Sosial-fəlsəfi fikir tarixində ailə problematikası
İctimai fikir tarixində ailənin fəlsəfi tədqiqi sahəsində qədim ənənələr mövcuddur. Antik dövrün nəzəri konsepsiyalarında ailə, sosial bir təsisat olmaqdan daha çox, cəmiyyət və dövlətlə olan əlaqəsi müstəvisində nəzərdən keçirilirdi. Bu fakt, şəxsiyyəti və ailəni özünə tabe etdirməyə çalışan dövlət hakimiyyətinə söykənən idarəçilik sisteminin tədrici olaraq formalaşmaya başlamasının təzahürü kimi qiymətləndirilir. Bu dövrdə ailə, cəmiyyətin ilkin mikro modeli kimi nəzərdən keçirilir, sosial münasibətlər ailə münasibətləri müstəvisindən çıxarılır, cəmiyyətin özü isə filosoflar və tarixçilər tərəfindən genişləndirilmiş ailə kimi şərh edilirdi. Bununla birlikdə, hələ antik dövr filosofları arasında ailə fenomeninə yanaşmada ziddiyyətlər özünü büruzə verirdi. Bu, ilk olaraq Platon və Aristotelin məsələyə ikili yanaşmasında öz əksini tapmışdı. Belə ki, hər iki filosofun ailənin mənəvi-etik əsasları haqqında düşüncələri oxşarlıq təşkil etsə də, ailənin təbiəti və ictimai quruluşdakı yeri haqqında onların fikirləri əhəmiyyətli dərəcədə bir-birindən fərqlənirdi (7, 17). Əsərlərində ideal dövlət haqqında mülahizələr yürüdən Platonun ailə haqqında təsəvvürləri ideal dövlət quruluşundan irəli gəlirdi. O, qeyd edirdi ki, ailə münasibətlərini bütövlükdə dövlət tənzim edir. Onun təlimində, təbəqələşməyə və sosial struktura uyğun olaraq, cəmiyyətin bəzi üzvləri, ailə qurmaq imkanından məhrum edilirdi. Ailə quranlar isə bütün həyatını, uşaqların tərbiyəsini onların mənafeyinə həsr etməlidirlər (13, 30).
Ümumiyyətlə, Platon hesab edirdi ki, hər bir nikah da dövlət üçün mənfəət olmalıdır. Mükəmməl dövlət qurmaq üçün “elə şənliklər təşkil edilməlidir ki, orada nikah yaşına çatmış qız və oğlanları görüşdürmək, qurban kəsmək və şairlərə nikaha aid nəğmələr sifariş vermək lazımdır. Nikahların sayını müəyyənləşdirməyi isə dövlətə həvalə etmək lazımdır” (12, 112). Platon hesab edirdi ki, hər bir 25 yaşına çatmış gənc ailə qurmalıdır. Çünki, “insan özünün əbədi yaradıcı təbiətinə tabe olmalıdır. Ona görə də özündən sonra uşaqlarını və uşaqlarının uşaqlarını qoyub getməlidir” (12, 113).
Platonun, vahid ailə formasında təşəkkülü sayəsində bütövlüyünü qoruyan və ailə qaydalarına oxşar normalarla idarə olunan “ideal dövlət” anlayışına qarşı, Aristotel daha çox qanunlarla idarə olunan rasional dövlət anlayışını irəli sürdü.
Aristotel ailə probleminə münasibətini belə bildirirdi: “Ailə insanların birgəyaşayışın ilk təbii formasıdır, tarix boyu dəyişilməyib qalandır” (13, 130). Ailənin üç ikitərəfli hissəsi və bu hissələrə uyğun üç münasibətlər forması var: quldar və qul, ər və arvad, valideyn və övladlar. Hakimiyyət qul üzərində, arvad və uşağın üzərində olur. Belə hakimiyyət bir növ monarxiyaya bənzəyir. Arvadın hakimiyyətdə olması təbiətə ziddir: Susmaq qadına yaraşıq verir (Sofokl). Qadına bu cür münasibət təbii idi. O dövrün cəmiyyətində qadın mədəniyyət, təhsil, ictimai işlər, siyasətdən tamamilə uzaqlaşdırılmışdı (13, 132).
