Vəhdət əl-vücud, işraqilik və fenomenologiya
Sührəvərdinin “Hikmət əl-İşraq” əsərində nurların iyerarxiyasında yüksək mərtəbədə olan nurun özünə ən yaxın olan aşağı mərtəbədəki nurla münasibəti belə izah olunur. Əvvəla, ali nur özündən aşağıdakı nuru qəhr edir.1 Mənası budur ki, hər hansı bir işıq özündən daha güclü bir işığın müqabilində qaranlıq kimi görünür. Yəni işıq sanki işığın (daha yüksək işıq) qarşısını kəsən maneəyə çevrilir və kölgəyə səbəb olur. Lakin ikinci işıq mənbəyinin qəhr olmaması, birinci işıq üçün maneəyə çevrilməməsi üçün bircə çarə var. Sührəvərdi buna işraq deyir. Təsəvvüf fəlsəfəsində isə buna eşq deyilir. Yəni Günəşə baxan adamın gözləri qamaşdığı kimi, güclü işıq qarşısında “gözlərə qaranlıq çökməməsi” üçün daxildən gələn bir işıq (daxili nurlanma – bəsirət gözü) lazımdır. Bu işıq birinci işığa adekvat olmalıdır.
İkini işıq nə qədər az müqavimət göstərsə, o qədər az kölgə salır. Amma müqavimət tamamilə yox olsa, yəni insan daha ali ruha qatıla bilsə və özünü onda itirsə, özü də həmin ali işığa çevrilmiş olur. Bu, məhəbbətin vüsal məqamıdır. Burada vüsal həm də vəhdəti simvolizə edir. Yəni vəhdətə nail olmaq üçün aşağı səviyyəli işıqların yüksək işıqda (kölgəsiz) itməsi lazımdır.
Burada biz Əbu Turxanın toplanma prinsipinə daha bir misal görürük. Belə ki, (Şərq təfəkkürünə uyğun olaraq) toplama xüsusi qaydada gedir. Yəni cəm ən yüksək toplanana bərabər olur (o biri hədlərin iştirakı sıfır həddində olur).
İşraqilikdə toplanmanın bu modeli mahiyyətcə açılır və onun mexanizmi də üzə çıxır.
Yüksək işıq tək olanda gözəldir. Tək olanda daha nurludur, nəinki yanında aşağı səviyyəli nurlar olanda. İkinci halda yüksək kölgəsi yaranır; yəni məkan müxtəlifləşir, nurdan fərqli bir mahiyyətin iştirakı ortaya çıxır. Aşağı nurun içindəki qaranlıq kölgə şəklində üzə çıxır. (Lakin kölgənin yaranışı, yəni qaranlığın özünü büruzə verməsi üçün bir nurun yanında özündən yüksək bir nurun olması lazımdır).
Başqa bir kontekst. Allah, insan, iblis. İnsanın daxilində qaranlıqlar varsa, ilahi işıqda üzə çıxır. Bu model daha rahat şəkildə üç, (əslində iki) insan qismində tətbiq oluna bilər. Hər bir insan ilahi ruhla cismin varlığını, işıqla qaranlığın cəmidir. Özündən yüksək (kamil) insanın yanında onun qaranlığı üzə çıxır – biz buna içindəki iblis deyirik.
Sührəvərdi ilk işıq olaraq Nurlar Nurundan bəhs etmir. Yəni mütləq mənada ilk işıq, əlbəttə, Nurlar Nurudur. Lakin həyatda müxtəlif dərəcəli işıqların qarşılıqlı münasibətinə də rast gəlinir. Burada nisbi mənada birini işıq (işıqlar iyerarxiyasında Nurlar nuruna ən yaxın olan) və sonrakı işıqlar arasında münasibət belə izah olunur: “Birincidən düşən işıq ikinciyə də, üçüncüyə də paylanır. Lakin üçüncü eyni zamanda ikincidən də işıq alır. Yəni ən aşağıda olan bütün üst mərtəbələrdən işıq almaq (və işıqlandıqca öz mərtəbəsini dəyişmək, yüksəlmək) şansına malikdir.
I II III
(Şəkil 1, ölçülər işığın parlaqlığına işarədir.)
Söhbət sadəcə işıqdan getmir. İlahi vergidən, idrak müstəvisində nurlanmadan gedir. İşıq sadəcə simvol, metafora.
(Əsrlər keçəcək və əvvəlcə Rocer Bekon, sonra Rene Dekart bu analogiyadan istifadə edərək eyni həqiqətləri latın dilində təkrar edəcəklər. Və bu təlim fəlsəfə tarixinə Dekartın adı ilə düşəcəkdir). Biz isə indi ilk mənbələrə qayıdırıq.
