirdim. Axırı şəhərdə qala bilməyib, Təbrizin ətrafına − çöllüyə üz tutdum. Biyabanda, təpələrin üstündə bir əməli həyata keçirdim ki, onun nəticəsində Allahın fəzlinə qovuşdum.
Daha demədi ki, o nə əməl idi; səcdə idi, yoxsa başqa bir əməl.
Mən ərz etdim: O gündən sonra bütün çətin məsələləri həll edə bilirsinizmi? Yə`ni nə qədər çətin elmi məsələ də olsa öz həllini tapırmı?
Dedi? İndiyə qədər belə olmuşdur.
Həzrət Ayətullah Əbdülhəmid Şərəbyani də yuxarıdakı əhvalatı eyni məzmunda nəql edib əlavə olaraq deyirdi:
Əllamə dedi:
Həmin əməldən sonra evə qayıdıb həmin günün axşamı “Əbu Talibin Siyutiyə haşiyəsi” kitabına haşiyə olaraq öz nəzərlərimi yazdım.1
Dostları ilə paylaş: |