S.X.
Fəlsəfi esselər
Ömür yolu
Ömür ancaq idealda bütöv ola bilər. Real həyat çoxölçülüdür və onun hər rakursunun öz ömrü var.
Əbu Turxan
İnsan həyatı bir-birini əvəzləyən, tamamlayan mərhələlərdən ibarətdir. Körpəlik, uşaqlıq, gənclik, yetkinlik və s. İnsan doğulur, böyüyür, öyrənir, anlayır, dərk edir. Böyüdükcə daha çox şey dərk edir, dərk etdikcə müdrikləşir, müdrikləşdikcə ətrafına, özünə yuxarıdan, kənardan baxa bilir. Bu mərhələlərdən hər birini çevrəyə də bənzətmək olar. Biri tamamlanan yerdə o biri başlayır, amma birinin bitdiyi yeri təyin etmək mümkün olmadığı kimi, digərinin də nə vaxt başlandığından xəbərin olmur. Beləcə ömür-gün gəlib keçir.
Görünür həyatın mənası hər bir mərhələni dolğun yaşamaqdır. Bunlardan hər birinin öz öyrətdikləri, öz hikmətləri var. Əlbəttə, elə şey var ki, yaşa-başa baxmır. Məsələn, uşaq var ki, ölümün, ayrılığın mahiyyətini neçə böyükdən daha yaxşı bilir, çünki bunu şəxsi təcrübəsində yaşayıb. Yaxud ömrünü sevginin nə olduğunu bilmədən başa vuranlar var, çünki həyat məqsədi, amalı fərqli olub. Deməli, bir var həyatın sənə verdiyi anlar, yaşantılar – burada sənin seçimin və ya razılığının heç bir əhəmiyyəti yoxdur. Bir də var sənin bu həyatdan ala bildiyin pay – burada sənin təfəkkürünün, ildən-ilə genişlənən dünyagörüşünün böyük əhəmiyyəti var. Eyni zamanda, adam var ki, həyatın ona verdiklərinin hikmətini dərk edə bilir, onlarla öz qazandıqları arasında bir əlaqə qura bilir, harmoniya yaradır, öz həyatının qırıqlardan deyil, bitkin, tamam bir hikmətdən ibarət olması üçün çalışıb-vuruşur. Adam da var ki, həyatın verdiklərindən baş aça bilmir, xoş olanda sevinir, pis olanda üsyan edir, verilənlərin nəyin ona, nəyin başqasına məxsus olduğunu fərqləndirə bilmir, tez-tez başqasının «qabına» boylanır, öz «qabındakını» da vurub dağıdır. Beləcə özünün nə qazanmağa qadir olduğunu bilmir. Həyatı ayrı-ayrı anlardan, zaman qırıqlarından ibarət olur, haradan gəlib hara getdiyi barədə aydın bir təsəvvürü də olmur. Bunu bir konveyerə də bənzətmək olar. Lent dayanmadan keçib gedir və sən də onun üzərində. Ətrafın hikmətlərlə, biliklərlə doludur. Sənə qalır əlinin altındakı bu nemətləri götürmək, gedəcəyin yerə əli, ürəyi dolu getmək. Çünki lentin üzərindən düşüb varlığın başqa mərhələsinə keçmək məqamı gələndə əlindəki, ürəyindəki həmin şeyləri bu dünyada qoyub getməli olursan və o qoyub getdiklərin yenə düzülür lentin dörd yanına, amma sənin izinlə, dəst-xəttinlə bir yerdə. Bax, onda məlum olur ki, səndən nə qalacaq, özündən sonrakılara payın nə olacaq.
Adam var ki, həyatının hər mərhələsini dolğun yaşayır və digər mərhələsinə rahat-rahat keçir. Çünki götürəcəyini götürür, görəcəyini görür, yaşayacağını yaşayır, anlayacağını anlayır. Amma bəzən olur ki, bu mərhələyə məxsus bir şey ya verilmir, ya nəzərdən qaçır, ya da götürməyə gecikirsən. Belə olanda həmin mərhələ bitməmiş qalır. Bunun nəticəsini faciə də adlandırmaq olar, təəssüf də.
Əvvəla, adamın gözü daim arxada qalır, elə hey həmin çatmayan şeyi axtarır. Ona görə də, gözü nə indini seçir, nə gələcəyi. İkincisi, həmin çatışmayan şey zaman-zaman özünü büruzə verir və onun üzərində qurulmalı olan mərtəbə də boşluğa düşdüyündən uçulmağa məhkum olur, yəni naqislik naqisliyə səbəb olur. Üçüncüsü, ehtiyacında olduğun həmin şeyin bəzən başqası tərəfindən atıldığını, qədrinin bilinmədiyini, dəyərləndirilmədiyini görəndə qeyri-ixtiyari əlini uzadırsan. Amma o, sənin deyil! Və bunu qəbul etmək, bununla barışmaq, bunun nəticəsi olaraq ürəyində baş qaldıra biləcək həsəd, acıq, üsyan hissini yatırmaq çox çətin olur, hünər tələb edir. Ən nəhayət, ehtiyacında olduğun şeyin ya səndən çox arxada, ya da çox irəlidə olduğunu görürsən. Belə olanda da ya gec doğulduğunu, ya da çox tələsdiyini düşünürsən, bir sözlə öz yerində olmadığın fikri səni rahat buraxmır. Bütün bunları düşünə-düşünə, özünlə çarpışa-çarpışa, keçmişin həsrətini çəkə-çəkə indini unudursan, əlindəkiləri də salıb itirirsən. Ən pisi isə bu bircə şey sənin indini yox edir, onsuz gələn bütün gələcəyinə etinasızlıq və bəzən hətta nifrət yaradır. Əlini qaldırıb artıq heç nə götürmək istəmirsən, özünü həmin bircə şeyə qurban verirsən, bir şeyin yoxluğuna görə özünü hər şeydən məhrum edirsən. Bunun ən yaxşı və klassik nümunəsini yəqin uğursuz məhəbbətdə görmək mümkündür. Yaxud həyatının hansı isə mərhələsində yaşanmış bir uğursuzluq bütün həyatı qaraldır.
Bunun nəticəsidir ki, adam heç cür böyümək istəmir, yaşlı vaxtında da oyuncaqlara həvəs göstərir; oğul-uşaq sahibi olan evdar bir qadın hələ də gizlincə seviləcəyini, sevdiyi birinin ona elçi gələcəyini xəyal edir. Həyat doludur belə ürəklə ağlın yollaşmadığı, gözlə əlin barışmadığı, planlarla reallıqların bir-birini məhv etdiyi hadisələrlə. Yeri gəlmişkən, yaşına baxmayaraq xasiyyətdə uşaqlığın qalması, ruhun cavanlığının bizim dediklərimizə bir aidiyyəti yoxdur.
İradə lazımdır ki, gözünü arxadan çəkə biləsən! Təfəkkür lazımdır ki, varlıq kimi, yoxluğun da hikmətini dərk edə biləsən! Hünər lazımdır ki, həmin bircə şeyin bütöv həyatının tamlığını pozmaslna imkan verməyəsən! Ürək lazımdır ki, könlünün indi istədiklərini eşidə biləsən!
Dostları ilə paylaş: |