Nurların mərtəbələnməsi ideyası idrak nəzəriyyəsində çox mühüm əhəmiyyətə malikdir. Burada ilk nurla (Nurlar Nuru) sonra gələn nurlar mahiyyət və keyfiyyətcə fərqlidirlər. Belə ki, ilk nur ancaq nurdur. Yəni onun Zatında nurdan başqa, fərqli bir keyfiyyət yoxdur. O biri mərtəbədəki nurlar isə nur və qaranlığın nisbəti baxımından fərqlənirlər. Nuru çox olan və qaranlığı çox olanlar vardır. Bundan əlavə Sührəvərdi qeyd edir ki, bu pillələnmə sonsuza qədər davam edə bilməz, xalis nurdan başlanan və nurlanma dərəcələrinə görə getdikcə azalan bu iyerarxiya sonda xalis qaranlıqla bitməlidir.
Xalis qaranlıq isə mütləq materiyanın və heçliyin ifadəsidir.
Mütləq materiyanın əslində bir heç, qeyri-varlıq olduğu isə ilk dəfə Əbu Turxan tərəfindən göstərilmişdir.
Qaranlığı çox olanlar yüksək mərtəbədəki nurları sevmək iqtidarında deyillər. Ona görə, sevgi ancaq qonşu mərtəbələr arasında mümkündür. Yəni ilk nuru sevmək, onun aşiqi ola bilmək üçün əvvəlcə ona ən yaxın olan mərtəbəyə qalxmaq tələb olunur. Təsəvvüf fəlsəfəsində ən üst məqama yüksəlmə haqqındakı ideya da bununla səsləşir.
Amma təbii ki, insan qaranlıqdan heç vaxt tamamilə azad ola bilməz. Əks təqdirdə o, ilk nur səviyyəsinə qalxmış olardı. Lakin daxili nurun elə yüksək məqamı qət edilməlidir ki, ilk nura (çatmaq mümkün olmasa da) qatılmaq mümkün olsun.
Bir qığılcımdan necə olur ki, bitmək bilməyəcək dərəcədə böyük alov yaranır? Axı saxlanma qanununa görə, heç nə öz-özünə arta bilməz? Deməli, yana bilən, alovlanan hər hansı bir cisim öncədən alov potensialını özündə saxlayır. Sadəcə, soyuq, quru cismin alovlanması üçün qığılcıma bir ehtiyac var imiş.
Biz bunları ona görə xüsusi qeyd edirik ki, cismani dünyanın hadisələri haqqında biliklərin yaranması üçün də hansı isə ilkin bir bilikdən, ideyadan çıxış edilməlidir. Və bu ideyalar cisimlərin özündə olmalıdır. Bir ilkin ideyadan yüzlərcə ideyanın yaranması, onun artıb çoxalması da, həmin soyuq, quru, qaranlıq cisimlər sayəsində mümkün olur. Lakin bu cisimlərin özündə saxladığı nur, ideya potensialının realizasiyası üçün, onların canlanması, işıqlanması üçün yenə də ilkin ideya qığılcımı lazımdır.
Mənsur Həllac deyir:
Varlıqlarda varlığı yaradanının varlığı var.
Qəlbim ona itaət edir, ona yönəlir, onu üstün tutur.1
Yəni təkcə insanlarda deyil, bütün kişilərdə Yaradanın ayəti, nişanı var. Bu isə başqa sözlə ya potensial işıq (enerji), ya da passiv ideya deməkdir.
Beləliklə, biz ontoloji bir problem olan hər bir varlığın ruh və ya işıq daşıyıcısı olması məsələsi ilə təsəvvüfün mərkəzi problemlərindən biri olan eşq konsepsiyası arasında əlaqənin daha bir ifadəsini görürük. Bu ideya Əbu Turxanın “Yaradana sevgi onun yaratdıqlarını sevməkdən keçir” tezisində daha aydın ifadə olmuşdur.
Və bir daha ontologiya kontekstində üç rakursun eyniyyətini vurğulamaq istəyirik:
Yalnız işıq var, qaranlıq işığın yoxluğudur, yəni varlıq – işıqdır, tam qaranlıq isə heçlikdir).
Yalnız ideya var, ideyalar dünyası var, cismani dünya bir yoxluqdur.
Yalnız Yaradana sevgi var, yaradılışdan kənarda sevgi (üçün obyekt) yoxdur.
Yalnız qütblərdən söhbət gedir. Çatmayan böyük bir aralıq dünyadır. Sührəvərdi bu boşluğu dolduraraq – bərzəx anlayışı daxil edir.
Əbu Turxan məhz bu aralıq mərhələsinin – real həyatın fəlsəfəsini yaradır. Amma Qərb fəlsəfi fikrindən fərqli olaraq sonlu, lokal bir kontiniumda, rasional idrakın əhatə zonasında, yalnız qütblərin təsirindən azad olan sahələrdə deyil, sonlu ilə sonsuzun qovşağında, qütblərin ənginliyində, qutsal kontekstlə birlikdə yaradır.
Dostları ilə paylaş: |