Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Giriş


Məkanla bağlı işarələr sistemini çox zaman proksemimika



Yüklə 231,62 Kb.
səhifə25/59
tarix26.09.2023
ölçüsü231,62 Kb.
#129410
1   ...   21   22   23   24   25   26   27   28   ...   59
Mövzular 2023

3. Məkanla bağlı işarələr sistemini çox zaman proksemimika (“proxomi” latın mənşəli sözdür, hərfi mənası “yaxın”deməkdir) da adlandırırlar. Bəzən insanlarla həm zaman, həm məkan baxımından saxladığın məsafə də müəyyən mesajlar ötürmək üçün vasitəyə çevrilir. Bu baxımdan mütəxəssislər əsasən 4 yaxınlıq bölgəsindən bəhs edirlər:
1.Məhrəm bölgə - 15-46 sm
2.Şəxsi bölgə - 46 sm – 1.2m
3.Sosial bölgə - 1.2m – 3.6m
4.Ümumi bölgə - 3.6 – daha artıq
Məhrəm bölgə ən yaxın qohumlar və ən səmimi dostlar, sevgililər arasında mövcud olur. Tanımadığın, yaxud tanıyıb heç sevmədiyin birinin bu bölgəyə daxil olması sizi narahat edəcək. Eləcə də sən başqasına bu məsafədə yaxınlaşdıqda onu narahat edəcək, heç də xoş hisslər yaratmayacaqsan.
Şəxsi bölgə daha çox fərdi seçimlərlə bağlıdır. Bu bölgədə ətrafdakılarla məsafənizi özünüz təyin edirsiniz. Bu bölgə müxtəlif tədbirlərdə, ofis daxilində keçirilən mərasimlərdə, dost məclislərində yoldaşlarımızla aramıza qoyduğumuz məsafədir.
Sosial bölgə isə yad insanlarla, misal üçün, evimizi təmir edən ustalarla, mağazadakı satıcı ilə, işə yeni gələn əməkdaşla aramızdakı məsafədir.
Ümumi və ya ortaq ünsiyyət bölgəsində birinci və ikinci ünsiyyət bölgəsindəki hərəkət və davranışları həyata keçirçək mümkün deyil və yersizdir. Hətta bu məsafədə işgüzar ünsiyyət də həyata keçirilə bilməz. Bu məsafədə sadəcə olaraq, misal üçün mühazirə dinləyirsən və deyə bilərsən ki, ümumi ünsiyyət bölgəsinə düşmüsən.
Mövzu 8. İşgüzar kommunikasiyada danışma- dinləmə
mədəniyyəti və etiket qaydaları
Kommunikasiya informasiya mübadilə sistemi olaraq insanların bir-birilə davamlı fikir və məlumat bölüşməsini nəzərdə tutan aktiv prosesdir. Bəzən monoloji, bəzən isə dialoji nitq vasitəsilə reallaşan bu kommunikativ proses hər iki halda danışan və dinləyən tərəfin mövcudluğunu tələb edir. Başqa sözlə desək, istər monoloq söyləyərkən, istərsə də dialoqun bir tərəfi olarkən qarşımızdakı insanın bizi dinləməsinə ehtiyac duyuruq. Beləliklə, danışma və dinləmə bütün ünsiyyət aktlarının vacib tərkib hissələridir.
Danışmaq insana xas olan əsas keyfiyyətlərdən biridir. Yəni hamı danışmağı bacarır. Lakin hər kəsin danışıq qabiliyyəti fərqlidir. Aydın, səlis, ifadəli danışmaq isə xüsusi bacarıqdır. Gündəlik həyatımızdan fərqli olaraq işgüzar mühitdə fikir və mülahizələri dəqiq, aydın söyləmək, özünü ifadə edə bilmək iş prosesinin səmərəliliyinə birbaşa təsir edən amillərdəndir. İşgüzar kommunikativ münasibətlərdə danışıqlar adətən qarşılıqlı fikir mübadiləsi şəraitində dialoq formasında reallaşır. Dialoq zamanı danışıqlar daha çox sual cavab tərzində davam edir. Tərəfdaşın suallarına düşünülmüş, aydın cavab verməklə yanaşı, adekvat sualların da düzgün tərtibi xüsusi önəm daşıyır. Sualların qoyuluşu zamanı etik qaydaları gözləmək, uyğun intonasiya seçmək lazımdır. İşgüzar münasibətlərdə suallar tərəfdaşı nəyəsə sövq etməyin ən rahat formasıdır. Düzgün qoyulmuş sualların köməyi ilə qarşı tərəfin diqqətini cəlb edə, onu istədiyiniz cavaba yönləndirə bilərsiniz. Bir sözlə, suallar etibarlı münasibət və işin uğurlu həlli üçün əsas təşkil edir. İşgüzar kommunikasiyada bir neçə sual tipindən istifadə olunur:
-məlumat toplamaq üçün verilən suallar;
-tərəfdaşınızın sizi dinləyib dinləmədiyini anlamaq üçün yoxlama sualları;
-qarşılıqlı anlaşmaya nail olmaq üçün təsdiqedici suallar;
-əks mövqeyi ortaya qoyan suallar. Bu tip suallar düzgün tərtib edilərsə söhbətin konkretləşməsinə səbəb olur və tərəfdaşı razılığa yaxınlaşdırır;
-istiqamətləndirici suallar. Söhbət əsas hədəfdən yayındıqda istifadə edilir.
-təxribat xarakterli suallar. Bu tip suallar qarşı tərəf əsl niyyətini gizlətdikdə onu ortaya çıxarmaq üçün verilir.
-yekunlaşdırıcı suallar. Görüşün nəticələrini bir daha vurğulamaq və əmin olmaq üçün verilir.
