XƏDDİXUMARIN NAĞILI
Zəhra Alı qızı
Qazax- 1927
Vahat şenniyində ayı, günü keçmiş bir qoja kişi var imiş. Bu qoja kişinin böyügü Gülxar, ortancısı Ülkər, kiçigi Dursun addı üç qızı varmış. Qızdarın içində Dursun qənirsiz gözəl imiş. Qoja kişinin peşəsi dilənçilik olduğunnan qapı-qapı dilənif un, dən yığıf qızdarını saxlayırdı. Gülxarnan Ülkər ataları dilənif gətirdiyinnən əllərinə düşən unu əppək bişirif, dəni də qorğa qoruf yeyərlərdi. Əmbə Dursun ağıllı fərasətli olub gələjək günnərini düşündüyünnən əlinə düşən unu çörək bişirif çörək dəni də yığıf saxlardı. Dursun az yığıb faxırda bir toxumluq düzəltdi. Ona görə də atasına dedi:
– Atacan, gələcəgimiz üçün çörək olmaxdan ötrü bunu bir yerə səpək.
Dursun yığdığı bir qırıx buğdayı qoja kişi öylərinin yaxınlığındakı bir yerə səpdi. Az keçdi, çox keçdi, Dursun dedi:
– Ay dədə, taxılın su vaxtıdı.
Qoja kişi taxılın su vaxtı olduğunnan su bağlamaq üçün taxılın yanına gedəndə gördü ki, sulanıb və qajı qulağı doğranaxlı bildə göy taxılın içinə sancıldı. Qoja kişi təəccüflənə-təəccüflənə öyə gəlif, əhvalatı qızdarına söylədi.
Dursun bu təəccüflü əhvalatı dədəsindən eşidif dedi:
– Ay dədə, heç fikirləşmə, qoy görək axırı nejə olajaq.
Bu vaxtdan az keçdi, çox keçdi, taxılın biçin zamanı oldu. Gənə Dursun dedi:
– Ay dədə, neyə durursan taxılımızın biçin vaxdı yetişif.
Qoja kişi orağı götürüf taxılın yanına gedəndə nə gördü taxıl biçilif, zil dözəm pəncəyə vuruluf, orada üstünə sancılıf, əmbə heç kəs yoxdur. Yazıx qoja təəccüflənif həm də şaddanıf öyə gəldi. Əhvalatı olduğu kibi qızdarına söylədi. Dursun atasınnan bu sözü eşidif, dedi:
– Ay dədə, Allah əlsiz-ayaqsızdarın ruzusunu belə yetirər.
Arvadını qoş get qapımıza gətir. Qoja kişi söyünə-söyünə taxılı qapıya daşımaxdan ötrü aravanı sazdamaxda olsun, gəl sana Xəddixumardan xavar verim.
Döylər mahalında Balxı addı bir döy qarısı var idi. Balxı qarının da bir qızı var idi ki, görən gözdərin yumuf qaçardı. Balxı qarının Xəddixumar addı bajısı oğlu bir gözəl idi ki, görən deyirdi nə öleydi bunu bir də görəydim. Xəddixumarın könülsüz olmasına baxmıyıf o o adama oxşamaz qızını Xəddixumara nişan taxdı.
Xəddixumar sehirnən hər dona girməyi başardığınnan bir şahmar donuna girif hər mahalı dolana-dolana gönlü tutan qız axtarırdı. Qəzadan gezə-gezə gəlif Dursungilin qapısına çıxdı. Bu zaman bir daldıya girif övün qapısına tamaşa etdi ki: bəlkə rast gələ onun könlü tutan qız bu övdə ola. Çünki kasıvın qızı göyçəy olsa da atası kasıf olduğunnan pisdi, deyif almırlar.
Xəddixumar bu fikirdə ikən Dursun qapıyı açıf eşiyə çıxdı. Oğlan nə gördü, bu qızın eyni-başı cırıx cındırdısa da əmbə özü bir gözəldi ki, bir qənir üzünə baxmaq olmur. Az qalır adam yarıf örəyinə qoya. Xəddixumarın könlü Dursunu tutduxunnan dedi:
– Gərək bir az vaxta kimi bu qızı belə pis günnən qurtarıf başdan-ayağa al qumaşa tutuf özümə sirdaş elləyəm.