Onların ailə və nikah institutuna özünəməxsus yanaşmaları, ailədəki dəyişikliklərə, ailənin quruluşu və funksiyaları haqqında yeni mübahisələrə zəmin hazırladı.
Bu dövrdə, ailə mövzusuna dair Şərq düşüncə tarixində və o cümlədən, Azərbaycanda də çox əhəmiyyətli fikirlər irəli sürülmüşdür. Görkəmli filosof, astronom N.Tusi ailədə sosial funksiyaların yerinə yetirilməsində sosial mühitin rolunu qiymətləndirərək yazırdı: “İnsan yaşamaq üçün öz əzəli, təbii ehtiyaclarını ödəməlidir, bunun üçün də cəmiyyətdə birləşməli, fəaliyyət göstərməlidir. Cəmiyyətdə insanın təbii sığınacağı ailədir. Ailədə həm nəsil artırılır, həm ev-eşik qorunub saxlanılır, həm də ailə üzvləri lazımi tərbiyə alır” (11, 37). Tusi, ailənin yaranmasında adət-ənənənin, idarəçilik vərdişlərinin, sosial psixoloji mühitin rolunu xüsusi olaraq qeyd edirdi. O, ailədə idarəetmə funksiyasının icrasında əsas rolu ailə başçısına aid edir. Ev sahibi ailənin maddi təminatına, vacib məsələlərin həllinə, tərbiyə işlərində mükafatlandırma və cəzalandırmaya, əmək bölgüsünün təşkilinə cavab verməlidir. Tusi münasibətlərin idarəetmə baxımından tənzimlənməsi problemlərini də nəzərdən keçirmiş, məişət-istehlak funksiyasının vacibliyindən bəhs etmişdir. Bu funksiyaların çox vacib olduğunu hesab edən Tusi onların həyata keçirilməsi yolunu yüksək əxlaqi dəyərlərə əsaslanmaqda görürdü . (11, 39)
Digər görkəmli filosof S.Urməvi etik məsələlər sırasında ailə münasibətlərinin struktur və idarəolunması problemlərini də araşdırmışdır. Ailə üzvləri bir-birilə qarşılıqlı məsuliyyət və hörmət şəraitində davranmalıdırlar. Tərbiyə və sosiallaşma prosesində ailə, müəllim və mühitin rolunu qeyd edən filosof hesab edirdi ki, ictimai münasibətlərin iştirakçısı olan hər bir şəxs öz fəaliyyətində dil, təfəkkür və milli mədəniyyət triadasından vəhdət halında istifadə etməlidir.
Yeni era və intibah dövründə – ictimai həyatın dinin təsirindən azad olduğu bir dövrdə yeni yaranan burjuaziyanın maraqlarına cavab verən obraz, fəal fərdiyyət oldu və güclü, müstəqil, hərtərəfli inkişaf etmiş yaradıcı şəxsiyyət ideala çevrildi. Bu dövrdə ailəyə aid utopik konsepsiyalarda Platonun patriarxal ideyalarının və Aristotelin liberal ənənələrinin sonrakı inkişafı ilə birgə çox mühüm nəzəri-metodoloji əsaslar da irəli sürüldü.
