B12 vitaminin defisiti zamanı
yaranan anemiya
B12 defisitli anemiya ilk dəfə olaraq 1849-ci ildə Londondan həkim Thomas Addison (1796-1883), 1872-ci ildə isə Sürixdən həkim Antoine Biermer (1827-1892) tərəfindən yazılıb, pernisioz və ya bədxassəli anemiya adlandırılıb.
1870-ci ildə Londonda Samuel Fenvick adlı həkim pernisioz anemiyadan vəfat etmiş xəstədə autopsiya zamanı mədənin selikli qişasının atrofiyasını müəyyən edir.
1880-cı ildə məşhur alman həkimi bakterioloq, biokimyaçı Paui Ehrlich (1854-1915) belə xəstələrin sümük iliyində özünəməxsus quruluşlu iri hüceyrələr aşkar etdi. O, bu hüceyrələri meqaloblastlar adlandırdı.
1923-cü ildə O. Naeqeli pernisioz anemiyalı xəstələrdə neytrofillərin hiperseqmentasiyasını aşkar etdi.
XX əsrin əvvəllərinə qədər pernisioz anemiya müalicə olunmayan xəstəlik hesab olunurdu. Xəstələrin hamısı bir neçə ildən sonra tələf olurdular. Lakin birbaşa pernisioz anemiya ilə əlaqədar olmayan bəzi tədqiqatlar nəticəsində xəstəliyin patogenezi və müalicəsi istiqamətində müsbət irəliləyişlər əldə olundu.
1922-ci ildə George Wipple bir qrup it üzərində təcrübə apardı. O itlərdə qanburaxma vasitəsi ilə posthemorragik anemiya yaratdı və onları mal əti, malın daxili orqanları ilə qidalandırmağa başladı. Həm ətin, həm də daxili orqanların tərkibindəki dəmirin hesabına heyvanlarda hemoqlobinin səviyyəsi normallaşdı. Məlum oldu ki, qara ciyərlə qidalanan itlərdə hemoqlobin daha tez bərpa olunub. Bu qara ciyərin tərkibində dəmirin nisbətən çox olması ilə izah edildi.
George Minot və Villiam Murphy bu təcrubədən istifadə edərək çiy qara ciyərlə müxtəlif tipli anemiyaları müalicə etməyə başladılar. Lakin gözləmədikləri halda pernisioz anemiyalı xəstələrdə də müsbət effekt alindı. Müəlliflər 1926-cı ildə bu elmi nəticəni çap etdirdilər. 1934-cü ildə isə George Minot, Villiam Murphy və George Wipple pernisioz anemiyanın müalicəsində əldə etdikləri nailiyyətlərə görə tibb və fiziologiya sahəsində Nobel mükafatına layiq görüldülər.
1930-cu ildə Bostondan həkim Villiam Castle daha mütərəqqi bir üsul təklif etdi. O, mədə şirəsində hazırlanmış mal ətini kapsullarda yerləşdirdi. Bu kapsullarla müalicə olunan xəstələrdə də tez bir zamanda remissiya alındı. Mədə şirəsində hazırlanmamaış mal əti, yaxud da tək mədə şirəsi belə bir effekti vermirdi.
Castla görə ətin tərkibindəki «xarici faktor» mədədə olan «daxili faktorla» birləşərək hemopoetik maddə əmələ gətirir, bu isə qara ciyərə sorularaq orada toplanir. Sonralar isə məlum olur ki, «xarici faktor» B12 vitamini, daxili faktor isə qastromukoproteindir.
Xarici faktor 1948-ci ildə İngiltərəli alim Lester Smith və Amerikalı alim K. Folkers tərəfindən kəşf olundu və B12 vitamini adlandırıldı. B12 vitamininin quruluşu isə Dorothy Crowfoot Hodking tərəfindən öyrənildi.
