1.Analiz və sintez . Bizi özündə bir çox element, xassə və əlaqələrin birləşməsindən
ibarət sistem təşkil edən obyektlər əhatə edir. Elmin əsas vəzifələrindən biri isə
dünyanı əlaqə və münasibətlərin məcmusunda, dəyişmə və inkişaf prosesində dərk
etməkdir. Bütövü tam dərk etmək üçün onu elementlərə, hissələrə ayıraraq tədqiq
edən metod analizdir.
Sintez isə əksinə hissələrinə bölünmüş obyektin xüsusiyyət, xassə və əlaqələrini
bir araya gətirərək bütövlükdə təqdim edən idrak üsuludur.
Analiz və sintez insan
təfəkkürünün əsasında duran ən elementar və sadə idrak üsulları olmaqla bərabər,
eyni zamanda onun bütün səviyyə və formalarına xas olan ən universal metodlardır.
2.İnduksiya və ya deduksiya .
Elmi tədqiqat prosesində tədqiqatçı çox vaxt mövcud
biliklərə əsaslanaraq elmə məlum olmayan nəticə çıxarmalı olur. Məlumdan
naməluma keçərək tədqiqatçı ya ayrı-ayrı faktlar haqqında biliklərdən istifadə
edərək, ümumi prinsiplərin kəşfinə yaxınlaşa bilər, ya da əksinə, ümumi prinsiplərə
söykənərək, konkret hadisələr haqqında nəticə çıxara bilər. Belə bir keçid induksiya
və deduksiya kimi məntiqi əməliyyatların köməyi ilə həyata keçirilir. İnduksiya
müəyyən xüsusi detallar əsasında ümumi nəticənin qurulduğu əsaslandırma və
tədqiqat üsuludur. İnduktiv təfəkkürün elmi əsasını canlı aləmdə mövcud olan
hadisələr arasındakı universal əlaqələr təşkil edir. Deduksiya isə ümumi
mülahizələrə əsaslanaraq daha kiçik hissə ilə bağlı nəticə çıxaran əsaslandırma
üsuludur. Qısa olaraq, induksiya xüsusidən ümumiyə, deduksiya isə ümumidən
xüsusiyə doğru istiqamətlənmiş təqdiqat üsuludur.
3.Abstraktlaşdırma və ümumiləşdirmə . Abstraktlaşdırma tədqiq olunan cisim və
hadisənin bir sıra xassə və əlaqələrini nəzərə almadan yalnız tədqiqatçını
maraqlandıran cəhət və münasibətlərin araşdırılması üsuludur. Təfəkkürün
abstraksiya fəaliyyətinin nəticəsi həm ayrı-ayrı anlayışlar, həm kateqoriyalar, həm
də onların sistemləri olan müxtəlif növ abstraksiyaların formalaşmasıdır Abstraksiya
prosesi bir tərəfdən ayrı-ayrı xassələrin nisbi təcrid olmasını, digər tərəfdən isə
xassələrin və tədqiqatçı üçün maraq doğuran münasibətlərin seçilməsini nəzərdə
tutan iki mərhələli xarakter daşıyır. Obyektiv reallığın predmetləri sonsuz sayda
müxtəlif xassə, xüsusiyyət və əlaqələrə malikdir. Bu xassələrin bəziləri bir-birinə
bənzəyir və biri digərini müəyyən edir, bir qismi isə fərqli və nisbətən müstəqildir.
İdrak və təcrübə prosesində hər şeydən əvvəl ayrı-ayrı xassələrin nisbi müstəqilliyi
bərqərar olur, onların arasından predmeti dərk etmək və onun mahiyyətini açmaq
üçün mühüm əhəmiyyət kəsb edənlər seçilir. Belə bir seçim prosesi onu deməyə əsas
verir ki, bu xassələr və münasibətlər xüsusi əvəzedici əlamətlərlə təyin olunmalıdır,
bunun sayəsində onlar şüurda abstraksiyalar kimi sabitləşirlər.
Ümumiləşdirmə əşya və hadisələrin ümumi xassələri və xüsusiyyətlərini izah
edən idrak üsuludur. Ümumiləşdirmə əməliyyatı xüsusi və ya daha az ümumi
anlayışdan və mühakimədən daha ümumi anlayışa və ya mühakiməyə keçid kimi
həyata keçirilir. Ümumiləşdirmə abstraksiya ilə sıx əlaqədə həyata keçirilir.
Düşüncə bir sıra obyektlərin bəzi xassələrini və ya münasibətini
mücərrədləşdirdikdə, onların vahid sinifdə birləşməsi üçün zəmin yaranır. Bu sinfə
daxil olan obyektlərin hər birinin fərdi cəhətlərinə rəğmən onları birləşdirən amillər
ümumi xüsusiyyət kimi çıxış edir. Ümumiləşdirmə nəinki empirik tədqiqatlarda,
bəzən nəzəri biliklərin qurulmasının ilk mərhələlərində də geniş istifadə olunur.
Empirik tədqiqat metodları içərisində isə ən önəmliləri bunlardır: