2. Dua ritualı
Qazan xanın xan statusunu ifadə edən əhəmiyyətli hadisələrdən biri də “Dua ritualı”dır. Bu, Qazan xanın Oğuz cəmiyyətində nə qədər mühüm yer tutduğunu göstərir. Biz dua ritualını diqqətə çatdırarkən məlumdur ki, əsasən Dirsə, Boybörə və Baybicanın düşdüyü çətin situasiyanı nəzərdə tuturuq. Oğuz xanına bəd dua edib onu soy aktının iştirakında aktiv olmağa çağıranların başında xanlar xanı Bayındır xan dayanır (I boy). Baybörə və Baybicanın eyni aktda iştirak etməsinə müsbət aurada fəallıq göstərənlərin başında Qazan xan dayanır (III boy). Bayındır xan mənfi, Qazan xan müsbət situasiyanı öz üzərinə çəkir. Vasitəçi olan xan və bəylər, səbəb isə Allahu-Təaladır. Bayındır xan Dirsə xan üçün: “Oğlı olanı ağ otağa, qızı olanı qızıl otağa qondurın. Oğlı-qızı olmıyanı Allah-Təala qarğayıbdır, biz dəxi qarğarız, bəllü bilsün” (97, 34) deyir.
Qazan xan ilə övladı olmayan Baybörə (Qambörə) bəy arasında bu şəkildə dialoq baş verir: “Qazan aydır: “Məqsudun bumıdır Baybörə bəg?” Aydır: “Bəli budır. Mənim dəxi oğlım olsa, xan Bayındırın qarşusın alsa – tursa, qulluq eyləsə, mən dəxi baqsam, sevinsəm, qıvansayum, güvənsəyim...” – dedi. Böylə digəc Qalın Oğuz bəgləri yüz göyə tutdılar. Əl qaldırıb dua eylədilər. “Allah-Təala sana bir oğul versün!” – dedilər. Ol zəmanda bəglərin alqışı alqış, qarğışı qarğış idi. Duaları müstəcab olurdı” (97, 52).
Eyni situasiyanın davamı Baybican bəylə də təkrar olunur (97, 52).
Nə üçün xanlar (Bayındır, Qazan) dua ritualında xan statusu ilə iştirak edir? Bizim fikrimizcə, bunun iki səbəbi var. Birinci səbəb odur ki, soy aktı Oğuz demoqrafiyası olaraq ictimai-sosial əhəmiyyətə malikdir. Xüsusilə savaş vəziyyətində olan Oğuz eli hərbi qüvvənin daima artımına maraqlıdır ki, bunun da əsasını soy artımı təşkil edə bilər. Özü də maraqlıdır ki, oğuz cəmiyyətində yalnız əsgəri qüvvə kimi kişilər deyil, həmçinin qadınlar iştirak edə bilir. Burla xatun öz ömür yoldaşı ilə alp olaraq döyüşə çıxır (IV boy). Selcan xatun aslanlar yenən nişanlısı Qanturalı ilə birgə kafərlərlə döyüşür (VI boy). Banıçiçək Beyrək ilə alp savaşına çıxır, yalnız məğlub olduqdan sonra ona ərə getməyə razı olur (III boy). Elə Baybicana münasibət də bu baxımdan Baybörəyə münasibətdən seçilmir. Təbiidir ki, soy aktı ictimai-siyasi-sosial əhəmiyyət daşıdığından Oğuz elinin xaqanı və xanı ali idarəçilik təşkilatının başçısı kimi onun təyin olunmasında təmsilçi tərəf olaraq iştirak edir. Məhz dua ritualının xan tərəfindən həyata keçirilməsi buna misaldır.
Dua ritualında ritual icraçısı Dədə Qorqudun iştirak etməməsi çox güman ki, Oğuz düşüncəsində yer tapmış Tovhid ədəbinə uyğun olan dua ilə Allahın arasında kimsənin dayanmamasından irəli gəlir. Dədə Qorqud ritual ruhanisi kimi səbəbdə iştirak etmir, nəticədə isə iştirak edir. Dirsə xanın duaya yönəldilmə aktında Dədə Qorqud görünmür, Buğacın ərlik qazanıb ərlik yaşına çatmasında isə ritual icraçısı kimi meydana çıxır. Beyrəyin dua ilə dünyaya gəlmə diləyində Dədə Qorqud yenə də gözə dəymir, Beyrəyə advermə ritualında isə rəsmi törən nümayəndəsi kimi gəlib ona ad qoyur. Beyrək ərlik qazanır, ona bəylik verilir. Boy sonunda isə gəlib ona boy (Oğuznamə) bağışlayır, Beyrək ərənlik qazanır, ona xanlıq verilir. Rituallarda qızlara ad verilməsi aktı isə DQK-də qeydə alınmadığından Baybican bəyin qızı barədə mülahizə yürütmək əhəmiyyətsiz görünür.
Xanların dua ritualında iştirak etməsinin ikinci səbəbi də odur ki, xaqan Tanrı ilə insan arasında vasitəçi rolunu daşıyır. “Oğuz kağan” dastanında bu aydın görünür. Hətta kağanın Tanrı elçisi anlayışı da vardır. Bu Rəşidəddin “Oğuznamə”sində aşkar diqqət çəkir ( 116; 165). Oğuz xan, yaxud Oğuz xaqan bu funksiyada iştirak edir. Elə onun törəmə səciyyələri kimi Qazan və Bayındır xan da soy aktına uyğun dua ritualında aktiv olmaqla xan-xaqan statusunun vəzifə tələblərindən çıxış edirlər.
Beləliklə, Tanrı ilə dua edən kimsə arasında vasitəçi olmadığı üçün Dədə Qorqud bu ritualda iştirak etmir. Tanrı ilə insan arasında vasitəçi olan xaqan-xan institutu isə soy aktının kütləviləşməsində iştirak edən tərəf kimi bu aktda iştirak edir. Daha doğrusu qeyd etdiyimiz kimi ritualda sakral funksiya daşıyıcısının iştirakı vacib olduğundan Dədə Qorqud nəticədə iştirak edir. O yerdə ki epik mətndə sakral-ruhani missiya xana yüklənmişdir, o zaman ritual icraçısı təbii olaraq gözə görünmür, yalnız nəticədə görüntülənir. Əksinə olduqda isə ritual icraçısı ilə ritual təşkilatçısı (Dədə və xan) eyni situasiyada diqqət çəkir.
Dostları ilə paylaş: |