VII mətn
Bala, mən atmışıncı illərə qədər biz tərəfdə – kəndimizdə, obamızda keçirilən bəzi Nooruz adətlərinnən danışejem. O vaxtı mən uşaxdım. İndi atmış beş yaşım var. Uşaxlıxda gördüyüm adətdərdi.
Axır çərşənbəynən bağlı keçirilən Novruz adətlərinnən biri də Şah bəzəməhdi. Həmən vaxtı qəşəh hamı toy, təzə libasını geyinir, yığışıllar kəndin aralığına – yanı ortasına. Orda şah seçərdilər. Bu bəy də özünə bir nəfər icraçı seçərdi. O icraçının əlində çox bəzəhli, qəşəh bir alət – çubux olardı. Bəy də gözəl geyinərdi. Onu bəzəhli bir taxtda oturdardılar. O bəy məclisi idarə eliyirdi. İcraçı bəyin dediyini yerinə yetirirdi. Bəy istədiyi adamı icraçının vasitəsiynən cərimə eliyirdi. Cərimə də belə olurdu. Məsələn, filankəsi oynamaxla, birini oxumaxla, digərini yeməli şeynən, quzuynan cərimə eliyərdi. Çox maraxlı keçirilirdi. Bı məclis belə şənlənə-şənlənə keçirdi. İnanırsan, hamı Nooruz bayramını səbirsizliklə gözləyirdi ki, Şah bəzəmə adətini keçirsin.
Şah da geyinif-keçinif taxtda oturanda qabağında onun taxtadan düzəldilmiş fiqur olurdu. Həmən o fiqurda da bayramın ən çox yeməli şeyləri – qoz, fındıx, alma, müxtəlif meyvələr, nabat, noğul – hər şey olardı. Həmən bayramda əsasən, kənd camahatı iştirak eliyirdi, yəni kənd özü üçün keçirirdi. Özü də, bala, onu da deyim ki, şah nəinki kişidən, hətta arvatdardan da olurdu. Axırı da deyə-gülə sevinclə qutarırdı.
Axır çərşənbəylə bağlı, bala, deyim nə olurdu. Bax, bizim Qaracallı kəndində çox hündür qoz-cəviz ağaşdarı olurdu. Keçi qəzilinnən sicim toxunurdu. Hər biri iyirmi metr uzunluğunda. Onun ikisini uc-uca bağlıyırdılar. İki qat asırdılar ən hündür qanatdan. İki nəfər qız üz-üzə oturuf ayaxlarını da bir-birinin kəndirlərinə keçirirdilər. Bir nəfər də qadın onnarı yellədirdi. Həmən qadın da çox güjdü olmalıydı. Həmən qadın yelləncəyi yellədə-yellədə müxtəlif nəğmələr oxuyurdu. Həmən o yelləncəhdə də bir yaşdı qadın onu müşayiət edirdi. Müxtəlif nəğmələri örgədirdi. Özü də hamı nööbəsini gözləməli idi. Bax, həmən o yelləncəh mərasimində mənim özümə nə qədər nəğmələr öyrədiflər. Yadımdadı ki, mənim növbəmə Məstan addı arvad düşmüşdü. O qədər növbələr olurdu ki, hər kəs də növbəsini gözdüyürdü.
Qızım, bu yelləncəh mərasimini nə vaxt gəldi keçirməh olmazdı. Bu adət ancax Nooruz bayramının adəti idi. Bu da ildə bir dəfə keçirilərdi. Bu yelləncəh mərasimində, yəni yelləncəhdə kəndin bütün adamları, uşaxlı-böyühlü, qadınnı-kişili yellənməliydi. Yaşınnan asılı olmuyarax hamı iştirak eliyirdi.
Yelləncəhdə üz-üzə iki adam oturmalıydı. Həmən adamların çəkisi eyni olmalıydı. Biri ağır, biri yüngül yox. Çəkiləri eyni olmalıydı ki, yelləncəh yellənsin. Adamlar elə-belə yellənmək üçün yellənmirdilər ki.
Yelləncəh adətinin bir növü də “Yellənni” idi. “Yellənni”də iki nəfər olurdu, özü də ayax üstə. Burda sijimin bir tərəfini açırdılar. Həmən adam ayağının birini sijimin üstünə qoyurdu, o biri qıçı isə açıx qalırdı. Açıx qalan ayax o birisinə hərəkət verirdi. Yellənni daha çətin idi. Ona göra ki, bını heş kim yellətmirdi. Özü-özünü yellədirdi. Bu da həmən adamnan məharət tələb eliyirdi. Yellənən adam o vaxt qalib olardı ki, yelləndihcə ağacın başına qədər qalxmalıydı. Bu işin öhdəsinnən hər kim gəlirdisə, o da kəntdə, obada güclü adam kimi tanınırdı. Yenə də bırda kişiyə-qadına fərq qoyulmurdu. Kim qalib gəldisə, qəhrəman o idi. Yanı, bırda artıx kimin güclü olmasını sınıyırdılar.
Yelləncəh əhvalatı qutarannan sora hamı gedirdi evə. Əvvəlcədən məsləhət eliyirdih ki, axır çərşənbədə kəndin qızdarı filan yerə yığışsınnar. Qızdar arasında yeməh bişirmə adəti keçirilirdi. Bu nə idi?
