Hurinnisa:
Mail oldum güllərinə
Bülbül kimi dillərinə
Yoxsa vardın ellərinə
Cavan xoş gəldin, xoş gəldin.
Asdan şah:
Ərşə çıxıb dud ahım
Sənsən mənim qibləgahım
Təqsirkaram var günahım
Ay qız, yarın mən döyüləm.
Hurinnisa:
Çağırıram mihri-mahımı
Səvərəm qibləgahımı
Axtarıram İbrahimi
Cavan, xoş gəldin, xoş gəldin.
Asdan şah:
Qaşların qibləgahdı
Mən çəkdim dərddi ahdı
Yarın Bibahatda şahdı
Ay qız, yarın mən döyüləm.
Hurinnisa:
Hurinnisayam çoxdur işim
Axır gözdən qan yaşım
Həm qayınım, həm qardaşım,
Cavan, xoş gəldin, xoş gəldin.
Asdan şah:
Asdan şaham, vardı gücüm,
Belimdə əgri qılıcım
Həmi yengəm, həmi bacım
Ay qız, yarın mən döyüləm.
Sözləri tamama yetirdilər. Asdan şah qardaşının və özünün başına gələn qəza və qədəri sinəyi tarnan dedigi kimi dil ilə də Hurinnisaya nağıl etdi.
Qız Asdan şahdan çox xecalət çəkdi. Ərz etdi:
– Ey şahzadə qayınım, məni bağışla əvvəldən səni tanımadım. Yanında nalayıq sözdər danışdım.
Hurinnisa şahzadaya dedi:
– Məni İbrahimin yanına aparmaq üçün çox zəhmətlər çekib, bu minnəti mənim boynuma qoymusuz. Get atamın yanına, mən də qul qarabaş ilə gəlirəm.
Asdan şah qoşunu ilə Fətəli şahın bargahına getdilər. Fətəli şah əhvalatdan bərxurd olduqdan sonra bunları pişvaz edib otaqlarda oturtdular. Məclis arəstə oldu. Saqilər gəlib əhl məclisə xurd-xorək və badə verdilər.
Məclis əhli yəmək-içməkdən farig olandan sonra vəzir, vəkil, Fətəli şah və Asdan şah bir otağa çəkilib, söhbətə başdadılar.
Asdan şah uzaqdan söhbətə başdayıb, axırda qardaşı İbrahimin Hurinnisaya aşiq olmağını, onun yolunda nə bəlalar çəkdiyini və indi də eşq ucundan həlak olmağını söylədi.
Hələ Asdan şah sözünü qurtarmamışdı ki, Hurinnisa qul qarabaş ilə məclisə varid oldu. Şah öladını pişvaz edib, məclisin bir tərəfində oturmağa izin verdi.
Fətəli şah Asdanın İbrahim Hurinnisaya aşiq olmaq sözünü eşidib, yüzünü qızına dutdu:
– Ey qızım, söylə görüm, sən də İbrahimə aşiq olub, onu səvirsən.
– Bizim eşqimiz indi dögül, üç il doqquz aydır ki, bu eşqə mübtəlayam.
Fətəli şah qızın alnını öpdü və elin adəti üzrə kəbinini İbrahimə kəsdirdi.
Əhli-məclis bu iki aşığın ağaları əlindən badə içdigini, üç ilə doqquz ay biri-birini söydüklərini bilib hər ikisinə dua və səna etdilər. Toylarını mübarək bad edib öylərinə dağıldılar.
Asdan şah bir neçə gün mehman qaldıqdan sonra gətməyə şahdan izin aldı. Fətəli şah höküm etdi.
Zərrin kecavələr tərtib olunub qızı Hurinnisa özünə yeddi qələm ilə zinət verib, başında qırx kəniz haman kecavələrdə qərar tutdu.
Fətəli şah qızına hesabsız cehiz verdi. Yüzündən-gözündən öpdü.
– Qızım, nişanlın ilə boya-başa çıxasan.
Asdan şah irəli yeriyib Fətəli şah ilə qol-boyun oldu, halallaşdığdan sonra höküm etdi, kecavələr və qoşun Bibahat vilayətinə yola düşdülər.
Bu besat ilə şəhərlərdə qonaq qala-qala xuraman-xuraman Bibahat şəhərinə yaxınlaşdılar. Asdan şah bir neçə köhlən atlı muşduluqçu İbrahimin yanına göndərdi. Muşduluqçular atları qamçılayıb, İbrahimə yetişdilər. Asdan şahın Hurinnisanı götürüb gəlmək xəbərini yetirdilər.
İbrahim nişanlısının və qardaşının gəlməgini eşidib, bir güldən min gülə açıldı. Vəzir, vüzəra, əyan və əşrafını başına yığdı. Bibahat şəhərin başdan-ayağa əlvan çiçəklər ilə bəzətdirdi. Vəzir, vəkil, əyan, əşraf və pəhlivanlar ilə atlara suvar olub, pişvaza çıxdılar.
Hamısı şahzada ilə görüşdülər. Şahzada İbrahim özünü nişanlısı Hurinnisaya yetirdi. Biri-birini ağuşa çəkib, görüşdülər. Bütün Bibahat əhli bir elə şadlıq bərpa etdilər ki, gögdə məlaikələr, ərşin qapılarını açıb tamaşaya başlamışdılar. Bu calal və şökət ilə şad -xürrəm şəhərə daxil oldular.
Asdan şah qardaşı İbrahimin yüzündən və gözündən öpüb dedi: Ey gözüm qardaş izin ver bu Bibahat şəhərində sana bir toy əkim ki, cahanda görülməmiş ola.
– Qardaş əziz olasan, bi qərib vilayətdə mana toy etmək lazım dəyil, çünki atamız Zülal şah indi vətənimiz Kilatda tutduğundan peşiman olub, biz cavan balalarının yolunu gözləyir. Mənə toy etmək və ağ günlərlə yaşatmaq istəyirsənsə bu toyu Kilatda et.
Bir gün Asdan şah şahanə libas geyib bir neçə qəvi pəhlivanlar ilə şəhərdə gəzərkən qəsirdə bir qız gördü ki, az qaldı eqli başından çıxsın. Qız nə qız, qəddi qaməti sərv ağacı, qaşları kaman, hər dərdə dərman, bir huri qılman, on dört hörük saçı gərdanına tökülüb, gözləri qosu qəzəh, ləbləri piyala, ruyi rüxsarı gün təki şölə verir. Mərmər sinəsinin üstündə gül pirhən içərində bir cift nar məməsi baş vermiş, barmaqlarında mirvarid qaşlı zəbərcəd yüzüklər, qulaqlarında tanalar, qollarında bilərziklər var, əndamı zər-ziba ilə bəzənmiş bir xoş baxışlı candır. Dəryalar mürəkkəb, meşələr qələm olsa onun gözəlliyini vəsfə çəkmək olmaz. Mah camalına bir baxan bir də baxmaq istəyir. Şahzada bir bələ cananı görüb dil əldən verdi, eşqə giriftar oldu. Yanındakı pəhlivanlardan xəbər aldı ki:
– Bu qız hansı bağçanın bülbülü və hansı bağın gülüdür.
Pəhlivanlar ərz etdilər ki:
Şah sağ olsun, bu sizin vəziriniz Seyr Sübhanın qızı Bədricahan xanımdır. Gözəllikdə bunun misli Bibahat mülkində ola bilməz. Bu şəhərə şah olmazdan neçə şahlar bu qıza elçi göndəriblər, qız razı olmadığından atası verməyib, ancaq siz bura şah olandan camaət elə güman edir ki, siz onu almaq istəyirsiniz. Şahın möhübbəti qıza daha da artdı. Eşq dəryasına qərq olmuş bir halda bargahına qayıtdı. Şahzada İbrahim Səkinə və Hurinnisa xanım ilə söhbətdən fariq olub qardaşının bargahına gəldiydə gördü ki, Asdan şah məyus, məlul və didəgiryan oturub, İbrahim ayağına düşüb dedi:
– Qardaş, nə dərdin varsa mana bəyan et, ya bu canımdan keçim və ya o dərdinə əlac edim.
Asdan şah Seyr Sübhan vəzirin qızı Bədricahan xanıma məftun olmağını ona söylədi.
Şahzada İbrahim Seyr Sübhan vəziri tapub, əhvalatı ona açdı. Seyr Sübhan can-baş ilə razı oldu. Bədricahan xanıma əhvalatı söylədiydə o da razı oldu. İbrahim şəhəri əlvan-əlvan bəzətdi. Yeddi gün, yeddi gecə toy vurub əyan, əşrafnan Bədricahan xanımın kəbinin Asdan şaha kəsdirib, mübarək bad ilə əl-ələ tapşırdılar.
Şahzadalar altı ay həm camaət işi ilə, həm də nazəninlər ilə iş-işrətə və söhbətə məşğul oldular. Altı aydan sonra Bibahat əhlinin razılığı ilə Seyr Sübhan vəziri Bibahata şah tikdilər. Onu təxt səltənət bərqərar etdiydən sonra halallaşdılar. Özləri də süvarı və piyada qoşun götürüb, şahanə libas ilə bəzənib nazəninlər ilə kecavələrdə Kilat şəhərinə yola düşdülər. Mənzil- bə-mənzil, teyyi mənazil, xəbər verdilər ki, şah sağ olsun İbrahim və Asdan başlarında dərələrdə sel kimi, təpələrdə yel kimi badeyi sərsər kimi xuraman-xuraman çəmən gahları, xoş safalı şəhərləri seyr edə-edə Kilat şəhərinə yetişdilər. Zülal şaha xəbər verdilər ki, şah sağ olsun İbrahim və Asdan başlarında bir hesab qoşun və kecavələrdə nazəninlər budur şəhərə daxil oldular.
Şah muşduluqçuya ənam verdi. Özü də höküm etdi, Kilat şəhərini laləzar kimi bəzədilər. Şəhər bəzəndiydən sonra şah, vəzir, vəkil ilə şahzadaları pişvaza çıxıb, oğlanlarını və gəlinlərini bir can kimi bağrına basıb görüşdü. Vəzir, vəkil və əhl şəhər də gəlib, bir-bir şahzadalar ilə görüşdülər.
Bir gün şahzadalar atalarına ərz etdilər.
– Bizim nahaqdan sürgün olmağımıza səbəb olan analığı sən saxlasan onda biznən səninki tutmayacaq.
– Balalarım, amandı, məndən yuz döndərməyin mən o çəpəl arvadın böhtanına görə sizi sürgün etdim.
Şahzada İbrahim qəfil irəli durub:
– Babacan, öldürmək üçün o arvadın ixtiyarını biz iki qardaşa verirsənmi:
– Bəli, verdim, nə cür öldürürsəniz öldürün.
Şahzadalar atalarından bu sözü eşidib çox şad oldular. Bir xam qatır hazır etdilər. O çəpəli haman qatırın quyruğuna bağlayıb Kilat əhlinin gözünün qabağında qatırı şəhərə buraxdılar. Qatır şillax ata-ata arvadı, daşlar üstündə o qədər yerə vurdu ki, var əndami tikə-tikə olub daşların üstündə qaldı. Cəhənnəmə vasil oldu.
Kilat əhlindən atalarına bir əsil arvad aldılar.
Zülal şah bir böyük məclis bərpa etdirdi. Kilat əhlini o məclisə yığdırıb:
– Ay camaat mən qocaldığıma görə oğlanlarımın birini özünüzə şahlığa qəbul edin.
– Şah sağ olsun, oğlanlarının hər ikisi şahlığa qabıldır. Hansını şah tikək.
– Böyük Asdanı özünüzə şah tikin.
Asdan şahı şahanə libası ilə bəzəyib zərrin tacı başına qoydular. Təxt səltənətdə bərqərar etdilər. Kilat şəhərini löyün- bə-löyün xalı, zililər ilə bəzəyib qırx gün, qırx gecə toydan sonra Hurinnisanın, Səkinənin əlini şahzada İbrahima və Bədricahan xanımın əlini də Asdan şahın əlinə tapşırdılar.
Şahzadalar o gündən camaat ilə yaxşı rəftar edib, adilanə divanlıq etmək ilə bərabər başlarını yüz min balalara salan və neçə illərnən eşq oduna yandırıb diyar-bə-diyar gəzdirən nazənin ilə cah-calal və var dövlət içində qırmızı günlər keçirib ömür sürməgə başladılar.
Ustadlar şahzada İbrahimin və Asdan şahın toyunu bu dillər ilə nəzmə çəkirlər.
Gözəl sənin məmələrin,
Mən bilmirəm nəyə bənzər.
Canım alır qəmzələrin
Çatma qaşın yaya bənzər.
Qara xallar qoşa-qoşa
Hüsnün tək olmaz tamaşa
Bəzənibsən al, qumaşa
Süzüşün ceyrana bənzər.
Küləcə zərdən zibadan
Xələtin xara dibadan,
Seçilmirsən tous, qubadan
Baxışın terlanə bənzər.
Biri “min”di, biri “cim”di
Oları xəlq edən kimdi
Biri sabah doğan gündü
Biri axşam aya bənzər.
Cahallar çekdiyi ahdı
Biri təxt üstündə şahdı
Biri də ərşdəki mahdı
Biri dan yıldızına bənzər.
Biri “al xatun” almas
Biri Şirvan şamaması
Biri Hindistan xurması
Biri şirin nara bənzər.
Təxt üstə bir cüt əgləşən
Tuti kimi boş danışan
Aşıqlar görcək pərişan
Bir düşmə tağa bənzər.
Ay xocalar dad qazılar
Bu gəlin insandı nədi
Titrəşir əndamı
Huriyi qılmandı nədi.
Çox sığal verib, özünə
Dərdlərə dərmandı nədi
Açılıb ay qabağı
Tac zər əfşandı nədi.
Zülüfləri ağ üzündə
Bilməm gül rəyhandı nədi
Əgləşib təxt üstündə
Ədavət divanı nədi.
Müjganı bir-bir ox atır
Çilləli kamandı nədi
Bu surətdə insan olmaz
Qətlimə fərmandı nədi.
Qıya baxır canım alır
Cisim dinim, imanım alır
Kirpik, ləşdər qəlbim alır
Mısırdə soltandı nədi.
Zənixtanın dört tərəfin
Tamam qoşa xal elədin
Ləblərindi şəhdi şəkər
Dodaqların bal elədin.
“Gögçeli aşıq Musanı”
Dərdindən abdal elədin
Mayilinəm oldum zayil
Qəmzələrin qandı nədi.
Dostları ilə paylaş: |