B12 vitamini kobalamin adlanır və 2 kofermenti var:
metilkobalamin
adenozilkobalamin
Qanın plazmasında B12 vitaminin əsas forması metilkobalamindir. B12 vitamini heyvani mənşəli qida məhsullarında (qara ciyər, ət, yumurta, süd və süd məhsulları və s.) olur. Bitki mənşəli qida məhsullarının tərkibində isə rast gəlinmir. B12 vitaminin miqdarı qara ciyər və böyrəklərdə daha çoxdur (100 mkq/100q). Ətdə isə nisbətən azdır (0,5-2 mkq/100q). Yumurta və süddə daha da azalir və kobalafilin zülali ilə cıx birləşdiyinə görə sorulması da zəifləyir.
Orqanizmdə B12 vitaminin miqdarı 2-5 mq-dır. Əsas yerləşdiyi orqan qara ciyərdir. B12 ehtiyatı orqanizmdə çoxdur, çatışmazlığının yaranması üçün 3-6 ilə kimi vaxt tələb olunur. Sutkalıq tələbat 3-7 mkq-dır. Gün ərzində 2-5 mkq sidik və kalla itirilir.
Daxili faktor və ya Castle faktoru qələviyə davamlı termolabil qlukoproteindir. Molekulyar kütləsi 45000-dir. 1q daxili faktor 25 mq B12 vitamini özünə birləşdirir. İnsanda daxili faktor mədənin fundal hissəsindəki parienteral hüceyrələr tərəfindən sintez olunur. Daxili faktorun miqdarı radioimmunoloji metod vasitəsi ilə təyin edilir.
Mədəyə daxil olan B12 vitamini daxili faktorla birləşə bilmir, çünki bu birləşmə qələvi mühitdə olmalıdır. Əvəzində isə R protenlə birləşir. (R-Rapid ingilis sözü olub mənası ”tez” deməkdir). Vitamin B12 və R-protein birləşməsi 12 barmaq bağırsağa daxil olur.
12 barmaq bağırsaqda tripsinin təsirindən R protein parçalanır. Mədədən bağırsağa kecən daxili faktor qələvi mühitdə R proteindən ayrılmış B12 vitamini ilə birləşir və kobalamin-daxili faktor kompleksi əmələ gətirir. Kobalamin-daxili faktor kompleksi davamlıdır, bağırsaq fermentləri tərəfindən parçalanmır. Bu birləşmə nazik bağırsaq boyunca hərəkət edir və daxili faktor reseptorları vasitəsi ilə nazik bağırsaqda olan kubulinlə birləşir.
Kubulin zülaldır, bütün nazik bağırsağın selikli qişalarında aşkar olunur. Kobalamin-daxili faktor kompleksinin kubulinlə birləşməsi kalsium ionlarinin iştirakı ilə pH 5,4 mühitdə baş verir. Kobalamin-daxili faktor kompleksi kubulinə birləşdikdən sonra B12 vitamini nazik bağırsağın selikli qişasından qana sorulmağa başlayır. Bu proses bir neçə saat davam edir. Bu müddət ərzində reseptorlara yeni kobalamin-daxili faktor kompleksi birləşir. B12 vitamini sorulduqdan sonra kompleks dağılır, daxili faktor parçalanır.
Qana sorulduqdan sonra B12 vitamini trans-kobalamin zülalları ilə birləşir.Transkobalamin II ilə birləşən B12 vitamini sümük iliyinə ötürülür. Transkobalamin II bir çox hüceyrələr tərəfindən, o cümlədən bağırsaq enterositləri, makrofaq, hepatosit, fibroblast və qanın bəzi sələf hüceyrələri tərəfindən sintez olunur. Transkobalamin I və transkobalamin III də B12 vitamini ilə aktiv birləşir. Transkobalamin I-kobalamin kompleksi hepatositlər tərəfindən təmizlənir və B12 vitamini ödə daxil olur. Transkobalamin III qranulositlərdə daha cox yerləşir və bu hüceyrələrin parçalanması zamanı miqdarı da artır. B12 vitamininin ancaq 10-25%-itrans-kobalamin II ilə birləşir. B12 vitamininin 1%-ə qədəri daxili faktorsuz qana sorula bilər. Bu ancaq yüksək dozada B12 vitamini qəbul etdikdə ya da cox miqdarda qara ciyər yedikdə baş verir.
Dostları ilə paylaş: |