Xəddixumar bu sözdən sonra Dursungilin övünnən bir az aralı heş kəs bilməmək şərti ilə sehrnən çölvirnən baravar, əmbə için yeddi mərtəvə bir imarət əmələ gətirdi. Və hər yannan olur-olsun bu övü kilim, gəbə və zili xalıynan başa-baş döşüyüf həm Dursunnan ötrü aldan şaldan yeddi dəs paltar, həm də ayağı yerdə, baş gərəndə yorğan-döşək düzəltdi. Xəddixumar bu dəm dəzgahı düzəldənnən sonra gejələr öydə yatardı. Gündüzdər də ilan donunda Dursungilin qapısında oların nejə dolanmasına və nə işlə məşğul olmasına qulaq asardı. Gənə o təərnən bir gün gəlif qapıda dolanırdı. Gördü ki, Dursun atasına buğda toxumu verif deyir:
– Ay dədə, apar bunu yerə səp, bəlkə gələjəyimiz üçün bir peşqurtux ola.
Bu sözü eşidən Xəddixumar qoja kişi toxumu götürüf övlərinin yaxınlığında olan yerə səpbeyə gedərkən o da onnan gedif o yeri manşırradı. Və o günnən taxılın su vaxtı olanda suladı. Biçin vaxtı olanda biçif pəncəyə vurduxdan sora pəncənin arasına girif gözdüyürdü ki, havax qoja kişi gəlif taxılı aparanda qızını istəyərəm, hərgah verdi-verdi vermədi onu tas-tas edif qızı aparram. Xəddixumar bu fikirdə ikən qoja kişi hu-hu-hu-ha-hu aravayı pəncənin yanına sürüf dərzi götürüf aravaya doldurmaq istədiydə Xəddixumar dedi:
– Ay kişi, yeyəsinnən izin almamış, taxılı harya aparırsan. Onu bil ki, sənnən bir şey isdəyəjəm, hərgah verdin onda taxıl da sənindi, canın da. Yox verməsən həm taxılı verməyəjəm, həm də özümü öldürəjəm.
Qoja şahmarı görcək qorxusunnan dili tutuldu. Bir az vaxtdan sonra dili açılıf qorxa-qorxa dedi:
– “Canım sana fəda olsun, mənnən nə isdeyirsən, hər nə istəyirsən işdə can-başnan yerinə yetirim.
Xəddixumar dedi:
– Sözün qurtaranı, isdeyirsən canın mənim əlimnən salamat qurtara, kiçik qızını mana ver. Qoja canının qorxusunnan övə gedif əhvalatı qızdarına söylədi və dedi: A qızdarım, Xəddixumar hansınız göyçəksinizsə onu alajax. Bana görə Dursun çox gözəldi. Övdə qalsın. Gülxarı aparım. Bəlkə çirkin olduğunnan gönlü tutmuyuf, gedə bizim də canımız qurtara. Qızdar atalarının tədvirinə razı oldular. Qoja kişi Gülxarı yanına salıf Xəddixumarın yanına gəlif dedi: – Bu mənim qızım, harya aparırsan apar.
Gülxar onun sövdüyü qız olmadığınnan qojanın üsdə hirsdənif dedi:
– Bu mənim dediyim qız döy.
Qoja qorxuf Gülxarnan övə gəldi.
Bu dəfə Ülkəri Xəddixumarın yanına apardı. Dursun olmadığınnan Xəddixumar munu da bəgənmiyif and içdi ki, hərgah Dursunu getirməsən, səni həlak edəjəm. Qoja kişi axırda naəlac qalıf Dursunun başını, üzünü kömürnən qaraldıf bir bədheybət halda Xəddixumarın yanına apardı. Xəddixumar həmən gönlü tutduğu bu qız olduğu üçün dedi:
– Ay qoja, mən deyən bu qızdı. İndi sən taxılını apara bilərsən, mən də sirdaşımı.
Qoja şahmarın qorxusunnan aravayı dolduruf öyə gəldi və əhvalatı qızdarına söylədi. Gülxarnan Ülkər Allaha təvəkkül edif taxıllarını döyüf qış azuqələrini hazırladıxlarınnan aldıxdan asuda idilər. Əmbə hamısı Dursunun nejə olmasınnan nejəran idilər.
O yannan Xəddixumar qıza dedi:
– Dursun yolnan, mən də kolnan hayana getsəm, mənnən aralanma.
Dursun qorxusunnan naəlac razı oldu. Munnan sonra Xəddixumar kolnan, Dursun da yolnan o qədər getdilər ki, axırda Xəddixumarın imarətinə çatdılar. Bu zaman Xəddixumar bir balaja qapıdan içəri girdi. Dursun da bir təhər içəri girdi. Nə gördü, həmən ilan imarətə girən kimi ilan donunu çıxardıf yuxarıdan asdı, bir dəst bəni adam paltarı geyindi.
Dursun bir belə sirri və bir belə yeddi mərtəvə imaratı görüb mat qalmışdı ki, Xəddixumar üzünü Dursuna tutuf dedi:
– Ay gözümün ilk oyu və gönlümün ilk söygüsü, neyə mat qalıfsan?
Qulaq as, səni bu sirdən xavardar edim. Xəddixumar əhvalatı başdan-ayağa kimi Dursuna nağıl eylədi.
Dursun Xəddixumarın munu belə söyləməsini bilif ölənə kimi onnan ömür sürməsini söylədi. Xəddixumar Dursunnan bu sözü eşidif söyünə-söyünə dedi:
– Dursun, hayıf ki, indilərdə toy edif, sənnən keyfə-damağa məşğul olmuyacam. Çünki, mənim bir uzax səfərim var. Gərək əvvəl o səfərə gedim, sonra gələndə özümə toy edim. Dursun nə qədər səfərini xavar aldı, Xəddixumar demiyif səfərə hazırlandı. Qıznan halallaşarkən dedi: Mən gedirəm, əmbə mənim bu ilan donumu yaxşı gözdərsən, onda gələrəm. İşdi şər deməsən, xeyir gəlməz, hərgah don tələf olsa mən gəlmiyəjəm. Ona görə al bu üzüyü və ayağına dəmirdən çarıx gey, əlinə də dəmir əsa al, gəzə-gəzə mənim dalımca gəl. Bəlkə, baxtın yar ola, gəlif tapasan.
Xəddixumar donu qıza tafşırdıxdan sonra yola düşdü, az gedif, çox gedif, həmən döylər mahalında Balxı xalasının öyünə yetişdi. Balxı qarı Xəddixumarın səfərdən belə gej gəldiyi üçün çoxlu danlıyıf qızına toy tədarükünə başladı. Bu annan Dursun Xəddixumar gedənnən sonra atasıgilə gəlif, əhvalatı atasına və bacılarına söylədi. Dursun burda aj qalmaxdan bir şey çıxmaz, mən də övümüzdə təkəm, gəlin bizə gedək. Orda yemək, geymək çox bol olmasını onlara bəyan eylədi.
Dursunun bu sözünə hamısı razı oldu və onnan baravar onun övünə köçdülər. Dursunun qoja dədəsi və üç bajısı bu imarətdə gözəl dolanırdılar.
Günlərin bir günü Dursun övdə olmayan zaman Gülxarnan Ülkərin gözü Xəddixumarın ilan donuna sataşdı, görəsən bu ilan donu nədi.
Yəqin ki, bu imaratda ilan var. Özü çıxıf geduf, qavığı qalıf. Bu baxtı qaralar bir-birinə kef verif donu ojağa atıf yandırdılar. Bu əsnada Dursun içəri girif nə gördü, iş işdən keçif. Xəddixumarın donunu bacıları yandırıflar.
Dursun başına-gözünə döyüf, ağlaya-ağlaya ayağına dəmirdən çarıx geyif, əlinə dəmirdən hasa alıf el-bə-el Xəddixumarı gəzməyə başladı. Dursun gejə və gündüz gəzə-gəzə gəlif Balxı qarının evinin yanında olan bir bulağın başında oturdu ki, həm su içə, həm də dincələ.
Bu zaman su aparmaq üçün əlində afdafa bir qız bulağa gəldi. Dursun o qızdan xavar aldı ki, bu suyu kimə aparırsan və özün də kimin qızısan.
O qız əhvalatı Dursuna söyləməklə baravar dedi:
– Bu suyu da Xəddixumara aparıram.
Dursun Xəddixumarın adını eşidəndə o qızdan su içmək bahanasınnan afdafanı aldı və Xəddixumarın ona yadigar verdiyi üzuyu afdafaya saldı. Balxının qızı suyu Xəddixumara verdiydə Xəddixumar su içən yerdə gördü ki, afdafada bir üzük var. Üzügü alıf baxanda öz verdiyi üzük olduğunu gördü.
Bu zaman tez Dursunun yanına gəlif görüşdü və dedi:
– A canımın yarısı mən sana demədimmi mənim donumu yandırma, əgər yandırsan gəlmiyəjəm.
Dursun gözünün yaşın töküf cavab verdi ki: – Allah bajılarımın baxtını qara eyləsin.
Xəddixumarnan Dursun bir az söhbət eylədiydən sonra oğlan buranın hər bir əhvalatını qıza nağıl eylədi və dedi: Qorxma, çox keçməz buları analı-balalı qırıf canımızı qurtarrıx. Onnan sonra övümüzə gedərik. Xəddixumar bir sehr oxuyuf Dursunu bir qolbeçə donuna saldı. Özünnən gətirif Balxı qarının yanına gəldi və ona dedi: Ay xala, bir qolbeçəni yoldan tapdım. Qoy buradaja əldə-ayaxda qullux eləsin. Balxı biiman cavab verdi ki, Ay xəddixumar, olma bu sənin əməlindir. Xəddixumar ərz eylədi: – Yox, yox xala, xalalarımın goru haqqı əməl döyül.
Balxı qarı əməl olduğunu bildisə də naəlac razı oldu. Bu vaxdan az keşdi, çox keşdi Balxı qarı qızının toyunu başdadı. Qızının toyu üçün odun getirməyi Dursuna havala eylədi. Dursun bikef Xəddixumarın yanına gəlif əhvalatı ona söylədi. Xəddixumar dedi: Bu çətin iş deyil. Mən sehir oxuyaram, sən meşəyə gedif deyinən “yarılın odunnar, Xəddixumarın toyudu”.
Onda nə qədər odun lazım olsa, hazır olar. Aravalarını dolduruf evə gələrsən.
Dursun oradan evə gəlif aravalarını meşəyə sürdü. Xəddixumarın dediyi kimi söyləyəndə odunnar hazır oldu. Bu zaman Dursun söyünə-söyünə aravaları dolduruf qapıya getdi. Balxı qarı gördü ki, Dursun o qədər odun gətirif ki, nə indi bəni adam belə döylər də bir bajaramazdar. Ona görə bildi ki. bu iş Xəddixumarın işidi.
Balxı qarı genə Dursuna dedi ki, qızımın cehizinnən ötrü quş tükü lazımdı. Gərək hardan olsa tapıf gətirəsən. Dursun daha da bikef Xəddixumarın yanına gəlif Balxının tapşırığını ona söylədi. Xəddixumar gülüf dedi:
Munnan hasand nə iş ola bilər. Sən aravalarnan quşdar dərəsinə get orda deyinə:
Tük tökün, tük tökün
Xəddixumarın toyudu.
Onda quşdar tükünü tökər, sən də aravanı dolduruf getirərsən.
Dursun Xəddixumarın tədviri üzrə quşdar dərəsinə gedif Xəddixumar dediyi kimi söyləyəndə quşdar tüklərini tökdülər. Bu zaman aravaları dolduruf Balxı qarıya gətirdi. Balxı qarı gənə bildi ki, bu iş Xəddixumarın işidi. Ancaq üsdünü vurmadı. Dursuna dedi çox gözəl, indi qızımın toyu üçün döylər tilsimində olan dödüyümnən ötrü getməlisən. Dursun gənə Xəddixumarın yanına gəlif əhvalatı söylədi. Xəddixumar dedi: Əgər bu qoxulu işdisə də mən fəndini bilirəm. Sən bir qav darı götürüf yola düşərsən. Az gedif, çox gedif, həmən döylərin tilsiminə yetişərsən. Orda doduyə keşik çəkənnər hamısı heyvanlardı və qapılardı. Əmbə döylər onnara yaxşı qulaq asarlar. Sən heyvannara yetişən kimi atın qavağında sümük, itin qavağında ot görərsən, otu götürüf atın, sümüğü isə itin qavağına qoy, ordan bir gedəndə tilsimin qapısında bir xoruz görərsən. Həmən özünnən götürdüyün darını o xoruzun qavağına tök. O ha eyliyif darıyı dənnəyənə kimi sən tez açıx qapıyı ört, örtülü qapını aç, tilsimə daxil ol. Onda qara taxt üstündə mərmər hazar peşə görərsən. Hazar peşəyi açıf