Qızdar yığışıf bir yerdə məsləhət eliyirdilər, məsələn, bu il yeməh bişirmə Zəminəgildə olacax. Bırda da qızdarın əl qabiliyyəti üzə çıxarılırdı. Özü də aş bişirərdilər. Aşa nə lazımsa, hərəsini bir qız gətirərdi. Qızdardan biri aşı bişirərdi. Aş qəşəh çıxdısa, yanı qəşəh bişdisə, il boyu həmən qızın aşınnan danışılardı. Özü də bu adəti həm qocalardan eşitmişəm, həm də özüm görmüşəm. O vaxtı da böyüh qara damlar varıydı. Dokquz dirəhli qara damlar. Nənələrimiz deyirdi ki, həmin yeməh bişirmə adətini o dokquz dirəhli qara damlarda keçirərdik. Sora elə otax şəraitində keçirilirdi. Bu adət ancax ilaxır çərşənbədə keçirilirdi. Bırda həm də qızdarın gələcəhdə necə gəlin olacağına, qaynana, qaynata qulluğunda duracağına da işarə edilirdi. Həm də səhərə qədər yatmazdıx. Kim tez yatdısa, onu zəyif hesab eliyərdih. Nə bişirirdisə, onnan hərə evinə pay aparardı. İçimizdə yaşdı adam, ərə getmişdər, gəlinnər olmazdı.
Bala, bizim yerlərdə bahar tez gələrdi. Ona görə, biz həmişə Nooruz bayramında çöl göyərtisi gətirif qoyurdux süfrüyə. Onu da deyim ki, bala, çöl göyərtisinin yığılması da bir adət-ənənə kimi keçirilirdi.
Axır çərşənbədən qabaxkı günü kəndin nə kimi ayaxtutanı vardısa, həmin gün ellihnən Qara Kaha deyilən yer varıydı, hamı ora çöl göyərtisi yığmağa gedirdi. Yazın o gözəl yeyilən otdarını yığıb gətirərdih. Özü də bilirsən, nətəər yığardıx? Hərə üsdünə bir ətək tutardı, döşdüh, kürəyimizə də bir şal bağlıyırdıx. Yığırdıx, bir əz ətəyimiz ağırraşırdı, qoyurdux o şalın içinə, bağlıyırdıx kürəyimizə. Bir də ətəyimizə yığa-yığa təkrar eliyirdih. Görürdün o kolun dibinnən biri oxuyur, bu kolun dibinnən biri oxuyur. El bayramı keçirilirdi elə bil. Bənövşə, cincilim, yemlik, quzuqulağı, keşniş yığardıx. O vaxtı onnar çıxardı. Bax, adın çəhdiyim bu göyərtilər var ha, onnar mütləq Nooruz süfrəsində olmalıydı. Olmasaydı, deyərdilər ki, il bərəkətsiz olar. Özü də adət halını almışdı. Bilirdilər ki, filankəsin qızdarı həmməşə qəşəh göy yığan olur. Ona görə də görürdün ki, bayram günündə bir-bir süfrələri gəzərdilər Nooruz göyü üçün. Göylərin hamısını yeyif sora gedirdilər. Özü də bizim kəntdə Hajı məəllim varıydı, belə şeyləri o, çox sevirdi. Belə şeylərlə bizi o həvəsləndirirdi.
Nooruz adətlərinin biri də bayramlaşmaydı. Düzdü, indi də var bayramlaşma, ama o vaxtkı bayramlaşma başqa cür idi. Özü də bayramlaşma ellihnən keçirilirdi. Ellihnən yığışırdılar bir yerə, deyirdilər ki, məsələn, filankəsin qardaşı yoxdu, filankəs aylə qurmuyuf tənha yaşıyır, filankəsin oğlu müharibədən qayıtmıyıf, yaxud filankəs elin ağsakqalı, ağbirçəyidi və s. Birinci bınnarı ellihnən təbrik eliyirdilər. Bayramlıx, kənd payı aparırdılar. Kənd payı da nələr olardı? Məsələn, təzə yağ – nehrə yağı, bir boşqab şor, o vaxtı əyirdəh32 bişirirdih, onnan götürürdülər, bişirilən aşdan bir qab götürülərdi. Həmən adamları birinci təbrik eliyərdilər.
İkinci növbədə isə, bütün qohumlar, qonşular bayramlaşardı. Belə bir deyim var ki, deyirdilər ki, kimin əli açıxdısa, ora həm gəlir, həm də gedir. Əlini açıx qoy ki, həmi gələn ora tökülsün, həmi əlinnən də kiməsə pay getsin, alqış gəlsin saa.
Onu da deyim ki, qızım, nə qədə Sovet hakimiyyəti bı bayramı qadağan etsə də, nə yolla olur-olsun genə də keçirilirdi.
Nooruzda keçirilən adətlərdən biri də at çapma adəti idi. Bu nətəər olurdu? Bir il müddətində, yanı bı Nooruzdan gələn Nooruza qədər kimin atı vardısa, onu bəsləyirdilər. Nooruz bayramında at çapma günü dəqiqləşirdi. Həmin gün aralıx deyilən yer vardı – kəndin aralığı. Ora yığışırdılar, orda seçilirdilər. Qala dərəsi deyilən yer varıdı. Həmən ordan başlanğıc götürürdülər. Çapırdılar o biri kəndin görsənən yerinə qədər. Birinci çatan dəqiqləşirdi. Kim qalib gəlirdisə, camahat ona ənam verirdi. Həmən adama iyid kimi baxılırdı, seçilirdi, hörmət edilirdi, sayılırdı.
Dostları ilə paylaş: |