Bakı fəhləsi İvan Pankratyeviç Nikonovun xatirələri
Bu hadisə 1914 və ya 1915-ci ildə baş vermişdir. O vaxt mən Bibi-Heybət neft mədənlərində fəhlə köməkçisi işləyirdim. Dartayçılar, qazmaçılar tez-tez məni özləri ilə aparıb günəmuzd işlədirdilər. Aya 10-15 rubl qazanırdım, bu isə o vaxtlar üçün az pul deyildi. Bir gün dülgər məni özü ilə apardı. Neft mədənlərində dülgərlərin işi çox vacib idi. Onlar taxta ilə buruq karkaslarının üzünü vururdular. Bunu da tunc mismarlarla edirdilər, çünki tunc uzun müddət paslanmır və gec sıradan çıxır. Lakin mismarları taxtaya vuranda onların bəziləri əyilirdi. Dülgər əyilən mismarları yerə - ayaqlarımın altına atırdı. Nərdivanı tutarkən fikirləşdim ki, axı bu mismarları düzəldib yenidən işlətmək olar. İri daşlardan birini zindan kimi istifadə edib bir qədər kiçik daşla əyilmiş mismarları düzəltməyə başladım.
Birdən yaxınlaşan faytonun səsini və kiminsə mənim adımı çağırmasını eşitdim. Mən geriyə döndüm. Faytonda qara frakda yaraşıqlı azərbaycanlı oturmuşdu. O, məni uşaqlıqdan tanıyan adam kimi dedi:
- İvan, nə işlə məşğulsan?
Titrəyən səslə cavab verdim:
- Mismarları düzəldirəm. Bilirsiniz, dülgər taxtaya vuranda onlar əyilirlər, o da mismarları tullayır. Mən isə onları düzəldib yenidən dülgərə verirəm. Məncə, bu qənaətlidir.
- Düz deyirsən, İvan. Götür, bu da sənin mükafatın.
O, bu sözləri deyib iki barmağını jiletin cibinə saldı və oradan nə isə çıxartdı. Əlimi uzadanda içində metalın sərinliyini hiss etdim. Bu, 1911-ci il buraxılışı qızıl “beşlik” idi. Gözlərimə inanmırdım.
- Birdən kimsə soruşsa ki, sikkə səndə hardandır, deyərsən: “Bu sahibkarın malına qənaətlə yanaşmaya görə Hacı Zeynalabdinin hədiyyəsidir”.
Allahım, axı bu, haqqında mənə yaşlı fəhlələrin, Kubinkadakı hambalların və həmşəhrilərin danışdığı Tağıyevin özüdür! Həmin illərdə Bakıda və onun hüdudlarından çox-çox uzaqlarda onun səxavəti haqqında əfsanələr gəzirdi. O, öz puluna teatr tikdirmiş, Şövkət Məmmədovanı (1) “La Skala” teatrına, Nəriman Nərimanovu Odessa Universitetinə oxumağa göndərmişdir. Toxuculuq kombinatı, Zığdakı dəyirman, indiki karamel fabriki (keçmiş həbsxana) – bunların hamısını o tikdirib. Hacı öz xalqının firavanlığı üçün başqa işlərə də çoxlu pul xərcləyirdi...
1917-ci ildə inqilab, daha sonra vətəndaş müharibəsi və Bakıda 1920-ci il aprel çevrilişi baş verəndə mən həmin “beşliyi” göz bəbəyi kimi qorumuşam. Anam onu zərgərə satmaq və ya ərzağa dəyişmək üçün məni dəfələrlə dilə tutsa da, mən bunu etmədim. Sikkə kimi ondan ayrılmağa heyfim gəldiyi üçün yox, sadəcə ona görə ki, Hacının sözləri və hədiyyəsi ürəyimdə dərin iz qoydu.
Валерий Эфендиев. Пятерка от Тагиева. Рассказ-быль. // «Вышка», 1 января 1992 г.
Dostları ilə paylaş: |