Moğum şah:
Başına döndüyüm gül üzdü ana
Od canımda yana-yana gedərəm
Çağırıf xudanı düşüm yollara
Sığınıf o qadir sübhana gedərəm.
Sənəm xanım:
Başına döndüyüm gül üzdü oğul
Aparıf canımı yarı güdərsən
Çağırdın Allahı, düşdün yollara
Sana köməy olsun tanrı gedərsən.
Moğum şah:
Şirindi söhbəti, şirindi sözü
Qələm qaşı altınnan aladı gözü,
Xanbalıx şəhərində Xamuy xan qızı
Gülşat deyif o canana gedərəm.
Sənəm xanım:
Kavavi əksik etməzdər közdən
Hax səni saxlasın bədnəzər gözdən
Özünü saxla, hayasız üzdən
Götü namus, qıryat, arı gedərsən.
Moğum şah:
Ağlama-ağlama ay şax duxtər
Ağılımı apardı gözdəri xumar
Moğum şaham həlvət mətləbim var
Nə dəliyəm, nə divana gedərəm.
Sənəm xanım:
Sənəməm canımı oda yaxmaxdan
Ağ əllərə qızıl üzük taxmaxdan,
Ağlıyıf-ağlıyıf yollarına baxmaxdan
Nə salıf canıma ah-zarı gedərsən.
Ana və oğul sözdərini tamam eləyənnən sonra Moğum şahın atası, anası və qohum-ağravası hərçi ona yalvardılar ki, bu fikirdən əl götür, başa gəlmədi. Axırda Moğul şah gedəsi oldu. O uşax olduğunnan əmisi oğlu Moğul şah Məhəmmədnən baravar ata-anası, qohum-ağravasınnan görüşüf, halallaşıf Xanbalığa getməkdə olsun, gəl sana Xanbalıxda Gülşatdan xavar verim.
Gülşat bir gün röyada yatarkən ağasının əlinnən bada içif Moğum şaha aşıq oldu. O Moğum şahın həsrətinnən dəli-divana olmuşdu. Atası-anası halı belə görüf, onu qırx qıznan Xanbalığın qırağında olan “Qonça bağı”na seyrə apardılar ki, bəlkə aynı-şaynı açılsın. Gülşat xanım qırx qıznan bağda seyr etdiyi vaxt o yannan “Cadı şəhərində” Mustafa xanın oğlu Mahmud xan qırx günün seyrinə çıxmışdı. Qazadan güzarı bu bağa düşdü. O Gülşatı görüf bir gönüldən min gönülə aşıq oldu. Ona görə bir təhər yıxıla-yıxıla Cadı şəhərinə gəlif əhvalatı atasına söylədi.
Atası oğlunnan bu sözü eşitcək özü qıza elçi gəldi. Xamuy xan, Mustafa xan dölətdi bir xan olduğunnan cannan, başnan qızını danışdırmazdan həyəsini verdi. Ona görə Mustafa xan calal şökətnən Gülşata toy eyliyif aparası oldu. Bu zaman qız Moğum şahı söydüyünnən Mahmud xana getmədigini bildirif:
– Hərgah zornan məni Mahmud xana versəniz özümü öldürəjəm. Biçara Gülşat onu gözdüyürdü ki, zornan verəndə başını bəzəyən zaman zəhər içif ölə, ona görə hər kim başını bəzəmək istəyəndə qoymurdu.
Gülşat belə bilhal dərd və qəm içində yanında qul, baravar öyündə oturuf yola baxanda nə gördü, bir dəs layış gedir. Qızdarı göndərif oları əyləndirdiydə bular el gəzər. Bir nama verrəm, bəlkə Moğum şaha yetirələr. Qızdar layışdarı öyləndirəndə Gülşat onların yanına gedif:
– Layış qardaşdar, bir nama yazsam Moğul şaha verərsinizmi?
– Xanım, hərgah görsək can, başnan verrik.
Gülşat layışdarı xoş sufat görüf bu dillərnən nama yazıf Moğum şaha göndərir:
Dostları ilə paylaş: |