içinnən düdüyü götürüf yola düş. Sən bu işi görənə kimi xoruz darıyı qurtarıf manlıyar. Onda döylər oyanıf deyəllər: “A, açıx qapı tut, qapı deyər: siz məni o qədər açıx saxlamışdınız ki, yel qoz əfərdəmi kesmişdi, o məni örtdü. A örtülü qapı tut, qapı deyər: siz məni həmişə örtülü saxlayırdınız o aşdı, mənə yel qoz dəyir yənə tuturam”. A, at tut, a it tut, at deyər “siz mənim qavağıma sümük qoymuşdunuz, o ot qoydu”, it deyər “siz mənim qavağıma ot qoymuşdunuz o sümük qoydu nejə tuturux”. Axırda heç biri tutmaz sağ-salamat düdüyü götürüf Balxı qarıya gətirərsən. Dursun Xəddixumarın tədvirinnən tilsimə tərəf yola düşdü. Biçara Dursun təpələrdə yel kimi, dərələrdə sel kimi, badeyin sərsər kimi höyüş yerdə çapbur-çupbur, quru yerdə tapbur-tupbur gəlif tilsimə yetirdi. Bu zaman Xəddixumarın örgətdiyi kimi eyliyif düdüyü götürüf Balxı qarıya verdi. Balxı qarı bir belə gedər-gəlməz tilsimnən düdüyün gəlməsini görəndə yəqin eylədi ki, bu işi Xəddixumardan savayı heç kəs görə bilməz. O biiman o günnən daha da Dursunun ölümünə çalışmağa başdadı. Ona görə onu yanına çağırıf dedi: – İndi qızımın toyuna lazım olan şeylər hazırdı. Odur ki, gərək bütün sərdəni sulamaq və süpürmək. Bu gün sərdəni nə təhər olur-olsun göz yaşınnan suluyuf, saçınnan süpürərsən. Hərgah suluyuf süpürməsən çoxdandı dilimə bəni insan əti dəymir. And olsun bajılarımın goruna səni kabaf çəkəjəm.
Dursun qorxusunnan bir söz demiyif həmişəki kimi gənə də Xəddixumarın yanına ağlıya-ağlıya əhvalatı ona nağıl eylədi. Xəddixumar dedi: – Ay canımın yarısı. Qorxma vaxt azalıf, səni bu zülümnən çox keçməz ki, qurtarajam, mən sehir oxuyaram, sənə sərdənə gedif deyinən:
Yağın, yağışadar, yağın
Əsin yellər əsin
Xəddixumarın toyudu.
Onda bir çisək yağış yağıf sərdəni sular və bir yel əsif təmiz süpürər. Dursun Xəddixumara alqış eyləyə-eyləyə sərdənə gedif onun öyrətdiyi kimi dedi. O zaman sərdəni çisək suladı yel də süpürdü. Dursun şaddanıf Balxı qarının yanına gəlif dedi:
– Ay nənə, buyurduğunuz buyrux hazırdı. Balxı qarı qızının hər şeyi hazır olduğunnan bir safalı toy eyliyif Xəddixumarın gönlü olmadığına baxmıyıf o adətdəri kimi qızın kəvinini ona kəsdirdi.
Xəddixumar qızın yanına gəlməli olanda Dursunu çağırıf dedi:
– Mənim toy imaratımın yanındakı imaratda hafsız ulguş parçaları iynə və duz vardı. Sən əvvala axşam oları qavlara qoy, sonra bir saj və bir tulux su hazırrıyıf o imaratda gedif dur. Mən getmək vaxtı olanda səni çağıraram. Dursun imarata gedif Xəddixumar dediyi şeylərin hamısını hazırrıyıf ordaca oturdu. Bu annan gejədən qədər keçmiş Xəddixumar toy otağına daxil oldu. Və tələsik özünü Balxı qarının qızına yeturuf, belinnən xançalı çəkif qızın başını kəsənnən sonra Dursunun yanına getdi. Səhərnən Dursunun əzəlki donuna saldı və onnan baravar hazırranmış şeyləri götürüb toy otağına gəldilər. Orda sajı ojağa, tuluğu balaya asdılar və tuluğu balaja dəldilər ki, tuluxdan su saja damcıladıxca pıç-pıç eyliyirdi. Xəddixumarnan Dursun qapıyı bağlıyıf Vahata tərəf yola düzəldilər.
Bir yannan savah tezdən Balxı qarı adətdəri kimi qızına və keyunə xorək gətirif toy otağının qapısına gəldi. Qapıdan qulaq asanda pıç-pıç səsini eşidif elə bildi ki, keyunən qızıdı. Ona görə a pıç-pıçnısa qurvan olum. Qapıyı açın, sizə xörək gətirmişəm.
Qarı gördü ki, cavab verən yoxdu. Axırda bajaya çıxıf içəri baxanda nə gördü, lələ köçüf, yurdu ağlıyır.
Tuluxdan su sajın üsdə damcıladıxca pıç-pıç eyliyir.
Balxı halı belə görüf bir təhərnən qapıyı açıf içəri girəndə qızını ölmüş və Xəddixumarnan Dursunu getmiş görəndə bildi ki, qızını öldürən Xəddixumardı. Ona görə yel donuzunu minif qara yel kimi oların iziynən yola düşdü. Az gedif-öz gedif dərə-təpə düz gedif, axırda Xəddixumargilə yaxınlaşdı. Xəddixumar Balxı qarının yaxınnaşdığını görüf o saat yola hədsiz-hesafsız ulguş parçaları, sonra iynə və axırda duz tökdü.
Balxının donuzu yelli gələndə ulguş ayaxlarını doğram-doğram eylədi. Bir az gələndə üsdünnən iynə və onun üsdünnən o yaraların yerinə duz elə doldu ki, daha donuzun getməyə təəri olmadı. O tərəfdən Xəddixumarnan Dursun söyünə-söyünə yolnan tərpəndilər. O qədər gəldilər ki, axırda böyük bir çaya yetişdilər. Xəddixumar sehir oxuyuf hər ikisi sağ-salamat çaydan keşdilər. Bullarnan davan basarax Balxı qarı da çayın qırağına yetişdiydə gördü ki, çaydan keşmək mümkün döyül. Ona görə üzünü Xəddixumara tutuf:
– A... Xəddixumar.... A....Xəddixumar! Xalan sana qurvan, gəl məni də addat.
Xəddixumar hilə yoluynan onun həlak olması üçün dedi:
– “A xala, a xala, o çayın qırağındakı dəyirman daşını boğazına keçir, özünü çaya tolla. Onda bu taya keçə bilərsən, nejə ki, biz də o təərnən keşdik”.
Avam Balxı qarı munun sözünə inanıf dəyirman daşını bağazına keçirif özünü çaya tolladığda düz suyun divinə millənif cəhənnəmə vasil oldu.
Xəddixumarnan Dursun qarının belə kor-koruna həlak olmasını görüf söyünə-söyünə öpüşə-öpüşə yola düşdülər. Gejə-gündüz salıf bir az vaxda Vahata yetişdilər. Burdan da düz evlərinə gəldilər. Bu zaman qoja, Gülxar və Ülkərnən görüşdülər. Xəddixumar yol yorğunnuğunu aldıxdan sonra bir böyük toy büsatı düzəltdi və quşdan, qoyunnan qırıf Vahat əhlini tamamən qonax çağırdı. Vahat əhlinin hamısı Xəddixumarın toyuna yığışdılar.
Xəddixumar özünün və Dursunun başına gələn qəza və qədəri əvvəlindən axırına kimi camahata nağıl eylədi. Vahat əhli bunların bir-birini can dilinən söyləməklərinə və vəfalı çıxıf zəhmət məşəqqətnən bir-birini axdarmaxlarını və başdarı yüz min ölümlü balalar çəkif axırda qoçaxlıxnan döyləri cəhənnəmə vasil edif belə sağ-salamat gəlməklərinə afərin-afərin üstünnən deyif və çığırdılar. Camahat yedilər, işdilər, ağsaqqal qarasaqqal Dursunun kəbinini Xəddixumara kəsif əl-ələ verdiydən sonra “toyunuz mübarək olsun, Allah yıldızınızı barışdırsın, yeddi oğul ata-anası olun, başınız dölətdi, ayağınız sayalı olsun” deyif dağıldılar. Bu yannan Xəddixumar istəklisi Dursunnan var, dölət içində ağ günnərnən ömür sürməyə başdadılar.
Dostları ilə paylaş: |