Bu dövrdə məğrurluq və sərbəstlik, öz gücünə və istedadına inam insanın fərqləndirici keyfiyyətinə çevrildi. Buna görə də ingilis filosofu F.Bekonun tədqiqatlarına nəzər yetirdikdə onun nikah, ailə, övlad və sevgiyə münasibətinin birmənalı olmadığını görmək olar. O, sanki hər şeyi “müsbət” və “mənfi” çalarlara ayırır, medalın hər iki üzünü göstərirdi. Misal üçün, “arvad-uşağı olan kəs taleyin əsirinə çevrilir. Belə ki, ailə böyük işlərin həyata keçirilməsi qarşısında duran bir maneədir. Fərqi yoxdur bu xeyir, yoxsa bəd əməldir”. O, deyirdi ki, cəmiyyətə daha çox xeyir gətirən başlanğıclar subay və övladı olmayan insanlar tərəfindən qoyulub. (17, 10)
F.Bekon sevgini ailəni möhkəmləndirən bir hiss kimi görür, onu zəiflik hesab edirdi. “ ....Bütün böyük və ləyaqətli insanlar arasında elə birisi olmayıb ki, sevgiyə dəlicəsinə bağlı olsun. Amma eyni zamanda, sevgi qüvvə deməkdir. Evli insanların sevgisi insan nəsli yaradır, dost sevgisi onu mükəmməlləşdirir, əxlaqsız sevgi isə onu pozur və alçaldır”. Beləliklə, filosof nikahsız yaşamağı və övladsızlığı dəstəkləmir, amma eyni zamanda da, “Vətənə sevgi ailədən başlayır” fikrində olsa da, ailə qurmağa da çağırmırdı” (17, 12).
XVII əsrin ikinci yarısından sonra və XVIII əsrdə Britaniyanın fəlsəfi fikri T.Hobbs və D.Yumun hakim ideyalarının təsiri altında inkişaf edirdi.
İngiltərənin önəmli mütəfəkkirlərindən biri olan T.Hobbs ailəni “kiçik monarxiya” kimi göstərirdi. Burada “hakimiyyət ata və ya ağaya məxsusdur”. Hobbsa görə, ailə qanuni nikahla qurulmalıdır. Belə ki, nikahın mahiyyəti onun qanuni razılaşma olmasındadır. Nikah ismət və yaxud nikahsızlığın əleyhinə deyildir. Ona görə də nikahı günah hesab etmək olmaz. Hobbs bu mülahizələri əslində kilsə xidmətçiləri üçün irəli sürmüşdü. Çünki onlar subaylığı kamillik və saflıq hesab edirdilər. T.Hobbs əks fikirdə idi və deyirdi: “Eləcə də, subaylığı ailə həyatından üstün tutmaq olmaz”. (4, 22)
Fransız düşüncə ənənəsinin liberal qolunun təmsilçisi, filosof və sosioloq J.J.Russo belə hesab edirdi ki, ailə böyük vətənə sevgini təbliğ edən kiçik vətəndir. O, Platonun “Respublika”sı barədə mülahizələr yürüdərkən onun fikirlərinin yanlış olduğunu qeyd edirdi. Russo hesab edirdi ki, “əks cinsin nümayəndələrini eyni vəzifəyə təyin etmək olmaz, təbiətin bizə verdiyi ən zərif hissləri məhv etmək olmaz. Məgər bizim bir-birimizə qarşı duyduğumuz sevgi vətənimizə olan sevginin girovu deyil” (4, 25). Ailədəki qarşılıqlı münasibətləri təhlil etdikdə, o belə qərara gəlir ki, ailədəki əmin-amanlıq hər iki tərəfin mənəvi əxlaqi normalara riayət etməsilə mümkündür. Russo əks cinsin bərabərhüquqlu olması fikrini inkar edirdi. “Hər iki cinsin nümayəndələri bərabərdir və eyni cavabdehliklərə malikdirlər demək, boş söz danışmaq deməkdir”. Bununla da o, atanın hakimiyyətini təsdiq edirdi. Qadına qarşı daha tələbkar idi. Belə ki, “o, hər kəsin gözündə ləyaqətli olmalıdır”. Onun ərinin uşaqlarına olan sevgisi bundan asılıdır. “Əgər atanın uşaqlarını sevməsi vacibdirsə, bunun üçün o, onların analarına hörmət etməlidir” (4, 27).
Ailə və nikahın fəlsəfi tədqiqi ənənəvi alman klassik fəlsəfəsində də özünə yer tapmışdır. Ailə və nikah mühitinin müntəzəm olaraq dəyişikliklərə məruz qalması, ailə institutunun təkamül prosesinin tarixi mərhələləri alman filosofları İ.Kant və İ.Q.Fixtenin xüsusi maraqlarına səbəb olmuşdur. İ.Kant ailə və nikah məsələlərinə fəlsəfənin hüquq bölməsində nəzər yetirmişdir (9, 545). Ailə və nikahın ayrı-ayrı məqamları İ.Q.Fixte tərəfindən burjuaziya tarixi fəlsəfəsində araşdırılmış və onun “Praktik Elmşunaslıq” əsərində əks olunmuşdur (2). Bu alman filosofları tərəfindən ortaya qoyulmuş ailə və nikah problemləri onların fəlsəfi sistemlərinin tərkib hissəsinə çevrilmişdir. Bu konsepsiya daxilində mühüm etik problemlər yer alırdı: əxlaqi davranış, insanın mənəvi keyfiyyətlərinin formalaşması, fərdin və cəmiyyətin mənəviyyatı və hüququnun qarşılıqlı nisbəti.
Kant və Fixte ailə və nikah məsələlərinə təbii hüquq nəzəriyyəsi nöqteyi-nəzərindən baxırdılar. Məsələyə bu cür münasibət o dövrdə yaranan azadlıq, bərabərlik, cəmiyyətin şüurlu quruluşu kimi siyasi tələblərin təsiri ilə izah oluna bilər. Kanta görə, nikahdan məqsəd təkcə uşaqların doğulması və tərbiyəsi ilə məhdudlaşdırılmamalıdır. Belə ki, bu halda uşaqların dünyaya gəlməsi dayandırıldıqdan sonra ailə öz-özünə dağılmalıdır. Kantın ailə və nikaha münasibəti ziddiyyətlidir. Bir tərəfdən o, “təmiz” nikah anlayışından istifadə edir (belə ki, onun əsasında təmiz ağıl durur), digər tərəfdən də onu ideallaşdırır (8, 554).
Kanta görə, “nikaha daxil olanlar arası münasibət – bir-birinə (söhbət təknikah lılıqdan gedir) və əmlaka bərabər səviyyədə sahib olan iki insanın münasibətidir. Bununla belə, onların xüsusi razılaşmaya əsasən bu hüquqlarının hansındansa imtina etməyə tam ixtiyarları var”. Baxmayaraq ki, Kant münasibətlərdə hüquqların bərabərliyini qeyd edir, bununla belə, o, qanunun kişini qadından üstün tutmasında bir ziddiyyət görmür və bunu qanunauyğun hesab edir (8, 554).
Burjua ailəsində tərəflərin mülkiyyət hüququna əsaslanması onun fikrincə heç də insanın ləyaqətini alçaltmır. Belə ki, bu zaman fərddən istifadə qarşılıqlı şəkildə olur. Müasir ailəyə müraciət etsək, belə münasibətlərin iqtisadi formasını göstərə bilərik. Bu – nikah müqaviləsidir. Kant kişiylə qadının fərqli hüquqa malik olmalarına bəraət verirdi. O, bunu onunla izah edirdi ki, “hətta mədəni olmayan cəmiyyətdə də üstünlük həmişə kişinin tərəfində olub”. Nikaha mülkiyyətçilik sahəsi kimi baxaraq, sonuncuya izahat gətirərək qadını “mülkiyyət əşyası” adlandırırdı. Sözsüz ki, sual yaranır: Kant azadlıq ideyası ilə qadının ailədə və cəmiyyətdəki tabelilik və hüquqsuzluq vəziyyətini necə uyğunlaşdırırdı? Kant azadlığı bir insanın başqası üzərindəki hakimiyyətinin zorla deyil, müqaviləyə əsasən, ikitərəfli razılaşma ilə qurulması kimi başa düşürdü. Bundan başqa, fərdin üzərində hakimlik insanın özünün təbiətindən irəli gələn bir haldır.
“Qadına qarşı olan məhəbbət ümumiyyətlə, məhəbbətin əsasıdır. Qadını sevməyən, insanları da sevməz” – deyən L.Feyerbax da məhəbbəti, zəkanın və təbiətin universal qanunu kimi qeyd etmişdir. Məhəbbət insan üçün ən ali və ilkin qanundur. İnsanların birgəyaşayış qaydalarını ilahiləşdirən Feyerbax qadın-kişi məhəbbətinə də, nikaha da dini məna verirdi (17, 12).
Dostları ilə paylaş: |