Dialoji nitq bir qayda olaraq dialoqlar əsasında qurulur. Monoloji nitq prosesində bir nəfər iştirak edirsə, dialoqlar ən azı iki nəfər arasında reallaşır. Şifahi ünsiyyətin ilkin forması kimi dialoq daha çox məişət üslubunda istifadə edilir. Lakin digər üslub növlərini də dialoqsuz təsəvvür etmək mümkün deyil. Əsas ünsiyyət forması kimi dialoq spontan nitq növüdür. Hətta elmi, publisitik, işgüzar nitqdə də dialoqlar gözlənilməz istiqamətdə davam edə bilər. Çünki həmsöhbətlərin reaksiyaları naməlum və gözlənilməzdir.
Keyfiyyətli dialoq üçün həmsöhbətlərin müəyyən bilik bazasına malik olması, intellekt səviyyələri arasındakı fərqin minimallığı şərtdir, əks halda verimli dialoq aparmaq qeyri-mümkündür.
Kommunikativ baxımdan dialoqun aşağıdakı növləri var:
1.dialoq-söhbət;
2. dialoq-danışıq;
3.dialoq-mübahisə.
İştirakçıların münasibətlərinin xarakterinə gəlincə, dialoqun tiplərini belə müəyyənləşdirmək olar:
1.bərabərhüquqlu;
2.tabeedici;
3.əməkdaşlıq.
Birinci təsnifata görə, dialoq-söhbət əməkdaşlıq strategiyası ilə xarakterizə olunan şifahi ünsiyyət növüdür. İştirakçıların niyyətlərini ifadə edən məzmuna əsasən dialoq-söhbəti üç yarımnövə bölmək olar: hər hansı bir məsələ üzrə fikir mübadiləsi; şəxsi maraqlar haqqında məlumat mübadiləsi; məqsədsiz fikir, xəbər, məlumat mübadiləsi (fatik ünsiyyət). Hər bir dialoq növünün adına uyğun funksiyası var.
Söhbətdən fərqli olaraq, danışıq məqsədyönlü dialoqdur. Burada ünsiyyətin stategiyası həm koperativ, həm də qeyri-kooperativ xarakterdə ola bilər.
Mübahisə isə qərar qəbul etmək və ya həqiqəti tapmaq məqsədi ilə fikir mübadiləsidir. Dialoq-mübahisənin məqsədi məqbul həll yolu tapmaq olsa da, eyni zamanda həqiqət axtarışıdır. Dialoq-mübahisədə replikaların təsdiqedici nida xarakteri üstünlük təşkil edir.
Dialoqlar həcminə görə mikro və makrodialoqlara bölünür. Bədii ədəbiyyatda mikrodialoqlara əsasən roman, povest və hekayələrdə past gəlirik. Makrodilaloqlardan isə dram əsərlərində istifadə olunur. Dram əsərləri səhnə üçün yazıldığından bütünlüklə obrazların arasında gedən dialoqlardan ibarətdir.
Dünya ədəbiyyatında məşhur dialoq və monoloq nümunələri mövcuddur. Məsələn V.Şekspirin “Hamlet”ində Hamletin, Dostoyevskinin “İdiot” əsərində knyaz Mışkinin, A.P.Çexovun “Qağayılar” pyesində Maşanın, H.Cavidin “İblis” dramında İblisin, M,Cəlilin “Ölülər”ində kefli İskəndərin monoloqlarını göstərmək olar. Dialoqlara isə ən gözəl nümunə antik yunan filosofu Platonun əsərləridir. O bütün əsərlərində fikir və mülahizələrini dialoqlar şəkllində təqdim etmişdir.