Peşəkar iş adamları sualların köməyi ilə məlumatı tez və dəqiq əldə etməyi bacarırlar. İşgüzar kommunikasiyada zamanında tələb olunduğu kimi danışmaq bir iş adamı üçün uğura gedən yolun açarıdır.
İşgüzar kommunikasiyanın uğuru təkcə məlumat ötürməkdən yox, həm də onu qəbul etmək bacarığından, yəni dinləməkdən asılıdır. Həmsöhbəti dinləyirik, dediklərinə maraq göstəririk və qarşı tərəfin hörmətini qazanırıq, bu da işgüzar ünsiyyətə təsir göstərməyə bilməz; dinləmək – qarşılıqlı anlaşmaqdır. İşgüzar ünsiyyət təcrübəsi göstərir ki, tərəfdaşı məqsədyönlü, aktiv şəkildə dinləmək bacarığı qarşılıqlı anlaşma üçün böyük əhəmiyyət kəsb edir. Keyfiyyətli dinləmə tərəfdaşın mövqeyini düzgün başa düşmək, fikir müxtəlifliyini aşkar edib qiymətləndirmək uğurlu işgüzar ünsiyyəti təmin etmək üçün zəruri şərtdir.
Bizlər məlumat almaq, müəyyən mövzuya hakim olmaq, dünyagörüşümüzü zənginləşdirmək, ətrafdakılarla münasibət qurmaq, qiymətləndirmək, onların təcrübələrindən faydalanmaq üçün mütləq dinləməliyik. Ünsiyyətdə effektivliyi təmin etmək üçün yazı, oxu, danışma bacarıqlarına əhəmiyyət verilsə də dinləmə çox zaman diqqətdən kənarda qalır. Çünki dinləmək insanların anadangəlmə qabiliyyəti hesab olunur. Bu məqamda dinləmə eşitməklə səhv salınır. Əslində eşitmə dinləmə aktının başlanğıc mərhələsidir. Dinləmə isə eşitdiyimiz söz və ifadələri başa düşməyi ehtiva edir. Dinləmə şifahi və şifahi olmayan mesajları seçmək, onları anlamlandırmaq, dərk etmək, yadda saxlamaq kimi nüansları əhatə edən mürəkkəb sistemdir. Bu haqda prof. N.Məmmədli yazır ki, eşitmək “hər hansı bir səsi qulaqla qavramaq, almaq, duymaq, mənimsəmək” dinləmək “bir şeyə qulaq asmaqdır”. Eşitmək səsin fiziki olaraq qavranılmasıdırsa, dinləmək iradə aktıdır – yüksək düşüncə tərzi, məzmunlu səsləri qavramaqdır.
Dinləmə aktiv prosesdir. Araşdırmalar göstərir ki, insanlar iş günlərinin 40% ni dinləməyə sərf edirlər. Lakin bunun yalnız 25%-i informasiyanın dəqiq qavranılması, yüksək səviyyədə dərketmə ilə müşaiyət olunan effektiv dinləmə sayıla bilər. İşgüzar münasibətlər zamanı oxumaq, yazmaq, danışmaq qabiliyyətləri ilə müqayisədə dinləmək bacarığı daha mühüm əhəmiyyət kəsb edir. Dinləmə - iş vaxtının 40%, danışıq - 35%, oxu - 16%, yazı - 9% -ni əhatə edir. İnsanın dinləmə tərzi isə şəxsiyyət, xarakter, maraqlar, cins, yaş, ünsiyyət iştirakçılarının statusu və digər amillərdən asılıdır.
Dinləmə seçici bir prosesdir. Hər kəs öz ehtiyac və məqsədlərinə uyğun olan informasiyanı dinləməyə üstünlük verir. Dinləmə prosesi adətən üç mərhələdən ibarət olur.
Dinləmənin ilk mərhələsində məlumat hiss orqanları vasitəsilə qəbul edilir. Bunun üçün öncə dinləyici düzgün eşitməyə mane olan fiziki və emosional maneələrdən uzaqlaşmalı, eşidilə biləcək səs tonu təmin edilməlidir. Bu mərhələdə eşitmə qədər görmə də əhəmiyyətlidir, çünki nə qədər papadoksal səslənsə də qulaqlarımızla dinlədiyimiz qədər, gözlərimizlə də dinləyirik. Görmə mesajın ötürülməsi və qavranılmasının xarakterini müəyən edən qeyri-verbal işarələr əldə etməyə kömək edir.
Dinləmənin ikinci mərhələsi anlamaqla bağlıdır. Mesaj alındıqdan sonra onun daxili emal prosesi başlayır. Beyin aldığı məlumatı analiz edərək “həmsöhbətim nə demək istəyir?” sualına cavab verir.
Üçüncü mərhələ qiymətləndirmədir. Bu mərhələdə danışan dinləyicinin reaksiyasını görür və eşidir. Dinləyici şifahi və şifahi olmayan vasitələrlə danışanı başa düşüb-düşmədiyini təsdiq edir.
Natiq dinləyicinin onu başa düşdüyünü və qiymətləndirdiyini görəndə həmsöhbətlər arasında sıx əlaqə yaranır ki, bu da əməkdaşlığın səmərəliliyini artırır. Ünsiyyət prosesində dinləyici informasiyanı sadəcə olaraq qəbul etməməli, o, mimikası, jesti, replikaları və s. ilə müsahibinə həmrəy olduğunu və ya olmadığını bildirməli, etirazını danışana anlatmalıdır. Bu cür əks-əlaqə nitqin təsirini duymaq, lazım gələrsə onun istiqamətini dəyişmək, söhbəti qısaltmaq və ya genişləndirmək və sairədə danışana kömək edir.
Dinləmənin növləri. Dinləmənin bir neçə növü mövcuddur:

Yüklə 231,62 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin