ŞAH OĞLU ŞAH ABBASIN NAĞILI
Hümmət Əlizadə
Qazax- 1927
Günlərin bir günündə şah oğlu şah Abbas və vəzir Allahverdi xan dərviş libasi giyif “İsfahan” şəhrində dolanırdılar.
O gün şəhərin hər guşəsində axşamadək dolanub axşam olcaq mehman qalmax içun bir evə gəldilər.
Ev sahibi “Qara qul” bunların qabağına çıxdıqda dedilər:
– Qardaş! Olarmı bir gecəliginə bizi Allah qonağı edəsən?...
Qara qul dedi:
– Allaha qurban olum, qonağına da. Niyə qəbul etmərəm. Gəlin evə gedək.
Bunlar qulun sözünə şad olub hər ikisi qara qulun evinə getdilər. O bu dərvişlərə yavan çörək gətirub dedi:
– Ağa dərvişlər! Varını verən utanmaz. Vallah kasıb olmağına görə yavanlığım yoxdur.
Dərvişlər sağ ol, ziyan yoxdur deyub çörəgi yedikdən sonra gəlmiş, keçmişdən bir qədər söhbət edub dedilər:
– Qardaş biz yorğunuq, hərgah mümkün olsa yer sal yataq.
Qara qul yorğan-döşək üçün arvadı Sənəmin yanına gəldikdə nə gördü. İş başqa tördür, Sənəmin vədəsi tamam olduğundan bu gecə bar həmlini yerə qoymaq istəyir. Halı böylə görüb dərvişlərin yanına gəlib dedi:
– Ağa dərvişlər! Allahdan gizlin dögül, sizdən nə gizlin: arvadımın vədəsi tamam olduğundan bu gecə bar həmlini yerə qoymaq istiyir. Hərgah razı olsanız sizin yerinizi həman evin həyətində salaram. Dərvişlər dedilər, çox yaxşı olar. Bu zaman qara qul bunların yerini evin həyətindən saldı. Yer salınan kibi şah Abbas yatdı, amma vəzir Allahverdi xanın yuxusu gəlmədigindən yerin içində oyaq oturdu. Bu yandan gecə yarıdan bir qədər keçmiş Sənəm bar həmlini yerə qoydı. Vəzir Allahverdi xan oyaq oturarkən nə gördü:
Həyətdən bir məlaikə evə girir. Bu məlaikənin qəd-qaməti çinar kibi yeddi bəg Əli barmağı və hər barmağında yeddi bəg qələm vardır.
Vəzir dedi:
– Yəqin bu məlaikə hər nəçi karəsə genə bu həyətdən çıxub gedəcək onda nəçi karə olmasını xəbər alaram. Məlaikə bir az vəqtdə evə daxıl olub işini görcək həyətə çıxdı.
Vəzir bu həyətə çıxan kibi cəld ətəgindən tutub dedi:
– Atam, anam sənə fəda olsun, ya məni öldür və ya inki məni bu sirrdən agah elə, görüm nə içun sizin kibi xoş sima məlaikə bu qara qulun evinə gəlubsiniz? Məlaikə hərçi istədi bu sirri açmayub getsin, vəzir yalvarub yaxardı.
Məlaikənin ona yazığı gəlib dedi:
– Ey vəzir Allahverdi xan, hər gah mənə rast gələn sənin kibi Allahə yaxın mömin adam olmasa idi, bu sirri açmazdım. İndi səni öldurməkdənsə bu sirri açmağım fərzdur:
– Bil və agah ol, mən Allah taala tərəfindən müqərrər edilmiş bir öylə məlaikəyəm ki, hər kim anadan olanda onun başının üstə hazır olub nə tör ömr sürməsini və oğlan, qızların nə noi bir-birinə qismət olmasını onların alnına yazıram. Onu da bil ki, bu yazı qüdrət ilahi tərəfindən “təqdirə tədbir, yazıya pozu olmaz” deyə əmr edilmişdir. Vəzir məlaikədən bu sözü eşidib ərz etdi ki, əda olum mənim xatirim üçün bu qara qulun bu axşam olan öladının yazısını mənə söylə – Məlaikə dedi:
– Qara qulun bu axşam bir oğlan uşağı oldu. Uşağın adı Məhəmməd qoyuldu. Həman Məhəmmədə şah oğlu şah Abbasın qızı “Minəvvəri” yazdım. Məhəmməd Minəvvəri aldıqdan sonra qırmızı günə çatub ta ömrünün axırınadək mal-dölət içində ömr sürəcəkdur. Məlaikə bu sözləri söyləyərək vəzirin o tərəfə baxmasını söylədi. Vəzir o tərəfə baxub dübarə məlaikə olan tərəfə baxdıqda gördü məlaikə yoxdur. Bildi ki, qayibə çəkildi. Bu zaman qüdrət ilahiyə şükr edub yerinə girib yatdı.
Sabah olcaq hər ikisi yuxudan ayılub qara qul ilə görüşdikdən sonra bargaha yüz qoyub bir azdan sonra bargahə yetişdilər. Əginlərindən dərviş libasını çıxarub şah-şahanə və vəzir-vəziranə libas geyinub divanxanədə bərqərar oldular. Şah təxt üstündə şad-xürrəm oturarkən dedi: “Vəzir, bu gecə yatdığımız ev sahibi qara qul da deyir mən də insanəm, ömr sürüb yaşayur. Biz də yaşayırıq.
Vəzir məlaikə şahın qızını qara qulun oğluna yazması yadına düşüb bir bərk qəhqəhə ilə güldü. Şah vəzirin belə gülməsinə qəzəblənub dedi:
– Vəzir! And olsun babamın çıqqasına, hər gah bu gölməgin səbəbini mənə söyləməsən səni həlak etdirərəm.
Vəzir şahın qəzəbindən xoş edub əhvalatı tamamilə şahə söylədi. Şah buyurdu:
– “Vəzir, mən bu yazını elə pozaram ki, heç Allahın da xəbəri olmasın.
Vəzir ərz etdi ki:
– Şah sağ olsun, sən bilirsən, amma unutma ki, “təqdirə tədbir, yazıya pozu olmaz” ona görə də yazını poza bilməyub axırda peşiman olacaqsan.
Şah vəzirin sözündən imtina etməyub buyurdu:
– Bu saət get qara qulu buraya gətir.
Vəzir şahın hökmünə görə qara qulu divanxanədə hazır etdi. Qara qul şahə baş endirib torpağa düşdikdən sonra ərz etdi: atam, anam sana qurban bu kəmtərin bəndənizə nə buyurursunuz. Şah buyurdu ey qara qul eşitmişəm ki, bu gecə sənin Məhəmməd nam bir oğlun olubdur. İndi o mənə lazımdır. Ona görə get arvadınla məsləhətləşdikdən sonra onu mənə gətir. Əvəzində iki yüz qızıl verəcəgəm. – Qara qul “bə çəşm” diyib şahın hizurundan mürəxxəs olub evlərinə gəldi.
Əhvalatı arvadı Sənəmə söylədi. Sənəm ağlayaraq dedi:
– Ay kişi! Mən cəfa çəkib əmələ gətirib bəsləmək istədigim öladı nə tör özgəsinə verim.
Qara qul dedi:
– Arvad, hərgah şahın əmrini yerinə yetirməsək dərhal hər ikimizi həlak etdirər. Ona görə gəl ətəgindən daşı tök. Məhəmmədi şahə vərub iki özü ağırı qızıl alaq. Onu bizə verən qüdrət ilahi genə də verməgə qadirdir.
Sənəm şahın qəzəbindən qorxub naçar razı oldu. Bu zaman qara qul Məhəmmədi götürüb şahın hüzurinə gəldi. Şah qara qula iki uşaq ağırlığında qızıl verub yola saldıqdan sora vəzir Allahverdi xan ilə bahəm dərviş libasi giyinub Məhəmmədi həybədə çigninə alub çöl biyabanə yüz qoydular. O qədər getdilər ki, axırda “Libnan” nam bir qayaya yetişdilər. Şah çıxub bu qayaya baxdıqda gördi ki, o qədər ucadur ki, başından baxanda dibindəki adamı bir çibin böyükligində belə görmək olmayur. Şah Libnan qayasına baxana qədər vəzir Məhəmmədi görəndə tanısın diyə yüzünü aşub diqqət ilə baxdıqda gördu ki, bunun sağ yüzündə bir cüft qara xalı vardı. O, uşağa baxdıqdan sonra gənə yüzünü örtdu. O yandan şah gəlub uşağı götürüb həman qayanın başınə çıxdı. Məhəmmədi o Libnan qayasının başından hicum ilə tullayub dedi: “Vəzir! Gördünmi, mən yazını pozaram?
Vəzir ərz etdi: – Ey şah! Buna pozmaq dəməzlər, sən bu işin axırına bak. Bunlar bir-birilə söhbət edə-edə İsfahanə gəldilər və təxt səltənətdə hər kəs öz işinə məşğul oldu. Bunlar İsfahanda dölət işilə məşğul olsunlar gəl sənə biçarə Məhəmməddən xəbər verim:
Məşhur ustadların fərmayişinə görə şah Abbas Məhəmmədi Libnan qayasından atarkən Allah taala tərəfindən haman yazıları yazan məlaikə nazil olub uşağı tutaraq Libnan qayasının dibinə qoydı. Məlaikə gedən kibi bir maral gəlib uşağı götürüb Libnan qayasının yaxınlığında möcud mağarəsinə apardı. Maral o gündən öz balasilə bahəm ona süd verub o qədər saxladı ki, ta inki uşaq beş sinninə çatdı. Maral Məhəmmədi Libnan qayasında saxlamaqda olsun gəl sənə “Dərzəmin” mahalında avçı “Pəridən” xəbər verim:
Bu avçı Pərinin peşəsi avçılıq olub, o mahaldan aldı. Şanlı bir şəxs idi. Amma nədənsə heç öladı olmazdı. Bu Pəri bir gün yay oxunu götürüb ava çıxmışdı. Axşama qədər dağlarda gezdisə də bir şey tapa bilmədigindən gecəni o məkanda yatub sabah olcaq genə yüz biyabanə qoyub av axtarırdı. Bu günü də gün əgilənədək gezub bir şey bula bilmədi. Nəhayət güzari həman Libnan qayasına düşdü. Burada dolanarkən nə gördü: qayanın dibində bir maral durub iki danə bala bundan süd əmir. Avçı bunları görən kibi marala bir düz ox atdisə də vura bilmədigindən maral dərhal öz balasilə qaçdı. Məhəmməd isə orada qaldı.
Avçı gördü maral və bir balası qaçdı, amma bir qara şey oynaya-buynaya orada qaldı. Avçı halı belə görüb onun yanına getdikdə nə gördü?
Bir oğlandur ki, xət xalı bənəfşə kibi hər xalı xalımın tümənə degər, avçı Pəri uşağı görcək dedi; ey Allah taala sənə çox şükür olsun ki, özümə ölad vermədinsə də bir bələ uşağı mənə yetirdim. O bu sözdən sonra dilşad oğlanı götürüb bir neçə günün içində evinə gəldi. Arvadı Ummi gördi ki, əri bir oğlan uşağı gətirib xəbər aldı ki, ay kişi bu nə işdir?
Pəri əhvalatı Ummiyə söylədi. Ummi kişidən bu sözü eşidub dedi:
– Allah yaxşı yetirub, gəl bunu özümüzə oğul edək.
Pəri dedi: – Elə mən də ondan ötrü gətirmişəm.
Ummi oğlanı yaxasından keçirub hər ikisi oğulluğa qəbul etdilər. Məhəmməd o gündən ağ günlər içərisində böyüyüb ay, il keçərək ta inki on altı sinninə çatdı. Bu zaman həm özümün əql, kəmalı və həm də avçıya köməkdarlığı sayəsində hər bir böyuk məclislərə və ziyafətlərə gedub nəhayət Dərzəmin mahalında öylə məşhur oldu ki, həmə vəqt böyük məclisləri dolandırmaq içun onu məclis ağası seçərdilər. Məhəmməd və Dərzəmin əhli burada qalsın, gəl sənə şah Abbasdan xəbər verim. Şah Abbas bir gün vəzir Allahverdi xan ilə divanxanədə oturmuşdu. Gördülər ki, Dərzəmin mahalından bir qasid namə gətirub. Vəzir naməni alub şahın hizurində oxuyarkən gördu ki, yazılubdur:
– “Ey şah Abbas, bil və agah ol, Dərzəmin mahalında oğurluq, yol kəsmək, adam öldurmək və sayirə kibi fənalıqlar baş göstərməkdədur. Ona görə qədəm mübarəkinizi bu mahalə basub belə hərəkətləri dəf etmənizi arzu və təmənna edirik”.
Şah namənin məzmunindən halı olcaq qasidi yola salub buyurdu biz də indicə gəlirik. Qasid gedəndən sora şah qara vəziri çağırub ixtiyar üzügünü ona verub buyurdu mən Dərzəmin mahalına gedirəm. Gələnədək rəyəti yaxşı idarə et.
Vəzir “bu çəşm” diyub o gündən şahın əvəzində təxt səltənətdə əgləşdi. Bu qara vəzir elə qansız insan idi ki, hərgah şah Abbas bir əmr versə ki, üç günədək İsfahan əhlini qır inan ki, bir kesə rəhmi gəlməyub tamamilə həlak edərdi. O tərəfdən şah Abbas vəzir Allahverdi xan ilə Dərzəminə yaxınlaşdılar. Dərzəmin əhli şah Abbasın gəlmək xəbərini eşidub dərhal pişvazə çıxubda bir cəlal şəkət ilə daxil şəhər etdilər.
Şah ilə vəziri bir yaxşı sarayda bər qarar etdikdən sonra Dərzəmin əhli bir elə ləyaqətli və mərifətli cavan gəzdilər ki, o şahə yaxşı çay, çörək versin bəlkə şahin Dərzəmin əhlindən xoşi gəlub o mahalə qəzəb etməsin. Hamu belə bir adam kim olar diyə fikirləşirkən birisi dedi: – Niyə unutmusunuz? Avçı Pərinin oğlu Məhəmməd kibi ləyaqətli cavan harada ola bilər. Camaət bu sözü eşitcək şad olub o saət Məhəmmədi hazır etdilər. Məhəmməd şahə layiq çörək hazır edub onların hizurunə apardı. Vəzir Allahverdi xan oğlanı görüb diqqət ilə baxanda sağ üzündə bir cüft qara xal görən kimi bildi ki, həman qara qulun oğlu Məhəmməddur. Ona görə Məhəmməd eşiyə çıxanda sora vəzir şah ilə çörək yeməgə məşğul ikən birdən şahın yazıyı pozaram, deməsi yadına düşüb bir mənalı gülüş ilə güldü. Şah Abbas buyurdu:
– Vəzir! Bu gülüşün səbəbi nədur? Doğrusunu söylə, hərgah doğrusunu söyləməsən, yəqin bil ki, səni iki şaqqa etdirub birini İsfahanın girəcək qapusundan, o birini çıxacaq qapusundan asdıracağam:
Vəzir şahın qəzəbindən xoş edub əhvalatı ona söylədi.
– Şah bu sözü eşidub dedi: Vəzir bu dəfə ya gərək öləm və ya inki bu yazını pozub, həman cavanı qanına qəltan etdirəm. Vəzir ərz etdi şah sağ olsun, sən bilirsən. Bu söhbətdən sonra şah cibindən qızıl qələmi çıxarub qara vəzirə bu minval bir namə yazdı:
– “Əzizim, gözüm qara vəzir! Bu namə sənə çatan kibi həman naməni aparan Məhəmmədi həlak edub qanlı köynəgini mənə saxlayasan”.
Naməni təmam etdikdən sonra sər-bə-möhr edub Məhəmmədi hizurə çağırub buyurdi:
– Oğlum, bu naməni təzlik ilə İsfahan şəhərində mənim yerimdə oturan qara vəzirə yətirəsən. Məhəmməd bə hökm şah, naməni götürüb külahının başında işdiginin içinə qoyduqdan sonra İsfahana yola düşdü. O cavan gecə-gündüzə salub bir az vəqtdə İsfahan şəhərinin yaxınlığında möcud şah Abbasın qızı Minəvvər xanıma məxsus olan “Nobəhar” bağına yetişdi.
Məhəmməd böylə bir kölgəli, sulu, behişt misalında bağı görcək həm yorğunluğunu və həm də susuzluğunu dəf etmək içun həman bağa daxil olub durna gözü kibi fəvvarə verub tökülən çahar hözdən əl yüzüni yuyub doyunca su içdikdən sonra bir tazə açmış gül ağacının kölgəsində xab nazə getdi.
Məhəmməd gül dibində yatmaqda olsun, sənə Minəvvər xanımdan xəbər verim. Şah Abbasın istəkli qızı bu Minəvvər xanım on dörd sinnində bir elə gözəl idi ki baxan deyirdi: Qüdrət ilahının kərəmi cuşə gələndə bu nazənini yaratmışdi.
Minəvvər xanımı neçə şəhzadələr istəmişdisə də heç birsinə getməmişdi. Bu qız hər gün başına qırx kəniz götürüb Nobahar bağına seyrə çıxardı. O gün gənə həman minval ilə başına qırx kəniz götürüb Nobahar bağına getdi.
O nazənin bir qədər diltənk olduğundan kənizlərdən sıyrılub çahar hozda çimərək gülşənlikdə gül dərdigi halda Məhəmmədin üstə çıxdı. Nə gördü?
Bu güllükdə bir cavan yatub ki, dünyada tək yaranub, xət xalı və gül camalı gün kibi şölə verir. Minəvvər bunu görcək dərhal aşıq olub nə olaydi bu zalımın oğlunun sevgilisi olmaya idi. Mən buna gedə idim. Bu sözü deyub diqqət ilə bunun qədd-qamətinə baxarkən gördü: gülahının tərkində bir namə vardur. Yavaşca naməni götürüb oxuyaraq məzmunindən halı olduqda atasına nifrin edub naməni parça-parça etdi. Atasının qara səsilə dedi: ay bi insaf salım ata heç gör belə bir cavanı da öldürmək olarmı?
Minəvvər o cavanə aşıq olduğundan xatinə xitur edub birdən dedi: bu cavanı xilas etməgin yaxşı fəndini tapdım: o saət atasının ona yadigar verdigi qızıl qələmi çıxararaq qara vəzirə belə bir namə yazdı:
“Əzizim, gözüm qara vəzir!
Bu namə sənə çatan kibi qırx gün, qırx gecə töy edub mənim qızımı Minəvvər xanımı həman namə aparan Məhəmməd nam cavanə verərsən”.
Qız naməni şahın möhrilə sər-bə-möhr edub genə oğlanın gülahının tərkinə qoyaraq yavaşca oğlanın yüzündən, gözündən busə edub kənişlər ilə bahəm bağdan çıxub hərəmxanəyə gəldi. O tərəfdən xoşbəxt Məhəmməd yuxudan bidar olub İsfahan şəhərində şah Abbasın yerində oturan qara vəzirin yanına gəlub şahdan olan naməni ona təqdim edir. Qara vəzir bu namənin məzmunundan halı olduqdan dərhal İsfahan şəhərini laləzarlar və gəbələr ilə bəzədub bir böyuk məclis bərpa edərək bütün İsfahan əhlini o məclisə dəvət etdi. İsfahan ehli əhvalatdan ba xəbər olub Şah Abbasın qızının toyudur deyə hamı o məclisə gəldilər.
Qara vəzir Minəvvər xanımın kəbinini Məhəmmədə kəsdirdikdən sora qırx gün, qırx gecə toy edib İsfahan əhlini qonaqladı.
Toy tamam olan kibi qara vəzir və İsfahan əhli Minəvvər xanımın əlini Məhəmmədin əlinə verib mübarək bad edərək hər kəs öz evinə getdi. Bu iki qalı bəladə bir-birinə yazılmış aşıq və məşuq o gündən mal-devlət içində qırmızı gün keçirməyə başladılar.
