Vərəsəlik törəsi
Qazan xanın xan statusu II boydan başlayaraq hissə-hissə təqdim olunur. Birinci olaraq “xan təyinləri” geniş səviyyədə cəmiyyətə ritual davranış kodeksi kimi nümayiş olunur. Onun ardınca xan statusunu işarələyən ov ritualı eyni dinamika üzrə verilir. Elə ov ritualı başlanğıcında yenə də xan statusunun təcəssümü olan vərəsəlik hüququ haqqında söhbət gedir. Ova çıxarkən Aruz Qazana deyir: “Ordun üstünə kimi qorsan? Qazan aydır: “Üç yüz yigidlən oğlum Uruz mənim evim üstinə tursun” (97, 42).
Biz hakimiyyət uğrunda mübarizənin bu şəkildə üzə çıxan gizli və açıq əlamətləri haqqında “Xan Uruzun ağası” təyinində ətraflı bəhs açmışıq. Yalnız onu deyək ki, bu gərgin situasiya xan statusuna aid olan taxta varis təyin etmə (vərəsəlik) vəzifəsi üzərində qurulur. Qazan xanın vərəsəlik baxımından oğlu Uruzu varis təyin etməsi və bunu reallaşdırmağa çalışması (II, IV boy) eyni zamanda status əvəzlənməsinin atadan oğula keçməsini şərtləndirməklə oğuz cəmiyyətində patriarxatın mövcudluğunu xan statusunda təsdiq edir. Çünki xan statusu bu istiqamətdə həm epik lay səviyyəsində, həmçinin struktur səviyyədə saxlanır. Əgər strukturda belə oğuz cəmiyyət quruluşu matriarxatlığa əsaslansaydı, o zaman Qazan xanın oğlu deyil, qızı varis kimi ön cərgəyə çəkilməli olacaqdı. DQK-dən məlumdur ki, Qazan xanın Uruz bəydən başqa bir qızı da var və onu öz əmisi oğluna, yəni Qaragünənin oğlu Qarabudağa ərə vermişdir. Bu barədə dastanda deyilir: “Hamidlən Mərdin qələsin dəpüb yıqan, dəmür yaylı Qıpçaq Məlikə qan qusdıran, gəlübən Qazanın qızın ərliklə alan, Oğuzın ağ saqallu qocaları görəndə ol yigidi təhsinləyən, al məxmuri şalvarlı, atı bəhri hotazlı Qaragünə oğlı Qarabudaq çapar yetdi: “Çal qılıcın, ağam Qazan, yetdim!” – dedi” (97, 49).
Bundan əlavə bu dünyagörüşü forması strukturda mövcud olsa idi, o zaman epik səviyyədə xan statusunun əvəzləyici təmsilçisi bəy, xan deyil, xatun, banu olmalı idi. Lakin dastanda bunu görmürük. Demək, Qazan xanın xan statusunu səciyyələndirən hadisələrdən biri də vərəsəlik aktıdır ki, bu struktur və epik səviyyədə mühüm məsələləri dastanda açıqlayır.
Dastanda “Qazan xanın ordusı” anlayışı da xan statusunun göstəricisidir. Ordu yalnız hərbi əsgəri təşkilatı deyil, həmçinin ictimai-siyasi və sosial birlikləri ifadə edir. Təbiidir ki, bu oğuzların qəzavatçılıq və fütuhatçılığı ilə birbaşa əlaqəlidir. Çünki daimi savaş və müdafiə situasiyasında həyat tərzi formalaşan toplum üçün ordu təşkilatı bütün strateji təsisatları əhatə edir. DQK-də “ordu” sözünün “ev” sözünün sinonimi kimi II boyda daşlaşması Aruz və Qazan arasındakı gərginlikdən əlavə onu göstərir ki, Qazanın evi bir şəxsin evi deyil, Oğuz cəmiyyətinin ali idarəçilik təsisatının ən üstün statusu olaraq qəbul olunur. Elə buna görə də XII boyda Qazan xanın evinin yəğmalanması gələnəyinin ritual əsası haqqında verilən bilgidən məlumdur ki, onun evi Qalın Oğuzun ümumi əmlakı kimi ildə bir dəfə Oğuzlar üçün yəğmaya çıxarılır. Məhz bu da Qazan xanın evinin xan statusuna daxil olması haqqında məlumat verir. Yəni Qazan xan yalnız öz şəxsiyyəti, titulu və təyinləri ilə yox, həm də ev əmlakı ilə başdan-başa xan statusunun göstəricisi olduğunu bildirir. Elə “Qazanın qapulu Dərbənddə on bin qoyunı” (97, 43) olması da bu əmlakın bir hissəsini göstərir. Bu əmlakın kafərlər tərəfindən yəğmalanması və onun Oğuz bəyləri tərəfindən geriyə qaytarılması səbəbindən Oğuz bəylərinə verilən yəğmada (XII boy) Bozoqun iştirakdan məhrum buraxılması müxtəlif səviyyələri ilə bərabər həm də ona görə ədalətsiz qərar kimi qəbul olunur ki, kafərlərin yəğmaladığı bu maddi əmlak yalnız Uçoqlar tərəfindən deyil, həmçinin Bozoqlar tərəfindən geri qaytarılmışdır. II boyun sonunda Uçoqlarla (İç Oğuz) Bozoqlar (Dış Oğuz) bu yəğmalanmış əmlakı can və mal səviyyəsində xilas etmək üçün birlikdə mübarizə aparır və buna nail olurlar: “Taş Oğuz bəglərilə...Qaragünə oğlı Dəli Budaq soldan dəpdi. İç Oğuz bəglərilə Qazan dopa dəpdi” (97, 50).
Bu döyüş səhnəsində Dış Oğuzdan Aruz bəy də, Bugdüz Əmən də və digər bəylər də iştirak edirlər. Elə XII boyda Qazanın evini yəğmaladıb Dış Oğuzu çağırmaması bəhsində Dış Oğuz bəylərindən narazı qismində məhz bu iki bəyin adı çəkilir: “Taş Oğuz bəglərindən Aruz, Əmən və qalan bəglər bunı eşitdilər, ayıtdılar ki, “Baq, Baq! Şimdiyə dəkin Qazanın evin bilə yəğma edərdik. Şimdi neçün bilə olmıyavuz?” dedilər. İttıfaqı cəmi Taş Oğuz bəgləri Qazana gəlmədilər, ədavət eylədilər” (97, 123) və s.
Dostları ilə paylaş: |