Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrində müəyyən ardıcıllıqla baş verən hadisələr sadalanır. Məsələn: İşıqlar söndü, kino verilişi başladı. Dəhlizin qapısı açıldı və otağa bir qız daxil oldu.
Misallardan göründüyü kimi ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələrin də tərkib hissələrinin sayı ikidən artıq ola bilir.
3. Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr
Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrdə birinci tərkib hissədəki iş səbəbi, ikinci tərkib hissədəki iş onun nəticəsini bildirir. Məsələn: Qəflətən güclü külək başladı, yetişmiş meyvələr yerə səpələndi.
Bu cümlədə birinci tərkib hissə səbəbi, ikinci tərkib hissə birincidən doğan nəticəni bildirir.
Zaman və ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələr kimi səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri də ya intonasiya ilə, ya da və bağlayıcıları ilə əlaqələnir. Həmin cümlə növlərindən fərqli olaraq, səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr ancaq iki tərkib hissədən ibarət olur.
4. Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr
Aydınlaşma əlaqəli tabesiz mürəkkəb cümlələrdə tərkib hissələrdən biri ümumilik bildirir, o biri onu aydınlaşdırır. Məsələn: Ağız deyəni qulaq eşitmirdi. İyirmi-otuz adam üz-üzə, çiyin-çiyinə oynayırdı.
Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri əksərən intonasiya ilə bir-birinə bağlıdır. Bəzi hallarda aydınlaşdıran tərkib hissədən əvvəl aydınlaşdırma bildirən yəni bağlayıcısı işlənir. Məsələn: Səlim başını tərpətdi, yəni o razı idi.
Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrdə adətən ümumilik bildirən hissə əvvəl, aydınlaşdıran hissə sonra işlənir. Ümumilik bildirən hissədən sonra, əsasən, iki nöqtə qoyulur. Məsələn: Xəyal dərin fikrə getdi: bu işi kim etmiş olar?
Tərkib hissələrdən birində vergül olduqda, tərkib hissələrin arasında nöqtəli vergül qoyulur. Məsələn: Uzun qış axşamı idi; külək dəhşətli bir zırıltı ilə qanadlarını divara çırpır, üzü qılınc kimi kəsirdi.
5. Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr
Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrindəki iş və hadisələr bir-biri ilə qarşılaşdırılır. Məsələn: Mən çox dedim, o az eşitdi. Qapını itələdim, ancaq o açmadı.
Bəzən qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında ziddiyyət olur, bəzən tərkib hissələrdəki fikirlər, iş və hadisələr sadəcə olaraq qarşılaşdırılır. Məsələn: Cilovu dartıb atı saxlamaq istəyirdim, at dayanmadı. İndi anam kənddə olur, biz şəhərdə yaşayırıq – cümlələrində birincisində ziddiyyət, ikincisində fərqləndirmə, qarşılaşdırma mənası verir.
Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr intonasiya ilə və (amma, ancaq, lakin) bağlayıcılar və antonim sözlərin köməyi ilə əlaqələnir.
6. Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələr
Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələrdə tərkib hissələrindəki iş və hadisələr ya növlər ilə bir-biri ilə əvəz edilir, ya da iki işdən yalnız birinin mümkünlüyü ifadə olunur. Məsələn: Gah güclü yağış yağır, gah da gün çıxırdı. Ya sən mənə kömək etməlisən, ya da öz dərdimə çarə tapmalıyam – cümlələrindən birincisində müxtəlif hadisələrin (yağış, gün) növbə ilə bir-birini əvəz etdiyi görünür; ikinci cümlədə isə iki hadisədən birinin mümkünlüyünü ifadə edir.
Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələr yalnız bölüşdürmə bağlayıcılarının köməyi ilə yaranır. Gah, gah da, gah da ki bağlayıcılarından istifadə etdikdə hadisələr növbələşir, növbə ilə bir-birini əvəz edir. Məsələn: Onun bədənini gah hərarət bürüyür, gah da soyuq tər əsirdi.
Ya, ya da, ya da ki, yaxud da bağlayıcıları işləndikdə hadisələrdən birinin mümkünlüyü ifadə olunur. Məsələn: Ya sən mənə kömək etməlisən, ya da öz dərdimə çarə tapmalıyam.
Tabeli mürəkkəb cümlənin sintaktik təhlil qaydası
Tabeli mürəkkəb cümlələr aşağıdakı qayda ilə təhlil edilir:
Cümlənin məqsəd və intonasiyaya görə növü müəyyənləşdirilir.
Baş və budaq cümlə müəyyən edilir.
Budaq cümlənin növü (mübtəda, tamamlıq, təyin budaq cümləsi olması və s.), baş cümlənin hansı vasitələrlə bağlandığını müəyyən edilir. Sonra baş və budaq cümlənin hər biri ayrı-ayrılıqda sadə cümlə kimi təhlil edilir.
Dostları ilə paylaş: |