O yandan şah Abbas Dərzəmin mahalında baş vermiş fəna hərəkətlər yatırdıb vəzir ilə bahəm İsfahana yüz qoydular.
Bunlar eylə ki şəhərə yaxınlaşdılar birinci dəfə Minəvvər və Məhəmməd şahın gəlməsindən xəbərdar olduqda Minəvvər xanım dedi: Durmaq vaxtı deyil. Bir köhlən ata suvar olub qara vəzir və əhli şəhər ilə atamı pişvazə çıx. Zalım bir fənd ilə bir-birimizə qavuşduq görək axırımız necə olacaq.
Minəvvərin bu sözünə Məhəmmməd razı olub bir köhlən ata suvar olaraq qara vəzir və əhli şəhər ilə şahi və vəziri pişvaz edib daxil şəhər etdilər.
Şah özu ölməgə göndərdigi Məhəmmədin əgnində şahana libas bir köhlən atın belində onun pişvaza gəlməgini görüb qəzəbindən az qaldı həlak ola.
Odur ki, Məhəmmədin əhvalatını şah bir başqa sərbazdan ögrəndi. Şah halı belə görüb dərhal qırmızı geyinib təxt səltənətdə bərqarar olcaq cəllad deyə fəryad etdi. Cəllad hazır olub “ləbbəyk-ləbbəyk” edərək dedi: qurban çörəgindən yemişəm, qolum qüvvətli kimin ömrünün qəvaləsi tamam isə höküm et, bu saat boynunu vurum.
Şah höküm etdi: – Bu saat o nankor və mənim əmrimi yerinə yetirməyən qara vəzirin boynunu vur.
Cəllad şahın əmrinə “bə çəşm” deyib qara vəzirin boynunu vurmaq istədikdə qara vəzir ərz etdi: – Şah sağ olsun, aman verin, sizə bir neçə kəlmə sözüm var, onu deyim hərgah günahım olsa genə sahib ixtiyarsınız. O biinsaf şah razı olmadıqda həm vəzir Allahverdi xan və həm də Minəvvər xanım və əhl İsfahan ərz etdilər:
– Ey şah! Belə insafsızlıq olmaz. Neçə ildur ki, qara vəzir sənin çörəgin yeyub vəzirlik edir. Ona görə qoy laməhalə sözünü desin, günahi olsa genə də öldürərsiniz.
Şah vəzirin və əhli şəhrin ricasini qəbul edub razı oldu. Bu zaman qara vəzir şah onun boynunu nədən ötrü vurduğunu bildikdən sonra həman qızıl qələm ilə yazılub öz möhrü ilə sər- bə-möhr edilən naməni götürüb ona təqdim etdi. Şah namənin məzmunundan halı olarkən “şahadət” barmağını dişində tutub dedi: – Bəli....həq taalanın sirrinə əl aparub yazını pozmaq olmazmış... necə ki də mən yazmışdım. “Qara vəzir!” Məhəmmədi öldür, yazı yazan götürüb özü yazdığı kibi yazub”.
Şah Abbas bu sözdən sonra qara vəziri mürəxxəs etdi. Və yüzünü vəzirlərə, vəkillərə, Məhəmmmədə, Minəvvər və əhl İsfahanə tutub əhvalatı əvvəldən axıradək onlara nəql etdi. Vəzir Allahverdi xan şahın bu sözlərini eşidub ərz etdi:
– Şah sağ olsun! Mən deyəndə ki, yazıya pozu olmaz, sən qəbul etmədin. İndi de görüm tutduğundan peşiman oldun, ya yox?...
Şah oğlu şah Abbas buyurdu: ey vəzir Allahverdi xan! Və ey İsfahan əhli, mən qara qulun oğlu Məhəmmədə etdigim sitəmdən və həq taalanın yazısını pozmaq istədigimdən peşiman oldum. Doğrudan da “təqdirə tədbir və yazıya pozu olmaz”.
Dostları ilə paylaş: |