Nəticə
İslam Şərqində və Qərbdə fəlsəfi düşüncənin ideya xəttinin inkişafına və strukturuna nəzər saldıqda belə məlum olur ki, bu iki fəlsəfi düşüncənin müqayisəsində birinin başlangıcı o birisinin sonu ilə daha çox uyğunluq göstərir. Bir az daha dəqiq desək, İslam Şərqindəki fəlsəfi düşüncənin başlanğıcı Qərb fəlsəfəsinin ancaq sonu ilə, sonu isə Qərb fəlsəfəsinin ancaq başlanğıcı ilə müqayisə oluna bilər. İslam Şərqindəki fəlsəfi düşüncənin inkişaf istiqaməti kəsrət, yəni çoxluq şəklində mövcud olan və bütövün ancaq müəyyən aspektlərini ifadə edən müxtəlif fəlsəfi cərəyanların vahid bir fəlsəfi sistemdə birləşməsinə və vəhdət təşkil etməsinə yönəlmişdir. Qərb düşüncəsinin inkişaf istiqaməti isə əsasən vəhdətin parşalanmasına, həqiqətin ayrı-ayrı aspektlərini ifadə edən müxtəlif fəlsəfi cərəyanların yaranmasına və nəhayət nisbiləşən həqiqət anlayışına yönəlmişdir. Arıstotelin “Vahid fikrən, çoxluq isə hissi qavranılanlar kimi mövcuddur” [2, 67] fikri Şərq və Qərb düşüncəsinin xüsusiyyətlərini anlamaq baxımından böyük əhəmiyyət daşıyır. Bütövü və Vahidi dərk etməyə yönəlmiş Şərq düşüncəsi bu istiqamətdə idrak səviyyələri başda olmaqla bütün bəşəri imkanları bir araya gətirməyə çalışdığı halda, Qərb düşüncəsinin özəlliyi olan “hissi-empirik metod hadisələrin hissələrə ayrılmasını, parçalanmasını tələb edir” [14, 8].
Nə ənənəvi vəziyyəti ilə klassik Şərq fəlsəfəsi, nə də bu günki Qərb fəlsəfəsi müasir dünyamızın qarşılaşdığı problemləri, o cümlədən mənəvi problemləri həll etməyə qadirdir. Bu nə Şərq fəlsəfəsinin, nə də Qərb fəlsəfəsinin əhəmiyyətini və azaltmağa yönəli bir fikir deyil. Həm Şərq fəlsəfəsi, həm də Qərb fəlsəfəsi fəlsəfə spektrində mövcud olduğu məqamı mükəmməl şəkildə təmsil etmişdir. Bu spektrdəki müxtəlif fəlsəfi paradiqmaların xüsusiyyəti insanın təbiətlə Allah arasındakı mövqeyi ilə müəyyənləşir. İslam Şərqindəki fəlsəfi təfəkkürdə insan bu iki qütbün (ilahi həqiqət və təbiət) tam ortasında yer alırdı və təsadüfi deyildir ki, İslam fəlsəfəsinə aid bir çox fəlsəfi təimlərdə insan ilahi varlıqla kainat arasında bir bərzəx (keçid) kimi götürülür. Bu kontekstdə, uğurlu bir bənzətməyə müraciət etsək, İslam dünyasında elm və din arasındakı münasibət siam ekizləri arasındakı münasibətə bənzəyirdi; “həm doğma bağlarla əlaqəli idilər, həm də bir-birinə mane olurdular.” [4, 38] Qərbdəki fəlsəfi təfəkkürdə isə insan, təbiət qütbündə yer alır və ilahi, mənəvi meyarlara inkarçılıq mövqeyindən yanaşılır.
Bu gün bəşəriyyəti xilas edəcək fəlsəfi düşüncə fəlsəfə spektrindəki ayrı-ayrı məqamları yox, bütün spektri ehtiva edən bir fəlsəfi təfəkkürə əsaslanmalıdır. Bu fəlsəfədə haqqında danışdığımız iki qütb (ilahi həqiqət və təbiət) arasındakı istənilən nöqtə insan (həm subyekt, həm də obyekt olaraq insan) üçün açıq saxlanılmalı, lakin bu nöqtələrdən heç birisi ayrıca və tamamən müstəqil bir fəlsəfi sistem kimi yox, iki qütb arasında mövcud olan bütün spektrin bir hissəsi kimi götürülməlidir. Yalnız bu cür fəlsəfə üzərində qurulan bir sivilizasiya bəşəriyyətin eyni zamanda həm fərdi, mənəvi, ictimai və maddi rifahını istənilən səviyyədə təmin etməyə qadir olacaqdır.
Dostları ilə paylaş: |